İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb

Bu günlərdə Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası çap olunub.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan ədəbiyyatında mühüm bir mərhələnin – 1960-1990-cı illər dövrünün bədii nəsrinin, xüsusilə də povest janrının elmi-nəzəri baxımdan dərin təhlilinə həsr olunmuş əhəmiyyətli tədqiqat əsəridir. Müəllif monoqrafiyada “altmışıncılar” kimi tanınan ədəbi nəslin yaranmasını, inkişaf yollarını, bədii-estetik prinsiplərini və Azərbaycan nəsrinə gətirdikləri yenilikləri sistemli şəkildə araşdırır.

Cahangir Məmmədli “altmışıncılar” anlayışının dövrün ictimai, mədəni və estetik reallıqları kontekstində izahını verir, xüsusilə povest janrının bu dövrdəki inkişafını detallı şəkildə analiz edir. Monoqrafiyada müəllif ədəbi-tarixi və poetik analiz metodlarından yararlanaraq dövrün povestlərini təkcə mətn səviyyəsində deyil, həm də sosial-mədəni kontekstdə təhlil edir. Professor altmışıncıların yaradıcılığını sovet ideologiyası çərçivəsindəki ziddiyyətlər fonunda dəyərləndirir və onların yazı üslubunda bu ziddiyyətlərin necə poetik ifadə tapdığını göstərir.

“Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası Azərbaycan ədəbiyyatında mühüm mərhələlərdən birinin – sovet dövrünün son otuz ilində formalaşan yeni bədii düşüncə tərzinin sistemli və obyektiv tədqiqinə mühüm töhfə verir. Cahangir Məmmədlinin bu əsəri, yalnız ədəbi tənqid və elmi araşdırma üçün deyil, həm də Azərbaycan ədəbiyyatını öyrənən tələbə və müəllimlər üçün qiymətli bir mənbədir.

Kitaba rəyçiləri filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və filologiya elmləri namizədi, dosent Ələmdar Cabbarlıdır.

Akademik Nizami Cəfərov kitaba yazdığı “Ön söz”də yazıb ki, monoqrafiyanın indiki variantı bir sıra yeniliklərlə zənginləşdirilib və bu məqamda Cahangir Məmmədli “altmışıncılar” adlandırılan yazıçıların yaradıcılığına daha çox diqqət yetirib. İnanıram ki, monoqrafiyada müəllifin müstəqil mühakimələri, sərbəst təhlilləri, nəsrimizə, xüsusilə povest təsərrüfatına verdiyi qiymətləri, gəldiyi ümumi elmi-nəzəri nəticə ayrıca maraq doğuracaq. Əvvəlki kitabları və onlarca məqalələrində olduğu kimi, C.Məmmədli bu əsərini də ədəbiyyata məhəbbətlə, söz sənətinə inam və hörmətlə qələmə alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR