Onlayn ictimai-siyasi qəzet
Suriya böhranı hazırda dünya gündəminin əsas mövzusuna çevrilib. Belə ki, bu savaş məkanında bir çox dövlərin geopolitik maraqları ciddi şəkildə toqquşur. Ona görə də, Suriyanın bir dövlət kimi, gələcək taleyinin necə olacağı da böyük maraq doğurur. Üstəlik, bəzi beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən Suriyanın parçalanmasına və onun ərazisində bir neçə dövlətin qurulmasına yönəlik cəhdlərin göstərildiyi də inkaredilməz reallıqdır. Və bu baxımdan, Suriya əhalisinin həm azad, həm də toxunulmaz bir ölkədə yaşamaq şansı qazandıqları barədə danışmaq hələ çox tezdir.
Onu da qeyd etmək lazımdır ki, Suriyanın ərazi bütövlüyü və suverenliyi hazırda yalnız Türkiyə tərəfindən israrla dəstəklənir. Rəsmi Ankara Türkiyənin milli təhlükəsizlik maraqlarını və Suriya xalqının müstəqil dövlətdə yaşamaq hüquqlarını təmin etmək məqsədilə bu mövqeyində prinsipial davranır. Və bu baxımdan, rəsmi Ankaranın beynəlxalq hüquqa dayanan qərarları indi Suriyanın gələcək taleyinin müəyyən edilməsi prosesində yeganə pozitiv faktor təsiri bağışlayır.
Başda ABŞ olmaqla, Suriyada müraqları olan digər dövlətlər bu ölkənin gələcək taleyininin müəyyən edilməsi prosesindən geopolitik pay qopartmağa can atırlar. Ağ Evdə hesab edirlər ki, ABŞ-ın illərlə sponsorluq edərək, təlim keçdiyi PKK/PYD terror təşkilatı öz mövcudluğunu qorumalıdır. ABŞ-ın PKK/PYD terror təşkilatı üzərindən Suriyada yeni bir “dövlət”in qurulmasına yönəlik planlarının olduğu barədə kifayət qədər ciddi məlumatlar var. Və rəsmi Ankara, Türkiyənin sərhədləri ətrafında PKK/PYD-nin “terror dövləti” qurmasına müqavimət göstərir, nəticədə bu “layihə”nin həm əsas himayədarı, həm də sponsoru olan ABŞ-la müəyyən ziddiyyətlər yaşamaq məcburiyyətində qalır.
Digər tərəfdən, Rusiya və İranın da Suriyadan çıxarılması ABŞ-ın PKK/PYD-nin üzərindən “terror dövləti” qurmaqla bağlı iştahını gücləndirib. Belə ki, hələlik Ağ Ev ABŞ-ın Suriyadakı təsir imkanlarını tamamilə itirmək ehtimalını yaxına buraxmaq istəmir. Əksinə, PKK/PYD vasitəsilə “terror dövləti” qurmaqla, ABŞ indiki Suriya ərazisində öz davamlı mövcudluğu üçün yeni yerləşmə məkanı açmağa cəhd göstərir. Və bu, Suriyanın gələcək taleyinin müəyyən edilməsi prosesində ən təhlükəli faktora çevrilməyə başlayıb.
Rusiya və İrana gəldikdəsə, bu iki ölkə tədricən Suriya ərazisindən çıxmaq məcburiyyətində qalıb. Belə ki, rəsmi Tehran İran hərbçilərinin Suriyadan çıxarılması üçün silahlı müxalifətdən təhlükəsiz dəhliz istəyib. Rusiya isə öz hərbi bazalarını çıxartmaq üçün Türkiyə ilə danışıqlar aparır. Yəni, bu iki əvvəl-axır Suriya ərazisini tamamilə tərk etməli olacaq. Və bu, Suiyanın gələcək taleyinin müəyyyən edilməsi prosesinin uğur qazanmasında olduqca pozitiv faktor sayıla bilər.
Ancaq bütün bunların Suriya əhalisinə nə vaxt suveren və müstəqil dövlətdə yaşamaq şansı qazandıracağı hələlik müəmmalı xarakter daşıyır. Çünki hazırda ABŞ da daxil olmaqla, bəzi ölkələr Suriyanın həm də sərvətlərini bölüşdürmək niyyətinə düşüblər. Əslində, Ağ Evin PKK/PYD üzərindən Suriyanın bir hissəsində “terror dövləti” yaratmaq niyyətlərinin arxasında geopolitik hədəflərlə yanaşı, həm də enerji maraqları gizlənir. Hər halda, hazırda ABŞ bazalarının olduğu və PKK/PYD terror təşkilatının nəzarət etdiyi Suriya ərazilərinin enerji resursları ilə zənginliyi Ağ Ev üçün strateji əhəmiyyət daşıyır. Və bu, o deməkdir ki, Ağ Evin “ABŞ hərbi bazaları Suriyadan çıxarılmayacaq” bəyanatı uzaqgedən məqsədlər güdür.
Maraqlıdır ki, Rusiya da Suriyadan pay qopartmaq niyyətindən hələ tam imtina etməyib. Belə ki, hərbi bazalarını Suriyadan çıxartmağa başlasa da, Kreml hazırda yalnız prezident Bəşər Əsədi Rusiyaya aparmaqla, kifayətlənməli olacaq. Son məlumatlara görə, prezident Bəşər Əsədə sığınacaq verilməsi barədə siyasi qərar şəxsən Kreml sahibi Vladimir Putin tərəfindən verilib. Və Kreml bu qərarla bəzi hədəflərinin olduğunu biruzə verir.
Məsələ ondadır ki, Bəşər Əsəd rejiminin çökməsi Rusiya üçün böyük geopolitik itki sayıla bilər. Çünki məhz Suriyada yerləşməklə, Rusiya Yaxın Şərqdə öz geopolitik maraqlarını təmsil edirdi. Bundan sonra Kremlin əlində elə bir ciddi geopolitik mexanizm qalmadı. Yəni, ABŞ-dan fərqli olaraq, Rusiyanın imperialst maraqları tamamilə islasa uğramış oldu. Ona görə də, Kreml prezident Bəşər Əsədi Rusiyaya aparmaqla, Suriyada nə vaxtsa onu yenidən hakimiyyətə qaytarmaq variantını aktual saxlamaq niyyəti güdür. Və bu, Kreml üçün Yaxın Şərqə yenidən dönüş istiqamətində perspektivləri mübahisə mövzusu ola biləcək çox zəif ümid qaynağı rolunu oynaya bilər.
Digər tərəfdən, Rusiya Əsəd rejiminin mövcudluğunu qorumaq üçün onmilyardlarla maliyyə vəsaiti xərcləyib. Prezident Bəşər Əsədin Rusiyaya aparılması Rusiyaya həmin maliyyə vəsaitinin heç olmasa, bir hissəsini geri qaytarmaq şansı yarada bilər. Belə ki, prezident Bəşər Əsədin beş milyard avro, 16 milyard dollar və 200 ton qızıl olmaqla, kifayət qədər sərvətə sahib olduğu bildirilir. Və Kreml prezident Bəşər Əsədi öz nəzarətinə almaqla, Suriyanın keçmiş liderinin sərvəti ilə bağlı müəyyən manevrlər etmək imkanları da qazana bilər.
Göründüyü kimi, Kremldə prezident Bəşər Əsəd üzərindən iki önəmli hədəfə istiqamət almaq cəhdləri mövcuddur. Hər halda, Rusiya siyasi dairələri Suriya coğrafiyasının özəlliklərini çox yaxşı bilirlər. Ona görə də, hesab edirlər ki, Suriyada yenidən dövlət qurmaq cəhdlərinin daxili ziddiyyətlərə yol açma ehtimalı kifayət qədər yüksəkdir. Və bu ziddiyyətlər hansısa mərhələdə prezident Bəşər Əsədin yenidən Suriyaya geri qaytarılmasına münbit şərait yarada bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ