İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən Fələstinlə bağlı qəti mövqe

İlham Əliyev İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” ilə həllinə tərəfdardır

Prezident İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib.

İlham Əliyev xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini deyərək, səfirin ölkəmizdə fəaliyyəti dövründə bunun şahidi olacağına əminliyini bildirib, xalqlarımız arasında münasibətlərin dövlətlərarası əlaqələr üçün də önəmli amil olduğunu vurğulayıb. Əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini deyən Prezident bu xüsusda yüksək səviyyəli müxtəlif qarşılıqlı səfərlərin önəminə toxunub. Dövlət başçısı ikitərəfli siyasi əlaqələrimizi qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı dəstəyi və həmrəyliyi vurğulayıb.

Azərbaycan Prezidenti Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin  etimadnaməsini qəbul edib • Aznews TV

Prezident İlham Əliyev Azərbaycanın Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” və BMT-nin müvafiq qərarları əsasında həllini, eyni zamanda, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə əlaqədar keçirilən səsvermələrdə Fələstinin haqlı mövqeyini həmişə dəstəklədiyini bir daha bildirib. Ölkəmizin Fələstinə göstərdiyi humanitar yardımı xatırladan Azərbaycan Prezidenti bunun gələcəkdə də davam edəcəyini deyib.

Prezident İlham Əliyev Fələstinin ölkəmizdəki səfirliyinin uzun müddətdir fəaliyyət göstərməsini məmnunluqla qeyd edərək, bunun üçün Azərbaycan dövlətinin verdiyi dəstəyə toxunub. 

Qeyd edək ki, Azərbaycan hər zaman Fələstin məsələsinə həssaslıqla yanaşıb və Fələstin Dövləti ilə əlaqələrin qurulmasına önəm verib. Fələstinlə Azərbaycan arasında ilk diplomatik əlaqələr 1992-ci ilin aprel ayında qurulub. Həmin dövrdən Azərbaycanda Fələstin Dövlətinin diplomatik nümayəndəliyi yaradılıb və bu günədək fəaliyyət göstərir.

Heç kimə sirr deyil ki, Azərbaycan Prezidenti dəfələrlə  Fələstinlə bağlı birmənalı mövqe bildirib. Məsələn, dövlət başçısı Misirdə səfərdə olarkən Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi ilə bağlı Azərbaycanın mövqeyini belə ifadə etmişdi: “Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır”.

Azərbaycan müstəqillik və Qüds məsələsində Fələstinə daim dəstək verib, həmçinin bu ölkəyə iqtisadi yardımlar da edib. İsraillə münasibətlərdə də Fələstin amilini nəzərə alıb. Misal üçün, İsraildə səfirliyimizin açılış mərasimində iştirak edən xarici işlər naziri ardınca Fələstinə səfər etdi.

Azərbaycanın ikidövlətli həllin tərəfdarı olması Türkiyənin mövqeyi ilə də üst-üstə düşür.

Ona görə də Fələstin məsələsinin ikidövlətli həll yolu ilə nizamlanması həm beynəlxalq hüququn tələbidir, həm də Azərbaycanın dövlət maraqlarına uyğundur. İsrail və Fələstin arasındakı problemlərin həlli, ümumiyyətlə Yaxın Şərqdə sabitliyin bərpası üçün yeganə həll yolu da məhz budur.

Qeyd edək ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında aktiv rol oynayır və 2026-cı ildə bu təşkilata sədrlik edəcək. 2026-cı ildə təşkilata sədrlik etməsi Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq və müsəlman ölkələri ilə əlaqələrini daha da dərinləşdirəcək.

Yaxın Şərqdə indiki müharibə şəraitində Azərbaycanın bu mövqeyinin əhəmiyyəti barədə ekspertlərə müraciət etdik.

Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı, deport edilir

Azər Badamov

Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçilərindən olan Azər Badamov “Yeni Müsavat”a açıqlamasında rəsmi Bakının İsrail və Fələstinə münasibətdə daim balansı qoruduğunu qeyd etdi: “Azərbaycan dövlətinin beynəlxalq siyasətinin kursunda beynəlxalq hüquq, ədalət və humanizm prinsipləri ilk yerdə dayanır. Həm də bu mövqedən çıxış etməyimiz aralarında münaqişələr yaşanan dövlətlərlə də eyni münasibətlərin davam etdirilməsinə mane olmur. Bu baxımdan Azərbaycan Fələstinlə münasibətlərində səmimidir və Fələstin məsələsinə həmişə həssaslıqla yanaşıb. Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi ilə həll olunmasını dəstəkləyir. Bu həm də BMT qərarlarının tələbidir və bu qərarların qəbul olunmasına Azərbaycan səs verib. Azərbaycan həm də Fələstinə humanitar və iqtisadi yardımlar göndərib. Azərbaycan İsrail-Fələstin münasibətlərində balansı qoruyur. Ona görə də xarici işlər naziri Ceyhum Bayramov İsraildə səfirliyimizi açandan sonra Fələstinə də səfər etmişdi.

Prezident İlham Əliyev Fələstinin ölkəmizə təyin olunmuş yeni səfirini qəbul edərkən bir daha Azərbaycan-Fələstin münasibətlərinin inkişafına yüksək dəyər verib. Amma bununla yanaşı, bir məsələni də qeyd etmək istəyirəm".

Deputat bir maraqlı etirafı da ifadə etməyi unutmadı: “Bizim Fələstinin siyasətini dəstəkləməyimizə və humanitar dəstək verməyimizə baxmayaraq onlar bizimlə heç də lazımi səviyyədə səmimi olmayıblar. Belə ki, 2020-ci ilin yanvarında Vifleem şəhərində Ermənistanın keçmiş prezidenti Armen Sərkisyanla görüşən Mahmud Abbas əsgəri yardım daxil olmaqla, hər cürə yardımla Ermənistana dəstək verməyə hazır olduğunu bildirmişdi.  Bu, Fələstinin Azərbaycana olan münasibətinin heç də səmimi olmadığını göstərmişdi. Halbuki din qardaşı olan Azərbaycanın torpaqlarını Ermənistan 30 il işğal altında saxlamış, soyqırımlar törətmişdi. Amma buna baxmayaraq, Azərbaycan beynəlxalq hüquqa və ədalətə çox hörmətlə yanaşır və Fələstinin müstəqil dövlət olmasını dəstəkləyir, ona yardımlarını göndərir. Bu, həm də Azərbaycanın böyük dövlət və xalq olduğunu bir daha təsdiq edir”.

 Əhəd Məmmədli 

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Əhəd Məmmədli Ali Baş Komandanın Fələstin məsələsində daim qətiyyətli mövqe nümayiş etdirməsini xüsusi vurğuladı: “İllərdir ki, Azərbaycan cəmiyyətinə Fələstin haqqında yanlış informasiya yayılır. Guya Fələstin ermənilərə dəstək verib və s. Bu cür "dezo"lara, yalanlara təəssüf ki, hələ də cəmiyyətimizdə inananlar var. Fakt odur ki, Fələstinin Azərbaycanda səfirliyi var, Ermənistanda isə yoxdur. Fələstin Azərbaycanla münasibətləri qurmağa, inkişaf etdirməyə həmişə maraqlı olub, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan da Fələstinin dövlət olmaq haqqına dəstək verib. İndi də vəziyyət dəyişməyib. Azərbaycan-Fələstin yaxınlaşması davam edir. Ümid edirik ki, gələn il Azərbaycanın sədrlik etdiyi İslam təşkilatında fəaliyyəti Fələstin məsələsində də öz müsbət töhfəsini verəcək. Azərbaycan paytaxtı Şərqi Qüds olaraqla, Fələstinin müstəqilliyini dəstəkləməkdə davam edir. Bu hər iki ölkənin münasibətlərinin inkişafı üçün vacibdir. İki ən yaxın müttəfiqimiz olan Türkiyə və Pakistanın da Fələstinə münasibətini nəzərə almalıyıq. Və onu da heç vaxt unutmayaq ki, Fələstin, Qüds, Əl-Aqsa bütün müsəlman dünyasının əsas məsələsidir. Azərbaycan da müsəlman dünyasının ayrılmaz və gündən-günə nüfuzu artan ölkəsidir. Mərhum prezidentlər Heydər Əliyev və Yasir Ərafatın ölkələrimiz arasında yürütdüyü dostluq siyasətini indiki dövlət başçıları İlham Əliyev və Mahmud Abbas davam etdirirlər. İlham Əliyevin Fələstinlə bağlı prinsipial mövqeyini də qeyd etməliyik. Həmçinin ölkə başçısı İlham Əliyevin beynəlxalq hüquq və BMT prinsiplərinə uyğun davranması da ölkəmizi dünyada sabit və ədalətli tərəfdaş kimi göstərir. Hər məsələdə olduğu kimi, Fələstin məsələsində də Azərbaycan Prezidentinin ardıcıl, qətiyyətli siyasəti təkcə Fələstin deyil, ərəb və ümumilikdə müsəlman dünyasında dövlətimizin mövqeyini gücləndirir. Bu da ölkələrarası münasibətlərdə vacib amillərdən sayılır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR