Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində Elm və Təhsil Mərkəzi-Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun sifarişlə qətlə yetirilməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyevin, keçmiş polis zabiti Dəyanət Quliyevin və sonuncunun tanışı olan taksi sürücüsü Samir Quliyevin məhkəməsi davam edir.
Musavat.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib, təqsirləndirilən şəxslər ifadə verib.
Müşfiq Atakişiyev prorektorun qətlini polis zabiti Dəyanət Quliyevə sifariş etməkdə, Dəyanət Quliyev həmin qətl sifarişini həmyerlisi olan taksi sürücüsü Samir Quliyevə tapşırmaqda, taksi sürücüsü qətli icra etməkdə təqsirləndirilir.
Məhkəmədə dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham aktını elan edib.
İttiham aktında yazılıb ki, Müşfiq Atakişiyev bu qətli sifariş edərkən Təfəkkür Universitetinin rektoru vəzifəsində çalışıb. Universitetin prorektoru Tariyel Əhmədovla aralarında münaqişələr olub. Müşfiq Atakişiyev hesab edib ki, Prorektor onun işgüzar nüfuzuna xələl gətirir və vəzifəsində qalmasına maneələr yaradır. İttiham aktına görə, rektor bu səbəbdən prorektoru aradan götürmək qərarına gəlib. 2011-ci ilin sentyabrında onun qətlini qohumu olan, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis şöbəsinin polis əməkdaşı Dəyanət Quliyevə, Dəyanət Quliyevsə qətlin icrasını həmyerlisi Samir Quliyevə tapşırıb. Samir Quliyev Yasamal rayonu ərazisindəki parklardan birində prorektora küt alətlə başından xəsarət yetirərək onu öldürüb.
Müşfiq Atakişiyev ona edilən ittihamla özünü təqsirli bilməyib. Ancaq digər təqsirləndirilən şəxslər - Samir Quliyev və Dəyanət Quliyev özlərini təqsirli biliblər.
Əvvəlcə Samir Quliyev ifadə verib. O, sözə qətlin icrası ilə bağlı tapşırıq aldığı Dəyanət Quliyevlə münasibətlərindən başlayıb. Deyib ki, Dəyanət Quliyevlə İmişli rayonunda eyni məhəllədə böyüyüblər. 2011-ci ilin sentyabrında Dəyanət ona bir nəfər tərəfindən təhdid olunmasından narahatlığını bildirib: “Dedi, bir nəfər var, məni də, Müşfiq dayımı da ölümlə hədələyir, təhdid edir. Məni Yasamal rayonu ərazisindəki bir idman meydançasına apardı, dedi, həmin adam burada idmanla məşğul olur. Ancaq həmin adam kimdir, hansı vəzifənin sahibidir, bu barədə mənə məlumat vermədi. Dedi ki, həbsxanaya düşsən, sənə kömək edəcəyik. Həmin adamı mənə göstərdi, hər gün idman meydançasına gedib, onun orada idmanla məşğul olmasını izləyirdim. Bir gün gördüm ki, meydançada təkdir. Yürüş edirdi. Dəyanət mənə dəmir dəyənək vermişdi ki, həmin adamı vurum. Ətrafda heç kəs yox idi. Arxadan yaxınlaşdım, başına iki dəfə dəyənəklə möhkəm vurdum, yerə yıxıldı, sonra nə olduğunu bilmədim. Meydançadan çıxıb taksiyə mindim, birbaşa İmişliyə qayıtdım, Dəyanətə o adamı vurduğumu dedim”.
Samir Quliyev ifadəsində göstərib ki, Dəyanət Quliyevlə o hadisədən 3 il keçdikdən sonra cəmi bir dəfə görüşüb. Ancaq o vaxta qədər Dəyanət ona ayrı-ayrı vaxtlarda 300, 500 və 1000 manat pul göndərib.
Dəyanət Quliyevə söz veriləndə o, Samir Quliyevin ifadəsini təsdiqləyib. İfadəsində göstərib ki, Samir Quliyev uşaqlıq dostu, Müşfiq Atakişiyev isə dayısıdır. Ancaq prorektor Tariyel Əhmədovu da yaxşı insan kimi tanıyıb: “Özüm kiçik bizneslə məşğul olmuşam. Rəhmətlik Tariyel Əhmədovla çox yaxşı münasibətim olub. Ancaq son vaxtlar fikir verirdim ki, mənə qarşı soyuq davranır. Samirlə uşaqlıq dostu olmuşuq, ona maddi cəhətdən əl tuturdum. Bir gün ona dedim ki, bir nəfər var, son vaxtlar məni incidir, onu bir az əzişdirmək, “dərs” vermək lazımdır. Maşınımın baqajındakı dəmir “turbanı” da ona verdim. Aparıb Tariyel müəllimin hər gün keçdiyi və idmanla məşğul olduğu idman meydançasını da ona göstərdim. Sonra eşitdim ki, Tariyel müəllim həmin meydançada öldürülüb. Polis bölməsində işləyirdim, özüm ərizə yazaraq daxili işlər orqanlarından uzaqlaşmışam. Dayıma gəlincə, ondan dəfələrlə 4 min manat pul istədim, vermədi. Çoxlu borcum var idi, özümü öldürmək həddinə çatmışdım. Bir gün də qərara gəldim ki, cinayəti açıb etiraf edim. Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng vurdum, hər şeyi olduğu kimi danışdım”.
Sonra keçmiş rektor Müşfiq Atakişiyev ifadə verib. O, məhkəməyə bildirib ki, prorektor Tariyel Əhmədovla dostluq münasibətləri olub. Rektor vəzifəsinə təyin olunandan sonra münasibətləri pisləşib: “Tariyel Əhmədov mənim rektor təyin edilməyimə qısqanclıqla yanaşırdı. Deyirdi ki, səni bir yolla həbs etdirəcəm. O hər zaman düşünürdü ki, mən onu aldadıram. Onun güclü əlaqələri olduğu üçün məni həbs etdirmək potensialı var idi. Məni şantaj edirdi. Təqsirləndirilən şəxs Dəyanət Quliyev mənim bacım oğludur. Ona atalıq etmişəm və o ailəyə mən baxmışam. Mən 2011-ci ilin avqustunda məzuniyyətdən qayıdanda dedilər ki, sentyabrda Tariyeli sənin yerinə təyin edəcəklər. Dəyanəti çağırıb dedim ki, o adama elə xəsarət yetir ki, 2 ay işə çıxmasın. Dəfələrlə dedim ki, onu öldürmə, çünki işi məndən biləcəklər. Ancaq sonradan eşitdim ki, Tariyel aldığı xəsarətlərdən ölüb. Mən özümü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilmirəm. Bu hadisədən sonra Dəyanət məndən 4 min manat pul istədi. Mənə dedi ki, qumarda pul uduzub, təcili lazımdır, mən isə qumar amilinə görə vermədim. O dedi ki, özümü öldürəcəm və hər şeyi polisə deyəcəm”.
Təqsirləndirilən şəxslərin ifadələri bitdikdən sonra hakim növbəti məhkəmə iclasında şahidlərin dindiriləcəyini elan edib və bildirib ki, növbəti məhkəmə iclası yanvarın 31-də keçiriləcək.
Müşviq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu, İttiham aktında qeyd olunanlardır.
Uzun illər idi ki, prorektorun qətliylə bağlı versiyalar dolaşırdı. Tariyel Əhmədov Təfəkkür Universitetinin həmtəsisçilərindən biri olub. Əsasnaməyə görə, 2013-cü ildə rektor vəzifəsi növbəlilik qaydasında Müşfiq Atakişiyevdən Tariyel Əhmədova keçməliydi. Universitetin həmtəsisçilərindən olmuş, adı dələduzluqda hallanan və ölkədən qaçmış Riyad Əliyev təxminən 2015-ci ildə mətbuata bildirmişdi ki, məhz bu səbəbdən Müşfiq Atakişiyev Tariyel Əhmədovun qətlini sifariş verib. Bu məlumatlardan sonra - 2016-cı ildə Atakişiyev könüllü şəkildə rektor vəzifəsindən istefa vermişdi. 2017-ci ildə isə Universitet ləğv edilib.
E.Məmmədəliyev,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ