Onlayn ictimai-siyasi qəzet
ABŞ və Qərb Ukrayna savaşına nəzarəti itirməyə başlayıb. Belə ki, Ukrayna son vaxtlar Qərbdən yetərli səviyyədə hərbi yardım ala bilmir. Ona görə də, Ukrayna ordusu savaş meydanında strateji mövqelərini əldən verməyə başlayıb. İndi Ukrayna ordusunun əks hücum əməliyyatları artıq tamamilə dayandırılıb. Rəsmi Kiyev hazırda daha çox Ukrayna ordusunun müdafiə taktikasına keçidini təmin etməyə çalışır. Və bu, Ukrayna savaşı ətrafında situasiyanın daha da qəlizləşməkdə olduğunu göstərir.
Maraqlıdır ki, ABŞ və Qərbdən hərbi yardımların dayandırılma həddinə çatdırılması rəsmi Kiyevin ciddi narazılığına səbəb olub. Ukrayna prezidenti Volodimir Zelenski savaş poliqonunda durğunluq dövrünün başladığını etitaf edib. Onun fikrincə, bunun əsas səbəbi məhz Ukrayna ordusuna hərbi texnikanın göndərilməsində baş verən gecikmələrlə bağlıdır. Son iki il ərzində Ukraynanın müdafiə edilməsinin mümkün olduğunu vurğulayan prezident Volodimir Zelenski hazırda ordunun arsenalında silah-sursat və müasir hərbi texnikanın çatışmadığını da bildirib.
ABŞ-da nəşr olunan nüfuzlu “The New York Times” qəzeti də Ukrayna ordusunun yaşadığı silah-sursat və canlı qüvvə defisitini gündəmə gətirib. Nəşr hesab edir ki, məhz bu səbəbdən də döyüş mövqelərini çox çətinliklə müdafiə edən Ukrayna ordusu təşəbbüsü Rusiyaya verməkdədir. Böyük Britaniya kəşfiyyatı isə xəbərdarlıq edib ki, Rusiya indiki hücum imkanlarını yaxın gələcəkdə də qoruyuib saxlaya bilər. Və Rusiya ordusunun ən xırda hərbi uğurları belə, Ukraynanın gələcək taleyi üçün real təhlükə rolunu oynayır.
Təbii ki, situasiyanın belə kəskin şəkildə dəyişməsi bəzi Avropa ölkələrini artıq indidən qorxutmağa başlayıb. Çünki bəzi kəşfiyyat məlumatlarına görə, Ukrayna savaşında qələbə qazanacağı təqdirdə, Rusiya Polşa, Rumıniya, Finlandiya və Baltikyanı ölkələrə qarşı hərbi müdaxilə planları üzərində artıq indidən işləməyir. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış isə gələcək üçün bütün təhlükəli ssenarilərə mütləq hazırlaşmağın vacibliyini vurğulayıb. Və o, Rusiyanın Polşaya hücum etmə ehtimalının ciddiliyini də qətiyyən istisna etməyib.
Ancaq polşalı nazir onu da vurğulayıb ki, hazırda yalnız onun ölkəsi deyil, Avropa qitəsi, hətta bütün dünya real təhlükə qarşısındadır. Nə qədər qəribə də olsa, “The Times” nəşri xüsusi xidmət servislərindən alınmış məlumatlara istinadən, polşalı nazirin narahatlığının əsaslı olduğunu təsdiqləyir. Nəşrin analitikləri xəbərdarlıq edirlər ki, NATO vaxt itirmədən Rusiyanın Avropaya getdikcə daha inanıdırıcı olan raket zərbələrinə hazırlaşmağa başlamalıdır. Əks halda, sonra çox gec də ola bilər.
Qərb kəşfiyyatının “The Times” nəşrinə verdiyi məlumatlar isə kifayət qədər detallı məzmun daşıyır. Belə ki, Kremlin NATO ilə savaş qərarı verəcəyi təqdirdə, Rusiyanın Almaniya başda olmaqla, aparıcı Avropa ölkələrindəki strateji obyektlərə raket zərbəsi endirəcəyi iddia olunur. Ona görə də, NATO rəhbərliyi xəbərdarlıq edib ki, Rusiya hərbi təcavüzünə qarşı hazırlıq üçün alyans üzvü olan Avropa ölkələrinin maksimum üç illik “zaman pəncərəsi” mövcuddur.
ABŞ, Almaniya və Hollandiya generalları hesab edirlər ki, Rusiya NATO ölkələrinin mülki və hərbi infrastrukturunu dağıtmaq üçün Avropanın dərinliklərinə zərbə endirə bilər. Onların fikrincə, ilk növbədə Almaniya hədəfə alınacaq, silah-sursat istehsal edən zavodlar, nəhəng körpülər, dəmiryolu xətləri, elektrik stansiyaları, komanda məntəqələri və s. vurulacaq. Rusiya raketlərinin hədəfə çatma perspektivi ümumiyyətlə, NATO generallarını xüsusi olaraq, narahat edir. Və NATO üzvü olan Avropa ölkələrinin hava hücumundan müdafiə sistemlərinin belə hücuma hazır olmadığı qabardılır.
Göründüyü kimi, Ukrayna savaşında Rusiya təşəbbüsü ələ keçirtdikcə, Qərbdə xof əhval-ruhiyyəsi də güclənir. Prezident Vladimir Putinin son açıqlamaları isə NATO rəhbərliyində ciddi müzakirələrə səbəb olub. Belə ki, son vaxtlara qədər Kreml sahibi Rusiyanın NATO ilə hərbi münaqişəyə hazır olmadığını vurğulayırdı. Ancaq bu dəfə prezident Vladimir Putin açıq mətnlə bildirib ki, Rusiya NATO-nun sahib olduğundan daha effektiv müasir silahlara malikdir. Və bu, müəyyən mənada, Rusiyanın NATO-ya “meydan oxuması”, yaxın gələcəkdə silahlı münaqişədən çəkinməyəcəyinə eyham kimi də qəbul oluna bilər.
Belə anlaşılır ki, Rusiya və NATO arasında hərbi toqquşma ehtimalı kifayət qədər yüksəkdir. Hətta ABŞ prezidentliyinə əsas namizəd Donald Tramp da bu qənaətdədir. Onun fikrincə, belə bir təhlükə tamamilə realdır. Üstəlik, bu təhlükə ən yaxın 3-4 ay ərzində reallığa çevrilə bilər və bu haldasa, üçüncü dünya savaşı qaçılmaz olacaq. Donald Tramp hesab edir ki, bütün bu baş verənlərin əsas günahkarı məhz ABŞ prezidenti Co Baydendir. Ona görə də, prezident Co Baydeni üçüncü dünya müharibəsi törətməmiş hakimiyyətdən kənarlaşdırmaq lazımdır. Və onun prezident seçkilərinə qədər qalan 9 ay ərazində Ağ Evdə olması dünyanı böyük fəakətlərə düçar edə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ