Onlayn ictimai-siyasi qəzet
“Rus masası”nı boykot edən Nikol MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etdi; ekspertlərdən fərqli rəylər
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib. “Yeni Müsavat” xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-1" hava limanında dövlət başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.
Ermənistanın baş naziri isə dekabrın 25-dən oradadır. O, Avrasiya İqtisadi Birliyinin iclasında iştirak edib. MDB liderlərinin qeyri-rəsmi görüşü çərçivəsində isə üçtərəfli müzakirələr sonuncu dəfə mayın 25-də olub. Azərbaycan sentyabr ayında bütün Qarabağda suverenliyi təmin edib və ilk dəfə liderlər bu reallıqda toplaşırlar. Yada salaq ki, Bişkekdə olarkən Kreml lideri tərəfləri sülh mətnini razılaşdırmaq üçün Moskvaya dəvət etmişdi. Lakin Paşinyan “rus masasından” yayındı.
Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, Peskov üçtərəfli görüşün nəzərdə tutulmadığını açıqlayıb: “Ona görə bunu proqnozlaşdırmaq çətindir. Görünür ki, Rusiya vasitəçiliyi davam etdirməyin perspektivi olmadığını anlayır. Ümumiyyətlə, moderatora ehtiyac yoxdur. Vasitəçilik etmək istəyənlərin məqsədi moderatorluq yox, hegemonluq niyyəti güdür. Hər halda, ikitərəfli danışıqların getdiyi zamanda Rusiyanın sülh sazişi ilə bağlı hansısa töhfə verəcəyi real görünmür”.
Asif Nərimanlı
Siyasi təhlilçi Asif Nərimanlı güman edir ki, Rusiya ilə qarşıdurma fonunda Putinlə görüşdən qaçan Paşinyanın uzunmüddət sonra Avrasiya İqtisadi İttifaqı və MDB-nin iclasında iştirak etmək üçün Sankt-Peterburqa getməsinin çox səbəbi var: “Birincisi, iqtisadi amillərdir: KTMT-dən imtina edən İrəvanın Fransanın timsalında hərbi alternativ imkanları olsa da, iqtisadi alternativi yoxdur, bu baxımdan, Ermənistanın Aİİ bazarına ehtiyacı var və siyasi-hərbi müstəvidə nə qədər Moskvanın nəzarətindən uzaqlaşmaq istəsə də, Azərbaycanla kommunikasiyanın açılması ilə nəticələnə biləcək sülh sazişinin imzalanmadığı müddətdə Rusiya bazarından asılılığı davam edəcək”. Ekspertin fikrincə, ikincisi, İran faktorudur: “Sammitdə iştirakdan imtina Tehranla münasibətlərə də mənfi təsir edə bilərdi, o cümlədən, Ermənistan ittifaq ölkələrinin İranla genişlənməsi gözlənilən ticarət imkanlarından kənarda qalmaq istəmir. Üçüncüsü, Paşinyanın bu səfərdə siyasi hədəflərindən biri də Azərbaycana təzyiq edə bilməyən Qərbə mesaj verməkdir. Bunun fonunda Ermənistanın KTMT-dən uzaqlaşmaq xəttinin davam edəcəyi gözləniləndir, çünki bununla bağlı bəhanəsi var. Sammitdə əsas diqqətçəkən məqam isə Putinin Paşinyana demək istədiyi sözləri ənənəvi olaraq, Lukaşenkonun dili ilə çatdırması idi. Belarus prezidenti Ermənistana Fransaya bel bağlamamağı tövsiyə etdi, Əfqanıstanı nümunə çəkdi və üz döndərəcəyi təqdirdə iqtisadi baxımdan ”öləcəyi" mesajını verdi. Belə demək mümkünsə, “Batka” Paşinyanı Putinin ona verdiyi “şirin dillə” hədələdi".
Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, 2024-cü ildə Rusiya, Avrasiya İqtisadi Birliyinin sədrliyini Ermənistana ötürür: “Quruma Ermənistan rəhbərlik edəcək. Putin də dedi ki, Ermənistana hərtərəfli yardım və kömək ediləcək. Bundan başqa, Rusiya-Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı yeni müqavilələr hazırlanır. İki ölkə arasında ticarət dövriyyəsi bu il 5 milyard dolları keçəcək, Ermənistan Rusiya üçün sanksiyalardan yan keçmək üçün əsas ölkələrdən biri olaraq qalır, qalacaq. Hə, deyirdilər Rusiya ilə Ermənistan ”dalaşır", az qala düşmən olublar, bəs nə oldu bu söhbətin axırı?!"
“Növbəti yubiley görüşümüz Moskvada keçiriləcək. Mən və Nikol Paşinyan belə bir təşəbbüs irəli sürdük, Rusiya Prezidenti onu dəstəklədi”. Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 25-də Avrasiya Ali Şurasının iclasında belə bildirib. O, əmin edib ki, Şuranın bütün üzvləri razıdırlar. Lukaşenko bildirib ki, 2024-cü ilin mayında Rusiya Aİİ üzvü olan ölkələrin dövlət başçılarının növbəti sammitinə ev sahibliyi edəcək. Ermənistanın “Joğovurd” nəşri isə yazıb ki, Putin Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsinə görə Paşinyanın şəxsən aydınlıq gətirməsini istəyir. Nəşr qeyd edib ki, Rusiya hakimiyyəti bu dəfə çox ciddidir. Bu səbəbdən Paşinyandan növbəti yarımçıq, qeyri-müəyyən cavablar deyil, daha aydın və konkret cavablar tələb edəcək. Həmçinin əlavə olunub ki, Paşinyanın Sankt-Peterburq səfəri səbirsizliklə gözlənilirdi, çünki Rusiya hakimiyyətinin ona bir çox sualları var və Putin həmin suallara şəxsən Paşinyanın özünün aydınlıq gətirməsini istəyir. Nəşrin sözlərinə əsasən, uzun müddətdir müşahidə edilir ki, Kremlin sözçüsü Dmitri Peskov bunu uzun fasilədən sonra Paşinyanla Putin arasında dialoq üçün əla fürsət adlandırıb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ