Onlayn ictimai-siyasi qəzet
Bir qrup şuşalının öz doğma evlərinə, Şuşaya qayıtmasının məhz, mayın 10-da, Ulu Öndərin doğum günündə həyata keçirilməsi xüsusi məna daşıyır. Ona görə ki, Ulu Öndərin hələ sovetlər dönəmində Şuşaya münasibəti və ya “Şuşa siyasəti” bir şəhərə və ya yaşayış massivinə olan sıradan bir yanaşma deyildi. Bu, siyasət o vaxtkı Dağlıq Qarabağın Azərbaycandan qopardılmasının qarşısını almaq üçün Şuşanın əsl “istehkam” seçilməsi, Şuşanın hər məhəlləsində Azərbaycanın mədəniyyətinin və tarixinin qorunması və beləliklə, erməni separatizmi ilə mübarizədə Şuşanın strateji əhəmiyyətinin artırılması ilə bağlı idi.
Hələ, 1750-ci ildə müdafiə qalası kimi əsasını qoyan Qarabağ xanı Pənahəli xan coğrafi mövqeyini və strateji əhəmiyyətini nəzərə alaraq, Şuşa şəhərini Qarabağ xanlığının paytaxtı elan etmişdir.
Qarabağ xanı İbrahimxəlil xanın eşikağası, yəni, xarici işlər naziri, sonra isə baş vəziri, yəni, daxili işlər üzrə vəziri olan tanınmış şair Molla Pənah Vaqifin məqbərəsinin Ümummilli Lider Heydər Əliyev tərəfindən Şuşada ucaldılması və 1982-ci ildə açılışının edilməsi, həm o zamankı SSRİ rəhbərliyinə, həm də, erməni separatçılarına Qarabağın kimə məxsus olmasının növbəti xatırlatması və bu istiqamətdə aparılan müdrik siyasətin tərkib hissəsi idi.
Ancaq əfsuslar olsun ki, Şuşa kimi alınmaz qala Xalq cəbhəsinin hakimiyyət uğrunda apardığı iyrənc mübarizənin və Rəhim Qazıyev kimi milli satqınların qurbanı oldu, 1992-ci ilin may ayının 8-də ermənilər tərəfindən işğal edildi. Şuşanın işğalı ilə Qarabağın və ətraf rayonların işğalı prosesi başladı.
Şuşanın işğalından düz 28 il 6 ay keçdi və noyabrın 8-də Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycanın qəhrəman ordusu, cəsur igidləri bənzəri olmayan hərbi bacarıq nümayiş etdirərək Şuşanı işğaldan və xalqımızı mənəvi əzabdan qurtardılar. Necə ki, Şuşanın işğalı Qarabağın tam itirilməsinə gətirib çıxartmışdırsa, Şuşanın azad edilməsi də Qarabağın tam azad edilməsinə gətirib çıxartdı.
Ona görə də Prezident İlham Əliyev mayın 10-da Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşü zamanı qeyd etdi: “Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı və düşmən kaputilyasiya aktına imza atmağa məcbur oldu”.
Bu, bir daha Prezident İlham Əliyevin “Şuşa siyasəti”nin tarixi önəmini, Şuşanın əsası qoyulandan bəri, yəni, son 4 əsrdə onun nə qədər böyük strateji əhəmiyyətə malik olduğunu və indiyə kimi bu üstünlüyünü qoruyub saxladığını sübut edir.
Bu baxımdan, şuşalıların Ulu Öndərin anadan olduğu gün, mayın 10-da 28 illik işğaldan sonra ilk dəfə Şuşaya yaşamaq üçün qayıtmaları həm Heydər Əliyev siyasətinin təntənəsi, həm də Şuşaya və şuşalılara verilən dəyərin göstəricisi idi.
Diqqəti çəkən digər vacib bir məqam isə o oldu ki, dövlət başçısı Azərbaycana qarşı qərərzli mövqedə olan Qərb ölkələrinə, xüsusilə, Fransaya və ABŞ-a yenə də Şuşadan sərt xəbərdarlıq etdi: “Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”.
Sonda isə əminliklə vurğulamaq istərdim ki, Şuşanın əzəməti və əhəmiyyəti bundan sonra daha da artacaq, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa Azərbaycan xalqının qürur mənbəyi və mədəniyyətinin beşiyi olaraq xalqımızın və dövlətimizin strateji maraqlarına əbədiyyən xidmət edəcəkdir.
Azay Quliyev, millət vəkili
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ