Onlayn ictimai-siyasi qəzet
"Kreml yenə Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olmaq istəyir. Halbuki, Bakı və İrəvan vasitəçiyə ehtiyac olmadığını vurğulayır, hər iki tərəf mövcud razılaşmaları məhz birbaşa danışıqların nəticəsində əldə edib".
Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirir ki, bütün bunlara baxmayaraq, Kreml inadından əl çəkmir və Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi bölgəyə göndərməyə hazırlaşır:
"Xovayev İkinci Qarabağ müharibəsindən sonra az qala ildə bir neçə dəfə Bakı və İrəvana səfərlər edib, tərəflər arasında vasitəçi rolunu oynamağa çalışıb. Ancaq hər dəfəsində Bakıda və İrəvanda ona mədəni şəkildə “vasitəçiyə ehtiyacımız yoxdur” cavabı verilib. Kremli bu cavab qane etmədiyinə görə, təşəbbüslərini davam etdirir. Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da daima təkrarlayır.
Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həm Azərbaycan Prezidenti İlham Əliyevi, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət edib. İlham Əliyev və Nikol Paşinyan tədbirdə iştiraklarını təsdiq ediblər. Kreml bundan istifadə edərək Moskvada İlham Əliyevlə Nikol Paşinyan arasında görüş təşkil etmək istəyir. Görüşün başlanğıcında Vladimir Putinin də iştirakı istisna deyil. Kreml Bakı və İrəvanın finişə yaxınlaşdıqlarını hesab edərək gələcək sülh sazişinin Moskvada imzalanmasına çalışacaq".
Xalidə Gəray
Musavat.com
23 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ