İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor Qabil Hüseynlinin 70 ili - yubilyara təbrik mesajı...  

 

Bu gün - 10 noyabr Azərbaycanın sabiq dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynlinin 70 yaşı tamam olur.

 Musavat.com xəbər verir ki, Qabil Hüseynli ölkənin ictimai-siyasi həyatında, müstəqil Azərbaycan tarixinin müxtəlif siyasi mərhələlərində rol oynamış önəmli siyasi xadim və dəyərli ziyalıdır. Professor Qabil Hüseynli hər zaman çıxışları, təhlil və proqnozları ilə siyasi gündəmi gözlər önünə sərən peşəkar analitikdir. Bu gün 70 illik yubileyini qeyd edən Qabil Hüseynli Azərbaycanda dövlət idarəçiliyində ümummilli lider Heydər Əliyevin dönəmində prezident müşaviri olaraq mühüm vəzifə daşıyıb, önəmli görüşlərdə, səfərlərdə, Qarabağ danışıqları ilə bağlı müxtəlif xarici səfərlərdə iştirak edib. Qeyd edək ki, Q.Hüseynli  10 noyabr 1953-cü il tarixində Tərtər rayonunun Seydimli kəndində anadan olub. Məktəb illərində "Qızıl bayraq" qəzetinin Seydimli kəndi üzrə müxbiri olub. 9–10-cu sinifləri Cəmilli kəndindəki tam orta məktəbdə oxuyub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda alıb. 1977-ci ildən Azərbaycan Politexnik İnstitutunun fəlsəfə və politologiya kafedrasının müdiri olub. Q. Hüseynli 1983-cü ildə fəlsəfə elmləri namizədi, 1991-ci ildə isə fəlsəfə elmləri doktoru elmi adını alıb.

dc3c79c97f57aa1a2b8b1deba55df8f8.jpg (172 KB)

Qabil Hüseynli aktiv siyasi fəaliyyətə 1988-ci ildən etibarən başlayıb. O, siyasi fəaliyyətlə yanaşı, jurnalist kimi də fəaliyyət göstərib.

Q.Hüseynli Azərbaycan Xalq Cəbhəsinin üzvü olub və Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib. Həmçinin Ali Məclis yanında Qaçqınlar Komissiyasının da sədri olub.

Q. Hüseynli 1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü olub. Həmin dövrdə Azərbaycan Televiziyasında siyasi veriliş aparıb. O, həmin vaxt Azərbaycan Ali Sovetinin sədri vəzifəsində çalışan Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının dövlət müşaviri vəzifəsinə təyin olunub. Q.Hüseynli 1995-ci ilədək bu vəzifədə çalışıb. Qabil Hüseynli 2000 və 2005-ci illərdə parlament seçkilərində iştirak edib. Professor Qabil Hüseynli hazırda Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyət göstərir, eyni zamanda, politoloq kimi ölkənin tanınmış media orqanlarına müsahibələr verir, onlayn TV-lərdə analitik kimi çıxış edir.

"Yeni Müsavat" Media Qrupu adından professoru təbrik edir, can sağlığı diləyirik!

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR