İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcülər Rusiya ilə vuruşmaq halında deyil

Avrasiya İnstitutunun rəhbəri: “Gürcüstanda döyüş ruhu tamamilə yox olub”

“2008-ci ilin avqust müharibəsi zamanı Gürcüstan 228 mülki vətəndaş və 14 polis əməkdaşını itirib. Müdafiə Nazirliyinin son məlumatına görə, bu müharibədə 169 gürcü hərbçisi həlak olub, 1747 nəfər isə yaralanıb. Ölkəmizin 150 minə yaxın vətəndaşı evlərini tərk etmək məcburiyyətində qalıb. Nəticədə Gürcüstan 189 kənd üzərində nəzarəti itirib. O vaxtdan 17 il keçsə də, zəbt olunmuş ərazilərin qaytarılması, ölkənin ərazi bütövlüyünün bərpası üçün heç kim bir addım belə atmayıb”.

Musavat.com xəbər verir ki, bu barədə Avrasiya İnstitutunun rəhbəri Gülbaat Rtsxiladze geword.ge-ya açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Gürcüstan rəhbərliyinin torpaqların işğaldan qurturulması üçün heç bir strategiyası yoxdur. Rusiya Xarici İşlər Nazirliyi öz nümayəndəsi Dmitri Trofimov vasitəsilə Gürcüstana inzibati sərhədləri göstərən xəritələri təqdim etməyi təklif edib ki, Rusiya tərəfi onları qeyd etsin, lakin Tiflis bununla ərazi itirdiyini rəsmən etiraf edəcəyinə inanaraq daim bundan imtina edib.

Politoloq “gürcü gənclər sosial şəbəkələrdə yazırlar ki, biz Rusiya ilə müharibə vəziyyətindəyik və onlara qalib gəlməliyik” kimi çağırışlara münasibət bildirib.

“Gürcüstanda heç nə dəyişmir, mən yalnız isterik hücumları müşahidə edirəm, onların arxasında heç nə yoxdur. Sizcə, sözlə Rusiyaya qarşı öyünənlərdən hər hansı biri həqiqətən bunun üçün mübarizə aparmağa hazırdırmı? Xeyr! Gürcüstanda döyüş ruhu itib və tamamilə yox oldu. Pafoslu insanlar, siyasi dəllalar dünyanın diqqətini çəkmək üçün dayanmadan qışqırırlar, amma artıq heç kim bizə baxmır. İndi dünyanın diqqəti Ermənistan və Azərbaycana yönəlib. Gürcüstan kənarda qalıb, ikinci dərəcəli ölkəyə çevrilib...” deyə, o bildirib.

Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasını təklif ediblər. Ölkənin baş naziri İrakli Kobaxidze vəziyyəti absurd adlandırıb, çünki Tiflis hələ yanvarda assambleyaya üzvlüyünü dayandırıb. Xatırladaq ki, Avropa Şurasından (AŞ) çıxarılma ilk növbədə Gürcüstanın Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) yurisdiksiyasından çıxmasına gətirib çıxaracaq. Müvafiq olaraq, gürcülər daha ora apellyasiya şikayəti verə bilməyəcək və “Gürcü arzusu” Avropa Məhkəməsinin qərarlarını icra etmək zərurətindən xilas olacaq. 2022-ci il martın 15-də Rusiya NATO və Aİ-ni bu qurumu anti-Rusiya alətinə çevirməkdə ittiham edərək AŞ-dan ayrılıb.

Xüsusilə, baş nazirin sözlərinə görə, Brüssel Gürcüstan hakimiyyəti ilə “sağlam müzakirədən” yayınır:

"Bu gün Aİ-də - demokratiya sahəsində də, insan haqları sahəsində də, iqtisadiyyatda da tendensiyalar həyəcan vericidir. Ümid edirik ki, 2030-cu ilə qədər biz Aİ-yə üzv olmağa hazır olduğumuz zaman bu tendensiyalar dəyişəcək və bütün Avropa İttifaqında demokratik sistem bərpa olunacaq. İnsan haqları daha yaxşı qorunacaq, iqtisadiyyat gücləndiriləcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR