Onlayn ictimai-siyasi qəzet
Suriyada müxalif qüvvələr paytaxt Dəməşq istiqamətində irəlilədikcə, Bəşər Əsəd rejiminin təmsilçiləri və tərəfdarları ilə yanaşı, bölgədəki Rusiya qüvvələri də real təhlükə altına düşür. Artıq Rusiya hərbçilərinin və özəl hərbi şirkətlərə aid yaraqlılarının üsyançı qüvvələrin nəzarətinə keçən Hələb və digər bölgələrdən qaçdığı məlumdur. Eyni zamanda, Rusiyanın burada xeyli sayda canlı qüvvə itirdiyi, eləcə də böyük miqdarda müasir silahlarının müxaliflərin əlinə keçdiyi barədə məlumatlar var.
Rusiyanın Suriyadakı hərbi birləşmələrinin komandanının dəyişdirilməsi və desant qüvvələrinə rəhbərlik edən komandirinsə itkilərə görə hesabat vermək üçün Moskvaya çağırılması Kremlin böyük uğursuzluğa düçar olmasının bariz göstəricisidir.
Lakin, görünür, Rusiyanın Suriyadakı problemləri bununla bitmir. Belə ki, artıq Rusiyanın hələ 1971-ci ildən Suriyanın Aralıq dənizindəki Tartus limanında yerləşən strateji hərbi bazası da böyük təhlükə altındadır. Çünki üsyançılar bir qədər də irəliləsələr, bazadakı rusların Suriyanın qalan hissəsi, xüsusilə də Dəməşqlə əlaqəsi kəsiləcək.
Rusiya Suriyanın Tartus şəhərindəki bazasından hərbi-dəniz qüvvələrini təxliyə edir ki, bu da onun yaxın gələcəkdə Suriyadakı Bəşər Əsəd rejiminə dəstək üçün əhəmiyyətli əlavə qüvvələr göndərmək niyyətində olmadığını göstərə bilər.
Publika.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazır.
Daha əvvəl bildirilmişdi ki, peyk görüntülərinə görə, Rusiya orada olan bütün gəmiləri Tartusdakı bazasından geri çəkib.
Analitiklərin qeyd etdiyi kimi, Rusiya Türkiyənin mövqeyinə görə bu gəmiləri Qara dəniz limanlarına köçürə bilmir, ona görə də çox güman ki, gəmiləri Rusiyanın şimal-qərbindəki və Kalininqrad vilayətindəki bazalarına köçürəcək.
Analitiklər onu da qeyd edirlər ki, daha əvvəl Ukrayna Hərbi Kəşfiyyatının Baş İdarəsi Rusiyanın Afrika Korpusunun bir hissəsini Suriyaya köçürdüyü barədə məlumat yayıb.
ISW qeyd edir ki, əgər xəbərlər doğrudursa, bu, Rusiya hərbi komandanlığının Ukraynadakı prioritet əməliyyat meydanından Suriyaya nizami Rusiya hərbi qüvvələrinin köçürülməsindən yayındığını göstərir.
“Rusiyanın Tartusun boşaldılması və Afrika Korpus qüvvələrinin Suriyaya yerləşdirilməsi xəbəri göstərir ki, Rusiya Suriya müxalifət qüvvələrinin cənubdan Həmaya doğru irəliləyərək Tartusdakı bazanı təhdid edə biləcəyindən narahatdır. Lakin Rusiya hərbi komandanlığı yaxın zamanlarda Suriyaya hərbi komandirlər göndərməyəcək,” - analitiklər qeyd ediblər.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımızn da iştirak edə bilər.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ