İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Kazanda mühüm görüşlər keçirdi

 

Azərbaycan lideri BRİCS sammitində iştirak etdi; təşkilatın tərəfdaşları siyahısına 13 dövlət daxil olub

Rusiyanın sədrliyi ilə BRİCS dövlət başçılarının 16-cı sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRİCS Sammitinin “Outreach” “BRİCS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Dövlət başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib. Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov qarşılayıb.

Səfər çərçivəsində Prezident İlham Əliyevlə Tatarıstan lideri arasında görüş keçirilib. 

Prezident İlham Əliyev bildirib ki, Tatarıstanla Azərbaycan arasında münasibətlər Rusiya Federasiyasının və Azərbaycanın dövlətlərarası münasibətlərinin mühüm tərkib hissəsidir: “Siz də qeyd etdiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti bu ilin avqustunda Azərbaycana dövlət səfəri etdi. Bundan sonra da biz görüşmüşük. Beləliklə, ikitərəfli münasibətlərin dinamikası, o cümlədən Tatarıstan-Azərbaycan ikitərəfli formatı çox yaxşıdır. Bu gün onları müzakirə edəcəyik. Bizim yoldaşlarımız da görüşümüzə hazırlıqlı gəliblər. Zənnimcə, yaxın vaxtlarda yaxşı nəticələrin şahidi olacağıq. Fürsətdən istifadə edərək, bir daha təbriklərimi çatdırmaq və Sizin üçün münasib bir vaxtda Sizi Azərbaycana səfərə dəvət etmək istəyirəm”.

Görüş zamanı avtomobil sənayesi məhsullarının tədarükündən əlavə, çay və dəniz yolları ilə ticarət sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.  Xüsusilə Volqa-Kama hövzəsinin nəqliyyat və loqistika imkanlarından daha fəal istifadə edilməsi imkanları nəzərdən keçirilib.

Görüşün sonunda Tatarıstanın rəisi Azərbaycan Prezidentinə “Dostluq” ordenini təqdim edib.

Ümumiyyətlə, Azərbaycan Rusiya Federasiyasının regionları içərisində Tatarıstanla əlaqələrə xüsusi önəm verir. Əlaqələrin dərin olmasını statistik rəqəmlər də göstərir. Keçən ilin yekunlarına əsasən, Tatarıstan-Azərbaycan ticarət dövriyyəsi 102 milyon dollar təşkil edib. 2024-cü ilin ilk yarısının dinamika göstəricisi artımı nümayiş etdirir.

Oktyabrın 23-də Prezident İlham Əliyevin Kazanda Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRİCS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə də görüşüb.

BRİCS-in XVI sammitinin geniş tərkibdə iclasını Rusiya prezidenti Vladimir Putin giriş sözü ilə açıb. O, çıxışında bildirib ki, BRİCS ölkələrinin əksəriyyətinin ortamüddətli perspektivdə inkişaf tempi daha sürətli olacaq: “2024-cü ilin sonunda BRİCS ölkələrinin dünya iqtisadiyyatındakı payı 36,7% təşkil edəcək ki, bu da G7 ölkələrinin payını inamla üstələyir. BRİCS ölkələri məsuliyyətli iqtisadi siyasətdə dayanıqlılıq nümayiş etdirirlər”.

Putin Qlobal Cənub və Şərq ölkələrini resurslarla təmin etməyə kömək edəcək yeni BRICS investisiya platformasının yaradılmasını təklif edib.

Rusiya prezidenti bundan əlavə, taxıl birjasının yaradılmasını, Ümumdünya Ticarət Təşkilatının məsələləri üzrə BRİCS ölkələrinin məsləhətləşmələri üçün xüsusi mexanizmin işə salınmasını da təklif edib.

Onun sözlərinə görə, BRİCS taxıl birjasının yaradılması milli bazarları mənfi xarici təsirlərdən, spekulyasiyalardan və qıtlıq yaratmaq cəhdlərindən qorumağa kömək edəcək.

Putin təklif edib ki, gələcəkdə taxıl birjasını tam hüquqlu əmtəə birjasına çevirmək barədə düşünmək lazımdır: “Rusiya qiymətli metallar və almazlar üçün ayrıca BRİCS platforması yaratmağı təklif edir. Bu, lazımsız ticarət maneələrini aradan qaldırmağa kömək edəcək”.

Vladimir Putin BRİCS-in tərəfdaş ölkələrinin siyahısının tərtib edilməsini və bunun Kazan sammitinin yekun bəyannaməsində qeyd olunmasını təklif edib. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya lideri BRİCS sammitinin məhdud tərkibdə keçirilən iclası zamanı bildirib.

Rusiya prezidenti deyib: “Yohannesburqda biz assosiasiyamızın tərəfdaş dövlətlərinin üsullarını və kateqoriyalarını hazırlamaq və belə statusu almaq üçün ölkələrin siyahısını tərtib etmək barədə razılığa gəldik. Bu məsələ ilə bağlı qərarın yekun Kazan Bəyannaməsində əks olunması vacibdir”.

Çin lideri Si Cinpin BRİCS isə Kazan sammitində bildirib ki, mümkün müharibələrin qarşısını almaq üçün ümumi təhlükəsizlik konsepsiyasının qəbul edilməsi vacibdir. Si Cinpinin sözlərinə görə, Afrika, Latın Amerikası, Karib hövzəsi və bir sıra Asiya dövlətlərinin dünya siyasətinə təsirinin artırılması üçün tədbirlər görülməlidir.

BRİCS ölkələrinin liderləri Kazanda keçirilən sammitin yekun bəyannaməsini qəbul ediblər. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. Onun sözlərinə görə, BRİCS sammitinin yekun bəyannaməsində dünyada vəziyyətin ümumi qiymətləndirmələri və uzunmüddətli perspektivdə hədəflər yer alıb.

Rusiya dövlət başçısı qeyd edib ki, bu sənədin BMT-də yayılması planlaşdırılır.

Qeyd edək ki, BRİCS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə isə Cənubi Afrika birliyə qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya BRİCS-in tamhüquqlu üzvləri olub. Təşkilat dünyanın inkişaf etməkdə olan ən mühüm ölkələrini bir araya gətirmək, Şimali Amerika və Qərbi Avropanın daha varlı dövlətlərinin siyasi və iqtisadi gücü ilə rəqabət aparmaq  üçün yaradılıb. BRİCS-ə rəhbərlik üzv ölkələr arasında rotasiya qaydasında dəyişir. Bu il rəhbərlik Rusiyadadır.

Təşkilata üzv olmaq istəyən dövlət BRİCS-ə rəhbərlik edən ölkəyə müraciət edir. Azərbaycan bu mərhələni artıq keçib. Müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, sonra perspektivli üzv dövləti adını alır. Daha sonra “dəvət olunmuş BRİCS üzv dövlət” statusuna keçir və nəhayət 4-cü mərhələdə BRİCS üzvü olan dövlət olur. Rəhbər ölkə BRİCS-in aparıcı prinsipləri və standartlarını müraciətçi ölkə ilə paylaşır. Bundan sonra qurumun Sherpas adlanan qrupu (təşkilatlara üzv ölkələr arasında kommunikasiyanı həyata keçirir) hesab edərsə ki, “maraqlı” ölkə BRİCS-in əsas prinsip və kriteriyalarına uyğundur, o zaman onun üzvlüyü ilə bağlı tövsiyəni nəzərdən keçirmək üçün təşkilatın üzv ölkələrinin xarici işlər nazirlərinə göndərir.

Bu zaman müraciətçi ölkə “maraqlı” statusunu “perspektivli üzv dövlət”ə dəyişir.

Xarici işlər nazirləri “perspektivli üzv dövlət”i BRİCS liderlərinə tövsiyə edir. BRİCS liderlərinin konsensus yolu ilə verdikləri qərar müsbət olarsa, “perspektivli üzv dövlət” təşkilatın üzvlüyünə “dəvət olunmuş dövlət” statusunu alır.

Yeni üzvdən BRİCS-in rəhbər prinsipləri ilə uyğunlaşmaq, üzv ölkələrlə diplomatik və dostluq münasibətlərinə sahib olmaq, təşkilatın güclənməsinə töhfə vermək tələb olunur. Bundan başqa, yeni üzvün regional və strateji qlobal təsirə sahib inkişaf etməkdə olan ölkə olması şərtlər sırasındadır. Təşkilata üzv olmaq qərarı konsensus yolu ilə qəbul edilir.

Kazan sammiti birliyə yeni üzvlərin qatıldığı ilk sammitdir.

Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov dünən bildirib ki, perspektivdə BRİCS-in genişlənməsi tərəfdaş dövlət üçün filtr meyarı vasitəsilə baş verəcək: “Birlik tərəfdaş dövlət üçün vacib meyarlar barədə razılığa gəlib və BRİCS-in gələcək genişlənməsi bu filtrdən keçəcək. 13 dövlətdən ibarət siyahı razılaşdırılıb. Hələlik biz bu ölkələrin adlarını dərc etməmək qərarına gəlmişik, çünki onlarla ya BRİCS-ə tamhüquqlu üzvlüyə, ya da hansısa müvafiq formada qoşulmağa hazır olmaları barədə danışmalıyıq”.

Qeyd edək ki, Azərbaycan XİN bu ilin avqust ayında BRİCS-ə üzvlük üçün müraciət edildiyini açıqlayıb. Azərbaycan hələ ki 4 mərhələdən ibarət prosedurun ilk ikisini keçib. Ölkəmizin təşkilata tam hüquqlu üzvlüyə nə zaman qəbul ediləcəyi hələ ki məlum deyil.

Deputat Aydın Hüseynov statusu ilə gülüş hədəfinə çevrildi - FOTO

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirib ki, BRİCS dünya əhalisinin 46%-ni, dünya ÜDM-nin 36%-ni, qlobal ticarətin 25%-ni əhatə edir. Yeni üzvlərin qatılması bu təşkilatın coğrafi arealını genişləndirməklə, burada ticarətin və maliyyə nizamlanmasının, xüsusilə enerji-neft-qaz sektorunda, həmçinin digər sahələrdə daha da güclənməsi, yeni təhlükəsizlik çətirinin formalaşması deməkdir: “BRİCS-də təmsil olunmağımız ölkəmizin nəqliyyat, ticarət sahəsində imkanlarını artıracaq. BRİCS-də dünyanın böyük iqtisadiyyatına malik ölkələr cəmləşib. Bu xüsusda, əsasən də Çini qeyd etmək olar. BRİCS çərçivəsində Çinlə əməkdaşlıq ölkəmizə mühüm töhfələr verəcək. Azərbaycanın Braziliya və Cənubi Afrika Respublikası ilə də sıx əməkdaşlıq əlaqələri var. Rusiya ilə də əlaqələrimiz daim inkişaf edir. Bu ölkə ilə də bir sıra layihələr həyata keçirilir. BRİCS-ə üzv olmağımız Azərbaycanın nəqliyyat, ticarət və digər sahələrdə imkanlarını artıracaq.

Siyasi müstəvidə isə təşkilata üzvlük Azərbaycana öz maraqları uğrunda mübarizədə BRİCS ölkələrinin daha geniş dəstəyini almağa kömək edəcək. Azərbaycan dünya ölkələrilə əlaqələrini əməkdaşlıq və tərəfdaşlıq istiqamətində qurur.

Azərbaycanın yerləşdiyi coğrafi mövqe də Avropa və Asiya arasında strateji rol oynayır. Orta dəhlizin Azərbaycandan keçməsi Azərbaycanın BRİCS-ə üzv qəbul edilməsi üçün amillərdən biri rolunu oynaya bilər.

Bu mənada BRİCS-də təmsil olunmaqla Azərbaycan siyasi müstəvidə də təşkilatda təmsil olunan ölkələr hesabına öz istəklərinə dəstək qazana bilər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR