Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Azərbaycan dünyada ən tolerant və multikultural dəyərlərə sadiq ölkədir” - Avropa Şurası Azərbaycanı güclü tərəfindən hədəfə almaq istəyir
Avropa Şurası Azərbaycanda milli azlıqların hüquqları ilə bağlı vəziyyəti qiymətləndirən və münaqişədən sonra ilk dəfə olaraq “Dağlıq Qarabağ”a diqqət yetirən yeni hesabat yayması barədə xəbər vermişdik.
Ermənipərəst Qərb siyasi dairələrinin maraqlarına uyğun şəkildə hazırlanmış sənəd Azərbaycana qarşı böhtanlardan və saxta ittihamlardan ibarətdir. Bu hesabatın nə qədər qeyri-ciddi olduğunu isbat etmək üçün Avropa Şurasının “qiymətləndirməsi”nə nəzər salmaq lazımdır.
Sənəddə qeyd edilir ki, Azərbaycan multikulturalizmə sadiq olduğunu iddia etsə də, söz, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının məhdudlaşdırılması milli azlıqların hüquqlarının həyata keçirilməsinə mane olur. Avropa Şurasının bu iddiası Qərbin növbəti dəfə söz, sərbəst toplaşmaq azadlığı, demokratiya kimi şüarlardan istifadə edərək erməni separatçılarını himayə etmək niyyətindən xəbər verir.
Avropa İttifaqının bu yaxınlarda qəbul etdiyi eyni məzmunlu qətnamənin Avropa Şurasında qəbulu Qərbin məqsədinin demokratiya adı altında Cənubi Qafqazda yeni münaqişə ocaqları yaratmaq, xalqlar arasında sülhə mane olmaq istəyindən xəbər verir.
Azərbaycan XİN də rəydəki bir sıra mülahizələrin əsassızlığı və ölkədəki reallıqları dəqiqliklə əks etdirməməsinə, rəydə bir çox müsbət milli nailiyyətlərə, uğurlu milli siyasətlərə, islahat və təşəbbüslərə diqqət yetirilməməsinə, komitənin verilən mandatdan kənara çıxdığına etiraz edib.
Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi şərhçi İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Avropa Şurasının Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyası bundan öncə də dəfələrlə olub. Hazırda isə bu, postmünaqişə reallıqlarında Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi kontekstində daha aydın şəkildə görünməkdədir: “Eyni zamanda qeyd etmək lazımdır ki, "Dağlıq Qarabağ" ifadəsinin yazılması da yolverilməzdir və Azərbaycana qarşıdır. Azərbaycanda bu adda ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur. Həmçinin müşahidə etdiyimiz hal bundan ibarətdir ki, söz, sərbəst toplaşmaq azadlığı, demokratiya kimi qulağa xoş gələn və uzun illər ərzində prinsiplər kimi formalaşmış bu anlayışlar ayrı-ayrı dövlətlərə qarşı istifadə olunur və qərəzli xarakter daşıyır. Azərbaycan da daxil olmaqla, bir sıra dövlətlər qrupuna bu qərəzli yanaşmaların tətbiq olunduğunun şahidiyik. Bu da ikili standartların, qərəzliliyin nümayişidir. Azərbaycan dünyada ən tolerant və multikultural dəyərlərə sadiq ölkədir. Azərbaycanda müxtəlif etnik, milli, dini konfessiyalar çox mehriban harmoniya şəraitində yaşayırlar. Azərbaycanda yaşayan bütün millətlərə bərabər vətəndaşlıq statusu tanınır, heç bir milli, dini ayrı-seçkilikdən söhbət gedə bilməz. Bütün bu faktların mövcudluğu şəraitində Azərbaycana qarşı Avropa Şurasından milli, dini azlıqların hüquqlarının pozulduğu ittihamının irəli sürülməsi tamamilə absurddur. Ona görə də Azərbaycana qarşı irəli sürülən bu iddia fiaskoya uğramağa məcburdur. Azərbaycanın ən güclü olduğu tərəfindən Azərbaycana böhtanın atılması onu göstərir ki, reallıq hissini itirmiş Avropa Şurasındakı qüvvələr siyasi sifarişlə hərəkət edirlər. Yoxsa özlərini bu qədər gülünc vəziyyətə salan iddia ilə çıxış etməzdilər. Hansısa geopolitik mərkəzlərin uzun illər ərzində arzu və planlarından biri Azərbaycanda milli, dini zəmində gərginliklər yaranması olub. Görünür ki, indi də bu istəklərindən əl çəkməyiblər. Ancaq Azərbaycanın mükəmməl tolerant, multikultural ölkə olması həmin çirkin planların heç zaman həyata keçməsinə imkan verməyib və bundan sonra da imkan verməyəcək. Ölkəmizin vətəndaşı olan hər bir şəxs milli və dini mənsubiyyətindən asılı olmayaraq tam hüquqlu vətəndaşlardır. Bu reallıqdır və görünür ki, Avropa Şurasındakı qüvvələr Azərbaycanın bu üstünlüyündən narahatdırlar".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ