Onlayn ictimai-siyasi qəzet
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik günü münasibətilə təbrik edib.
Musavat.com-un məlumatına görə, təbrikdə deyilir:
"Sizə və dost Azərbaycan Respublikasının bütün xalqına ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu gün Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə inkişaf yolunda ardıcıl şəkildə və qətiyyətlə irəliləyir, ölkənizin beynəlxalq aləmdəki nüfuzu möhkəmlənir.
Tacikistan və Azərbaycanı dostluq və qarşılıqlı hörmətə əsaslanan tarixi ənənələr birləşdirir.
Tacikistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli və ardıcıl inkişafı ölkəmizin xarici siyasət prioritetləri sırasında mühüm yer tutur.
Əminliyimi bildirirəm ki, birgə səylərimiz sayəsində ölkələrimizin malik olduğu böyük potensialdan istifadə etməklə dövlətlərarası münasibətlərimizi bundan sonra da möhkəmləndirəcəyik.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar, dost və qardaş Azərbaycan xalqına isə davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram".
***
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Musavat.com-un məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizin inkişafı istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Musavat.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına səmimi təbriklərimi, əmin-amanlıq, firavanlıq və rifah arzularımı çatdırıram.
Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Ölkələrimiz arasında qurulan sıx və səmərəli əməkdaşlıq, xalqlarımız arasındakı qarşılıqlı hörmət ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün sabit təməldir.
Əminəm ki, ötən ilin mayında Bakıya rəsmi səfərim və noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı keçirdiyimiz görüşlər və danışıqlarımız son illərdə ikitərəfli münasibətləri xarakterizə edən intensiv siyasi dialoqun davam etdirilməsinə töhfə verdi.
İnanıram ki, biz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin mühüm rəmzi kimi yaxın gələcəkdə Veliko Tırnovo şəhərində “Şuşa parkı” layihəsini həyata keçirəcəyik.
Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.
Hörmətli cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm".
***
İtaliya Prezidenti Sercio Mattarella azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib.
Musavat.com-un məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi, dost Azərbaycan xalqına firavan gələcəklə bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Xalqlarımız arasında mövcud olan ənənəvi dostluq münasibətləri əməkdaşlığımızın möhkəm təməlini təşkil edir. Son illərdə əlaqələrin getdikcə intensivləşməsi, xüsusilə də ötən ilin sentyabr ayında Sizin Romaya etdiyiniz dəyərli səfər münasibətlərimizin gələcəyinə inamla baxmağa imkan verir. Bu isə ortaq maraq doğuran bir çox sahələrdə strateji tərəfdaşlığın daha da inkişafı üçün ideal zəmin yaradır.
Daimi dialoq və qarşılıqlı anlayış həm ikitərəfli səviyyədə, həm də Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər kontekstində İtaliya tərəfindən ardıcıl olaraq təşviq olunan vasitələrdir. Məqsədimiz bugünkü mürəkkəb beynəlxalq şəraitdə yaxşı qonşuluq əlaqələrini, regional sabitliyi və ümumi inkişafı dəstəkləməkdir.
Cənab Prezident, bu əlamətdar gün münasibətilə İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram".
***
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Musavat.com xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Ölkənizin müstəqilliyə nə qədər yüksək dəyər verməsi Azərbaycana son səfərimizdə mən və həyat yoldaşım Şəhidlər xiyabanını ziyarət edərkən xatirəmizdə daha aydın canlanaraq dərin iz saldı. İcazə verin, fürsətdən istifadə edərək Bakıda səmimi qəbula görə bir daha şəxsən Sizə və xanımınıza təşəkkürümü bildirim. Almaniya dövlətinin başçısının Azərbaycana bu ilk səfəri ölkələrimiz arasındakı sıx münasibətlərin əlamətidir.
Mən ikitərəfli əlaqələrimizin genişləndirilməsində çox maraqlıyam. Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkəniz mühüm geostrateji mövqeyə malikdir. Çoxsaylı silahlı münaqişələr və yeni gərginliklər qarşısında biz birlikdə ciddi çağırışlarla üzləşirik. Buna görə də mən Sizin regionda sülhün bərqərar olunması üçün göstərdiyiniz səyləri xüsusilə yüksək qiymətləndirir və Sizə tezliklə ən yaxşı və davamlı nailiyyət əldə etməyi arzulayıram.
Sizə və həmvətənlərinizə sülh, əmin-amanlıq və möhkəm cansağlığı diləyirəm".
***
Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Musavat.com-un məlumatına görə, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan milli suverenlik illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib, geniş beynəlxalq nüfuz qazanıb.
Respublika bu gün Sizin rəhbərliyinizlə ölkədə siyasi və sosial-iqtisadi sabitliyin möhkəmləndirilməsi istiqamətində kompleks dövlət islahatları yolunda inamla irəliləyir.
Əminəm ki, Sizin çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının tərəqqisinə və əhalinin rifahının yüksəldilməsinə xidmət edəcək, bizim Müstəqil Dövlətlər Birliyi çərçivəsində məhsuldar əməkdaşlığımız isə möhkəmlənəcək və inkişaf edəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
***
İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Musavat.com-un məlumatına görə, mətndə deyilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm".
***
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib.
Musavat.com-un məlumatına görə, təbrikdə deyilir:
"Möhtərəm İlham Heydər oğlu, əziz Qardaşım.
Sizi və Sizin simanızda qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Özbəkistan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin uzaqgörən rəhbərliyinizlə həyata keçirilən müdrik daxili və
xarici siyasət nəticəsində Azərbaycan bütün sahələrdə əhəmiyyətli nailiyyətlərə imza atır, onun beynəlxalq arenadakı nüfuzu və mövqeyi durmadan yüksəlir.
Əhalinin yaşayış səviyyəsini ardıcıl surətdə yüksəltməyə xidmət edən genişmiqyaslı islahatlarınız, ölkə miqyasında aparılan böyük quruculuq işləri, xüsusilə də yeni, gözəl şəhərlərin salınması və müasir infrastruktur obyektlərinin inşası bizi əsl qardaş kimi sonsuz dərəcədə sevindirir.
Son illər ərzində birgə həyata keçirdiyimiz sistemli fəaliyyətlər nəticəsində ortaq tarix, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanan əlaqələrimiz dövlətlərarası münasibətlərin yüksək zirvəsi - ittifaq səviyyəsinə yüksəldi.
Əminəm ki, yaxın gələcəkdə bənzəri olmayan Azərbaycan diyarına reallaşacaq səfərimiz və açıq, səmərəli dialoqlarımız qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimizi keyfiyyət və məzmun baxımından yeni mərhələyə çatdıracaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizinlə keçirdiyimiz danışıqlar zamanı əldə olunan əhəmiyyətli razılaşmalar və böyük layihələr, qəbul edilmiş “yol xəritələri”nin tam şəkildə reallaşması strateji tərəfdaşlığımıza yeni təkan, xalqlarımızın ümumi rifahına böyük töhfə verəcəkdir.
Xüsusilə, razılaşdığımız kimi, əməkdaşlığımızı kimya, neft-qaz, dağ-mədən, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, farmasevtika, tikinti materialları və bank-maliyyə sahələrində genişləndirərək on yeni istiqamət üzrə sürətlə inkişaf etdirməyə yönəlmiş böyük planlarımızın tam həyata keçəcəyinə inanıram.
Fürsətdən istifadə edərək, ölkənizin həyatındakı bu əlamətdar tarix münasibətilə bir daha təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Vətənin inkişafı yolundakı şərəfli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və davamlı tərəqqi arzu edirəm".
***
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Musavat.com-un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, hökumətinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Allah-Təaladan Zati-alinizə cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyir, eləcə də fəxr duyduğumuz ikitərəfli əlaqələrimizin daha da inkişaf etməsini arzulayıram.
Xahiş edirəm, səmimi qardaşlıq salamlarımı qəbul edəsiniz".
27 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ