Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin dekabrın 4-də keçirilən investisiya konfransında çıxışı zamanı dövlətin xarici valyutada ehtiyat saxlamasının məqsədəuyğunluğunu sual altına alıb. O, xarici valyuta ehtiyatlarının siyasi səbəblərlə asanlıqla müsadirə oluna biləcəyini vurğulayaraq, daxili investisiyaların daha etibarlı olduğunu bildirib.
Musavat.com-un topladığı məlumata görə, Putin qeyd edib ki, 2022-ci ildə Ukrayna müharibəsinin başlanğıcında Qərb ölkələri Rusiyanın təxminən 300 milyard dollar məbləğindəki ehtiyatlarını dondurub. Bu təcrübəyə əsaslanaraq, o, dövlətin yığımlarını infrastruktur, logistika, elm və təhsil kimi sahələrə yatırmağın daha səmərəli olduğunu söyləyib.
ABŞ administrasiyasının dolları siyasi məqsədlər üçün istifadə etməsini tənqid edən Putin, bunun nəticəsində bir çox ölkənin alternativ aktivlərə, o cümlədən kriptovalyutalara yönəldiyini bildirib. O, xüsusilə Bitcoin-i misal çəkərək, “Məsələn, Bitcoin, onu kim qadağan edə bilər? Heç kim,” deyə vurğulayıb. Putin əlavə edib ki, yeni ödəniş texnologiyalarının inkişafı qaçılmazdır və bu texnologiyalar daha aşağı xərclər və etibarlılıq təklif edir.
Bu açıqlamalar, Rusiyanın kriptovalyutalara və rəqəmsal aktivlərə artan marağını əks etdirir. Xatırladaq ki, avqust ayında Putin Bitcoin mədənçiliyini leqallaşdıran qanunu imzalayıb. Bu qanun, Rusiyanın rəqəmsal iqtisadiyyata inteqrasiyasında mühüm addım kimi qiymətləndirilir.
Putinin bu mövzuda əvvəlki mövqeləri daha ehtiyatlı olsa da, son açıqlamaları və atılan addımlar Rusiyanın kriptovalyutalar sahəsində daha fəal rol oynamağa hazır olduğunu göstərir.
Musavat.com
05 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ