İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Finlandiya prezidentinə nə deyib-bu ölkənin qazı da kəsilir    

 

 

Rusiya prezidenti Vladimir Putin finlandiyalı həmkarı Sauli Niiniste ilə telefon söhbətində bu Skandinaviya ölkəsinin xarici siyasətindəki mümkün dəyişikliyin mənfi nəticələrindən danışıb. Prezidentlər arasında söhbətin təfərrüatları barədə Kremlin rəsmi saytında məlumat verilir. 

Rusiya lideri bildirib ki, Finlandiyanın hərbi neytrallıq siyasətindən imtina etməsi səhv olardı, çünki ölkənin təhlükəsizliyinə heç bir təhdid yoxdur. O qeyd edib ki, Finlandiyanın xarici siyasətində dəyişiklik "uzun illərdir mehriban qonşuluq və tərəfdaşlıq əməkdaşlığı ruhunda qurulmuş" Rusiya ilə münasibətlərə mənfi təsir göstərə bilər .

Bundan əvvəl məlum olub ki, Finlandiya prezidenti Sauli Niiniste Vladimir Putinlə telefon danışığı zamanı ölkəsinin NATO-ya üzv olmaq niyyətindən danışıb. Niiniste qeyd edib ki, istənilən müstəqil dövlət öz təhlükəsizliyini möhkəmləndirməyə çalışır. Niiniste həmçinin vurğulayıb ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı “Finlandiyada təhlükəsizlik vəziyyətini dəyişib”. Finlandiyanın gələn həftənin ortalarında NATO-ya müraciət edəcəyi  bildirilir.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olması  reaksiyasız qalmayacaq. Diplomat  bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması halında Rusiyanın reaksiyası ilə bağlı qərar emosiyalara görə verilməyəcək, çünki bütün amillərin hərtərəfli və yoxlanılmış təhlili bundan sonra aparılacaq.

 Məlumdur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya qəbulunun səhv qərar olacağını bildirib.

“Anadolu” xəbər verir ki,  Türkiyə prezidentinin fikrincə, bu ölkələrdə “çoxlu terror qrupları” var. Bunlar arasında Ərdoğan Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının da adını çəkib. Türkiyə lideri qeyd edib ki, PKK nümayəndələri “hətta bəzi dövlətlərin parlamentinə də daxil olurlar”.

Ankara İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması üçün qapıları bağlamır. Bunu isə bu gün  Türkiyə prezidentinin nümayəndəsi bildirib. “Türkiyə gözləyir ki, bu ölkələr  öz ərazilərində Kürdüstan Fəhlə Partiyasının mövcudluğuna son qoysun” deyə,  bəyanatda bildirilir. 

Qeyd edək ki, NATO-ya daxil olmaq üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır.

 Bu arada məlum olub ki, Rusiya sabahdan Finlandiyaya qaz nəqlini dayandıracaq. Məlumdur ki, Finlandiya Rusiyadan nəql olunan qazı rublla almaqdan imtina edib. Bunu  Finlandiyanın Avropa işləri və əmlakın idarə edilməsi üzrə naziri Tyutti Tuppuraynen deyib.

“Biz hökumətin iqtisadi siyasət komitəsində Finlandiyanın rubl ödənişlərini qəbul etməyəcəyi barədə qərar qəbul etdik”, – deyə xanım Tuppurayner qeyd edib. Finlandiyalı siyasətçi bildirib ki, qərar Finlandiya rəhbərliyi tərəfindən qəbul olunub.

“Finlandiya rublla ödənişlə razı deyil, bu, Rusiyanı şantaj etmək və Rusiyanın geosiyasi səylərinin bir hissəsi kimi qiymətləndirilə bilər”, – mesajda vurğulanıb.

Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən, 2022-ci il aprelin 1-dən “dost olmayan ölkələr” Rusiya qazı üçün ödənişləri rublla həyata keçirməlidir. Bir çox Avropa ölkələri yeni ticarət şərtləri ilə razılaşmadıqlarını bəyan ediblər. Qazın pulunu rublla ödəməkdən imtina etdiyinə görə “Qazprom” Bolqarıstan və Polşaya enerji nəqlini dayandırıb.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR