İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır

ABŞ, Avropa və Rusiya Türk Dövlətləri Təşkilatının daxili konsolidasiyasını, çulğaşma yolunda atdıqları addımları diqqətlə izləyirlər.

Bunu həmin ölkələrin mediasında dərc olunan məqalələrdən açıqca görmək olur.

Rusiyada çıxan “”Nezavisimaya qazeta” Qazaxıstanın keçmiş paytaxtı və baş meqapolisi Almatının "Türk Dünyasının Gənclər Paytaxtı - 2025" statusuna layiq görülməsinə məqalə həsr edib. Məqalədə bir sıra siyasi məqamlara da toxunulur.

Qeyd olunur ki, Türk Dövlətləri Təşkilatının əsasında məhz Qazaxıstan dayanıb: 1993-cü ildə Alma-Atada (o zaman şəhərin adı belə olub) Türk Mədəniyyəti və İncəsənətinin Birgə İnkişafı Təşkilatının yaradılması haqqında saziş imzalanıb.

Bu barədə “NQ”-ya müsahibə verən Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinski deyib ki, son illərdə TDT-nin strategiyası humanitar və mədəni dialoqdan kənara çıxır, getdikcə daha fərqli siyasi və iqtisadi əhəmiyyət kəsb edir. “Burada Samuel Hantinqtonun ortaq dil, dini və tarixi köklərə görə birləşən dövlətlərin türkdilli birlik və mədəni birlik, mədəni birlik tapmasının daha asan olması fikrini xatırlatmaq məqsədəuyğun görünür. Bu, yeni əməkdaşlıq mexanizmlərinin formalaşması üçün əsas oldu”, - Kobrinski bildirib.

liderrri.jpg (85 KB)

O haqlıdır. Doğrudan da hələ 30-33 il öncələr Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsində ortaq dil, dini və tarixi köklərə görə birləşən dövlətlərin konsolidasiyası barədə fikirlər vardı. Bu əsərə Azərbaycan mediasında da tez-tez istinad olunurdu. İndi belə görünür ki, bir çox siyasi dairələrdə də Hantinqtonun sözügedən nəzəriyyəsinin müddəalarını ciddiyə alıblar,

Hər halda türk dövlətlərinin başçıları son illərdə az aralarında apardıqları inqteqrasiya prosesinin dinamik şəkildə olmasını təmin ediblər: mədəni əlaqələr birə beş artıb, iqtisadi-ticari sazişlərin imzalanması intensiv hal alıb, qarşılıqlı gediş-gəlişlər çoxalıb, birgə tədbirlərin keçirilməsi heç vaxt olmadığı qədər ardıcıldır və s.
Əvvəllər xarici mediada belə qələmə verilirdi ki, Türk Dövlətləri Təşkilatlarının təşəbbüskarı və əsas aktoru “neo-imperiya ambisiyaları ilə yaşayan” Türkiyədir. Çünki bu dövlətlərin içində hərbi-siyasi, eləcə də iqtisadi baxımdan ən güclüsü Türkiyə hesab olunurdu. Ancaq son dövrlərdə ortaya çıxdı ki, TDT-nin güclənməsində Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan da maraqlıdır.

Əslində bu təşkilatın qüdrətlənməsi Türkiyədən çox, məhz adları çəkilən digər ölkələrə lazımdır.
İndi Rusiyada fərqinə varıblar ki, TDT-nin əsas bərk bəndlərindən biri Qazaxıstandır.

“Nezavisimaya qazeta” bu xüsusda yazır: “Aydındır ki, Qazaxıstan bu təşkilatda əməkdaşlığın inkişafında əsas rollardan birini oynayır. Bu, daha çox prezident Tokayevin həyata keçirdiyi fəal xarici siyasət strategiyası ilə bağlıdır. Onun rəhbərliyi ilə respublika təkcə mədəni-humanitar əlaqələri gücləndirmir, həm də iqtisadi konsolidasiyaya fəal kömək edir: logistik marşrutların yaradılması, Türk İnvestisiya Fondunun formalaşması, informasiya texnologiyaları və maliyyə qarşılıqlı fəaliyyəti sahəsində innovasiyaların inkişafı”.

155-5-1480.jpg (74 KB)

Gənclərin türk dünyasının inkişaf proseslərinə cəlb olunmasına gəlincə, Aleksandr Kobrinski həm müsbət, həm də potensial mübahisəli aspektlərin mövcudluğunu qeyd edir.

Kobrinksi düşünür ki, açıq dünyada tərbiyə olunan gənc nəsil ölkələrinin müstəmləkələşdirilməsi ilə bağlı qəti mövqedə ola, başqa dövlətlərin dominantlığına qarşı çıxa bilər.

Bu, əlbəttə, elə də olacaq. Müasir gənclər sovet dövrü görməyiblər, kommunizm ideologiyasından xəbərsizdirlər, bu kimi saxta “ümmətçilik ideyaları”na könül verəsi deyillər. Onlar müstəqil dövlətdə doğulublar, gözlərini açıb bir milli bayraq görüblər, bir himn dinləyiblər, onlar üçün dövlət müstəqilliyinin alternativi yoxdur və hansısa başqa bir dominant xalqın formalaşdırdığı dövlətin vətəndaşı olmaq istəmirlər.

Rusiyalı ideoloqları narahat edən budur ki, Qazaxıstanda konstitusion statusa malik olan, dövlət dili səviyyəsində istifadə olunan rus dili getdikcə öz mövqeyini itirir, eləcə də bu ölkədə doğum nisbətində yerli əhalinin artır.

Amma başqa necə ola bilər? Ölkə Qazaxıstandır, burada yaşayan qazaxlardır və onlar öz dillərini geniş istifadə və inkişaf etdirmək istəyirlər. Əkib-doğmaq sahəsində isə yerli qazaxlar “çayldfri” (“uşaqsız həyat”) devizi ilə hərəkət edən xalqlardan fərqli olaraq məhsuldardırlar. İndi bu adamlar oturub desinlər ki, başqa millətlər artmırsa, biz də artmayaq?

Moskva Qazaxıstanda rusların get-gedə azalmasından, rusların tədricən Qazaxıstanı tərk etməsindən ona görə də narahatdır ki, uzaq olmayan gələcəkdə Qazaxıstan “üçüncü rus ölkəsi” (Rusiya və Belarusdan sonra) olmaqdan çıxaraq, əsl türk respublikası olacaq.

rusdom.jpg (66 KB)

Kobrinski “Rossotrudniçestvo”nun postsovet ölkələrdə, o cümlədən Qazaxıstanda uğursuzluğunu qeyd edərək deyir ki, Türkiyə Qərb ölkələrinin dəstəyi ilə TDT daxilində mədəni-maarifləndirmə sahəsində daha incə və effektiv iş aparır.

Onun bu müşahidəsi yanlış deyil. Ancaq ekspert “Rossotrunimestvo”nun uğursuzluğunun əsl səbəbin demir və bundan yan keçir. Bu qurumun əsas uğursuzluğu ondadır ki, o qarşılıqlı faydalı əməkdaşlığa çalışmırdı, postsovet ölkələrində Rusiya məxfi xidmətlərinin gözü-qulağı idi, açıq casusluq işləri aparır, hər fürsətdə postsovet məkanının “şef”inin kim olduğunu təlqin edirdi. Ona görə də özünü gözdən saldı və etirazlarla üzləşdi.

"Etiraf etmək lazımdır ki, türk inteqrasiyası mövzusu bu gün Mərkəzi Asiya ölkələrində "Rus dünyası" mövzusundan daha müsbət qəbul edilir”. NQ-nin əsas təsbiti bu cürdür.

Ancaq qəzet ekspertlərin diliylə qeyd edir ki, türk dünyası mövzusunun yayılması Rusiya üçün zərərlidir, buna görə də Rusiya Mərkəzi Asiya ölkələri ilə etimadın və əməkdaşlığın gücləndirilməsinə çalışmalıdır.
Kobrinski Qırğızıstanın “geosiyasi oyunçuların əlində alətə çevrildiyini” iddia edərək deyir ki, Avropa dövlətləri müstəqilliklərini itirdikləri kimi, region ölkələri də müstəqilliklərini itirəcəklər. Guya ki, bu gün Avropa ölkələrinin dövlət başçıları Brüsseldən təyin edildiyi kimi, Mərkəzi Asiya respublikalarının rəhbərləri də Londondan təyin olunacaq .

Bu isə absurddur. Rusiya üçün Kremlə tabe olmayan bütün dövlətlər “Qərb imperialistlərinin quludur”, yalnız özləri sudan duru, Aydan arıdır. Bundan başqa, Rusiya Qafqaz və Mərkəzi Asiya respublikalarına, eləcə də onların RF ərazisində yaşayan vətəndaşları bu sayaq nasistcəsinə  yanaşa-yanaşa necə yenidən sevimli olacaq?

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR