Onlayn ictimai-siyasi qəzet
Deputat: “Onun yaratdığı yeni hərbi-siyasi, o cümlədən iqtisadi konfiqurasiya, formalaşan yeni reallıq bölgəyə mühüm perspektivlər vəd edir”
Avqust ayının 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə fəxri qonaq qismində iştirak etdi. Prezident görüşdə çıxışında deyib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
Azərbaycan Prezidenti Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına Mərkəzi Asiya ölkələrinin dəstəyini qardaşlıq münasibətlərinin göstərici kimi yüksək qiymətləndirib.
Dövlət başçımız çıxışında Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən birinin də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın olduğunu qeyd edib: “Bakı-Tiflis-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”.
Ölkəmizin fəal üzvü olduğu və işində aktiv iştirak etdiyi təsisatlardan biri də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir. Asiya məkanında təhlükəsizlik məsələlərinin müzakirə edildiyi önəmli beynəlxalq bir platforma olan AQEM-in hazırda 28 üzvü var (Azərbaycan, Türkiyə, Əfqanıstan, Bəhreyn, Kamboca, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, İordaniya, Qazaxıstan, Qırğızıstan, Küveyt, Monqolustan, Pakistan, Fələstin, Koreya Respublikası, Rusiya, Tacikistan, Tailand, BƏƏ, Özbəkistan, Vyetnam, Qətər, Banqladeş, Şri-Lanka). Daha 10 ölkə - ABŞ, Belarus, İndoneziya, Yaponiya, Malayziya, Laos, Filippin, Ukrayna, Səudiyyə Ərəbistanı, Türkmənistan, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk PA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər. AQEM-in inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir. 2020-ci ildən AQEM-ə Qazaxıstan sədrlik edir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcək.
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmov Ali Baş Komandanın çıxışının çox vacib məqamlarına toxundu: “Proseslərin gedişi göstərir ki, müasir dünyada güc amili tamamilə yeni meyarlarla ölçülür. Eyni zamanda bu gün dövlətlər üçün ucsuz-bucaqsız geniş ərazilər yox, strateji nöqtələrdə qərarlaşmaq daha effektiv və arzuolunandır. Qazaxıstanı çıxmaq şərtilə, nə Orta Asiya dövlətləri, nə də Azərbaycan çox geniş ərazilərə malik dövlətlər deyil. Lakin əvəzində bu ölkələr kifayət qədər strateji önəmə malik coğrafiyalarda yerləşir. Bu isə qeyd olunan regionlar üçün geniş perspektivlər vəd edir. Qütblərarası ziddiyyətin dərinləşdiyi hazırkı həssas geosiyasi dövrdə bu reallığın fərqinə varmaq çox vacibdir. Ötən dövrdə həyata keçirilən siyasi kursa diqqət etsək, birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan bu reallığın fərqindədir və cənab İlham Əliyev böyük ustalıqla tarixdə ilk dəfə olaraq coğrafi mövqeyimizi Azərbaycan üçün dividentə çevirə bilib. Hazırda Orta Asiya dövlətləri ilə getdikcə güclənən və strateji əməkdaşlıq səviyyəsinə yüksələn əlaqələr regionun önəmini daha da artırmaqdadır. Eyni zamanda əminliklə demək olar ki, Orta Asiya dövlətləri və bütövlükdə regionun digər oyunçuları Azərbaycanın bu prosesdə aparıcı rolunu, Azərbaycan Prezidentinin isə həlledici söz sahibi kimi mövqeyini kifayət qədər aydın şəkildə dərk edir. Elə Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının Qazaxıstan görüşü də ölkəmizin artan nüfuzunun, hesablaşılan beynəlxalq subyektə çevrildiyimizin və cənab İlham Əliyevə qlobal miqyasda göstərilən ehtiramın ifadəsi kimi qiymətləndirilə bilər. Bildiyiniz kimi, Vətən müharibəsindən sonra Azərbaycan Prezidentinin yaratdığı yeni hərbi-siyasi, o cümlədən iqtisadi konfiqurasiya, formalaşan yeni reallıq bölgəyə mühüm perspektivlər vəd edir. Azərbaycanın zamanında uğurla reallaşdırdığı layihələr bütün tarix boyu faktiki olaraq müstəqil kommunikasiya xətlərinə malik olmamış və bu istiqamətdə asılılıqda qaldığı danılmaz fakt olan Orta Asiya ölkələri üçün də geniş üfüqlər açıb. Yəni bu gün Mərkəzi Asiyanın dövlətləri Azərbaycan vasitəsilə Qərbə təhlükəsiz və etibarlı çıxış imkanları əldə edib. Bu, Azərbaycanın tranzit mövqeyinin güclənməsi ilə yanaşı, həm də Azərbaycan Prezidentinin uzaqgörənliklə reallaşdırdığı qlobal miqyaslı layihələrin əhəmiyyətinin və uzunömürlülüyünün daha da artması deməkdir. Qeyd olunanları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, Azərbaycana münasibət, xüsusən qütblərarası ziddiyyətin dərinləşdiyi bir məqamda kommunikasiya xətlərinin önəminin artması şəraitində həm Orta Asiya üçün, həm də Orta Asiyanın resurslarına ehtiyac duyan beynəlxalq subyektlər üçün xüsusi önəm daşımaqdadır. O cümlədən də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə platformasında da Azərbaycanın rolu məhz qeyd etdiyimiz amillər çərçivəsində qiymətləndirilir. Heç şübhəsiz ki, bu amillər tarixi proseslərin təbii axarının yox, illər ərzində Azərbaycanda həyata keçirilən düzgün, şaxələndirilmiş və balanslaşdırılmış siyasi, iqtisadi və geostrateji kursun uğurla realizəsinin nəticəsidir”.
Elçin Mirzəbəyli
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Elçin Mirzəbəyli ölkə başçısının prezident seçildikdən sonra andiçmə mərasimində etdiyi çıxışından sitatlar gətirdi: “Azərbaycan, təkcə Mərkəzi Asiya istiqamətində deyil, bütövlükdə Avrasiya məkanında müttəfiq və tərəfdaşlarının əhatə dairəsinin genişləndirilməsi istiqamətində uzaq hədəflərə və geosiyasi perspektivlərə yönəlmiş uğurlu addımlar atır. Və ölkəmizin, son bir neçə ay ərzində Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS, AQEM və digər bu kimi nüfuzlu təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində yürütdüyü siyasətin bütün komponentləri bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Hazırda dünyada baş verən qlobal geosiyasi dəyişikliklər, yeni dünya düzəninin təşəkkül tapması reallığı Avrasiya məkanında yeni əməkdaşlıq platformalarının yaranmasına, yaxud daha öncə mövcud olan, lakin indiki qədər fəallıq nümayiş etdirməyən təsisatların yenidən dirçəlməsinə zəmin yaradıb. Qloballaşma, yaxud Samuel Hantinqtonun "sivilizasiyaların qarşıdurması" nəzəriyyəsi üzərindən dünyanı güclülərin əbədi kaloniyasına çevirmək istəyən dairələrin hegemon iddiaları sona varmaq üzrədir. XXI əsrdə, mövcud geosiyasi reallıqlara uyğun olaraq, qlobal təsisatların iflası, milli dövlətlərin inkişafı mərhələsi başlayıb və hər zaman klassik, milli dövlətçilik ənənələrinə üstünlük verən Azərbaycan öz milli maraqlarına uyğun hərəkət edərək, yeni iqtisadi əməkdaşlıq və təhlükəsizlik konfiqurasiyalarının formalaşmasında aktiv şəkildə çıxış edir və bir çox hallarda bu prosesdə birləşdirici amil funksiyasını yerinə yetirir.
Bu baxımdan, Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə növbəti dəfə fəxri qonaq qismində iştirakı və çox mühüm mesajlar verməsi, şübhəsiz ki, ölkəmizin Avrasiyada cərəyan edən geosiyasi proseslərin ən mühüm aktorlarından biri olduğunun növbəti sübutudur.
Cənab Prezident öz nitqində qeyd etdi ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Əslində dövlətimizin başçısının bu fikirləri, onun növbəti dəfə Azərbaycan Prezidenti seçildikdən sonra andiçmə mərasimində ifadə etdiyi mühüm mesajların davamı kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti andiçmə mərasimində bəyan etmişdi ki, bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yoxdur. Əslində bu yanaşma Azərbaycanın milli dövlətçilik fəlsəfəsinin təməl sütununu təşkil edən və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən, Türk dünyası üçün tarixi əhəmiyyət kəsb edən prosesin ana xəttini təşkil edir. Mərkəzi Asiya ölkələrinin əhəmiyyətli hissəsini də, bəlli olduğu kimi, türk dövlətləri təşkil edir. Türk dövlətləri, hazırda Avrasiyanın əhəmiyyətli hissəsində mövcud olan, yaxud yeni formalaşan bütün əməkdaşlıq və təhlükəsizlik platformalarının nüvəsini təşkil edir. Daha doğrusu, təşkil etmək potensialı kifayət qədər böyükdür".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ