Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşının dayandırılmasına yönəlik proses artıq dalana dirənmək üzrədir. Belə ki, prezident Donald Trampın hələ ABŞ-da keçirilmiş son seçkilərdən də öncə qurduğu planlar tədricən pozulmağa başlayıb. Halbuki, Tramp-Putin sövdələşməsi ilk mərhələdə bu planların baş tuta biləcəyinə yönəlik qənaətlər yaratmışdı. Ancaq indi Tramp-Putin sövdələşməsi artıq demək olar ki, şaxələnmiş sülh prosesində öz əhəmiyyətini itirmiş kimi görünür. Və bu baxımdan, Tramp adminstrasiyasının yaxın vaxtlarda olduqca ciddi qlobal problemlərlə üzləşə biləcəyi də qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, Ağ Evin qarşıya qoyulmuş strateji hədəflərdən uzaq qalmağa başladığının ilkin əlamətləri artıq müşahidə edilməkdədir. Xüsusilə də, Kremlin yeni şərtlərə bağlı radikal manevrləri Ağ Evi qəliz situasiya ilə üzləşdirməyə başlayıb. Hər halda, Rusiya siyasi dairələri hazırda ABŞ-ın əsas maraqlarını olduqca ciddi risk altına sala biləcək tələblər irəli sürürlər. Və bu, Ağ Evdə ciddi qıcıqla qarşılanmaqdadır.
Məsələ ondadır ki, Rusiya prezidenti Vladimir Putin növbəti dəfə Ukrayna lideri Volodimir Zelenskinin hakimiyyətinin legitimliyini şübhə altına alıb. Kreml sahibi bildirib ki, Zelenski hakimiyyətinin səlahiyyət müddəti çoxdan sona çatıb. Ona görə də, Ukraynada seçkilər keçirilməlidir və legitim yeni hakimiyyət formalaşdırılmalıdır. Və Kreml sahibi bu açıqlama ilə həm ABŞ-ın şantaj edilməsi, həm də Ukraynada Rusiyanın maraqlarına uyğun hakimiyyətin formalaşmasına münbit şərait yaratmaq məqsədi güdür.
Əslində, prezident Vladimir Putinin bu mövqeyi ABŞ rəsmi dairələrinin bir müddət öncə Ukrayna lideri Volodimir Zelenskiyə yönəlik ittihamları ilə üst-üstə düşür. Halbuki, Ağ Evin bu mövqeyi məhz "oval kabinet qalnaqalı"ndan sonra aktual idi. Çünki həmin qalmaqalın ardınca Tramp adminstrasiyası prezident Volodimir Zelenskidən Ukraynanın təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi ilə bağlı tələblərinə qeyri-rəsmi də olsa, pozitiv reaksiya ala bildi. Nəticədə prezident Volodimir Zelenskinin əvəzlənməsinə də ehtiyac qalmadı. Və ona görə də, indi Zelenski hakimiyyətinin legitimliyi ilə bağlı mövzu ABŞ-ın maraqlarına ziddir.
Maraqlıdır ki, məhz bu səbəbdən də prezident Donald Tramp Kreml sahibi Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenskinin hakimiyyətinin legitimliyini şübhə altına almasını qəzəblə qarşılayıb. Üstəlik, hətta Rusiyanı dolayısı ilə hədələməkdən belə, özünü saxlaya bilməyib: “Əgər, Ukrayna savaşını dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsək, bunun günahının Kremlin davranışlarında olduğunu düşünməli olacağıq. Bu halda isə Rusiyanın enerji ixracına qarşı ikinci dərəcəli rüsumlar tətbiq etmək məcburiyyətində qalacağıq”.
Göründüyü kimi, Tramp-Putin sövdələşməsi artıq demək olar ki, mövcud deyil. Əksinə, indi ABŞ və Rusiya arasında mənfəət savaşı başlanmış kimi görünür. Kreml yeni şərtlər irəli sürür, ABŞ-ın Avropa Birliyinə Rusiyaya qarşı sanksiyaların ləğvi üçün təzyiq göstərməsini istəyir. Əks halda, Zelenski hakimiyyətini qeyri-legitim elan edərək, Ukrayna ilə sülh sazişini imzalamayacağına eyham vurur. Bu isə o deməkdir ki, ABŞ-ın Ukraynanın təbii sərvətlərinə nəzarəti ələ keçirmək planları da pozula bilər. Və Kremldən verilən açıqlamalarda Ukrayna savaşının dayandırılmasına yönəlik ABŞ-Rusiya müzakirələrinin mürəkkəb mərhələdə olduğuna eyham vurulması da Ağ Ev üçün situasiyanın qəlizləşdiyini göstərir.
Digər tərəfdən, mövcud situasiyanı praqmatik yanaşma ilə dəyərləndirən rəsmi Kiyev də müəyyən strateji manevrlər etməyə çalışır. Rəsmi Kiyev bəyan edib ki, ABŞ ilə yeni faydalı qazıntılar sazişi Ukraynanın konstitusiyasına və Avropa Birliyinə inteqrasiyası proqramına ziddir. Ona görə də, həmin sənədin üzərində ciddi düzəlişlər edilməlidir. Və bu, o deməkdir ki, rəsmi Kiyev Ukraynanın təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi barədə sazişi Ağ Evin şərtləri üzrə imzalamaq niyyətindən uzaqdır.
Təbii ki, bütün bunlar Ağ Ev sahibinin Rusiya prezidenti Vladimir Putinlə yanaşı, Ukrayna lideri Volodimir Zelenskiyə qarşı da qəzəblənməsunə səbəb olub. Ağ Ev sahibi hesab edir ki, prezident Volodimir Zelenski nadir torpaq metallarına dair razılaşmanı pozmağa çalışır. Prezident Donald Tramp vurğulayıb ki, rəsmi Kiyev razılaşmanı pozsa, həm Ukraynanın, həm də onun liderinin çox böyük problemləri olacaq. Prezident Donald Tramp konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamasa da, rəsmi Kiyevə üstüörtülü mesaj göndərib: “Zelenski Ukraynanın NATO-ya üzv olmasını istəyir. Ancaq o, bu istəyinə heç vaxt çata bilməyəcəyini də anlayır”.
Belə anlaşılır ki, Ağ Ev sahibi Ukraynanı Rusiya qarşısında müdafiəsiz buraxıla biləcəyi ilə təhdid edir. Yəni, prezident Donald Tramp demək istəyir ki, heç vaxt NATO-nun "təhlükəsizlik çətiri" altına buraxılmayacaq Ukrayna ABŞ-la münasibətləri də korlayarsa, bu, real hərbi təhlükə qarşısında dəstəksiz qalmaq anlamı daşıyacaq. Və ona görə də, Ağ Ev sahibi dolayısı rəsmi Kiyevə ABŞ-ın istədiyi hər şeyi qeyd-şərtsiz verməyi məsləhət görür.
Ancaq prezident Volodimir Zelenski hələlik Ağ Evi məmnun etmək niyyətindən uzaqdır. Belə ki, rəsmi Kiyevin ABŞ-la imzalanmalı olan sazişin hüquqi qüsurlarını qabartmasına paralel olaraq, prezident Volodimir Zelenski yeni müqavimət variantını da işə salıb. Belə ki, prezident Volodimir Zelenski Ukraynanı ABŞ-ın müstəmləkəsinə çevirəcək sazişi imzalayan dövlət başçısı kimi tarixə düşmək istəmir. Və həm bu səbəbdən, həm də sazişin imzalanma ehtimalını bloklamaq üçün yay aylarında prezident seçkiləri keçirilmək niyyətinə düşüb.
Halbuki, bu, ABŞ-ın maraqlarına sarsıdıcı zərbə vura bilər. Ağ Ev indiki situasiyada Ukraynada hakimiyyət dəyişikliyində qətiyyən maraqlı deyil. Çünki bu, ən yaxşı halda, Ağ Evə lazım olan sazişin imzalanmasını xeyli ləngidə, hətta ümumiyyətlə, qeyri-mümkün edə bilər. Xüsusilə də, Ukraynada Kremlin dəstəklədiyi hakimiyyət qurularsa, ABŞ həmin sənədi ya unutmaq, ya da Rusiya ilə bölüşmək məcburiyyətində qalar. Və bütün bunlar onu göstərir ki, həm Rusiya, həm də Ukrayna indi hətta özləri də istəmədən, ABŞ-ın maraqlarına qarşı ortaq zərbələr endirməklə, hibrid savaşa başlayıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ