İnsanlara hürriyət, millətlərə istiqlal!

Pul köçürən şəxslərin NƏZƏRİNƏ! - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə “Azərbaycan rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edib. 

Musavat.com xəbər verir ki, dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv olunub, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq, 20 000 ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib. Həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.

Eyni zamanda idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilib, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günədək avans ödənişinin həyata keçirilməsi imkanı müəyyən edilib. Bu zaman vasitəçi müvəkkil banka ödənişi təmin edən geri götürülməyən akkreditiv və ya bank qarantiyası təqdim etməlidir.

Bununla yanaşı, Azərbaycan ərazisində emissiya olunan ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 000  ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması müəyyən edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR