İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin 30 günlük atəşkəsə razılaşmasa...  

“Ukrayna ABŞ-ın Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bildirməklə Rusiyanı çətin vəziyyətə salıb. İndi top Kremlin meydanındadır”.

Musavat.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu ABŞ və Ukrayna nümayəndələrinin danışıqlarında Ukraynanın Rusiya ilə müharibədə 30 günlük atəşkəsə razılıq verməsini şərh edərkən bildirib.

E.Şahinoğlunun fikrincə Rusiya Prezidenti Vladimir Putin atəşkəsə razılaşmasa amerikalı həmkarı Donald Trampı məyus edəcək. Halbuki Tramp son aylarda Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edir, Rusiya Prezidenti Vladimir Putini isə tərifləyirdi. Kreml sahibinin özü və ətrafı da Trampın ünvanına müsbət fikirlər söyləyirdilər. Ona görə də Putin atəşkəsə razılaşmasa, Trampı çətin vəziyyətə salacaq.

Bu halda Trampın Ukraynanı hansısa formada dəstəkləməkdən başqa alternativi qalmayacaq: “Vladimir Putin müvəqqəti atəşkəsə razılaşıb tələblərini səsləndirməkdə davam edə də bilər. Onsuz da Tramp Putinin Ukrayna ilə bağlı əsas tələblərini qəbul edib. 1. Ukrayna NATO üzvü olmayacaq; 2. Krımın və Ukraynanın şərq bölgələrinin Rusiyanın nəzarətində qalması şərti qəbul olunacaq. Ancaq Putin bunlarla yanaşı Ukraynanın şərqdə tam işğal edə bilmədiyi əraziləri də tələb edir. Əgər Putin atəşkəsə razılaşarsa, bu tələbindən bir müddət imtina etməli olacaq”.

Politoloq qeyd edib ki, bütün hallarda atəşkəs problemin həlli deyil. Əlbəttə, Putin razılaşarsa Tramp atəşkəsi qələbəsi kimi qələmə verəcək: “Ancaq keçmişdə Azərbaycan-Ermənistan qarşıdurmasında olduğu kimi Rusiya-Ukrayna qarşıdurmasında da atəşkəsin pozulması ehtimalları yüksəkdir. Ukraynaya isə başda ABŞ olmaqla heç bir Qərb ölkəsi təhlükəsizlik təminatı vermək istəmir. Təhlükə bundadır”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR