Onlayn ictimai-siyasi qəzet
Rusiyanın “informasiya diversiyası”: Bakıda saxlanılan rus gəncləri ətrafındakı şübhəli sxem
Son günlər Rusiya Telegram kanalları və media resurslarında Bakıda saxlanılan rus vətəndaşları ilə bağlı geniş kampaniya aparılır.
Musavat.com-un təhlilinə görə, hər şey o qədər sinxron və planlı şəkildə gedir ki, bu məsələnin təsadüfi deyil, daha böyük prosesin tərkib hissəsi olduğu şübhələrini artırır.
Qəribə təsadüf: niyə hamısı IT sahəsindədir?
İlk baxışdan bu xəbərlər belə təqdim olunur ki, guya Bakıda günahsız rus gəncləri, sıravi IT işçiləri saxlanılıb, hətta onlara qarşı zorakılıq tətbiq olunub. Ən böyük vurğu da onların “adi proqramçı”, “orta səviyyəli IT mütəxəssisi”, “psixoloq”, “tələbə” olmasına edilir. Məsələn, “Mash” kanalı yazır ki, Bakıda saxlanılan sonuncu rusiyalı Kalininqraddan olan 26 yaşlı İlya Bezuqludur, hansı ki “nə xüsusi xidmət agentidir, nə narkotacir, sadəcə adi ITçidir”.
İlya Bezuqlu
Onun sevgilisi ilə Bakıya istirahətə gəldiyi, üç ay qalmağı və sonda səyahəti davam etdirməyi planlaşdırdığı vurğulanır. Eyni zamanda digər saxlanılanların da — 23 yaşlı Çerepovetsdən olan proqramçı Sergey Sofronovun, Arxangelskdən 38 yaşlı developer Valeri Dulovun, Sankt-Peterburqdan 22 yaşlı tələbə Dmitri Fyodorovun və psixoloq Aleksey Vasilçenkonun – hamısının eyni anda Bakıya gəldiyi bildirilir.
Bu necə ola bilər ki, tamamilə müxtəlif regionlardan olan və hamısı demək olar ki, IT və yaxud texnologiya sahəsində çalışan bu şəxslər eyni zamanda Bakıda peyda olurlar? Bu, təsadüfi turist axınına bənzəmir.
“Sputnik Azərbaycan” xətti və informasiya platforması
Daha maraqlısı odur ki, bu prosesdə Rusiya dövlət informasiya resurslarının da izləri görünür. Bildiyimiz kimi, Bakıda Rusiya dövlət agentliyi “Sputnik Azərbaycan”-ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov 4 aylıq həbs cəzasına məhkum ediliblər. Onların işi ilə hazırda istintaq məşğuldur. Bu iki şəxs, Azərbaycan-Rusiya informasiya müstəvisində kritik mövqeləri tutan şəxslər idilər. Həmin kontekstdə, IT mütəxəssisi adı ilə Bakıya axışan şəxslərin və paralel olaraq Sputnik rəhbərliyinin saxlanılması təsadüf deyil. Belə görünür ki, bu, daha geniş bir əməliyyatın — informasiyanın, virtual mühitin təhlükəsizliyinə qarşı yönəlmiş diversiyanın ifşasıdır.
Bir neçə ay əvvəlki haker hücumları
Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycanda media resurslarının böyük hissəsinə, o cümlədən “Baku TV”, “Report” və Global Media Holding-in digər kanallarına ciddi haker hücumu olmuşdu. Bu hücumun nəticələrini günlərlə Azərbaycan mediası hiss etdi. Serverlərdə problemlər, saytların çökməsi, bəzi materialların oğurlanması və manipulyasiyalar baş verdi. O zaman Azərbaycan hüquq-mühafizə orqanlarının yaydığı məlumatlardan və eləcə də Rusiya mediasının həmin hadisəyə verdiyi reaksiyalardan aydın olurdu ki, proses arxasında birbaşa Moskvaya bağlı qüvvələr dayanır.
İndi həmin kontekstdə Bakıya eyni vaxtda gələn “ITçilərin” — əslində isə çox güman ki, kibercasusların saxlanılması məntiqli görünür. Çünki artıq Azərbaycan dövlətinin əlində Rusiyanın xüsusi xidmət orqanlarının Azərbaycana qarşı planlaşdırdığı informasiya təxribatlarına dair ciddi sübutlar var. Bu məlumat əməliyyat nəticəsində əldə olunub və istintaq bunu artıq sənədlərlə təsdiqləyir.
Kremlin neoimperialist layihəsinin tərkib hissəsi
Rusiyanın bu prosesdə məqsədi nədir? Əgər biz geniş planda baxsaq, görərik ki, Moskva Cənubi Qafqaza, xüsusilə Azərbaycana təzyiq mexanizmlərini yenidən işə salıb. Ermənistanla tarixi ittifaqı sarsılan, Paşinyan hökumətindən xəyanət “yeyən” və Gürcüstanda da müxtəlif yollarla vəziyyəti qarışdıran Kremlin Azərbaycana qarşı son dövrlərdəki informasiya, kiber və diplomatik basqısı da bu məkrli planın tərkib hissəsidir.
Ehtimalən Azərbaycanı virtual cəbhədə zəiflətmək, medianı haker hücumları ilə iflic etmək, dezinformasiyalar yaymaq və sonda ictimai rəyə təsir etməklə dövlətin mövqeyini zəiflətmək istəyirlər. Amma Azərbaycan dövləti artıq bu planları ifşa edib. Ona görə də indi Rusiyanın bəzi media orqanları, Telegram kanalları bu şəxsləri “günahsız turistlər”, “sadə proqramçılar”, “ailəvi dincəlməyə gələnlər” kimi təqdim etməyə çalışır. Əslində isə onlar virtual müharibənin “desantları”dır.
Bu gün Azərbaycan heç bir halda Uralda, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin “cavabı” üçün Bakıda qabağına çıxan sıradan Rusiya vətəndaşlarını ucdantutma həbs etmir. Əlbəttə, Rusiya ilə aramıza yenidən qan düşdü və dövlətimiz bunun qarşılığını verdi və Səfərov qardaşlarının qətlini həzm etməyəcəyini, bu qanı bağışlamayacağını açıq bildirdi. Ancaq Azərbaycan dövlətinin siyasəti emosional addımlar üzərində qurulmayıb. Dövlətimizin sınaqdan çıxmış səbr alqoritmi (kasası) var; indi aydın olur ki, Rusiya Bakıda elə şeylər planlayırmış ki, onlara münasibətdə səbr etmək imkansızdır. İnformasiya məkanımızın qorunması milli təhlükəsizlik məsələsidir və bunu görməzdən gəlmək mümkün deyil.
Bütün bunlar sübut edir ki, Azərbaycandakı rusiyalıların həbsi konkret bir təhlükəni zərərsizləşdirmək, Rusiya dövlətinin və xüsusi xidmət orqanlarının Azərbaycana qarşı planlaşdırdığı kiber-informasiya diversiyalarının, dövlət resurslarına qarşı təxribatların qarşısını almaq olub.
Və indi istintaq bu prosesin bütün detallarını ortaya çıxaracaq. Məlum olur ki, həbs olunanların böyük əksəriyyəti, demək olar ki, eyni vaxtda, turist adı ilə, üstəlik, sevgililəri ilə (bəziləri də anaları ilə) birlikdə Bakıya gəlib. Diqqəti yayındırmaq və qruplaşmaya məişət görüntüsü vermək üçün əksəriyyət FTX “haker”inin yanına “qadın elementi” veriblər.
Dediyimiz kimi, onların hamısının texnologiya sahəsində, informasiya texnologiyaları üzrə ixtisaslaşması isə məsələnin nə qədər ciddi və təhlükəli olduğunu açıq şəkildə göstərir.
MUSAVAT.COM-UN YEKUN ŞƏRHİ
Musavat.com-un müşahidələrinə görə, əslində bu gənclərin informasiya texnologiyaları üzrə "təsadüfən" Bakıya “yığışması” heç də təsadüf deyilmiş. Üstəlik, onların ifşasından və həbslərindən sonra Rusiyanın Xarici İşlər Nazirliyinin ritorikasının dəyişməsi də diqqətdən qaçmır. Onlar artıq daha mülayim, ehtiyatlı və dialoqa açıq mövqe nümayiş etdirməyə başlayıblar. Doğrudur, Rusiya mediası hələ də Azərbaycana, onun rəhbərliyinə qarşı sərt, qərəzli tənqidlər və yalan kampaniyalar aparır, rus polisi müxtəlif bölgələrdə azərbaycanlılara qarşı qanunsuz müdaxilələrini davam etdirir. Amma Xarici İşlər Nazirliyi (Mariya Zaxarova) və prezident Putinin sözçüsü Peskov artıq daha yumşaq və pozitiv açıqlamalar verirlər.
Musavat.com ehtimal edir ki, Azərbaycan dövlətinin və cəmiyyətinin son hərəkət və nümayişlərindən sonra Moskva bu məsələyə daha fərqli yanaşmağa məcbur olub. İndi ehtimal edilir ki, Rusiya Azərbaycanda qrup şəklində həbs olunmuş və tam deşifrə edilmiş agent şəbəkəsinin taleyini bir növ diplomatik masa üzərinə çıxarıb və bunun ətrafında hansısa güzəştləri, qarşılıqlı razılaşmaları müzakirə etməyə hazır görünür.
Bununla yanaşı, son hadisələr Azərbaycanın əlində çox ciddi istintaq materiallarının artıq mövcud olduğunu da göstərir. Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulması ilə bağlı istintaq çərçivəsində toplanmış dəhşətli faktlar tədricən üzə çıxmağa başlayıb. Bu məsələdə rusdilli Minval.az saytı xüsusi missiya ilə çıxış edir. Saytın son iki gündə yaydığı sensasional materiallardan məlum olur ki, Azərbaycan sərnişin təyyarəsi Rusiya Müdafiə Nazirliyinin bilavasitə göstərişi ilə vurulub. Və bu, təkcə hərbi əməliyyat səhvi deyil, hüquqi, siyasi və mənəvi baxımdan məsuliyyətin bütün mənalarda birbaşa Rusiyanın üzərinə düşdüyünü təsdiqləyir.
Məhz buna görə də, son günlər Peskovun və Maria Zaxarovanın mövqelərində hiss olunan ehtiyatkarlıq, ritorikanın qismən yumşaldılması tamamilə başadüşüləndir. Çünki rəsmi Bakı əlindəki bu güclü istintaq məlumatlarını, təyyarəmizin vurulması ilə bağlı sübutları beynəlxalq səviyyədə ictimailəşdirməyə hazırdır. Bu isə Kreml üçün həm reputasiya, həm də beynəlxalq hüquqi baxımdan çox ağır nəticələr vəd edir.
Beləliklə, yaxın vaxtlarda Rusiya mediasında Azərbaycana qarşı nifrət ritorikasının zəifləməsi, polis basqılarının azalması müşahidə olunarsa, bu o demək olacaq ki, rəsmi Bakı növbəti dəfə öz strateji kartlarını məharətlə oynayaraq Moskvanı geri çəkilməyə və mövqeyini yumşaltmağa məcbur edib.
Musavat.com analitik şöbəsi hesab edir ki, bütün bu proseslərin dərin təhlili və yeni detalları yaxın günlərdə ayrıca geniş material kimi oxuculara təqdim olunacaq.
Analitik şöbə,
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ