İnsanlara hürriyət, millətlərə istiqlal!

Pul kimlər tərəfindən “tanrılaşdırılır?”

İlahiyyatçı deyir ki, maaşı az olan ziyalılar boynubükük gəzir, asta səslə danışır... 

Son dövrlər cəmiyyətdə maddiyyatın mənəviyyat üzərində üstünlük qazanması, milli-mənəvi, dini dəyərlərin dəyişməsi, xüsusilə elmə, təhsilə, ziyalıya olan hörmətin azalması ciddi narahatlıq doğurur. Bu tendensiya sosial şəbəkələrdə və ictimai müzakirələrdə də geniş əks-səda doğurur. Xüsusilə də “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamının son açıqlamalarından sonra bu mövzu daha da qabarıb. Onun cəmiyyətin dəyərlər sisteminə zidd çıxışları, özünün savadsız olmasını xüsusi vurğulayaraq qarşısında ali təhsilliləri işlətməsi ilə öyünməsi, sonra da buna əks-fikir olaraq “əlimdə olsa məscidləri söküb məktəb tikərəm” deməsi cəmiyyətin bir çox təbəqəsində narazılıq yaradıb və gənclərə mənfi örnək olduğu qeyd edilib. Narahatlıq doğuran məqam isə onun fikirlərinə qahmar çıxanların da az olmaması idi...

Dinlə təhsilin tərəziyə qoyulması, müqayisə olunması nə dərəcədə doğrudur? Milli-mənəvi dəyərlərimiz niyə bu şəkildə müzakirələrə çıxarılır?

Hökumət Azərbaycan xalqının dini iradəsini təsdiqləyir - Elvüsal Məmmədov |  Hafta.az

Elvüsal Məmmədov

İlahiyyatçı, dosent Elvüsal Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Son günlərdə elm adamlarına, inanclı şəxslərə, məscidlərə irişkən əda ilə rişxənd edən birinin dedikləri gündəmi zəbt edib. Açığı, mən bu naxoş münasibəti ərsəyə gətirən "zəka"dan, “səviyyə”dən danışmaq istəmirəm, hər şey gün kimi aydındır, atalar demişkən, “Görünən dağa nə bələdçi!?”

Ziyalılar da, inanclılar da bu  sayaq münasibətə görə narahat olmasınlar. Cəmiyyətdə ağzının danışığını bilməyənlər həmişə olub, indi də var, gələcəkdə də olacaq. Əvvəllər ziyalı, təhsilli, bilikli, inanclı kimsələr hörmətli şəxslər hesab olunurdu, çünki insanın dəyəri elmlə, biliklə, əxlaqla, inancla, mənəviyyatla ölçülürdü, elm, bilik, ziyalılıq, mənəviyyatlı olmaq, inanc - bütün bunlar cəmiyyəti cəmiyyət edən, fərdi şəxsiyyət pilləsinə qaldıran dəyərlər sayılırdı. İndi isə təkcə pul bütün bunları əvəz edib. Bizdə pulu, vəzifəsi olana hörmət edirlər, başda oturdurlar, məclislərdə, tədbirlərdə qabağına qaçırlar, ətrafına toplaşırlar, dediyi adi və bəsit sözləri hikmətli söz kimi qəbul edib alqışlayırlar. Bəli, belə adamlar dəyərli adamlardır. Təəssüf ki, bizdə dəyər mənəvi məzmununu itirərək əmtəələşib, pullu adamlara yapışdırılan yarlıq halına gəlib. Odur ki, pullu müğənnilərin, həkimlərin, məmurların, direktorların sözü hər yerdə: real həyatda, televiziyalarda keçir, maaşı az olan ziyalı, alim, müəllim boynubükük formada, alçaq səslə, qorxa-qorxa fikir bildirməyə çalışır, amma onun qısıq səsi pullu müğənninin, həkimin, məmurun toxluğun yaratdığı gur səsinin fonunda itib-batır, eşidilmir.

Görəsən, bizdə alimə, müəllimə, inanclıya, Allahın evinə etik münasibət bəsləməyi bacarmayan, bunu açıq şəkildə mediada dilə gətirən kimsələr necə olub ki, meydana çıxıb?  Elə əvvəllər də belələri olub, amma onlara öz səviyyəsizliklərini nümayiş etdirmək üçün meydan verilməyib. Bu gün isə “sosial şəbəkələr”, saytlar, internet televiziyalar - bu yeni sistem hər kəsə danışmaq, fikir bildirmək, şərh yazmaq imkanı tanıyıb. Bir tərəfdən, yaxşı, digər tərəfdən, xoş olmayan bir sistemlə üz-üzəyik. Modern dünyanın “liberal” mediasının ən bariz xüsusiyyəti “senzurasızlığ”ıdır. Bəli, modern mediada senzura, məhdudiyyət, xəlbirləmə yoxdur. Məhz senzurasızlıq və qeydsiz-şərtsiz ifadə imkanları şərait yaradır ki, hər kəs: ağıllı da - ağılsız da, savadlı da - savadsız da, tərbiyəli də  - tərbiyəsiz də, səviyyəli də - səviyyəsiz də yazıb-pozsun, şərh versin, münasibət bildirsin, düşüncələrini ifadə etsin".

İlahiyyatçı əlavə edib ki, cəmiyyətimizdə peşəkarlara göstərilən biganə münasibət üzündən qeyri-peşəkarlar hər yerdə peşəkarlardan daha çox gözə dəyir: “İslam, geniş coğrafiya, o cümlədən Azərbaycan üçün, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, memarlığı, incəsənət və məişəti üçün özünü isbatlamış, bununla da doğmalaşmış dindir. O, hansısa fərdin uydurduğu hökmlər yığını deyil ki, hikkəli həmlələrdən, acıqlı hücumlardan, saxta izahlardan, xəbiscəsinə yozumlardan, tərbiyəsizlərə xas böhtan və iftiralardan sonra zəifləsin, gücünü itirsin. Əksinə, belə vəziyyətlərdə həqiqi möminlər dinlərinə sahib çıxır, dəyərlərini müdafiə edir, inanca qalxan olur, Allahın, Peyğəmbərin, Quranın, məscidin yanında dayanırlar. İslam tarixən iftiraçılara, saxtakarlara, tərbiyəsizlərə, cılızlara, xırdalara qalib gəlib, gələcəkdir də”.

 Yazını hazırladı: Afaq MİRAYİQ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR