İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror Mövlam Şıxəliyevlə başının dəstəsinə 48 il cəza istədi

Proses avqustun 30-na qədər təxirə salındı

1 aylıq fasilədən sonra Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub- E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İyulun 26-na təyin olunan məhkəmədə hakim Elbəy Allahverdiyevin sonuncu prosesdə 6 zərərçəkənin verdiyi vəsatətlərə münasibətini açıqlayıb. Vəsatətlərində zərərçəkənlər sədrlik edən hakim Elbəy Allahverdiyevə təkrar olaraq etirazlarını bildirmişdilər. Etirazlarını belə əsaslandırmışdılar ki, Elbəy Allahverdiyev vaxtilə Respublika Hərbi Prokurorluğunda mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyib. 2003-2004-cü il MTN-in İstintaq İdarəsinə ezam olunub. Həmin dövrdə Mövlam Şıxəliyev MTN İstintaq Baş İdarəsində rəis vəzifəsində xidmət edib. O dövrdə Elbəy Allahverdiyev Mövlam Şıxəliyevin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərib! Zərərçəkənlər vəsatətlərində qeyd etmişdilər ki, Mövlam Şıxəliyevlə hazırda iş üzrə hakim olan, o zaman müstəntiq işləmiş Elbəy Allahverdiyev xoş ünsiyyətdədirlər. Sübut kimi Elbəy Allahverdiyevin məhkəmənin hazırlıq iclasında təqsirləndirilən Mövlam Şıxəliyevə  “Mövlam müəllim” xitabı ilə müraciət etməsini göstərmişdilər. Qeyd etmişdilər ki, hakim bu xitabla təqsirləndirilənə müraciət etməklə əslində hakim kimi fəaliyyətini şübhə altına alıb, tərəf olduğunu göstərib.  Buna görə də Elbəy Allahverdiyevin hakim kimi fəaliyyətini davam etdirməsi iş üzrə çıxarılacaq hökmü bu başdan şübhə altına alır. Əsaslı və qanuni hökm çıxarılacağına böyük şübhələr yaradır.

Hakim Elbəy Allahverdiyev bildirib ki, etiraz əsassızdır, o, MTN-ə ezam olunduğu müddətdə Mövlam Şıxəliyev orada rəis olmayıb. Buna görə də verilən etirazın təmin olunmadığını açıqlayıb. 

Mövlam Şixəliyevin 9 milyonluq əmlakının müsadirə olunması istənilir -  SİYAHI » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Hakim zərərçəkən Zaur Əliyevin sabiq baş prokuror Zakir Qaralov, onun 1-ci müavini Rüstəm Usubov, sabiq hakim Əfqan Haciyev, DTX-də baş idarə rəisinin müavini vəzifəsində xidmət edən Mamay Maqsud oğlu Qulubəyov, orada xidmətdə olan Rafiq İmas oğlu Abdullayev, vətəndaş Arif Allahyar oğlu Allahverdiyev və MTN-in İstintaq Baş İdarəsində işləmiş Təhsin Ağayevin məhkəməyə dəvət olunmaları ilə bağlı vəsatətinə də münasibətini açıqlayıb.

Zaur Əliyev vəsatətində qeyd etmişdi ki, Mövlam Şıxəliyev başına yığdığı, onunla birgə mühakimə olunan təqsirləndirilənlər 36 Azərbaycan vətəndaşından hədə-qorxu və quldurluq yolu ilə 20 milyon manat alıblar.

Zərərçəkən vəsatətində xüsusi olaraq vurğulayırdı ki, məhkəmə istintaqı zamanı keçmiş baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubovun Mövlam Şıxəliyev və digəriləri ilə mütəşəkkil cinayətkar quldur dəstə daxilində fəaliyyət göstərmələri müəyyən olunub. Həmin vəzifəli şəxslər Mövlam Şıxəliyevi, bu gün məhkəmə qarşısında olan bütün dəstəni himayə ediblər.

Generalın məhkəməsində nə baş verəcək? - Rüstəm Usubov yenidən gündəmdə »  Qlobal.Az

Zakir Qaralovla Rüstəm Usubov Mövlam Şəxəliyev və başının quldur dəstəsinin birbaşa iştirakı ilə 36 Azərbaycan vətəndaşının girov götürülməsinə şərait yaradıblar. Mövlam Şıxəliyevgil pul və əmlak alandan sonra işi məhkəməyə göndərirdilər. Həmin zaman Zakir Qaralovla Rüstəm Usubov həbs-qətimkan tədbirinin dəyişdirilməsində də bilavasitə iştirak edirdilər. Həbs adı ilə girov götürülmüş Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə də Zakir Qaralovla Rüstəm Usubovun xüsusi payı olub.  Bu, məhkəmə istintaqı zamanı tam olaraq təsdiqini tapdı. Belə ki, zərərçəkən Əfsəl Həsənəliyevin ifadəsindən aydın şəkildə bilindi ki, Yasin Məmmədov ona bildirib ki, pul verməsən, buradan çıxa bilməyəcəksən. Onların, yəni Zakir Qaralovla Rüstəm Usubovun hesabı çatmasa, səni buradan buraxan olmayacaq. Çünki səni biz həbs etməmişik, onlar həbs ediblər. Müstəntiq Yasin Məmmədov zərərçəkən Əfsəl Həsənəliyevə deyib ki, tanıdığın imkanlı adam varsa, adını çək, çagıraq, pulunu alaq, həmin pulu sənin əvəzinə, səndən alınan pul kimi Zakir Qaralov və Rüstəm Usubova çatdıraq, səni girovluqdan MTN-dən buraxaq.

Digər zərərçəkmiş şəxs Hacı Elman Əhmədov da məhkəmədə sərbəst ifadə verərək açıq şəkildə bildirdi ki, ondan 160 min pulu Mövlam Şıxəliyevin qohumu Babaşdan alıb azadlığa buraxıblar. Bundan sonra isə onu təkrarən MTN-ə çağırıblar. Müstəntiqin xidməti otağında prokurorluğun işçisinin iştirakı ilə ondan alınan pulun məbləğini dəqiqləşdiriblər və bundan sonra sərbəst buraxıblar. Belə anlaşıldı ki, Hacı Elman Əhmədovdan alınan pul məbləği ilə bağlı prokurorluqla Mövlam Şıxəliyevin arasında narazılıq olub. Bu narazılıqla bağlı Hacı Elman Əhmədovu MTN-ə çağırıblar, ondan alınan məbləği Baş Prokurorluqdan gələn nümayəndənin yanında dəqiqləşdiriblər.

Bununla aydın şəkildə sübuta yetirilir ki, baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubov nəinki vətəndaşların qanunsuz həbs olunmasında birbaşa iştirak ediblər, hətta onlardan alınan pul və malların da bölgüsündə maraqlı şəxs olublar. Zərərçəkən Orxan Abdullayev bu məhkəmə zalında öz ifadəsində aydın şəkildə bildirdi ki, qanunsuz həbsdən azad edilməsi üçün atası 50 min dollar təklif edib. Lakin Yasin Məmmədov ona deyib ki, təklif olunan pul azlıq təşkil edib, prokurorluğu maraqlandırmayıb, icazə vermir. Ona görə də Orxan Abdullayevin həbsdən azad edilməsinə icazə verilməyib. Yasin Məmmədov Orxan Abdullayevə deyib ki, azı 80 min manat verməlidir ki, prokurorluq razı qalsın. 24 may 2022-ci ildə keçirilən məhkəmə prosesi zamanı zərərçəkən Nizami Kazımov sərbəst ifadə verdi. Bundan sonra dövlət ittihamçısı zərərçəkən Nizami Kazımova sual verərkən Mövlam Şıxəliyev dəmir barmaqlıq arxasından onun sözünü bir neçə dəfə təkidlə kəsib replika şəklində bildirdi ki,  pulu sizinkilər - yəni prokurorluq alıb!

Bakupost.az - “Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şıxəliyev nə tapşırıb,  onu da eləmişik! - "MTN işi"

Məhkəmə istintaqı zamanı Mövlam Şıxəliyev və onun dəstəsi dəfələrlə ifadələrində bildiriblər ki, MTN-in istintaq idarəsində cinayət işləri üzrə ibtidai istintaqa birbaşa baş prokuror Zakir Qaralovun 1-ci müavini Rüstəm Usubov həyata keçirib. Onun şifahi və yazılı göstərişi əsasında cinayət işin başlanılması, qətimkan tədbirin seçilməsi və dəyişdirilməsi, əməlin CM-in müvafiq maddəsi ilə tövsüf edilməsi həyata keçirilirdi. Mövlam Şıxəliyev başının dəstəsi ilə birgə 1 zərərçəkəndən 1 dəfə, Zakir Qaralovla Rüstəm Usubov isə 2 dəfə pul alırdılar. Bu məsələ necə baş verirdi?

Mövlam Şıxəliyevgil vətəndaşı qatı cinayətkar kimi girov götürəndən sonra Zakir Qaralov və Rüstəm Usubov bunların əməllərə “qanuni don” geyindirir, vətəndaşdan pul alınandan sonra mütəşəkkil dəstə üzvləri arasında bölünürdü və iş məhkəməyə göndərilirdi. Burada Mövlam Şıxəliyevgil arxa plana keçirdi. Məhkəmədə Zakir Qaralovla Rüstəm Usubov yenidən işə qoşulur və bu dəfə məhkəmədən azad edilməsi üçün ikinci dəfə alınan pula tam şərik çıxırdılar.  Hakim vəsatətin təmin edilmədiyini açıqlayıb. Zərərçəkənin tələbinə baxmayaraq hakim Elbəy Allahverdiyev vəsatətin təmin edilməməsi ilə bağlı qərarını əsaslandırmayıb. 

Hakim zərərçəkən Qulam Bağırovun da vəsatətinə münasibət açıqlayıb. Qulam Bağırov vəsatətində təqsirləndirilən şəxs Sahib Ələkbərovun məhkəmə zalında həbs edilməsini, ona Cinayət Məcəlləsinin hədə-qorxu gəlməklə külli miqdarda tələb etmə (182.3-cü) maddəsi ilə ittiham verilməsini tələb edib.

Vəsatətini belə əsaslandırıb ki, 2009-cu ilin noyabr-dekabr aylarında müstəntiq Sahib Ələkbərov onu qanunsuz olaraq həbs edib. Həbsdə olduğu müddətdə özünün məlumatı olmadan ailəsinə hədə-qorxu gələrək yaşadığı evi, maşınını, yaxınlarının qızıl-zinət əşyalarını satdırmaqla külli miqdarda  - 135 min dollar pul alıb. Bundan sonra Qulam Bağırov azad olunub. Sonra Qulam Bağırov MTN-ə gedərək Sahib Ələkbərovla Təhsin Ağayevdən ailəsindən alınan pulu geri tələb edib. Heç bir cinayətinin olmadığını bildirib.

Qulam Bağırov vəsatətində göstərib ki, Sahib Ələkbərovun əməlində Cinayət Məcəlləsinin hədə-qorxu gəlməklə külli miqdarda tələb etmə (182.3-cü) maddəsinin tərkibi var. Buna görə də ona bu maddə ilə ittiham verilməsini tələb edib.

Hakim Elbəy Allahverdiyev heç bir əsaslandırma aparmadan indiki mərhələdə vəsatətin təmin edilmədiyini açıqladı.

Zərərçəkən Zaur Əliyev replika hüququndan istifadə etdi:

- Hörmətli hakim, məhkəmə bitir, siz hansı mərhələdə vəsatətə baxacaqsız?

Hakim:

- Bundan sonra çıxışlar mərhələsi də var.

Zərərçəkən Hüseyn Səfərov hakimin vəsatətləri təmin etməməsinə etirazını bildirdi:

- Məhkəmənin ilk günündən siz heç bir vəsatəti təmin etməmisiz. Zərərçəkən Əfsəl Həsənəliyev sizin qanunsuzluqlara etiraz olaraq bu məhkəmə zalında özünü yandırmaq istədi. Siz də dediz ki, gedin, harada istəyirsiz özünüzü yandırın. Siz ədalətsizlik etsəz, ədalətsiz hökm çıxarsaz, biz də onun aksiyalarına dəstək verəcəyik. Hakim kimi siz də buna cavab verəcəksiz. Mövlam Şıxəliyev bu qədər mal-mülkü haradan alıb? Bu adam Rusiyada, Dubayda, Ukraynada, Türkiyədə və ölkə daxilində çox böyük varidat sahibidir. Bu qədər varidat haradandır? Əlbəttə ki, bizlərin pulu hesabına, bizim kimi Azərbaycan vətəndaşlarının girov götürülməsi, ailələrimizdən külli miqdarda pul alınması hesabına toplanıb.

Hakim məhkəmənin ədalətli hökm çıxaracağını deməklə sözü dövlət ittihamçısı Vüsal Əliyevə verib. Vüsal Əliyev təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı məhkəmə istintaqı zamanı ittihamın zərərçəkənlərin ifadələri, işdə olan sübut və dəlillərlə təsdiqləndiyini açıqladı. İttiham üzrə Mövlam Şıxəliyevin 14 il, Vüsal Ələkbərovla Yasin Məmmədovun 12 il, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlqıdan məhrum edilmələrini tələb etdi. Qeyd edək ki, Mövlam Şıxəliyev xaric digər 3 təqsirləndirilən ibtidai istintaq və məhkəmənin keçirildiyi 10 aya yaxın müddətdə azadlıqda olublar. Vüsal Əliyev hər 3 şəxsin məhkəmə zalında həbs edilmələrini istədi. Dövlət ittihamçısı Mövlam Şıxəliyev və digərilərinin rütbələrinin alınmasını, əmlaklarının müsadirə edilməsini, onlara qarşı zərərçəkənlər tərəfindən qaldırılan mülki iddiaların təmin olunmasını da məhkəmədən tələb edib.

Bundan sonra proses avqustun 30-na qədər təxirə salınıb.

Xatırladaq ki, Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Keçmiş MTN vəzifəliləri ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb. Təqsirləndirilən Vüsal Ələkbərov bundan əvvəl 2015-ci ildə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirdi. Təqsirləndirilən Yasin Məmmədov MSK-nın keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır.

Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə təqsirləndirilir. Lakin onların heç biri ittihamları qəbul etmir.

E.MƏMMƏDƏLIYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR