İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyevdən Qazaxıstanda mühüm mesajlar

“Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfər edib. 

Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Qazaxıstanın baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşılayıb. Elə həmin gün Qazaxıstanın paytaxtı Astana şəhərində “Veçer drucbı” adlı qala konsert keçirilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Avqustun 9-da isə Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev çıxış ediblər.

Prezident İlham Əliyev çıxışında ötən il Tacikistan prezidenti Emoməli Şaripoviç Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən sammitdə iştirakını xatırladaraq qeyd edib ki, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir:

“Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir".

İlham Əliyev vurğulayıb ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərinin təzahürlərindən biridir: “Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm.

Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.

Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır".

Prezident həmçinin bildirib ki, qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır: “Bakı-Tiflis-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.

 Qazaxıstan, Qırğızıstan və Özbəkistanla fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm".

İlham Əliyev xatırladıb ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcək.

 Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır: “Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram”.

“Qazaxıstan Mərkəzi Asiyada ticarətin və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır”.

Bunu isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib. Onun fikrincə, birgə infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsi 5 Mərkəzi Asiya ölkəsinin iqtisadiyyatının daha da inkişafına töhfə verəcək: “Regionun tranzit və nəqliyyat potensialının daha da inkişaf etdirilməsi, eləcə də Mərkəzi Asiyanın nəqliyyat sisteminin inkişafı üzrə kompleks strategiyanın qəbulu böyük əhəmiyyət kəsb edir”.

İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Burada Mərkəzi Asiya ölkələrinin bu və yaxud digər dərəcədə cəlb olunduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, "Şimal-Cənub" dəhlizi, “Bir kəmər, bir yol” təşəbbüsü kimi layihələrə xüsusi diqqət ayrılır. Birgə səylər sayəsində bütün Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xəttinin potensialı ardıcıl olaraq artır. Bu gün bu, Fars körfəzi ölkələrinə ən qısa marşrutdur. Qazaxıstanda 2030-cu ilə qədər 11 min km-dən çox dəmir yolu xəttinin modernləşdirilməsi planlaşdırılır. Biz Cənubi Asiya bazarlarına çıxışı təmin edəcək Trans-Əfqanıstan dəmir yolu xəttinin tikintisini perspektivli hesab edirik. Qazaxıstan nəqliyyat və tranzit sektorunda genişmiqyaslı işlər aparır. 2030-cu ilə qədər ölkəmiz 5 min km-dən çox yeni dəmir yolu xətti çəkməyi planlaşdırır".

K.Tokayev əlavə edib ki, sərhədyanı ərazilərdə ticarət, logistika və sənaye qovşaqları şəbəkəsinin inkişafı da prioritet məsələdir: “Kənd təsərrüfatı, logistika, tekstil və kimya sənayesi, tikinti kimi perspektivli sahələrdə hərtərəfli tərəfdaşlığımızı yeni müqavilələrlə gücləndirmək lazımdır”.

K.Tokayev Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin artırılmasının və yaxın gələcəkdə 15 milyard ABŞ dollarına çatdırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrliyin Qazaxıstandan Özbəkistana keçdiyi məlum olub. Belə ki, K.Tokayev çıxışının sonunda məşvərət görüşünün növbəti sədri postunda Ş.Mirziyoyevə böyük uğurlar arzulayıb.

Prezidentlər həmçinin üç sənəd, o cümlədən VI Məşvərət görüşünün yekunlarına dair Birgə Bəyanat, "Mərkəzi Asiya - 2040" Regional Əməkdaşlığın İnkişafı Konsepsiyası və "Özbəkistan Respublikasının Prezidenti Mirziyoyev Şavkat Miromonoviçin Mərkəzi Asiya dövlət başçılarının fəxri nişanı ilə təltif edilməsi haqqında" VI Məşvərət görüşünün qərarını imzalayıblar.

Bundan əlavə, görüşdə Mərkəzi Asiya ölkələrinin liderləri “2025-2027-ci illər üçün regional əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”ni və “Mərkəzi Asiya dövlətlərinin sənaye əməkdaşlığının inkişafına dair 2025-2027-ci illər üçün Fəaliyyət Planı”nı təsdiq ediblər.

Daha sonra Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə “Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanı”nın təntənəli təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər.

“Mərkəzi Asiyanın dövlət başçılarının Qazaxıstanın paytaxıt Astanada keçirilən VI Məşvərət görüşünə Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət olunması çox əlamətdar hadisədir. Bu, hazırda Türk dünyasında Azərbaycanın nə qədər önəmli olduğunu bir daha göstərir”.

Ermənistan Qərblə güclü əməkdaşlıq edir"- Zeynal Əmrəliyev News 365

Zeynal Əmrəliyev

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. Politoloq qeyd edib ki, İlham Əliyevin türk dövlətlərinin inteqrasiyasındakı rolu danılmazdır: “Yəni Prezident İlham Əliyev türk birliyinin gücləndirilməsi üçün var qüvvəsi ilə çalışır. Hazırda Azərbacyan Türk dünyasının əsas aparıcı qüvvəsidir. Buna görə də Mərkəzi Asiyanın dövlət başçılarının VI Məşvərət toplantısına Prezident İlham Əliyev dəvət olundu. Şühəsiz ki, bu səfər çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, səfər zamanı çox mühüm görüşlər keçirildi, liderlər şam yeməyində bir araya gəldi, həmçinin müxtəlif formatda iki tərəfli görüşlər baş tutdu. Hazırda Qazaxıstanla Azərbaycan arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətlə inkişaf edir. Son zamanlarda iki ölkə arasında ticarət dövriyyəsi xüsusilə artı. Həmçinin enerji mübadiləsi sahəsində də əməkdaşlıq geniş vüsət alıb”.

Politoloq qeyd edib ki, Azərbaycan liderinin qətiyyəti sayəsində bu gün türk dövlətləri mühüm məsələlərdə həmrəylik nümayiş etdirə bilirlər: “Məlum olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu hərəkətda təmsil olunan dövlətlərin ümumi, qlobal məsələlərdə birliyinə, həmrəyliyinə nail oldu. Artıq türk dövlətləri önəmli məsələlərdə bir-birinə dəstək verirlər. 

Ümumiyyətlə, Azərbaycan lideri türk dövlətləri, Mərkəzi Asiya dövlətləri arasında çox güclü nüfuza malikdir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentini Qazaxıstana səfəri zamanı Astanada Nursultan Nazarbayev adına beynəlxalq hava limanında birbaşa ölkənin baş naziri qarşıladı. Bu bir daha Azərbaycana, onun liderinə verilən önəmin göstəricisidir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR