Onlayn ictimai-siyasi qəzet
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb.
Moderator - “Euronews” televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İstham: Sizi görməyə çox şadam, cənab Prezident. Tədbirimizə qatıldığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Xanımlar və cənablar, mənim üçün böyük şərəfdir ki, bu cür çox mötəbər 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edirəm. Biz buraya səyahət edərkən çox gözəl, səfalı təbiətin, möhtəşəm tunellərin şahidi olduq və möhtərəm cənab Prezident, Sizə bu işdə uğurlar arzu edirəm. Mən şadam ki, bugünkü tədbirimiz Zati-aliləri, cənab İlham Əliyevin himayəsi altında keçirilir.
Mənim adım Rebekka Maklaflin-İsthamdır, mən “Euronews” televiziya kanalının aparıcısı və prodüseriyəm. Şadam ki, bu gün mən bu tədbirin moderatoru olacağam.
Bu gün çox maraqlı gündəliyimiz var. Bilirəm ki, hər biriniz Zati-aliləri İlham Əliyevlə sual-cavab hissəsini səbirsizliklə gözləyirsiniz. Bizim böyük iştirakçı siyahımız var və cənab Prezidentə təşəkkür edirik ki, o, bizə kifayət qədər vaxt ayırıbdır. Mən çox xahiş edirəm suallar qısa olsun ki, biz vaxtımıza qənaət edə bilək. Xahiş edirəm ki, özünüzü təqdim edəsiniz və təmsil etdiyiniz təşkilatın da adını çəkəsiniz.
Bu gün burada əllidən artıq ölkəni təmsil edən nümayəndələr var. Biz Şuşada yalan məlumatların ifşasına həsr edilmiş bir tədbirdə iştirak edirik. Bu, dezinformasiya ilə mübarizə baxımından çox vacib bir vəzifədir. Bu gün, əlbəttə ki, informasiyanın inkişafı bizim sahə üçün çox əhəmiyyətlidir. Amma burada, əlbəttə ki, mənfi hallar da var. Burada media sektorunu təmsil edən nümayəndələrimiz var, onlar da öz əllərindən gələni edirlər ki, cəmiyyəti məlumatlandırsınlar. Əlbəttə ki, bu baxımdan bu gün burada oturan hər bir şəxs öz peşəsinə böyük sədaqətlə yanaşır.
Mövzuya gəldikdə, biz dörd əsas məqamı qeyd etməliyik: burada dezinformasiyanın təsiri, digər tərəfdən siyasət və təşəbbüslər və əlbəttə ki, Zati-alilərinin tövsiyəsi olacaqdır. Bu baxımdan əlbəttə ki, müsbət və mənfi təsirlərdən danışacağıq. Süni intellektin, eyni zamanda, media sahəsində məlumatlandırma və iqlim fəaliyyəti, - əlbəttə ki, COP29-la bağlı da biz səbirsizliklə gözləyirik bu tədbiri -, iqlim dəyişikliyi və ya keçid məsələsi də müzakirə mövzusu olacaqdır. Tədbirimizin üçüncü günündə də Frank Keyn tərəfindən “Yaşıl dünya naminə həmrəylik” mövzusunda təqdimat olacaqdır. O, sırf COP29 mövzusuna həsr ediləcəkdir və orada Elnur Soltanov tərəfindən də təqdimat keçiriləcək.
Sual-cavab hissəsinə başlamazdan əvvəl qeyd etməliyəm ki, burada maraqlı film təqdimatları olacaq və əlbəttə ki, biz şəhərlə də tanış olacağıq. Bu tədbirin çox səmimi və şəffaf olmasını arzu edirəm və buna əminəm.
Cənab Prezident, bir daha Sizə təşəkkür edirəm. İlk olaraq, cənab Prezidentə keçənilki forumla bağlı sual vermək istərdim. Ölkənizdə o tədbirdən bu günədək media sahəsində hansı dəyişikliklər baş veribdir?
Prezident İlham Əliyev: Əvvəlcə məni bu tədbirə dəvət etdiyinizə görə təşəkkür edirəm. Bu, böyük şərəfdir. Mənə məlumat verildi ki, burada 49 ölkədən və ev sahibi ölkədən nümayəndələr var, jurnalistlər var. Yəni, bu gün Qarabağda ikinci dəfə əllidən artıq ölkənin nümayəndəsi bir araya gəlibdir.
Mən xatırlayıram ki, ötən il məhz bu auditoriyada, məhz bu tarixdə mənim iştirakçılarla çox maraqlı söhbətim oldu və o vaxt mən arzumu bildirdim ki, bu forum bir ənənəyə çevrilsin və gördüyünüz kimi, bu tədbir artıq bir ənənəyə çevrilibdir. Deyərdim ki, mən ötən forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrdir. Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir.
Yəni, biz - bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir.
Moderator Rebekka Maklaflin-İstham: Cənab Prezident, daha bir sualım yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusundadır. Sizcə, biz nə dərəcədə çətin vəziyyətdəyik, böhran nə dərəcədə ağırdır?
Prezident İlham Əliyev: Təəssüflər olsun ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilibdir. Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir. Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.
Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur. Biz uzun illərdir üzləşdiyimizi bu gün görürük ki, Amerika Prezidenti də buna məruz qalıbdır. Prezident Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır. Elə, sadəcə, bunu görəndə biz özümüzü bir az rahat hesab edə bilərik. Yəni, bu gün diqqət Azərbaycandan yayınıbdır. Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir.
Moderator Rebekka Maklaflin-İstham: Cənab Prezident, təşəkkür edirəm. Bu səmimiyyətə görə Sizə təşəkkürümü bildirirəm. İndi isə auditoriyaya müraciət edəcəyəm. Birinci, TASS xəbər agentliyindən Mixail Qusmana sözü vermək istəyirəm.
Prezident İlham Əliyev: Hər zamankı kimi...
Mixail Qusman: Cənab Prezident, bir il bundan əvvəl mən I Şuşa Forumunda iştirak edirdim və orada sualımı Azərbaycan dilində verdim, bu gün sualımı rus dilində səsləndirəcəyəm. Siz Prezident Trampı qeyd etdiniz, mən də uzun səyahət etmişəm. Açığı, mən dörd gün həmin tədbirdə olmuşam, agentliyi təmsil etmişəm. Respublikaçılar Partiyasının bir çox rəhbəri ilə görüşmüşəm və çox maraqlı bir toplantı idi. Qeyd edim ki, orada mövzular maraqlı idi və bu, rəhbərin müəyyənləşdirilməsi tədbiri idi, əvvəlki toplantıdan kifayət qədər fərqlənirdi və çox maraqlı idi. Sualım odur ki, - bəlkə də sual verməzdim, əgər orada olmasaydım, - Prezident Putinə və digər rəhbərlərə bu suallar verilir və bir sıra rəhbərlər özləri bu sualları verir. Amerikada vəziyyət heç də birmənalı deyil. Bir ay əvvəl fərqli idi və Demokratlar Partiyasının vəziyyəti fərqli idi. Beləliklə, Siz Azərbaycan Prezidenti olaraq, - bildiyiniz kimi, Amerika konstitusiyasına əsasən seçkilər keçirilir, - kimin adının yanvarın 20-si səsləndirilməsini istərdiniz. Noyabrın 6-sı bu, yuxarı-aşağı bəlli olacaq. Düzdür, biri ilə əlaqədar məsələ aydındır, ikinci ilə əlaqədar şayiələr var, Prezident Baydenin qalıb-qalmaması.
Prezident İlham Əliyev: Təşəkkür edirəm sualınıza görə. Tərəfimdən bəlkə də tam birmənalı cavab vermək düzgün olmazdı. Mən çalışıram, əlimdən gələni edirəm ki, maksimum dərəcədə fikirlərimi səmimi ifadə edim. İstənilən auditoriya qarşısında, istər mətbuat qarşısında və yaxud da Azərbaycan ictimaiyyəti qarşısında keçirilən tədbirlərdə mən heç bir halda yanlış məlumat paylaşmıram. Lakin siyasi mədəniyyət anlayışı var və bu anlayış sizin sualınıza birbaşa cavab verməyə imkan yaratmır. Ancaq sizin sualınız başa düşürəm ki, tamamilə ritorikdir. Biz bir-birimizi onilliklərdir tanıyırıq və tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda mən bu məsələdə, bu mövqedə yeganə deyiləm. Bizə gəldikdə, bu məsələyə öz nöqteyi-nəzərimizdən yanaşırıq. Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər.
İkinci tezis də çox əhəmiyyətlidir. Bu mövzuya, necə deyərlər, uzun-uzadı və dərindən toxunmaq istəmirəm, amma indiki halda, ilk növbədə, ABŞ-ın özü və onun bilavasitə təsiri altında olan ölkələr üçün ikinci tezis də vacibdir. Bu, təbii ki, ənənəvi dəyərlərdən gələn məsələ ilə bağlı aydın mövqedir. Zənnimcə, Azərbaycan xalqının mütləq əksəriyyəti nəinki bu mövqeyi bölüşür, həm də onu fəal şəkildə təbliğ edir və əməldə həyata keçirir. Odur ki, mən daha dərinə getsəm, hər şey çox aydın olacaq. Ona görə də bununla fikrimi yekunlaşdırıram.
Mixail Qusman: Təşəkkür edirəm, İlham Heydəroğlu. Birinci Forumda iki sual vermək imkanı yaradılmışdı.
Prezident İlham Əliyev: İstənilən halda moderatora müraciət etməli olacaqsınız.
Mixail Qusman: Odur ki, birinci forumun ənənəsinə sadiq olaraq ikinci sualım çox qısa olacaq. Siz qeyd etdiniz ki, Azərbaycanda ənənəvi dəyərlərə sadiqdirlər. Bu məsələdə Azərbaycanla birbaşa həmrəy olan digər bir ölkə var – Rusiya. Forumda 2022-ci il fevralın 22-dəki görüşdən irəli gələrək, ölkələr arasında Bəyannamənin imzalanması tarixinə qayıtmaq istəyirəm və həmin tarixdən bu günədək münasibətlər sürətli şəkildə artmaqdadır. Bununla bağlı Prezident Putinlə görüşdə, həmçinin Prezident Putin Sankt-Peterburqda AZƏRTAC-ın İdarə Heyətinin sədrinin sualına cavabında fikir bildirmişdi və düşünürdü ki, daha da davam etdirilməlidir. Elə mövzular varmı hansı ki, həll olunmur. Belə deyək, Rusiya ilə Azərbaycan arasında yalnız iqtisadiyyat deyil. Nəzərə alsaq ki, mən hər şeyi bilmək haqqında maraqlı olan TASS informasiya agentliyini təmsil edirəm və Rusiya Prezidentini Azərbaycana dəvət etmisiniz və bizdə deyirlər ki, bu, yaxın zamanda baş verəcək. Belə deyək, Rusiya Prezidenti ilə müzakirə olunacaq hansı məsələ ən açıqdır?
Prezident İlham Əliyev: Qeyd edim ki, ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Düşünürəm ki, hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən əvvəl də belə idi. Prinsip etibarilə biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq. Siz tamamilə haqlısınız, son vaxtlar Zirvə görüşlərinin intensivliyi artıb və buna böyük ehtiyac var. Biz apreldə Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çox genişdir. Ancaq onu da deməliyəm ki, indi əsasən, gündəlik çox geniş olsa da, - siz, əlbəttə, gündəliyə hamıdan daha yaxşı bələdsiniz, - düşünürəm ki, yenə də ön plana çoxtərəfli əməkdaşlıq məsələləri çıxır. Çünki prinsip etibarilə, ikitərəfli əməkdaşlıqda artıq hər şey nizamlanıb.
Siyasi qarşılıqlı fəaliyyət uğurla davam etdirilir. Ticarət dövriyyəsi artır. Rusiya ilə Ermənistan arasında olduğu kimi deyil. Bildiyiniz kimi, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi son iki ildə 5 dəfə artıb, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Bu, bizə çox maraqlıdır. Maraqlıdır ki, Ermənistan nəyin hesabına öz ixracını bu qədər artıra bilib. Bu, necə deyərlər, ritorik sualdır. Ancaq bizim ticarət dövriyyəmiz son bir ildə təxminən 17 faiz artıb - 4 milyard 300 və ya 4 milyard 400-ə bərabər olub. Bu, sabit artımdır.
Ancaq çoxtərəfli əməkdaşlıqla bağlı məsələlərə gəldikdə, bu sahədə əlbəttə ki, həm tərəfdaşların, həm də başqa ölkələrin iştirakı ilə müzakirə etdiyimiz, həll etdiyimiz mövzular çoxdur. Bu, ilk növbədə, geosiyasi vəziyyət və Azərbaycan ərazisində bu layihənin bütün seqmentlərinin artıq yaradıldığı nəzərə alınarsa, bu gün Rusiya yükgöndərənləri üçün həmişəkindən daha vacib olan Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Biz bu dəhlizin buraxılış imkanlarının genişləndirilməsi barədə danışıqlar aparırıq. Lakin bir çox başqa mövzular da var.
Əlbəttə ki, bizə xüsusilə yaxın olan məsələlər müzakirə olunmadan heç bir Zirvə görüşü keçirilmir. Bu, humanitar əməkdaşlıqdır, insanlar arasında təmasdır, mədəni əməkdaşlıqdır, təhsildir. Yəni bu, hamımızın yaxşı bildiyimiz böyük bir sahəni əhatə edir. Əminəm ki, münasibətlərimizin belə intensiv inkişafı davam edəcək. Bu, həm ölkələrimiz, həm də bütövlükdə region üçün son dərəcə zəruridir.
Moderator Rebekka Maklaflin-İstham: Təşəkkür edirəm, cənab Prezident. İndi sual Holqer Fridrixdəndir. Buyurun, sualınızı verin.
Holqer Fridrix: Mən “Berliner Zeitung” qəzetinin nümayəndəsiyəm. Mənim sualım belədir: Sizin məhz ölkənizlə və prezidentliyinizlə bağlı natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlara münasibətiniz necədir? Fərq etməz, bu məlumatlar haradan qaynaqlanır?
Prezident İlham Əliyev: Təəssüf ki, bu, Qərbdən qaynaqlanır və dediyim kimi, bu, bizim gündəlik həyatımızın bir hissəsinə çevrilib. Əvvəllər biz təəccüblənirdik, sonra məyus olurduq, indi isə buna çox biganə yanaşırıq. Bizim üçün fərq etməz, çünki burada əsas qərar sahibi Azərbaycan xalqıdır və hökumətin fəaliyyəti məhz xalqın mənafeyi naminədir.
Əlbəttə, biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Bu, müəyyən dezinformasiya sayəsində obyektiv deyilsə, eybi yoxdur. Ancaq bu, məqsədyönlü şəkildə edilirsə, bu, Azərbaycanı nüfuzdan salmağa yönəlibsə, əlbəttə, biz sual veririk ki, bu, nədən baş verir, bu, niyə belə olmalıdır? Dediyim kimi, bizim bununla bağlı edə biləcəyimiz o qədər də çox deyil. Bu gün Qarabağda apardığımız işlər, ola bilsin ki, bu vəziyyəti dəyişə bilər. Ancaq vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.
Bilirsiniz ki, Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Biz fərqli yol seçdik. Bu, asan deyildi. Bizim ölkədə sabitliyi pozmaq səyləri oldu. 2000-ci illərin əvvəllərində narıncı inqilablar, rəngli inqilablar cəhdləri olurdu. Eyni zamanda, bizim seçimimiz Azərbaycanın satellit ölkəyə, “proksi” ölkəyə, vassal, qul ölkəyə çevrilməsinin qarşısını aldı və bu da əlbəttə ki, bizim xalqımızın çox dəhşətli dərəcədə əziyyət çəkməsinə imkan vermədi. Biz de-fakto və de-yure müstəqilliyi seçdik. Müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, tərəfdaşlarımızla, - o ölkələrlə ki, onlar bizimlə əməkdaşlığa can atırdı, - səmərəli əməkdaşlıq. Əlbəttə ki, daxili potensialımıza söykənirdik. Eyni zamanda, biz region ölkələri ilə də sıx əlaqələr qurduq. Bu, bizə imkan verdi ki, iqtisadi problemlərin böyük əksəriyyətini həll edək və biz öz üzərimizdə çalışdıq, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik və dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında kiminsə hansısa bəyanatına məhəl qoymadıq, fikir vermədik. Biz onlara tamamilə biganə yanaşırıq.
Yəni, sizin regionunuzda olan ölkələrdən nə qədər çox insan buralara gəlsə, ölkəmizlə bağlı anlayış daha dəqiq olar. Əlbəttə ki, Azərbaycanın sizin Qərb ölkələri ilə əlaqələri də daha yaxşı olacaq. Çünki təəssüratlar, media və ictimai həyatın digər elementləri qərar qəbul edənlərin mövqeyinə təsir edir və onlar ictimai rəyi nəzərə almaya bilməzlər. Çünki bəzən biz demonizasiyaya məruz qalırıq. Bəzən elə siyasətçilər var ki, onların səyləri nəticəsində biz onların ölkələrinin xeyrinə müsbət qərar qəbul edə bilmirik. Ona görə də biz daha da yaxınlaşmalıyıq və yaxınlaşdıqca daha az yanlış məlumatlar olacaqdır.
Moderator Rebekka Maklaflin-İstham: Növbəti sual Gela Vasadzedəndir. O, müstəqil jurnalistdir.
Gürcüstanlı müstəqil jurnalist və siyasi analitik Gela Vasadze: Cənab Prezident, Sizi salamlayıram. Belə bir tədbirdə Sizi görmək çox xoşdur. Səmimi desəm, çox düşündüm və sualı daha dəqiq belə formalaşdırardım. Mən sual vermək istərdim ki, Siz Azərbaycan Respublikasının milli inkişaf konsepsiyası haqqında danışırdınız. Nəyə nail olmusunuz və bugünkü vəziyyət necədir? Sualım belədir: Bu gün Sizin arzuladığınız Azərbaycan və Cənubi Qafqaz nədən ibarətdir?
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizi görməyə çox şadam. Keçən il siz iştirak etmişdiniz, təşəkkür edirəm ki, bir daha təşrif buyurmusunuz.
Mən bu haqda fevralda inauqurasiya mərasimindəki çıxışımda danışmışam. Qeyd etmişəm ki, biz hamımız bir yerdə cəmiyyət, bütün insanlar - hansılar ki, gələcək inkişafa töhfə vermək istəyən insanlar gərək yeni milli ideyanı formalaşdıraq. Bizim belə bir ideyamız var idi. Yəni, siyasi üstünlükdən asılı olmayaraq belə bir ideyamız var idi. Bu da ərazi bütövlüyümüzün bərpası və öz ərazilərimizin qaytarılması idi. Biz buna nail olduq, keçən ilin sentyabrında biz buna tamamilə nail olduq.
Lakin biz dincəlməməliyik, biz bu mövzunu uzun-uzadı müzakirə etməməliyik. Çünki bu mövzunu çox uzun müddət istismar etmək olar, lakin bu, bizə bir nəticə verməyəcək. Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik. Ona görə Prezident olaraq mən cəmiyyətə üz tutub dedim ki, gəlin, birgə düşünək. Mən bunu təkbaşına düşünə bilmərəm. Hətta mən nəyi isə düşünsəm, bu, sözsüz ki, ictimai müzakirələrin, ictimai düşüncələrin, fikirlərin əsasında, yaxud da Azərbaycanda baş verən hadisələr əsasında formalaşacaq. Eyni zamanda, bildirim ki, tərəfimdən bu məsələ fevral ayında qeyd olunmuşdur, lakin hələ də bu proseslər davam edir.
Həmçinin əminəm ki, yeni milli ideyanın, yaxud da ideyaların necə olmasından asılı olmayaraq, onlar geosiyasi konteksti nəzərə almadan mövcud ola bilməz. Bölgədə geosiyasi kontekst dramatik şəkildə dəyişmişdir. Hətta kiminsə təsəvvür etdiyindən daha kəskin dəyişmişdir. Hazırda Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil. Mən bunu artıq dəfələrlə demişəm və çıxışımın əvvəlində demişəm ki, köhnə alyanslar artıq eroziyaya məruz qalır, yeni əməkdaşlıq formatları isə üzə çıxmaqdadır. Mən bu məsələyə daha dərindən vara bilərəm, lakin bu, hamıya kifayət qədər məlumdur.
Biz Cənubi Qafqaz ölkələrindən bəhs ediriksə, bu ölkələrin hər birində çox ciddi siyasi və xarici siyasi transformasiyalar baş vermişdir və baş verməkdədir. Hətta deyərdim ki, kəskin dəyişikliklərə yaxın transformasiyalar baş vermişdir və bu da Cənubi Qafqazda yeni vəziyyətin üzə çıxması deməkdir və biz bunu dərindən başa düşməliyik. Bundan irəli gələrək Gürcüstanın, Ermənistanın, Azərbaycanın xarici siyasət vektorlarının necə inkişaf etməsindən asılı olaraq, biz sizin sualınıza cavab verə bilərik ki, hansı Cənubi Qafqazda yaşamaq istəyirik. Hamı deyəcək ki, biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik. Lakin bu, badə qaldıranda gözəl kəlamlardır, real siyasət üçün belə deyil. Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməli və bundan sonra, - Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək, - biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq mövcud olsun.
Mən dəfələrlə söyləmişəm və dərindən təəssüf edirəm ki, Cənubi Qafqaz ölkələri - hansılar ki, müharibə vəziyyətinə düşmüşdü, Baltikyanı ölkələrin yolunu təkrarlaya bilməyiblər. Bildiyiniz kimi, həmin ölkələr açıq şəkildə münaqişələrdə olmayıb. Əgər bölgəmizdə də belə olsaydı, Cənubi Qafqaz iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Çünki əsrlər boyu bizim ölkələrdə xalqlar bərabər yaşamışlar. Lakin bu, baş vermədi. İndi bu barədə nə demək olar. Ancaq indi bir şans var. Bunun üçün yenə də həm Gürcüstanda, həm də Ermənistanda həmin xarici siyasət modifikasiyalarının nə ilə yekunlaşacağını Azərbaycan düzgün təhlil etməli və sonunu görməliyik. Bundan sonra müəyyən mənada daha ciddi addımlar atmalıyıq. Hər halda biz hesab edirik ki, uzunmüddətli sülh mümkündür və təbii ki, ona üstünlük veririk.
Moderator Rebekka Maklaflin-İstham: Frans Keyn, buyurun, sualınızı verin.
Frans Keyn: Təşəkkür edirəm, Zati-aliləri, cənab Prezident. Əvvəlcə minnətdarlığımı bildirmək istərdim ki, bu gün Şuşada, azad olunmuş Qarabağda tədbirdə iştirak edirəm. Bu fürsətə görə dərin minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm ki, Siz media ilə bağlı Azərbaycanın mövqeyini ifadə edirsiniz. Noyabrdakı tədbir həqiqətən Sizin üçün çox böyük hadisə olacaqdır. Mən Birləşmiş Ərəb Əmirliklərində, Dubay şəhərində yaşayıram və işləyirəm. Bilirəm ki, Siz COP28-də Dubayda səfərdə idiniz. O, çox uğurlu bir tədbir idi. Baxmayaraq ki, Qərb mediası bu tədbiri çox mənfi işıqlandırırdı. Çünki onlar bu tədbiri görməzdən gəldilər. Ona görə də Sizə sualım belədir: COP29-la bağlı tədbirlərin mediada işıqlandırılmasını necə görürsünüz və Sizin yanaşmanız necə olacaqdır? Çünki böyük ehtimalla bu tədbir Qərb mediası tərəfindən qərəzli şəkildə işıqlandırılacaqdır.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Bizim namizədliyimiz və ev sahibliyimizlə bağlı qərar verildikdən sonra - növbəti həftə Qərb mediasında bizə qarşı hücumlar başladı. Bu, gözlənilən bir hal idi və bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, – həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Əlbəttə, biz dərk etdik ki, hücumlara məruz qalacağıq. Biz əlbəttə, bunu proqnozlaşdıra bilmərik ki, ittihamların mövzusu necə olacaqdır? Amma əminəm ki, kifayət qədər ittihamlar olacaqdır. Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğumuz üçün. Bu, çox təəccüblü bir haldır. Yeri gəlmişkən, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşdi. Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz. Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir. Buna baxmayaraq, ittihamlar davam edir. Ancaq deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların sayı azalır, bizim COP heyətimiz çox səmərəli işləyir, öz vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir. Bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. Deyə bilərəm ki, qərardan altı ay keçdikdən sonra biz daha az hücuma məruz qalırıq. Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdır.
Ədalətsiz və ikili standartlara əsaslanan işıqlandırmaya gəlsək, biz bilirik ki, COP tədbirinin biri Qlazqoda - Böyük Britaniyanın neft hasil etdiyi bir bölgəsində keçirilirdi və heç kəs o zaman Böyük Britaniyanı ittiham etmirdi ki, onların neft və qazı var. Bu, məhz bizim dediklərimizin həqiqi olduğunu sübut edir. Bu tədbirin əhəmiyyəti əlbəttə ki, bütün bu mənfi hallardan qat-qat çoxdur. Çünki bu, qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada beynəlxalq arenada bir nömrəli konfransdır və ilk dəfədir ki, postsovet məkanında keçirilir. Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik. Biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişik. 120 ölkənin iştirakı ilə orada yekdil şəkildə sədr seçilmişdik və sədrlik müddətimiz də uzadıldı. Sədrliyimiz dövründə biz böyük nüfuz qazandıq.
Eyni zamanda, Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Yəni, Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Biz İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Biz “OPEC Plus” formatının üzvüyük. Biz neft hasil edən ölkələrlə fəal şəkildə işləyirik. Biz müəyyən təkliflər irəli sürmüşük ki, neftlə zəngin ölkələr maliyyə mənbələrinin toplanılmasında, səfərbər edilməsində necə daha vacib rol oynaya bilər.
Mən dünən Londondan, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısından qayıtmışam. Mən artıq 3-cü dəfədir o tədbirdə iştirak edirəm. Yəni, budur bizim üstünlüyümüz. Biz körpülər qura bilirik. Mən səmimi desəm, bundan əvvəl iqlim məsələləri ilə o qədər də dərindən məşğul olmurdum. Ancaq indi mən anladım ki, inkişaf edən və inkişaf etmiş ölkələr arasında çox böyük qeyri-səmimiyyət, qarşılıqlı ittiham var. Hansı ölkə planetimizə daha çox ziyan vurubdur, məsuliyyətli ölkə kimdir və onları bir növ məsuliyyətə cəlb etmək və cəzalandırmaq cəhdləri var. Biz bunu geridə qoymalıyıq. Bu, bizə heç bir nəticə verməyəcəkdir. Biz inkişafda olan kiçik ada ölkələri ilə əməkdaşlıq edirik. Bizim COP29 çərçivəsində bununla bağlı tədbirimiz olacaqdır və orada ittifaq ölkələri də iştirak edəcək. Biz ittifaq ölkələri ilə birgə fond yaradacağıq ki, inkişafda olan həmin kiçik ada ölkələrinə kömək edək. Çünki bu vəziyyət onların mövcudluğuna təhlükədir. Yəni, biz müxtəlif istiqamətdə irəliləyirik. Hesab edirəm ki, biz Birləşmiş Ərəb Əmirliklərinin COP28-in ev sahibi kimi təcrübəsindən istifadə edəcəyik və onun üzərindən işimizi aparacağıq. Ancaq ondan qabaq COP-a Misir ev sahibliyi edibdir. Onların da neft və qazı var. Bizdən sonra da Braziliya ev sahibliyi edəcək. Yenə də neft və qaz ölkəsidir. Bu, onu göstərir ki, bu ölkələr enerji təhlükəsizliyi baxımından özlərini çox rahat hiss edən ölkələrdir. Onlar məsuliyyət nümayiş etdirirlər. Onlar yaşıl texnologiyaya, yaşıl keçidə sərmayə qoyur, töhfə verirlər. Xanım Rebekka qeyd etdiyi kimi, yaşıl həmrəylik mövzusu müzakirə ediləcəkdir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ümid edirəm ki, uğurlu tədbir kimi onun yaxşı nəticələri olacaq. Bütün dostlarımızı noyabrda bizimlə birlikdə olmağa dəvət edirəm.
Moderator Rebekka Maklaflin-İstham: Biz böyük məmnuniyyətlə orada iştirak edəcəyik. Növbəti sual Karlayl Korbindəndir. O, BMT-də Fransa Polineziyasının nümayəndəsidir.
Karlayl Korbin: Cənab Prezident, yanlış narrativlərdən biri odur ki, guya kolonializmə son qoyulmuşdur. Siz bu sahədə ən fəal liderlərdən birisiniz, bəlkə də ən fəal Lidersiniz. Əlbəttə, Siz Qoşulmama Hərəkatına sədrlik dövründə də buna diqqət yetirdiniz. Bakı Təşəbbüs Qrupu çox fəaldır, koloniya kimi, müstəmləkə kimi yaşayan ölkələri bir araya gətirir. Biz Fransa müstəmləkə əraziləri ilə bağlı mühüm bir tədqiqatı başa çatdırmışıq və onu təqdim edəcəyik. Siz inkişafda olan kiçik ada ölkələrini qeyd etdiniz. Çox şadıq ki, Siz Karib hövzəsində iqlim dəyişikliyi ilə bağlı bizi dəstəkləyirsiniz. Çünki bu, bizim mövcudluğumuza təhlükədir. Eyni zamanda, kolonializmə dair gələcək təşəbbüsləriniz barədə nə deyərdiniz?
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Tamamilə haqlısınız ki, biz Qoşulmama Hərəkatına sədrliyimizə başlayandan bu məsələ ilə yaxından məşğul olmağa çalışdıq. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər. Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Biz bunu ona görə edirik və əminik ki, Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır. Onların həmin insanların taleyinə bu dərəcədə təsir etməyə ixtiyarları yoxdur. O ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, onları təhqir edirlər. Sonuncu hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun prezidentinin əməli nəticəsində baş verib.
Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik. Əlbəttə ki, siz Bakı Təşəbbüs Qrupunu qeyd etdiniz. Bu, bir qeyri-hökumət təşkilatıdır. Ancaq bu qeyri-hökumət təşkilatı birgə səylər nəticəsində Azərbaycanda yaradılıb və onlar, məncə, çox yaxşı işləyirlər. Çünki kolonializmdən əziyyət çəkən həmin xalqların səsini heç kəs eşitmir. Çünki az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar. Özlərinə başağrısı axtarmırlar. Onlar qorxurlar ki, “Fiqaro” və ya “Le Monde” qəzetlərində demonizasiyaya məruz qalarlar. Həmin qəzetlər bu gün Fransa prezidentinin rejiminin təsiri altındadır. Mən sizə tam əminliklə deyə bilərəm, biz çox gözəl bilirik ki, həmin o media şirkətlərinə Yelisey sarayından hansı mesajlar ötürülür. Biz buna məhəl qoymuruq. Biz sizi hər zaman dəstəkləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, siz və sizin kimi milyonlarla insan öz torpağında azad yaşaya bilsin. Siz öz gələcəyinizi planlaşdırmalısınız. Siz öz irsinizi və ləyaqətinizi, dilinizi qorumalısınız, hansı ki, bu gün sizi ondan məhrum etməyə çalışırlar. Biz sizin yanınızda olacağıq.
Moderator Rebekka Maklaflin-İstham: Təşəkkür edirəm, Zati-aliləri. Növbəti sual Maksim Şevçenkodandır.
Maksim Şevçenko: Cənab Prezident, gözəl Şuşaya dəvətə görə təşəkkür edirəm. Mən onu xarabalıq vəziyyətində görmüşəm. Mən onu Vətəni ilə əlaqədən məhrum olanda, qəm-qüssə içində görmüşəm. Mən 2000-ci illərin əvvəllərində Azərbaycan ilə Ermənistan arasında humanitar danışıqlar üzrə bir cəhddə iştirak etmişəm və sairə. Ona görə də indi işğaldan azad edilmiş ərazilərin belə dirçəlişini görəndə Azərbaycan üçün şad oldum. Gördüyünüz işlərə görə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Maksim Şevçenko: Mən bu fikri davam etdirəcəyəm. Yalan məlumatlar çox vacib bir mövzudur. Rus dilində daha sərt səslənir - uydurulmuş hekayələr. Bu yalanlar nədən ibarətdir? Onlar bu gün Sizin haqqında danışdığınız kimi, Qərbin dünya xalqları üzərində hökmranlığını davam etdirməsinə, müxtəlif ərazilərə işarə edərək, öz siyasi və tarixi hekayələrini dünya xalqlarının üzərinə sırımağa davam etməyə imkan verən yalanlardır. Nədənsə, bu rəvayətlər orada formalaşır. Kim harada yaşayıb, qədim tarixçilər kimə harada yaşamağa icazə veriblər, harada kimin nə haqqı var, çünki min il əvvəl haradasa filan yerdə filankəs nəsə yazıb, bu gün etnik təmizləmə aparmaq və ya öz dövlətlərini yaratmaqla bağlı. Ona görə də Azərbaycan xalqı Sizin rəhbərliyinizlə bu yalana zərbə vuranda, bu, əslində, bütün bu sistemin, XX əsrdə Osmanlı İmperiyasının xarabalıqları üzərində formalaşan aldatma sisteminin məhv edilməsinin başlanğıcı idi. Xalqları öz Qərb ağalarına tabe etmək cəhdləri ilə Rusiya İmperiyasını məhv etdilər.
Cənubi Qafqazın taleyi ilə bağlı sualım var. Mənim çoxlu sayda azərbaycanlı dostlarım var, onların əksəriyyəti əslən Qərbi Azərbaycandandır. Orada əcdadlarının qəbirləri var, onlar bu gün öz tarixi Vətənlərini, azərbaycanlıların yaşadığı yerləri ziyarət etmək imkanından məhrumdurlar. Müxtəlif xalqlara mənsub fərqli dinlərin nümayəndələri min illər boyu orada yaşayıblar, yəqin ki, müəyyən müharibələr və münaqişələr olub, lakin bu ərazilər heç vaxt etnik təmizləməyə şahidlik etməyib. Sovet İttifaqının süqutundan sonra 300 minə yaxın azərbaycanlı Qərbi Azərbaycandan, indiki Ermənistan ərazisindən qovulub. Deyirlər ki, bu proses hələ 1980-ci illərdə başlayıb. Bu barədə mənə müxtəlif versiyalar söylədilər. Amma indi burada, Siz dediyiniz kimi, keçmişin davamı olaraq hər hansı əlavə fikirlər söyləmək istəmirəm. Gələcək - humanitar əməkdaşlıqdır. Sualım belədir, biz azərbaycanlıların öz Vətənlərinə heç olmasa, qonaq kimi gələ bildiyi günü görə biləcəyik? Bəlkə də kimsə orada yaşamaq istəyəcək. Dostlarım var, onlar orada, Göyçə gölünün, ermənicə Sevan gölünün sahillərində necə yaşadıqlarını hələ də xatırlayan yaşlı insanlardır, - yeri gəlmişkən, onların çoxu ermənicə bilir, - bu gün onlar bu imkandan məhrumdurlar. Mənim tanıdığım ermənilər var ki, onların bir çoxu eynilə Azərbaycana gəlmək istərdilər, hansı ki, nəsilləri üçün vətən olub. Ona görə də bu humanitar mübadilə, ədalətin, Qafqazın öz ənənələri ilə əsl bütövlüyünün bərpası, etnik təmizləmənin olmaması prosesi haqqında nə düşünürsünüz? Bu, zənnimcə, Gürcüstana da aiddir. Burada mənim mövqeyim dəyişməz olaraq qalır. Hər bir gürcü qovulduğu torpaqlara qayıtmalıdır. Mən bunu bir Rusiya vətəndaşı kimi cəsarətlə deyirəm. Bu prosesdə hər hansı irəliləyiş olacaqmı? Azərbaycanlılar öz Vətənlərini - Qərbi Azərbaycanı görəcəklərmi?
Prezident İlham Əliyev: Sağ olun, sualınıza görə təşəkkür edirəm. Bu məsələ ilə bağlı nə düşündüyüm barədə cavab verməzdən əvvəl demək istərdim ki, azərbaycanlılar hələ XX əsrin əvvəllərində - 1918-ci ildə və müharibədən dərhal sonra, - mən İkinci Dünya müharibəsini nəzərdə tuturam, - Qərb ölkələrində yaşayan ermənilərin Ermənistana köçürülməsi və onların yerləşdirilməsi kimi tam düşünülmüş bir bəhanə ilə indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalıblar. O vaxt, 1940-1950-ci illərdə sovet hökuməti tərəfindən bir neçə qərar qəbul edildi və yüz minlərlə insan Qərbi Azərbaycanda yaşadıqları, məskunlaşdıqları ərazilərdən sürgün olundu. Yaşayış üçün yararsız, Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlim şəraitindən tamamilə fərqli olan Kür-Araz ovalığına deportasiya edildi. Onların çoxu, sadəcə, dözə bilməyib və vəfat edib. Həm də, prinsipcə hər şey, əlbəttə, 1980-ci illərin sonlarında baş verən etnik təmizləmədən başladı. Çünki yenə də sualınızın əvvəlində yalan rəvayətlərlə bağlı dediyiniz o şərhlərə qayıdaraq, bütün bunlar barədə Qərbin, o cümlədən Rusiyanın, 1990-cı illərin Rusiyasının media məkanında danışılmayıb. Onlar bu barədə susublar. Qafan bölgəsində və başqa rayonlarda azərbaycanlıların Ermənistan ərazisindən vəhşicəsinə deportasiyası haqqında tamamilə susarkən, Ermənistanın yalan hekayəsinə dair yüz faizli birtərəfli meyil var idi. Prinsipcə, elə hər şey də buradan başladı. Bu, sonradan böyük yanğına çevrilən qığılcım idi. Beləliklə, xalqımız deportasiyanın bütün əzablarını yaşadı.
Konkret suala gəldikdə isə, mən əminəm ki, həmin gün mütləq gələcək. Burada biz, əlbəttə ki, Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə ümid bəsləyirik. Bilirsiniz, hələ ötən ilin sentyabrında antiterror əməliyyatı keçirilməmişdən əvvəl, biz Qarabağın erməni əhalisinin nümayəndələrini dəfələrlə görüşlərə, söhbətlərə dəvət etmişdik. Mən parlamentin üzvləri arasından Prezidentin xüsusi nümayəndəsini təyin etdim, o, Qarabağın erməni əhalisi ilə təmasların qurulması və onların sonrakı yaşayışının və həyat fəaliyyətinin müəyyən edilməsi üçün xüsusi olaraq təlimatlandırıldı. O vaxt Qarabağ ermənilərinin nümayəndələri ilə hətta ilk görüş hələ nəzarətimiz altında olmayan ərazidə, Xocalıda, Rusiya sülhməramlı kontingentinin bazasında baş tutdu. Ancaq biz həm də o vaxt təklif etdik ki, növbəti görüş artıq nəzarətimiz altında olan ərazidə baş tutsun. Lakin ovaxtkı separatçı rejim bundan imtina etdi. Bir neçə ay ərzində biz onları iki dəfə görüşə dəvət etdik və iki dəfə imtina edildi, bundan sonra isə prosesdə iştirak etməyə çalışan bir çox beynəlxalq oyunçular bizə sual ilə müraciət etdilər: bəs onların həyat fəaliyyəti necə təmin ediləcək? Ona görə də biz reinteqrasiya layihəsini sadəcə olaraq internetdə yerləşdirməyə məcbur olduq. Layihəyə giriş açıqdır. Düşünürəm ki, bu problemlə maraqlananların çoxu onun məzmunu ilə tanış olub. Orada hər şey aydın şəkildə qeyd edilib. Onların orada, Azərbaycan ərazisində hansı şərtlər daxilində - vətəndaşlığı qəbul edəcəkləri təqdirdə qala biləcəkləri qeyd olunmuşdu və bunun necə etməyin qaydası, iş və yaşayış icazəsinin alınması şərtləri göstərilmişdir. Yəni, başqa ölkənin vətəndaşının digər ölkədə daimi yaşaya bilməsinin hər hansı başqa forması, sadəcə olaraq, mövcud deyil. Bundan da imtina edildi. Yəni, o vaxt bizim nəzarətimizdə olmayan Qarabağda yaşayan erməni millətindən olan vətəndaşların təhlükəsiz həyatını təmin etmək baxımından biz mümkün qədər konstruktiv idik. Sentyabrın 20-də biz nəzarəti bərpa edərək separatizmə son qoyanda yenə erməni əhalisinin nümayəndələri ilə bir neçə görüş keçirildi, amma yenə də nəticə əldə olunmadı. Bu dediklərim bizim məsələyə olan yanaşmamız haqqındadır. Təbii ki, biz Ermənistan hökuməti tərəfindən də eyni yanaşmanı gözləyirik. Biz onlardan açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər. Üstəlik, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib. Orada bəzi kəndlərdə isə erməni əhalisi məskunlaşıb. Ona görə də mən çox inanıram ki, həmin gün mütləq gələcək. Mən bu barədə dəfələrlə danışanda, təbii ki, erməni diasporunun nəzarətində olan beynəlxalq müstəvilərdə məni az qala işğalçı fikirlərə düşməkdə ittiham etməyə başladılar. Mən dedim ki, biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik. Mən bunu indi də deyirəm. Düşünürəm ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şəkildə çatdırmalı olduğu ismarışlardan biridir. Axı, indi onlar özlərini ən qabaqcıl avropalılar kimi qələmə verirlər. Qoy onlar Avropa İttifaqına xas olanı - milli azlıqların, onların dilinin, tarixinin, mədəniyyətinin necə qorunmalı olduğunu nümayiş etdirsinlər. Bunu sözdə deyil, əməldə nümayiş etdirsinlər. Düşünürəm ki, burada təkcə Azərbaycanın istəyi, yaxud Azərbaycanın fəaliyyəti kifayət etməyəcək. Zənnimcə, bu məsələyə beynəlxalq media qurumları və beynəlxalq qeyri-hökumət təşkilatları qoşulsaydı, çox yaxşı olardı. Çünki Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Əgər buna Azərbaycanın region kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin ən böyük regionudur.
Moderator Rebekka Maklaflin-İstham: Təşəkkür edirəm. “Haber Global”dan olan nümayəndənin sual verməsini istərdim.
Türkiyənin “Haber Global” televiziyasının aparıcısı Saynur Tezen: Cənab Prezident, dəvətə görə təşəkkür edirəm. Bu gün Qarabağda, Şuşada olmağımdan şərəf hissi keçirirəm, xüsusilə də nəzərə alsaq ki, bu ərazilər 30 il ərzində işğala və dağıntıya məruz qalıb. Fantastik dəyişikliklərin şahidi oldum.
Mən “Haber Global”dan, İstanbuldan olan jurnalistəm. Hazırkı vəziyyət, sülh sazişi ilə bağlı vəziyyət nədən ibarətdir? Noyabrın 8-i Qarabağda Qələbə əldə edildi. 2023-cü ilin sentyabrında antiterror əməliyyatı keçirildi və bununla da Qarabağın erməni işğalına son qoyuldu. Bu da Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələndi. Sülh sazişi hələ də imzalanmayıb. Siz bəyan etmisiniz ki, Ermənistan konstitusiyasında dəyişiklik edilməsi sülh müqaviləsinin imzalanması üçün başlıca şərtdir. Son zamanlar Ermənistanın baş naziri Paşinyan tərəfindən bəyanatlar verilib ki, o, sülh tərəfdarıdır. O, parlamentdə çıxışında da qeyd edib ki, sülh tərəfdarıdır. Ancaq revanşist ab-havanı nəzərə alsaq, Prezident Ərdoğana da bu sual veriləndə, o dedi ki, yanlış tarixi narrativlərdən uzaqlaşmaq lazımdır və realist yanaşma nümayiş etdirilməlidir. Prezident Ərdoğan qeyd etdi ki, Paşinyan artıq bunu başa düşüb. Ermənistan, erməni diasporu və revanşist qüvvələr də bunu dərk etməlidir. Ümid edirəm ki, Ermənistan düzgün qərar qəbul edəcək. Çünki imkanlar hər zaman olmur və bu fürsətdən istifadə etmək lazımdır. Bu, Prezident Ərdoğanın sözləridir. Yəni, bu imkandan yararlanmağın şərtləri hansılardır və Sizcə sülh sazişi nə zaman imzalanacaq?
Prezident İlham Əliyev: İcazənizlə, mən əvvələ qayıdım, İkinci Qarabağ müharibəsinin sonuna. O zaman ATƏT-in keçmiş Minsk qrupu fəaliyyətdə idi və onların nümayəndələri, bilirsiniz ki, orada üç həmsədr var idi, onlar Azərbaycana gəldilər, səfərdə oldular və mən anladım ki, onlar nə edəcəklərini bilmirlər. Yəni, gələcək addımları nədən ibarətdir onu bilmirdilər. Çünki münaqişəyə və işğala Azərbaycan özü son qoydu və 20 il ərzində razılaşdırılmış bütün prinsiplər tərəfimizdən təmin edildi. Yəni, biz bunu etdik.
Bizim ölkə və şəxsən mən sülh sazişi üzərində işləməyi təklif etdim. Mənim fikrim ondan ibarət idi ki, Qarabağ münaqişəsi həll edilib. Biz nə etməliyik ki, iki ölkə münasibətləri normallaşsın. Bu, açıq şəkildə Azərbaycan tərəfindən bəyan edildi. Ancaq Ermənistandan bir cavab gəlmədi. Bir müddətdən sonra biz prinsiplərimizi elan etdik. Bu, beş prinsipdir, təməl prinsipləridir, beynəlxalq hüququn prinsipləridir. Əminəm ki, bu işlərlə məşğul olanlar bilir mən nədən danışıram. Yenə də Ermənistana çox uzun müddət lazım oldu ki, buna razı olsunlar. Yəni, o zamandan etibarən danışıqlar bizim təşəbbüsümüzlə başladı. Həmin danışıqlar bir müddət davam etdi və burada heç bir ciddi irəliləyiş olmadı. Bunun bir xüsusi səbəbi var idi, çünki Ermənistan həmin sülh sazişinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz bunun qəti əleyhinə idik. Çünki bu, bizim daxili məsələmizdir. Daxili məsələlər müzakirə mövzusu ola və təbii ki, sazişə də daxil edilə bilməz. Bu məsələ açıq qaldıqca digər məsələlər haqqında, o qədər də əhəmiyyətli olmayan məsələlər haqqında danışmağın mənası yox idi. Azərbaycan öz suverenliyini ötən ilin sentyabrında bərpa etdikdən sonra biz daha üç ay gözlədik ki, Ermənistan nəhayət, danışıqlara yenidən başlasın. Yəni, praktiki baxımdan mahiyyət etibarilə real danışıqlar altı aydır - dekabr ayından başlayaraq gedir və o, xarici işlər nazirləri səviyyəsində həyata keçirilir. Müxtəlif ölkələrdə bir neçə görüş keçirilibdir.
Sülh sazişinin mətninə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ona görə də Ermənistan həmin o müddəanı və terminologiyanı oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verdi. Ancaq burada yenə də hazırda iki məsələ var. Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni, Minsk qrupunun burada bir növ “canlı” saxlanılmasında nə fayda var, nə məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Bu, bir testdir, bu, bir göstəricidir. Onlar bəyanatlarında bəzən bir şey deyirlər, əməldə isə tam fərqli hərəkət edirlər. Onlar bu gün ən yüksək səviyyədə deyirlər ki, “Qarabağ Azərbaycandır!”. Halbuki 2019-cu ildə bir neçə kilometr buradan uzaqda həmin şəxs çox emosional şəkildə bəyan edirdi ki, “Qarabağ Ermənistandır!”. Bu gün həmin adam deyir ki, “Qarabağ Azərbaycandır!”. Bu, çox gözəl transformasiyadır və mən bunu təqdir edirəm. Ancaq indi bunu əməli addımlarla sübut etmək lazımdır. Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edilməlidir.
Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir. Ona görə biz o vəziyyətdə olmaq istəmirik ki, bir gün onlar yenə də öz fikirlərini dəyişəcəklər və biz sentyabrda atdığımız addımları təkrar etməyə məcbur qalacağıq.
Bununla yanaşı, mətn üzərində danışıqlar davam edir. Deyə bilmərəm ki, xarici işlər nazirləri növbəti görüşü nə zaman keçirəcək? Bu gün mən daha az nikbinəm. Çünki bildiyiniz kimi, baş nazir Paşinyan mənimlə Britaniyada görüşməkdən imtina etdi. Bu, Britaniya Hökumətinin təşəbbüsü idi. Təklif o idi ki, bizim aramızda belə bir görüş keçirilsin, həmin Oksford tədbiri çərçivəsində. Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik, çünki dörd ay bundan əvvəl Kansler Şolts Münxen şəhərində bənzər bir görüş təşkil etdi. O, görüşdə iştirak edirdi, 5-6 dəqiqə ərzində bizimlə bir yerdə oldu, sonra otağı tərk etdi. Detallar bu idi. Belə bir format düşünülmüşdü ki, o, giriş sözündən sonra otağı tərk etsin. Beləliklə, görüşümüz ikitərəfli qaydada davam etdi. Britaniya Hökuməti də eyni təklifi verdi. Görüşdə Britaniyanın Baş naziri iştirak edəcəkdi və sonra çıxacaqdı. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər. O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi? Yəni, bir sıra məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq, dediyim kimi, mən Londondan dünən qayıtmışam. Bir istiqamət mətndir - sülh sazişinin mətni, digəri isə, əlbəttə ki, dediyim kimi, Ermənistan konstitusiyasıdır.
Moderator Rebekka Maklaflin-İstham: Çox təşəkkür edirəm. Professor Paulo Liebl Fon Şirak, söz sizindir. O, Vaşinqtonun Bey Atlantik Universitetini təmsil edir.
Paulo Liebl Fon Şirak: Təşəkkür edirəm, cənab Prezident. Mən ötən il də bu tədbirdə iştirak etmişəm. Bir daha təşəkkür edirəm ki, məni dəvət etmisiniz. İcazənizlə, Qərbi Azərbaycan məsələsinə toxunmaq istəyirəm. Biz Vaşinqtonda bir neçə gün öncə Qərbi Azərbaycan İcmasının nümayəndəsi ilə də görüşdük, bunu ətraflı müzakirə etdik. Biz bilirik ki, bu məsələ ilə bağlı necə qərəzli işıqlandırma var. Üç yüz min azərbaycanlının oradan didərgin salınması ilə bağlı heç kəsdə məlumat yoxdur. Burada hər hansı kompensasiya edilməyib, bunun hər hansı bir əsaslandırılması olmayıb, təqdim edilməyib. Mən şadam ki, belə bir görüş keçirildi və biz məlumatlandırıldıq.
Mənim sualım COP29-la bağlıdır. Bildiyiniz kimi, Qərbin dünyanın həyatına təsir və dekarbonizasiya ilə bağlı öz iddiaları var. Ola bilər, bu, bu gün baş verməyəcək, yaxşı fikirdir. Ancaq bu, nə qədər realdır? Mən səmimi şəkildə deyə bilərəm ki, neft-qaz aktuallığını saxlayacaqdır. Mən ABŞ-ı təmsil edirəm və orada biz bu məsələyə 100 milyardlarla dollar xərcləmişik. Ancaq ötən il ABŞ tarixində neft-qaz sahəsində ən böyük hasilata nail olundu. Bu, Bayden Administrasiyası dövründə baş verdi. O Administrasiya ki, yaşıl enerji məsələsinə sadiqdir və mənim sualım bundan ibarətdir. Siz tezliklə COP29-a ev sahibliyi edəcəksiniz. Siz neft-qaz hasil edən ölkəsiniz. Siz ötən il dediniz ki, biz bərpaolunan enerji sahəsində irəliləyəcəyik. Siz hər iki istiqamətdə irəliləyə bilirsiniz. Burada Siz bu narrativləri bir növ idarə edə bilirsiniz. Yəni, Sizin dünyaya mesajınız nədən ibarətdir? Bəli, biz yaşıl enerjiyə sadiqik, ancaq bu texnologiya hələ tam hazır deyil. Bunlar çox bahalı təşəbbüslərdir. Dünya buna hələ hazır deyil və Siz qeyd etdiyiniz kimi, ölkəniz Qlobal Cənub və Qlobal Şimalla körpü ola bilər. Siz neft hasilatçısısınız, Sizin ölkədən İtaliyaya qədər uzanan boru kəmərləriniz var. Sizin bu baxımdan - hibrid atmosferdə yaşamaqla bağlı, yəni, həm faydalı qazıntı növlərindən istifadə edərək, həm də yeni bərpaolunan enerjiyə diqqətin təmin edilməsi ilə bağlı mesajınız nədən ibarətdir? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Mənim mesajım qısa şəkildə ola bilər. Mən deyərdim ki, riyakarlığa son qoyulmalıdır. Mən deyə bilərəm ki, ötən görüşümüzdən bu günədək Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Biz ən böyük Günəş Elektrik Stansiyasını - 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik. Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni, bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür.
Bununla yanaşı, biz texniki əsaslandırma işləri həyata keçiririk. Söhbət Xəzər dənizindəki külək enerji stansiyalarından Rumıniyaya Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsindən gedir. Orada da potensial dörd qiqavatdır. Biz “Acwa Power” şirkəti ilə saziş imzalamışıq ki, istehsal edilən bərpaolunan enerjinin saxlanma şəraiti olmalıdır, imkanlar olmalıdır. Çünki bu, ən böyük problemdir. Siz bunu istehsal edə bilərsiniz, ancaq bir növ nəhəng bir batareya şəklində inşa ediləcək bu layihə. Ona görə də biz oraya həm sərmayə cəlb edirik və bu işə öz sərmayəmizi də yatırırıq. Bununla yanaşı, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək. Bu gün Avropanın bizim qaza böyük ehtiyacı var. Mən nəyə görə dedim ki, gəlin riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər və bu, mənim avropalı həmkarlarımla müzakirələrimdə mövzudur. Avropa İnvestisiya Bankı faydalı qazıntı yanacağı ilə bağlı layihələri maliyyələşdirməyi tamamilə dayandırıb. Avropa Yenidənqurma və İnkişaf Bankı demək olar ki, bu sahəyə maliyyə ayırmır. Cənub Qaz Dəhlizi - bu, 3500 kilometr uzunluğunda olan inteqrasiya edilmiş boru kəməridir, tam həcmdə, 100 faiz həcmlə işləyir. Bu gün Avropa ölkələrinin əlavə qaza böyük ehtiyacı var. Biz Sloveniyadan olan bir şirkətlə saziş imzaladıq və bu da Azərbaycanın doqquzuncu tərəfdaşıdır ki, bizim qazın istehlakçısı olacaqdır. Ancaq Avropanın maliyyə institutları bunu maliyyələşdirmir. Onlar istəyirlər ki, biz Cənub Qaz Dəhlizini 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirək. Söhbət TANAP-dan gedir və TAP-ı 10 milyarddan 20 milyard kubmetrə çatdıraq. Biz oraya milyardlarla pul yatırmalıyıq. Deyə bilərəm ki, Cənub Qaz Dəhlizinə yatırdığımız sərmayənin hələ də tam mənfəətini götürməmişik və bizim neft-qaz sahəsindən əldə etdiyimiz gəlir hələ də bu borcun ödənilməsinə yönəlib. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq və eyni zamanda, deyirlər ki, 10 ildən sonra Avropa İttifaqının qaza ehtiyacı yoxdur. Yəni, biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait qoyaq? Yəni, sonra da deyək ki, bizim qazımız haradadır. Yəni, mənim mesajım o oldu ki, gəlin, bu oyuna son qoyaq, faydalı qazıntı yanacağı olmadan yaşamaq mümkün deyil. Bu, birincisi.
İkincisi, mən bilirəm ki, Avropa şirkətləri bərpaolunan enerjiyə nə qədər yatırım edirlər. Mən bunu təqdir edirəm. Ancaq beynəlxalq ekspertlərin hesabatına görə, nə qədər etsələr də, bu, dünyanın və Avropanın ehtiyacını tam ödəyə bilməyəcək və ona görə də biz həmin kabel üzərində işləyirik. Layihə təkcə bu deyil. Biz Özbəkistan və Qazaxıstanla bir neçə ay bundan əvvəl Xəzər dənizinin dibi ilə gedəcək elektrik kabeli haqqında saziş imzalamışıq və bunun texniki əsaslandırılması olacaq. Onların da bu sahədə təcrübəsi var. Bizim planlarımız istədiyimiz kimi həyata keçsə, Özbəkistan və Qazaxıstandan Xəzər dənizindən keçərək Azərbaycana, Gürcüstana, Türkiyə və Rumıniyaya uzanacaq kabel xətti inşa edə bilərik. Yəni, bu layihə Cənub Qaz Dəhlizindən də daha böyük layihə olacaq. Amma bizim əməkdaşlığa, eyni zamanda, koordinasiyaya ehtiyacımız var.
Bu günə qədər doqquz və ya on dəfə, hər ilin fevral ayında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası keçirilib. İclasda onlarla ölkədən nümayəndələr iştirak edir. Buna sədrliyi Azərbaycan və Avropa İttifaqı edir və bu mövzulardan biri də məhz yaşıl enerjidir. Biz sinerjinin tərəfdarıyıq. Yəni, bir işi görüb, digərini görməsək, bu, mümkün olmayacaq. Burada şüurlu yanaşma və həm istehsalçı, həm tranzit, həm istehlakçı ölkələr arasında maraqların balansı olmalıdır.
Moderator Rebekka Maklaflin-İstham: Çox sağ olun, cənab Prezident. Bu, COP29-un da əsas mövzularından biridir. Növbəti sual Ramis Yunisdəndir.
Ramis Yunis: Hörmətli cənab Prezident, Sizi Qarabağın tacı olan müqəddəs Şuşa şəhərində salamlamaq mənim üçün böyük şərəfdir. Bu fürsətə görə mən şəxsən Sizə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Allah Sizdən razı olsun, Allah Azərbaycan xalqını qorusun!
Prezident İlham Əliyev: Vətənə xoş gəlmisiniz.
Ramis Yunis: Təşəkkür edirəm. Cənab Prezident, nəzərə alsaq ki, bu gün bu möhtəşəm tədbirdə çoxlu sayda hörmətli qonaqlar iştirak edir, icazənizlə, mən öz sualımı ingilis dilində Sizə ünvanlayım.
Prezident İlham Əliyev: Buyurun.
Ramis Yunis: Təşəkkür edirəm. Hörmətli cənab Prezident, mənim üçün burada - müqəddəs Qarabağın müqəddəs Şuşa şəhərində olmaq böyük şərəfdir. Bu imkana görə təşəkkür edirəm. Mənim sualım ABŞ-Azərbaycan əlaqələri barədədir. Bildiyiniz kimi, noyabrda ABŞ-da seçkilər olacaq. Siz seçkilər haqqında cənab Qusmanın sualına çox gözəl diplomatik cavab verdiniz. Mənim sualım seçkilər barədə deyil. Eyni zamanda, Sizin hər iki - həm Respublikaçılar, həm Demokratlarla əlaqələrdə yaxşı təcrübəniz var. Cənab Prezident, Sizcə, Demokratlar və ya Respublikaçılar administrasiyalarından hansı ilə daha yaxşı, necə deyərlər, dil tapmaq olur. Sizcə, Ağ evdə dəyişikliyin regionumuzla bağlı hansı nəticələri olacaq, hansı dəyişikliklər olacaq?
Prezident İlham Əliyev: Bir daha sizi bu uzun illərdən sonra Vətəndə salamlamaq xoşdur. Əlbəttə ki, Azərbaycan-ABŞ əlaqələri, onun görünən tərəfi haqqında danışdıqda, bizim Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimiz olubdur. Siz mənim Amerika liderləri ilə əlaqələrimə, təmaslarıma nəzər salsanız, bu, aydın olar. Eyni zamanda, Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi.
Bizim ABŞ-la münasibətlərimiz demək olar ki, hər zaman sabit olub. Əlbəttə ki, müəyyən enişli-yoxuşlu dövrlər olub və o da bizim günahımız deyildi. Çünki bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Bu cəhdlər birbaşa və ya müəyyən QHT-lər vasitəsilə olub. Bildiyiniz kimi, Azərbaycan balaca ölkədir və Bakıda hər kəs hər şeyi bilir. Ona görə bunu gizlətmək çətin olardı. Bütün bu enişli-yoxuşlu dövrlərə baxmayaraq, biz münasibətlərə strateji, vacib mövqedən yanaşmışıq və biz burada mümkün qədər əlimizdən gələni etməyə çalışmışıq. Xüsusilə də bizim praktiki baxımdan sülhməramlı əməliyyatlarda iştirakımızı nəzərdə tuturam.
Bildiyiniz kimi, bu əməliyyatlar başlayanda Azərbaycan ilk qeyri-NATO ölkəsi idi ki, Əfqanıstanda həmin əməliyyatlara qoşuldu və oradan sonuncu çıxdı. ABŞ qoşunları ölkəni tərk etdi və daha dəqiq desək, oranı qoyub qaçdılar. Biz hələ də orada idik. Biz Türkiyənin Silahlı Qüvvələri ilə birlikdə hava limanını tərk edən sonuncu ölkələr olduq. Bu idi bizim tərəfdaşlığımız. Əfqanıstanla bağlı onların bizə ehtiyacı var idi. Mən xatırlayıram ki, ABŞ-ın yüksəkrütbəli məmurları və nəqliyyat komandanlığı, Müdafiə Nazirliyinin nəqliyyat komandanı Azərbaycana dəfələrlə gəlirdilər və bizə minnətdarlıq bildirirdilər ki, Azərbaycan “Şimal şəbəkə” adlandırılan bir dəhliz idi və biz onun tərkib hissəsi idik. Onu da qeyd etmək lazımdır ki, Əfqanıstana gedən əsas marşrut çox çətin marşrut idi. Ancaq Əfqanıstanda missiya başa çatdıqdan sonra onların etdikləri nə oldu? Onlar yenidən bizə qarşı sanksiyanı bərpa etdilər. Mən 907-ci düzəlişdən danışıram. Buna heç bir məntiqi əsaslandırma və izah təqdim etmədən, bu da onların bizə təşəkkürü. Uzun illər ərzində biz onlara qarşı etdiyimizin və yaxşı tərəfdaş olduğumuzun müqabilində Azərbaycan xalqı nə düşünə bilər bu Administrasiya haqqında? Yəni, deməli, siz onlara lazım olanda olursunuz yaxşı bir adam, yaxşı bir ölkə, sizin haqqınızda təriflər yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq edirlər. Nəyə görə? Çünki biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik. Mən bunu demək olar ki, bütün liderlərə demişəm bir neçə gün öncə Oksfordda - Britaniyada. Çünki onlar hamısı mənə Ermənistan haqqında, sülh sazişi haqqında suallar verirlər. Sanki Avropada bütün məsələlər həll edilib və Ermənistan-Azərbaycan məsələsi yerdə qalan yeganə problemdir. Mən təəccüb edirdim ki, onlar hər zaman bütün söhbətlərdə bu məsələni qaldırırlar. Mən heç vaxt Avropa liderləri və ya digər liderlərlə danışığımda bizə, mənə şəxsən aid olmayan heç bir məsələni müzakirə etmirəm. Mən bu görüşlərdə onlara izah etməyə çalışırdım ki, bizim etdiyimiz sizin dəstəklədiyiniz tərəfin hərəkətlərindən heç nə ilə fərqlənmir. Fərq ondan ibarətdir ki, bütün milyardlarına rəğmən, onlar uğursuz oldular, biz isə bunu bacardıq. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardıq. Bunu hərbi və siyasi yolla etdik və dərhal bizə qarşı sanksiya tətbiq edildi. Yəni, bu, çox məyusedici bir haldır. Həmin o müxtəlif bəyanatlarda bizə qarşı istifadə edilən terminlər, yəni, “Azərbaycanla bundan sonra əlaqələr əvvəlki kimi ola bilməz”, belə bir bəyanat verdilər, amma nə oldu? Yenidən adi qaydada əlaqələrə qayıtdıq. Yəni, biz həmin o şişirdilmiş gözləntiləri təmin etmək üçün heç bir şey etmədik, heç bir addım atmadıq. Ona görə mən bir daha təkrar etmək istəyirəm və cənab Qusman da sualını verəndə artıq cavabı bilirdi. Sizə də təşəkkür edirəm ki, mənə bu barədə sual verdiniz.
Biz hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq. Bu, birtərəfli yanaşmadır. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür. Bildiyiniz kimi, ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti və onların bir növ xarici işlər naziri hesab edilən ali komissarı Brüsseldə görüşdülər. Bu görüşdə onlar Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsi məsələsini müzakirə etdilər. Onlar hərbi sahədə maliyyə ayırmaq məqsədini güdürlər və bu, bizim üçün tamamilə qəbuledilməzdir. Biz bəzən açıq, ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Azərbaycanın maraqları Cənubi Qafqazda təmin edilməlidir. Kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaqlar və uğursuzluğa düçar olacaqlar. Biz əlbəttə ki, ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin bir hissəsi prezident seçkiləri ilə bağlıdır. Onlar ermənilərin səslərini qazanmaq istəyirlər. Ona görə də zənnimcə, məqsəd məhz elə bundan ibarət idi. Mən tamamilə obyektiv olmağa çalışıram. Ümid edirəm ki, seçkidən sonra ABŞ-da və Avropada Azərbaycan haqqında, bizim potensialımız, rolumuz haqqında daha yaxşı anlayış olsun. Yəni, biz şou qurmuruq, öyünmürük. Biz bilirik potensialımız nədən ibarətdir və bunu bizimlə əməkdaşlıq edən hər kəs bilir. Bu potensialdan xoş niyyət, xoş məram, konsolidasiya, tərəfdaşlıq üçün istifadə edilməlidir və biz demonizasiya qurbanı olmamalıyıq. Mən cənab Prezident Trampı “Vaşinqton Post” və “Nyu-York Tayms”ı “feyk nyus” adlandırmasını artıq qeyd etdim. Yəni, “Vaşinqton Post” təsəvvür edin ki, redaktorlar səviyyəsində onlarla məqalə dərc edir. Məni diktator, satrap adlandırırlar. Hikmət Hacıyev bunu bilir. Yəni, bir daha Ramis, sizi görməyə şadam. Vətənə xoş gəlmisiniz.
Moderator Rebekka Maklaflin-İstham: Zati-aliləri, bizim yenə də müəyyən suallarımız var.
Prezident İlham Əliyev: Buyurun, davam edək.
Rebekka Maklaflin-İstham: Cordan Morqan, buyurun, xahiş edirəm, ayağa qalxasınız.
Cordan Morqan: Cənab Prezident, bir daha Şuşada olmağımdan məmnunam və təşkilatçılara təşəkkür edirəm. Mən Londonda fəaliyyət göstərən QHT-də çalışıram. Bizim əsas istiqamətimiz Fələstin-İsrail münaqişəsidir. Azərbaycanın mövqeyi nədən ibarətdir ki, Qəzza bölgəsində sülh təmin edilsin, ən azı atəşkəs təmin edilsin?
Prezident İlham Əliyev: Mən bir neçə dəfə öz mövqeyimi bildirmişəm ki, bu münaqişə ən qısa zamanda dayandırılmalıdır, ona son qoyulmalıdır. Biz uzun illər ərzində siyasi və iqtisadi baxımdan Fələstinə dəstək göstərmişik. Biz onların müstəqil dövlət qurmaq arzusunu hər zaman dəstəkləmişik. Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə çıxış yoludur: Fələstin dövlət qurmalıdır və Şərqi Qüds onun paytaxtı olmalıdır. Yəni, bu mövqe dəfələrlə tərəfimizdən vurğulanıb. Biz BMT-də seçkilər zamanı da mövqeyimizi bildirmişik, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təsisatlarda bununla bağlı mövqeyimizi açıq şəkildə ifadə etmişik. Bu mövqe dəyişməz və aydın olaraq qalır. Bu münaqişə dərhal dayandırılmalıdır. Biz bilirik ki, hazırda müxtəlif vasitəçilik səyləri var. Biz heç bir zaman heç bir yerdə vasitəçi olmağa çalışmamışıq, o yerlərdə ki, bizi heç kəs dəvət etməyib. Əlbəttə, bizə belə bir dəvət daxil olsa, biz öz rolumuzu oynayıb töhfə verə bilərik. Ancaq Ərəb Liqası daha fəal olmalıdır və münaqişəyə dair daha açıq mövqe ifadə etməlidir. Bu, mənim Prezident olaraq mövqeyimdir ki, Ərəb Liqası bir təşkilat olaraq burada daha çox iştirak etməlidir. Bunun obyektiv səbəbləri var.
Moderator Rebekka Maklaflin-İstham: Təşəkkür edirəm, cənab Prezident. Mariana Qonçaruk ukraynalı jurnalistdir. Buyurun, söz sizindir.
Mariana Qonçaruk: Hörmətli cənab Prezident, mən Ukraynanı təmsil edirəm. Əvvəlcə, mən ölkəmə - Ukraynaya humanitar dəstək göstərdiyinizə görə Sizə təşəkkür edirəm. Ermənistanın hərbi təcavüzü ilə yanaşı, Azərbaycan beynəlxalq mediada dezinformasiyanın da qurbanı olmuşdur. Bizim üçün Azərbaycanın bu dezinformasiya ilə mübarizə sahəsində təcrübəsi çox vacibdir. Çünki bu gün Ukrayna, bildiyiniz kimi, Rusiyanın həm hərbi, həm də informasiya təcavüzünün qurbanıdır. Bizim kimi ölkələrə Sizin tövsiyəniz nədən ibarət olar ki, biz həqiqətləri necə çatdırmalıyıq və bizim nümayəndələrimiz bu sahədə necə əməkdaşlıq edə bilər?
Prezident İlham Əliyev: Humanitar dəstəyimizi qeyd etdiyinizə görə təşəkkür edirəm. Bu günədək biz Ukrayna xalqına humanitar və maliyyə dəstəyi göstərmişik. Qırx milyon avroya yaxın yardım edilibdir və bu yardım davam edir, tamamilə şəffaf yardımdır. O, humanitar xarakterlidir. Biz Ukraynada bir neçə, xüsusilə İrpen şəhərində sosial infrastrukturun bərpasını həyata keçirmişik. Bu dəstək davam edəcəkdir. Ukraynalı uşaqlar Azərbaycana gəlir, burada reabilitasiya keçirlər. Biz kömək üçün əlimizdən gələni edəcəyik. Çünki bilirik ki, sizin bu sahədə böyük probleminiz var.
Mediaya gəldikdə, hazırda Ukrayna daha yaxşı vəziyyətdədir. Çünki Qərb mediası sizin tərəfinizdədir. Yəni, bu gün CNN, BBC, “France24”, hətta yapon mediası, Koreya mediası, bütün Qərb və digər media kanalları sizi dəstəkləyir. Bu, bizim vəziyyətdən tamamilə fərqlidir. Ona görə mən burada məsləhətçi olmaq istəməzdim. Əlbəttə, iki ölkə arasında müharibə davam etdiyi vaxtda siz onu gözləyə bilməzsiniz ki, qarşı tərəf sizin haqqınızda nəsə bir müsbət məqalə dərc etsin və ya material yayımlasın. Ona görə münaqişə - Ermənistan-Azərbaycan münaqişəsi bitəndən sonra, yəni artıq bundan xeyli vaxt keçib, hələ də baxırsınız ki, Ermənistan və Azərbaycan mediasında müsbət bir məqalə belə dərc edilsə, o adam xain adlandırılır. Ona görə də siz gözləyə bilməzsiniz ki, Rusiya mediasında və ya onlara yaxın olan mediada ölkəniz haqqında müsbət bir məqalə və ya material dərc edilsin. Yenə də deyirəm, bu gün bütün dünya mediası sizin tərəfinizdədir. Ancaq görürsünüz ki, bu, heç də müharibənin dayandırılması üçün kifayət etmir.
Oksforddakı tədbirlərdə Ukrayna mövzusuna böyük vaxt ayrılmışdı. Mən deyə bilərəm ki, həm açılışda və həm bağlanış sessiyasında, həm plenar sessiyada liderlərin çıxışlarının 90 faizi Ukraynaya həsr edilmişdi. Ona görə bu gün sizin çox güclü dəstəyiniz var. Ancaq yenə də bu, müharibənin dayandırılması üçün kifayət deyil.
Eyni zamanda, mənim müşahidələrimə görə, müəyyən vasitəçilik göstərmək səyləri var. Ancaq bu, əlbəttə, hər iki tərəfdən asılı olan məsələdir, hər iki tərəf danışıqlar aparmağa hazırdırmı. Zənnimcə, danışmaq lazımdır. Sizə bir analogiya gətirə bilərəm: bizim münaqişə davam etdiyi dövrdə Ermənistanla daimi prosesimiz var idi. Əlbəttə, onun heç bir nəticəsi olmadı, ancaq bu proses davam edirdi. ATƏT-in keçmiş Minsk qrupu, - biz onların fəaliyyətindən narazı idik və buna haqqımız da var idi, ancaq buna baxmayaraq, bu proses davam edirdi, danışıqlar var idi. Mən Ermənistanın liderləri ilə dəfələrlə görüşmüşəm, indiki hakimiyyət və ondan əvvəlki prezidentlərlə də danışıqlar aparmışam. Ona baxmayaraq ki, əvvəlki iki prezident Azərbaycana qarşı soyqırımı törədənlər, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi. Bu, mənim üçün heç də xoşagələn hal deyildi ki, mən məcbur onlarla əl ilə görüşürdüm. Ancaq mən bunu sülh naminə və ərazilərimizin azad edilməsi naminə edirdim və Prezident olaraq bütün hisslərimi, bütün emosiyalarımı kənara qoymalı idim. Yəni, sən bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər bizə kömək etdimi ərazilərimizi bərpa edək? Məncə bəli, onların xeyri oldu. Detallara varmaq istəmirəm, ancaq bir çoxları anlayır, mən nə haqda danışıram və bütün o illər ərzində biz bunu edirdik. Elə bir dövr var idi ki, biz atəşkəsə razı olmalı olduq. Bu, 1994-cü ildə baş verdi. Bu, çox çətin qərar idi, sizi əmin edirəm və dəfələrlə Qərb ölkələrindən gələn qonaqlar mənə sual verirdilər, bu məsələ necə həll edilə bilər? Mən onlara deyirdim: mənim atam Azərbaycanı məndən az sevmirdi və ya hər hansı bir azərbaycanlıdan az sevmirdi. Ancaq o, məcburən 1994-cü ildə bu atəşkəsə razı oldu, çünki ölkəni xilas etməli idi. O zaman Azərbaycanın faktiki olaraq ordusu yox idi. Biz ordumuzu hələ yeni qururduq və bu proses sonra davam etdi və bu gün biz qürur duya biləcəyimiz ordu qurmuşuq.
Əlbəttə, insan bəzən çətin qərarlar verməli olur və şəxsən mən 17 il idi ki, Prezident idim Qarabağı azad edərkən. Lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim prezident olacaqdı. Yəni, bunun heç bir fərqi yoxdur. Bu hadisə bəlkə də bundan 50 il sonra baş verəcəkdi. Yəni burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil, fərq etməz lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi və bizim tarixdən dərslərimiz olub. Təkrar edirəm, bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq.
Yəni bu, uzun bir hekayədir. Ancaq bu baxımdan Azərbaycanın təcrübəsi maraqlı ola bilər. Yenə də deyirəm, media baxımından bütün dünya mediası sizin arxanızda dayanıbdır. Sizin məsələ beynəlxalq mediada çox gözəl işıqlandırılır və bir daha təşəkkür edirəm ki, bizim Ukrayna ilə bağlı humanitar dəstəyimizi qeyd edirsiniz.
Moderator Rebekka Maklaflin-İstham: Təşəkkür edirəm, cənab Prezident. “Radio Latviya”nın nümayəndəsi Ansis Boqustovs buyurun.
Ansis Boqustovs: Cənab Prezident, bizi buraya dəvət etdiyinizə görə təşəkkür edirik. Mən Avropa İttifaqının və bu regionun müəyyən ambisiyaları və iddiaları ilə bağlı sualıma cavab almaq istəyəcəyəm. Siz ərazi bütövlüyünüzü bərpa etmisiniz. Bununla bağlı Sizi təbrik edirəm. Ancaq bu ərazilər mina ilə doludur və Siz bu işi necə görürsünüz və nə qədər ailə, keçmiş məcburi köçkünlər artıq qayıdıb? Rəqəmlər nədən ibarətdir? Daha nə qədər ailə qayıdacaq? Bu karbon neytrallığı məsələsinə gəldikdə, o əraziləri bildiyimə görə yaşıl enerji zonası elan etmisiniz. Halbuki Avropa İttifaqı hələ 2050-ci ilə qədər bu məsələni həll edə bilməyəcəkdi. Bunu necə edirsiniz? Hansı vəsait yatırılır? Bu maliyyə mənbəyi nədən ibarətdir? Neft-qaz pullarıdır? Eyni zamanda, minaların təmizlənməsi prosesi necə davam edəcək? Həmin məsələni Ukraynaya da şamil etmək olar.
Prezident İlham Əliyev: Təəssüf ki, dünən insident baş verdi, üç nəfər mina partlayışı nəticəsində yaralandı. 2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb. Təəssüf ki, nəhayət, Ermənistanın bizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. Əvvəl biz onlardan xahiş edəndə deyirdilər ki, - onların baş nazirləri mənə deyirdi ki, - bizdə xəritələr yoxdur. Ancaq sonra etiraf etməli oldular ki, xəritələr var, amma onlar tamamilə yararsız xəritələrdir.
Burada, əlbəttə ki, ən böyük maneə məhz minalardır. Bizim həmin ərazilərin reabilitasiyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış binalarının inşasına başlamamışdan əvvəl o ərazilər minalardan təmizlənir. Təəssüflər olsun ki, bizim kifayət qədər resursumuz, təcrübəli heyətimiz yoxdur. Beynəlxalq təşkilatlar və şirkətlər bizə elə qiymətlər təklif edirlər ki, hər bir kvadratmetrə təklif edilən qiymət 5-10 dəfə artıqdır. Çünki bizim də özümüzün Minatəmizləmə Agentliyimiz və şirkətlərimiz var. Bu, nə qədər davam edəcək, bunu demək çox çətindir. Bu yaxınlarda Balkanlardan olan bəzi həmkarlarım mənə dedilər ki, hələ də onlarda mina partlayışı olur. Yəni, Balkanlarda münaqişə illərdir sona çatmasına baxmayaraq, hələ də bu hallar baş verir. Təəssüflər olsun ki, biz də onilliklər ərzində bununla üzləşəcəyik. Bu gün bizdə olan məlumata görə, orada bir milyondan artıq mina basdırılıb. Ən qorxulusu o idi ki, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra - bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Ermənistandan mina daşınırdı və onlar orada basdırılırdı. Biz bunu necə bilirik? Çünki o minaların üzərində “İstehsal tarixi 2021-ci il, Ermənistanda istehsal edilmişdir” yazıları var. Yəni, təsəvvür edin ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə onlar bizə qarşı mina terroru həyata keçirirdilər.
Qayıdış məsələsinə gəldikdə, dörd şəhərə və dörd kəndə vətəndaşlar artıq qayıdıblar. Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik, üç, dörd, beşmərtəbəli binalardır. Buraya yaxındır, oranı gedib görə bilərsiniz. Artıq orada sakinlər yaşayırlar. Yəni, Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir.
Bəli, siz düzgün qeyd etdiniz ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan da eyni regiondur. Onlar yaşıl enerji zonaları elan edilib. Burada çox böyük potensial var, həm də Günəş elektrik enerjisi baxımından. Mənim bayaq qeyd etdiyim, BP tərəfindən inşa olunan Günəş Elektrik Stansiyası buraya yaxın yerləşən Cəbrayıl rayonunda tikiləcək. Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyası ilə bağlı böyük planımız var. İkinci Qarabağ müharibəsi bitdikdən sonra biz hidroelektrik enerjisi sahəsinə vəsait yatırmışıq. Bu üç il ərzində 270 meqavat həcmində su elektrik stansiyaları artıq fəaliyyətdədir. Zənnimcə, bu rəqəm 500 meqavata çatdırılacaq. Bu, bizə regionu tam əhatə etməyə kifayət edəcəkdir. Tam inteqrasiya olunmuş elektrik kabeli layihəsi həyata keçirildikdən sonra Qarabağda istehsal edilən elektrik enerjisi Azərbaycanın digər bölgələrinə nəql olunacaqdır.
Bizim əsas investorlarımız xarici şirkətlərdir. Azərbaycan burada kiçik pay sahibi kimi çıxış edir. Bu, o deməkdir ki, bizim ölkədə biznes mühitimiz və sərmayə imkanlarımız, sərmayə qarşılığında gəlir əldə edilməsi baxımından çox uğurlu bir mövqedəyik. Əks təqdirdə, heç kəs bura bir dollar belə vəsait qoymazdı. Dediyim kimi, artıq iki qiqavata yaxın həcmlə bağlı qərarlar verilib və ümumilikdə, 10 meqavat həcmində saziş və memorandumlar imzalanıb. Gələn il buraya gələndə görəcəksiniz ki, bu region tamamilə yaşıl enerji regionuna çevrilib.
Moderator Rebekka Maklaflin-İstham: Nailə Balayevaya söz vermək istərdim.
Nailə Balayeva: Təşəkkür edirəm. Mən “Reuters” xəbər agentliyini təmsil edirəm. Cənab Prezident, Rusiya Ukrayna ərazisindən Avropaya qazın nəqlini 2025-ci ildə dayandıracaq. Azərbaycan Avropaya qaz nəqlinin həcmini necə artıra bilər? Buna Ukrayna vasitəsilə Avropaya svop əməliyyatı çərçivəsində Slovakiyanı misal göstərmək olar. Bu, necə baş verə bilər? Bu, mümkündürmü? Avropaya 2027-ci il üçün həcmin iki dəfə artırılması mümkündürmü? Bu, Azərbaycan qazı olacaqdır və ya digər ölkələrdən də qaz həcmləri cəlb edilə bilər?
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Biz 2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayanda qarşıya konkret hədəf qoyduq. Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq öhdəlik deyil, bu, bizim hədəfimizdir. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın həcmdə nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaqdır. 2027-ci il haqqında danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların Avropaya mövcud şəbəkə - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır.
Ukrayna ilə Rusiya arasında müqaviləyə xitam verilməsi məsələsinə gəldikdə, Ukrayna və Avropa İttifaqı bizə müraciət edib ki, biz bu müqavilənin uzadılmasında yardımçı olaq. Hesab edirəm və mənə elə gəlir ki, hər iki tərəf bunda maraqlıdır. Çünki Ukraynanın özünün bu qaza ehtiyacı var. Düzgün qeyd etdiniz, Avstriya, Slovakiya kimi ölkələr də çox ciddi çətinliklə üzləşəcəklər. Onlar ya, - dəqiq rəqəm demək istəmirəm, - digər mənbələrdən qaz almaq üçün yüzlərlə milyon dollar və ya avro həcmində əlavə pul verməli olacaqlar və fiziki olaraq da onların əlavə qaz həcmlərinə çıxışı olmayacaq. Çünki digər Avropa ölkələri kimi, bu iki ölkə də ən çətin vəziyyətdədir. Yəqin ki, məlumatınız var, Azərbaycan, - yenə də mövzuya qayıdırıq, - Rusiya qazını satmaqda ittiham edilirdi. Bu, tamamilə “feyknyus”, yalan xəbərdir. Sizin üçün bir misal çəkim: bəli, biz Rusiya ilə 1 milyard kubmetr həcmində qazla bağlı müqavilə imzaladıq. Bazarlarda qiymət çox yüksək olanda Rusiya qazının qiyməti daha münasib idi və bu, tamamilə kommersiya prinsipli bir biznes sazişi idi. Dediyim kimi, biz 25 milyard kubmetr ixrac edirik, yalnız 1 milyardı idxal etmişik. Yəni, burada Rusiya qazının ixracı üçün hər hansı bir kanal olmaqda ittiham edilməmiz çox yanlış və necə deyərlər “feyk” xəbərdir.
Biz çox diqqətli olmalıyıq. Çünki hər bir şey bizi qane edir. Dediyim kimi, səkkiz və bu yaxınlarda daha bir Avropa ölkəsi bizim müştərimizdir. Bizim “Abşeron” adlanan nəhəng qaz yatağımız var. Bu il biz 1,5 milyard kubmetr qaz hasil edəcəyik, qarşıdan gələn illərdə bu rəqəm 5 milyard kubmetrə çatacaq. Gələn il biz “Azəri-Çıraq-Günəşli” yatağından əlavə qaz alacağıq. Yəni, bizim heç bir ölkənin qazına ehtiyacımız yoxdur. Yəqin, bilirsiniz, Türkmənistan qazının İran ərazisindən Azərbaycan vasitəsilə nəql edilməsi də müəyyən səbəblərdən dayandı. Yəni, bizim buna ehtiyacımız yoxdur. Ukrayna tərəfi və Avropa Komissiyası bizə müraciət edib. Biz Rusiya ilə bu baxımdan danışıqlar aparırıq. Biz burada yardımçı ola bilsək, bunu edəcəyik. Amma yenə də təkrar edirəm, bu sualınıza görə də təşəkkür edirəm ki, hər hansı bir ittihamlardan uzaq olmaq üçün biz hər hansı möhtəkirliyə yol vermirik. Hesab edirəm ki, bu müqavilənin uzadılması mümkündür. Bu, Rusiya üçün də faydalı olacaq, çünki o istiqamətdə 50 milyard kubmetrdən artıq premium bazarında satılacaq qazı var. Biz bilirik ki, bu gün Rusiya digər bazarları da nəzərdən keçirir. Bunu da anlamaq olar. Onlar qazı Qazaxıstana nəql etməyə başlayıblar, artıq Özbəkistana da qaz nəql edilir. Çünki bu iki ölkənin ənənəvi təchizatçılarla bağlı problemləri var. Digər müəyyən fikirlər də var. Hər bir ölkə şaxələndirmə üzərində işləyir. Bizim Rusiyaya, İrana, Gürcüstana, Türkiyəyə, İtaliyaya – hər yerə uzanan boru kəmərlərimiz var. Biz bu baxımdan özümüzü rahat və təhlükəsiz hiss edirik. Sizin sualınıza uzun cavab verdim, çünki bu, çoxtərəfli sual və məsələdir. Bir daha qeyd edirəm ki, biz kömək etməyə hazırıq. Ancaq biz yalnız vasitəçiyik. Bundan başqa hər hansı digər mövzudan söhbət gedə bilməz.
Moderator Rebekka Maklaflin-İstham: Cənab Prezident, Siz geniş cavab verirsiniz. Biz bunun yalnız tərəfdarıyıq. Cənab Prezident, icazənizlə, növbəti suala keçək. Sual verən xanım Özbəkistanı təmsil edir.
Özbəkistanın Milli İnformasiya Agentliyinin (UZA) baş redaktoru Durdona Salixova: Təşəkkür edirəm. Əvvəlcə, istərdim dəvətə və bu Forumda iştiraka imkan yaratdığınıza görə təşəkkürümü bildirim. Sualım belədir ki, Siz media sənayesinin gələcəyini və süni intellektin bu prosesdə rolunu necə görürsünüz?
Prezident İlham Əliyev: Burada mənə məşhur media sənayesinin nümayəndələri ilə rəqabətə girmək çətin olacaq. Onların bilmədiklərini deyə bilmərəm. O ki qaldı, süni intellektə, doğrudan da bu mövzu hazırda tamamilə yeni müstəviyə çıxmaqdadır. Vaxtaşırı rəsmi məlumatlar, Azərbaycanın səlahiyyətli qurumlarının rəsmi məlumatları onu göstərir ki, mənim adımdan fərqli biznes layihələrinin elan olunması haqqında məlumatlar daxil olur və bunların heç birinin nə mənə, nə də Azərbaycana aidiyyəti yoxdur. Təəssüf ki, bəzi insanlar, böyük sayda insanlar buna inanır. Sən bunun öhdəsindən necə gəlməlisən? Cavab çox çətindir. Çünki kimsə etirazı, təkzibi oxuyacaq, ya oxumayacaq, yaxud da çox gec olacaq. Bu feyki dərhal tapmaq çox çətin olur. Sən bir müddət sonra onu aşkarlayırsan. Həmin müddət ərzində insanlar artıq buna inanır. Bu, müəyyən mənada çox kəskin mahiyyət daşımır. Kimsə bunun üzərindən pul qazanmaq istəyir və mənim adımdan süni intellektdən istifadə edərək elanlar dərc olunur ki, məsələn, buraya pul yatırın, oraya pul yatırın. Lakin bu yolla getsələr fərqli elanlar olacaq: mənim adımdan bəlkə də müharibə elan edərlər və kimsə buna inana bilər və hansısa digər müəyyən tədbirlər həyata keçirə bilər.
Məsələ yalnız Azərbaycandan getmir. Nüvə silahına malik ölkələr var. Bu ölkələr, eyni zamanda, süni intellekt tərəfindən manipulyasiyaya məruz qala bilər. Hətta məişət səviyyəsində bir çox hadisələr var ki, bir çoxlarına - insanların münasibətlərinə, ləyaqətinə, nüfuzuna bərpa olunmayan xələl yetirilə bilər. İctimai şəxslərin fərqli feyk video, vizual və audioməlumatlarla tamamilə yamsılanması gedir. Düşünürəm ki, siz də, ümumiyyətlə media ictimaiyyəti siyasətçilərə yol göstərməlidir. Siyasətçilər çox ciddi qərarlar qəbul etməlidirlər ki, müəyyən mənada bunu məhdudlaşdırsınlar. Çünki bu, yalnız feyk xəbər deyil. Bu, insanların təhlükəsizliyinə, həyatına, cəmiyyətə, ölkələrə, fərdlərə kifayət qədər ciddi təhlükədir, təhdiddir, onların şəxsi həyatına, fəaliyyətinə ciddi təhdiddir. Düşünürəm ki, bu mövzu bu gün, sabah və birisi gün sizin tərəfinizdən müzakirə olunacaq mövzulardan biridir.
Zənnimcə, beynəlxalq səviyyədə belə bir mexanizm işlənib hazırlana bilər. Bu, heç bir halda söz azadlığının məhdudlaşdırılması kimi qəbul olunmayacaq. Beynəlxalq səviyyədə, BMT səviyyəsində, yaxud da “Böyük 20”lik tərəfindən təşəbbüslər irəli sürülə bilər ki, buna son qoyulsun. Bu, çox ciddi bir təhdiddir və təşəkkür edirəm ki, siz bu mövzuya toxunursunuz.
Moderator Rebekka Maklaflin-İstham: Təşəkkür edirəm, cənab Prezident. Növbəti sual Mirşahin Ağayevindir.
“Real” televiziyası, Azərbaycan, Mirşahin: Cənab Prezident, bir neçə dəfə Siz bu mövzuya toxunmusunuz ki, Azərbaycana karbohidrogen ehtiyatlarının hasil edilməsini irad tutublar və bu gün də bu mövzuya toxundunuz. Bu gün mən Sizin yadınıza 30 il bundan əvvəli salmaq istəyirəm. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmışdı və o müqavilə imzalanandan təxminən 10 dəqiqə sonra mən Sizdən müsahibə götürmüşdüm. Siz o müqavilə haqqında danışarkən onun nəticələrinin Azərbaycan xalqının gələcəyinə işlədiyini bildirmişdiniz. Çox maraqlıdır mənə, Ulu Öndərlə müsahibələrimizdə, söhbətlərimizdə də bu barədə danışmışdıq ki, müqavilənin hazırlanması ilə bağlı şərtlərin demək olar, hamısında Siz iştirak etmisiniz, hazırlanma prosesi Sizin rəhbərliyiniz altında keçib. Rəhmətlik Xoşbəxt Yusifzadə bu barədə geniş danışmışdı. Mənə çox maraqlıdır, indi Azərbaycana irad tutan dövlətlər ki var, axı, onlar “Əsrin müqaviləsi”nin hazırlanmasında cidd-cəhdlə iştirak edirdilər. Onlar özlərini onda necə aparırdılar. Onda deyirlər yox, lazım deyil, müqaviləni imzalamayaq. Yox, gəlin bunu saxlayaq, ekoloji filan, filan, filan, yoxsa onlar çalışırdılar, axı mən bilirəm, o layihələrə düşmək o qədər asan deyildi. Onlar böyük rəqabətdən sonra seçilmişdilər. Xatırlayıram, “Amoco”nu xatırlayıram, “Benzoil”i xatırlayıram, BP-ni. Mənə bu, maraqlıdır və bir də ümumiyyətlə, nə qədər inanmaq olar bu müəyyən dövlətlərin səmimiyyətinə ki, onlar COP29-la guya dünyanın xilasına çalışacaqlar. Mən Azərbaycanın bu barədə səmimiyyətinə Sizin çıxışlarınızdan özüm qədər əminəm. Amma haradan bilə bilərik ki, 30 il bundan sonra onlar yaşıl enerjini də Azərbaycana irad tutmayacaqlar ki. Axı bu gün o dövlətlər bir yandan kəpənək effektindən qorxurlar ki, ay aman, çiçəyin üstünə ehmalca qonsun ki, dünya dağılar, o tərəfdən də dünyanın bütün pulunu, dollarlarını, avrolarını sərf edirlər Rusiya-Ukrayna müharibəsinə, az qala nüvə başlıqlarını hərəkətə keçirmək haqqında düşünürlər. Nə qədər çətindir Sizə belə qeyri-səmimi tərəfdaşlarla iş aparmaq və COP29-dan Siz nə gözləyirsiniz? Doğrudanmı, onlar öz sözlərinin sahibi olacaqlar? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bilirsiniz, siz yaxşı bilirsiniz, bizim sizinlə dəfələrlə söhbətlərimiz olub. Biz bu qeyri-səmimi münasibətlərə bir növ öyrəşmişik, əfsuslar olsun. Bəzi hallarda ikili standartları görməyəndə özümüz-özümüzə sual veririk, görəsən, nələr baş verir? Biz buna o qədər öyrəşmişik ki, yəni, ağa qara, qaraya ağ demək adi hala çevrilib. Burada bunun yeganə yolu buna məhəl qoymamaq, fikir verməmək, öz yolundan dönməmək və ölkə üçün, xalq üçün lazım olan bütün addımları vaxtında atmaqdır. Necə ki, 1994-cü ildə, siz də bunu qeyd edirsiniz, Ulu Öndər tərəfindən tarixi qərar qəbul edildi. O, tarixi qərar idi və o vaxt mən də xatırlayıram, bu müqavilə ilə əlaqədar bir çox mülahizələr, bir çox fikirlər var idi. Bunu qəbul etməyənlər var idi. Siz də yaxşı xatırlayırsınız və o hadisələri işıqlandırmısınız. O müqavilə imzalanandan iki həftə keçməmiş dövlət çevrilişinə cəhd edildi və bunun səbəblərindən biri məhz bu müqavilə idi. Ondan sonrakı geosiyasi gedişatların da təməlində məhz bu dayanırdı. Bu müqavilə Azərbaycana əsl müstəqillik gətirə biləcək bir müqavilə idi və onu o vaxt biz də bilirdik, dostlarımız da bilirdi, bizi istəməyənlər də bilirdi. Bu, bizim üçün bir nəfəs borusu, bir oksigen borusu idi. Xatırlayıram, mənim atam o müqavilə imzalanandan sonra tez-tez məndən soruşurdu, nə vaxt biz artıq onu görəcəyik, nə vaxt görəcəyik və biz əlimizdən gələni, yəni, bütün bizim komandamız, rəhmətlik Xoşbəxt müəllim, rəhmətlik Natiq Əliyev, Valeh Ələsgərov, Allah canını sağ eləsin və digər yoldaşlar, mən daxil olmaq şərtilə, - əlimizdən gələni edirdik ki, biz maksimum qısa müddət ərzində ilk nefti hasil edək. Əgər dünya neft kontraktlarının tarixçəsinə nəzər yetirsəniz görərsiniz ki, belə qısa müddət ərzində bu cür nəhəng neft yatağından neft çıxarmaq cəmi üç il ərzində tarixdə olmayıb. 1994-cü ilin sentyabr ayında müqavilə imzalandı, 3-4 aydan sonra parlamentdə ratifikasiya edildi, qanun kimi qüvvəyə mindi və 1997-ci ilin noyabr ayında “Çıraq-1” platformasından ilk neft çıxarıldı. Ondan iki il sonra Bakı-Supsa kəməri tikildi, daha sonra Ulu Öndər öz əlləri ilə Bakı-Tbilisi-Ceyhanın təməlini qoydu. Yəni, bütün bunlar o vaxt da, bu gün də bizim gördüyümüz işlərin nə qədər uzunmüddətli olduğunu bir daha göstərir. Təsəvvür edin, əgər o vaxt bu müqavilə imzalanmasaydı, yaxud ondan iki il keçməmiş “Şahdəniz” üzrə müqavilə imzalanmasaydı, bu gün həm biz, həm də bizim qazımızdan bəhrələnən, ondan öz enerji təhlükəsizliyində istifadə edən ölkələr hansı çətinliklərlə üzləşəcəkdilər? Yəni, o, qlobal təfəkkürün və müdrikliyin təzahürü idi.
O ki qaldı iradlara, bilirsiniz, o vaxt da bizə başqa iradlar tuturdular. Bəlkə də siz də yəqin ki, xatırlayırsınız. Deyirdilər ki, Azərbaycanda neft yoxdur, neft kəmərləri tikilməməlidir, Azərbaycan blef edir, nefti yoxdur, nə bilim yalan məlumatlar ötürür. Bu günə qədər “Azəri-Çıraq”dan hasilatımız davam edir. “Şahdəniz” müqaviləsi bağlananda sonra da ortalığa bir uydurma atmışdılar ki, Azərbaycanda qaz yoxdur. Azərbaycan özü filan yerdən qaz alır və heç vaxt, heç bir ölkəyə qaz nəql edə bilməz. Artıq səkkiz ölkəyə qaz nəql edirik, bu il bizdə 50 milyard kubmetr hasilat gözlənilir. Onun bir hissəsi yenidən neft laylarına vurulacaq ki, oradan neft hasilatı daha da artsın, bir hissəsi daxili istehlaka yönəldiləcək, 25 milyard kubmetri isə dünya bazarlarına nəql olunacaq. Bu, təkcə mənfəət deyil. Bu, geosiyasi əhəmiyyətdir, bu sahə ilə yaxından tanış olanların hamısı yaxşı bilirlər ki, bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli amilidir. Mən istisna etmirəm, bəlkə də siz haqlısınız, gün gələcək bizə yaşıl enerjini də irad tutacaqlar. Çünki yaşıl enerji ilə bağlı indi üzə çıxan bir çox məqamlar var ki, insanları və qərar qəbul edənləri düşünməyə vadar edir. Yəni, orada o materialların utilizasiyası necə olacaq? Batareyaların, akkumulyatorların taleyi necə olacaq? Yəni, indidən artıq bunun altına da bir mina qoyulur ki, lazım olan vaxtda o, kiminsə başında çatlasın. Amma yenə də deyirəm, bizim atdığımız bütün addımlar və təşəbbüslərimiz əsas məqsədi güdür - ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək.
COP29 bu istiqamətdə çox önəmli bir addım olacaq. Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağızlarını büzənlər var ki, nəyə lazımdı, qoyun rahat yaşayaq. Yenə tədbir olacaq, yenə qonaq gələcək. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi önəmi əhəmiyyətli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələr tamamilə başqa məcrada inkişaf edir. Ənənəvi mövzulardan başqa, bu mövzu və buna paralel olan mövzular da daxil edilir.
Mən artıq qeyd etdim, inkişafda olan 50-dən çox kiçik ada dövlətləri var. Onlar üçün biz xüsusi fond təsis edirik və o fonda əhəmiyyətli dərəcədə vəsait də qoyacağıq. Onlara kömək göstərəcəyik. Əlbəttə, onlar bizim təbii müttəfiqlərimizə çevriləcək və mən digər ölkələri sadalamıram. Biz bu addımları atmaqla ölkəmizi böyük dərəcədə gücləndiririk və bu gün burada bizim COP nümayəndələri, komandamız iştirak edir. Onlar da çox fəal işləyir və mən demişəm, siz xarici ölkələrdə işləməlisiniz, bütün dünyanı dolaşmalısınız ki, Azərbaycanın mövqeyini, Azərbaycanın gündəliyini bütün tərəf-müqabillərinə çatdırasınız.
Təşkilati nöqteyi-nəzərdən mən sözün düzü, hər hansı bir çətinlik görmürəm. Çünki bizim təcrübəmiz kifayət qədər böyükdür. Nəticə etibarilə nə hasil ediləcək, bunu bəri başdan demək çətindir. Bir də ki, bu, artıq bizdən asılı deyil. Biz maksimum edə biləcəyimizi edəcəyik, körpülər quracağıq, Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirəcəyik. Ancaq əlbəttə, bu iqlim məsələsində əsas söz sahibləri təbii ki, Azərbaycan boyda ölkələr deyil. O böyük ölkələrdir ki, onları da bir araya gətirmək üçün biz indi səylər göstəririk.
Moderator Rebekka Maklaflin-İstham: Zati-aliləri, Siz kifayət qədər vaxt ayırmısınız.
Prezident İlham Əliyev: Mən qorxuram ki, bizim auditoriyamız artıq yorulubdur. Əgər yorulmamısınızsa, biz davam edə bilərik. Yəni, çox uzun çəkdikdə müzakirələr bir növ darıxdırıcı ola bilər. Auditoriyamız hələ də fəaldırsa, biz davam edə bilərik.
Rebekka Maklaflin-İstham: Gəlin razılaşaq ki, əlavə dörd sual veriləcək. Bizim Nigeriyadan olan iştirakçımız var, müstəqil jurnalistdir.
Müstəqil jurnalist Con Ayomide: Cənab Prezident, təşəkkür edirəm. Burada olmaq mənim üçün böyük şərəfdir. Mən ikinci dəfədir Şuşaya səfər edirəm və çox böyük işlərin şahidi olmuşam. Beynəlxalq səviyyədə əməkdaşlıq haqqında sual vermək istərdim. Sizə Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı arasında əlaqələr haqqında sual vermək istərdim. Sizin fikrinizcə, hansı təşəbbüslər irəli sürülə bilər ki, belə bir əməkdaşlıq gücləndirilsin? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: İki həftə bundan əvvəl məhz burada Türk Dövlətləri Təşkilatının qeyri-formal Zirvə toplantısı keçirildi və mövzulardan biri bağlılıq və nəqliyyat idi. Digəri isə təşkilatımızın potensialının gücləndirilməsi idi və biz bəyan etdik ki, Azərbaycan təşkilatın katibliyinə iki milyon dollar məbləğində ianə ayırdı. Ona görə ki, təşkilatımız beynəlxalq müstəvidə daha fəal olsun. Biz beynəlxalq təşkilatlarla praktiki və möhkəm əlaqələr qurmaq istəyirik, o cümlədən Afrika İttifaqı ilə. Bildiyimə görə, bizim təşkilatımızın Afrika İttifaqı ilə rəsmi təmasları olmamışdır. Ancaq biz bunu ciddi şəkildə nəzərdən keçirməliyik.
Azərbaycana gəldikdə, biz Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışmışıq və Afrika İttifaqında - Efiopiyada öz səfirliyimizi təsis etmişik ki, orada əməkdaşlıq üçün zəmin yarada bilək. Həmin qitədə Afrika İttifaqının bir çox üzvləri ilə bizim fəal təmaslarımız var. Əlbəttə ki, Qoşulmama Hərəkatına sədrliyimiz bizə Afrika qitəsindən olan ölkələrlə praktiki təmaslar qurmağa kömək etmişdir. Bu gün artıq oradan rəsmilər Azərbaycana səfər edir və mən COP29-la bağlı dəvətlər göndərmişəm. Bir çox Afrika ölkələrinin prezidentləri öz iştiraklarını təsdiq ediblər. Bu da yaxşı fürsət olacaq ki, təmaslar qurulsun. Yəni, hazırda deyə biləcəyim odur ki, Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı arasında rəsmi əməkdaşlıq kanalları yoxdur. Mən şübhə etmirəm, bu, olacaqdır. Ancaq milli səviyyədə Azərbaycan və Afrikanın müxtəlif ölkələri arasında yaxşı əməkdaşlıq var. Hər hansı fikir ayrılığı yoxdur. Əksinə, biz Afrika İttifaqından olan bir çox ölkələri COVID dövründə dəstəkləmişik. Biz 80-dən artıq ölkəyə COVID dövründə humanitar və maliyyə yardımı göstərmişik və onların bir çoxu Afrika İttifaqının üzvləridir.
Biz Afrika İttifaqı ölkələrindən olan tələbələr üçün hazırda təqaüd mexanizmi üzərində işləyirik. Çalışacağıq fəal olaq və sağ olun ki, bu forumda iştirakla bağlı bizim ölkəyə bir daha səfər edirsiniz.
Moderator Rebekka Maklaflin-İstham: Növbəti sual İsraildən gələn müstəqil jurnalistdəndir.
Müstəqil jurnalist Roman Qureviç: Cənab Prezident, dəvətə görə təşəkkür edirəm. Qeyd etmək istərdim ki, 2021-ci ildə mən Şuşada olmuşam, dağıntılar, hər şey çox pis vəziyyətdə idi, minalar. Mehmanxanaların heç biri yox idi. Bu gün gözümüzün qarşısında xarıbülbülün çiçək açması, Şuşanın gözəl çiçəyinin açılmasını görmək doğrudan da unudulmaz bir xatirədir. Çağdaş dünyada ksenofobiya, yadlara nifrət, insanların bir-birini qəbul etməməsi ən ciddi problemdir. Azərbaycanda, eyni zamanda, müxtəlif dinlərə mənsub insanlar yaşayırlar: müsəlmanlar, xristianlar, yəhudilər və bir çox digərləri. Onlar hər zaman bir-biri ilə mehriban, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Novruz bayramında bir-birinə səməni bağışlayır, xanuka zamanı xanuka gelt keçirirlər. Xristianların pasxası zamanı bir-birinə qonaq gedib kuliç yeyirlər və bu, hər zaman yaxşı olub və bir-birinə mane olmayıb. Bu, hər zaman, əsrlərlə belə olub və indi də belə olmaqdadır. Beləliklə, Azərbaycan insanların bir-biri ilə necə yaşamasının, qarşılıqlı hörmət, dözümlülük, tolerantlıq nümunəsidir. Sualım belədir, Azərbaycan torpağında, Azərbaycan xalqında hansı xüsusiyyət bunu mümkün edir, buna imkan yaradır? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Əvvəlcə evinizə xoş gəlmisiniz. Sizi yenidən görməyə çox şadam. İkincisi, azad olunmuş ərazilərin bərpası ilə əlaqədar gördüyümüz işlərə dair xoş sözlərə görə təşəkkürümü bildirirəm. Düşünürəm ki, sualınızın cavabı sizə də məlumdur. Lakin sual verdiyinizə görə sizə təşəkkür edirəm. Düşünürəm ki, burada bir sintez var, fərqli amillərin vəhdəti var. Burada bu amillərdən biri olmasaydı, qarşılıqlı hörmət, məhəbbət mühiti mümkün olmazdı. Qeyd etmək istədiyim digər məsələ odur ki, bu mühiti süni yaratmaq mümkün deyil. Əsas odur ki, bunu qoruyasan, gücləndirəsən və özündən sonra növbəti nəsillərə ötürəsən.
Bəhs etdiyiniz məsələlər bizə yüzilliklərlə, minilliklərlə xas olan bir xüsusiyyətdir və birgə yaşam, müxtəlif dini etiqadların, müxtəlif etnik qrupların birgə yaşamı, bunların hər biri Azərbaycan dövlətçiliyinin qurulmasında, müasir Azərbaycanın qurulmasında rol oynayıb və həmin o töhfəni verməkdə davam edirlər. Bu, böyük bir fəaliyyətdir. Ərazilərimiz işğaldan azad olunandan sonra mən təklif etdim ki, ilk Xarıbülbül festivalını Azərbaycanda yaşayan bütün xalqların mədəniyyətinə həsr edək. Bu, mənim ideyamdır və düşünürəm, çox düzgün bir ideyadır ki, Azərbaycanda yaşayan bütün xalqlar, bilirsiniz ki, azadlıq naminə mübarizədə iştirak ediblər. Dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər biri, hər bir nümayəndəsi öz həyatını qurban verib, sağlamlığından məhrum olub. 2021-ci ildə keçirilən Xarıbülbül festivalında biz bunun hər birini nümayiş etdirdik. Şəxsən bundan daha emosional, daha mədəni tədbir xatırlamıram və bəlkə də heç olmayacaq. Cəmiyyət və hökumət, əsasən də hökumət bu məsələyə gündəlik əsasda diqqət yetirməlidir. Bu, elə bir mövzu deyil ki, onu kənara qoyub sonradan məşğul olasan, ikinci dərəcəli hesab edəsən və ya da iqtisadiyyat deyil, büdcə deyil. Bu, maddi bir aktiv deyil. Çünki bu, hər bir şeyin təməlidir.
Çoxmillətli cəmiyyət Azərbaycanın fəxr etdiyi amildir - düzgün siyasət, təhsil, tərbiyə, nümunə, davranış nümunəsi. Biz bərpa prosesində bir çox məscidləri bərpa etməli idik. Son illərdə açılışlar zamanı kimlər çıxış edirdi, şeyxülislam, arxiyepiskop Aleksandr ata və yəhudi icmasının rəhbəri cənab Milix və yaxud da ondan sonrakı icma rəhbəri. Mən adətən Azərbaycanın bütün bölgələrindən dini icmaların rəhbərlərini toplayırdım. Onların hamısı gəlirdi, Gəncədən İmamzadənin, yaxud da Şamaxı məscidinin nümayəndəsi, Azərbaycanın müxtəlif bölgələrindən, onlar gəlib müsəlmanların, katoliklərin, pravoslavların və yəhudilərin rəhbərlərinin məsciddə çıxış etməsinin şahidi olurlar. Onlar bu ismarışları özləri ilə öz ərazilərinə, öz yerlərinə aparır və bunu paylaşırlar. Bu, yalnız bir epizoddur, lakin bunların sayı çoxdur. Hər şeyin təməlində cəmiyyətin öz məfkurəsi dayanır, bu, çox böyük dəyərdir. Elə bir dəyərdir ki, onu qucaqlamaq istəyirsən, öpmək istəyirsən və Tanrıya təşəkkürünü ifadə etmək istəyirsən ki, bunu sənə nəsib edib və biz bunu qorumalıyıq. Bizim hüququmuz yoxdur ki, bunu qorumayaq və biz cəmiyyət olaraq, hökumət olaraq bunu qoruyuruq, yaşadırıq. Sözsüz ki, dini liderlər, onların sözləri, onların kəlamları çox vacibdir və konkret bu halda biz deyirik, din dövlətdən ayrıdır. Lakin ölkə üçün, onun inkişafı və gələcəyi üçün fövqələhəmiyyətli məsələlərdə dövlət və dini rəhbərlər vahid mövqedən çıxış edirlər. Təşəkkür edirəm və evinizə tez-tez gəlin.
Moderator Rebekka Maklaflin-İstham: İndi isə Yaxın Şərq Xəbər Agentliyindən (MENA) Tarek Abdel Qaffar, buyurun, sualınızı verə bilərsiniz.
Tarek Abdel Qaffar: Mən Misirin MENA agentliyini təmsil edirəm. Cənab Prezident, Sizin inkişaf etməkdə olan və inkişaf edən ölkələr arasında “uçurumu” aradan qaldırmaq baxımından, xüsusilə də zəngin ölkələrin fəaliyyəti nəticəsində ətraf mühitə vurulan zərər, müəyyən kompensasiyalar haqda nə düşünürsünüz, bu istiqamətdə hansı addımlar atılmalıdır? Çünki bir çox ölkələr bu baxımdan heç bir təzminat almayıb. COP29-un ev sahibi olaraq Sizin ölkənizlə Misir və Birləşmiş Ərəb Əmirlikləri arasında məhz bu istiqamətdə əməkdaşlıq varmı?
Prezident İlham Əliyev: Biz “Troyka”nın təsis edilməsinin təşəbbüskarı olduq. Bu, ötən, hazırkı və gələcək sədrlərin - Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın və Braziliyanın “Troykası”dır. Bu, bir mexanizmdir. Buna qədər bu, mövcud deyildi. Bizim bu təklifimiz Birləşmiş Ərəb Əmirlikləri və Braziliya tərəfindən dəstəkləndi. COP, sadəcə, bir və ya iki həftə davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir. Əgər bir ölkə hər hansı miras qoymaq istəyirsə, bu, tutarlı və konkret töhfə olmalıdır. Sözlər, bəyanatlar kifayət deyil. Burada real addımlar atılmalıdır və koordinasiya həyata keçirilməlidir. “Troyka” mexanizmini biz yaratmışıq və əminəm ki, bu mexanizm gələcəkdə də davam edəcək.
O ki qaldı, hansı ölkə planetin məhv edilməsinə daha çox dırnaqarası “töhfə” verib, bu barədə danışmaq səmərəsiz olar. Çünki biz çox gözəl bilirik ki, ən böyük karbon tullantılarını istehsal edən və ətraf mühiti çirkləndirən böyük ölkələr hansılardır. Ancaq elə bir platforma yaradılmalıdır ki, daha geniş maliyyə imkanlarına malik olan ölkələr digərlərinə kömək etsin. Mən mütəxəssis deyiləm. Dediyim kimi, altı aydır ki, mən bu məsələ ilə dərindən məşğulam. Səmimi desəm, bu, mənim üçün o qədər də aydın deyil. Çünki eşitdiklərimiz həqiqətə o qədər də uyğun deyil və ona görə də mən tam əmin deyiləm. Bəli, yəni, bizə deyilir ki, temperatur 1,5 dərəcə artsa, faciə olacaq. Ancaq biz başa düşürük ki, müəyyən təhlükə var. Dediyim kimi, “OPEC+” formatının üzvü olaraq biz neft istehsalçısı olan ölkələrlə bu sahədə öz işimizi gördük. Əlbəttə, daha çox gəlir əldə edən ölkələr daha çox maliyyə töhfəsi verməlidir. O ölkələr ki, atmosferə daha çox tullantı buraxır və pulları var, onlar da maliyyə baxımından töhfə verməlidir. Ancaq beynəlxalq səviyyədə qiymətləndirmə odur ki, buna trilyonlarla dollar vəsait lazımdır və bu vəsait haradan gələcək? Bu, çox açıq bir sualdır. Yəni, inkişaf edən ölkələrə dəstək göstərilməlidir və dediyim kimi, biz inkişafda olan kiçik ada ölkələri üçün fond yaratdıq. Ancaq biz inkişaf etməkdə olan hər bir ölkə ilə bağlı fond yarada bilmərik. Bizim o qədər pulumuz yoxdur. Əlbəttə, bu işdə həmrəylik olmalıdır və digərlərini təşviq etməliyik ki, bizim nümunəmizə uyğun olaraq hərəkət etsinlər. Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun. Biz ona görə də bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişik. Demirəm ki, biz bütün hədəflərimizə tam şəkildə nail olacağıq, ancaq bu işə öz töhfəmizi verməyə hazırıq.
Moderator Rebekka Maklaflin-İstham: “The Pakistan Daily” qəzetindən jurnalist buradadır, sual verəcək.
“The Pakistan Daily” qəzetinin redaktoru Hamza Azhar Salam: Cənab Prezident, təşəkkür edirəm. Şuşada olmaqdan çox məmnunam. Pakistan və Azərbaycan strateji tərəfdaşdırlar və hər iki ölkə dezinformasiya kampaniyalarından əziyyət çəkmişdir. İslamabada sonuncu səfəriniz zamanı Siz Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə ticarət dövriyyəsinin artırılması haqqında razılıq əldə etdiniz. İki qardaş ölkə arasında media sahəsində hansı şəkildə əməkdaşlıq edilə bilər?
Prezident İlham Əliyev: Siz düzgün bir məsələyə toxundunuz. Pakistan mediasında biz hər zaman qardaş dəstəyi görmüşük. Mən Azərbaycanla bağlı beynəlxalq medianı izləyirəm və ölkəmizlə bağlı hansısa beynəlxalq təşkilatlarda hər hansı bir material dərc edilibsə, hər səhər mənə məlumat verilir. Pakistana gəldikdə, biz hər zaman qardaş dəstəyini hiss etmişik. Biz buna görə olduqca minnətdarıq.
Bu sahədə səylərimizin birləşdirilməsi çox yaxşı fikirdir. Hesab edirəm, biz birgə media işçi qrupu da yarada bilərik ki, bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyək. Bəzi beynəlxalq media təşkilatlarına bizim çıxışımız var, bəzilərinə sizin çıxışınız var və bunu təkcə Pakistan deyil, digər dost ölkələrlə də edə bilərik. Siz tamamilə düzgün qeyd etdiniz ki, ölkələrimiz haqqında faktların təhrif edilməsi onun nüfuzunu ciddi şəkildə zədələyə biləcək nəticə verir.
Qeyd etdiyiniz kimi, mənim Pakistana çox gözəl səfərim oldu. Mənə həm Baş nazir, həm Prezident tərəfindən çox yüksək qonaqpərvərlik göstərildi. Mən o səfərin nəticələrinə görə çox şadam. Biz səfər çərçivəsində 17-yə yaxın sənəd imzaladıq. Onların bir çoxu artıq icra olunur. Eyni zamanda, biz Azərbaycan üçün Pakistanda sərmayə imkanlarını nəzərdən keçirdik və mənim qardaşım, Baş nazir Məhəmməd Şahbaz Şəriflə razılaşdıq ki, Azərbaycana konkret sərmayə layihələri təqdim ediləcək. Müvafiq nazirlər təlimatlandırılıb və o layihələr nəzərdən keçiriləcək və əminəm ki, icra olunacaq. Çünki bu, əlbəttə, kommersiya baxımından nəzərdən keçiriləcək. Hesab edirəm ki, burada nəhəng potensial var. İkitərəfli ticarət və sərmayə, həmçinin müdafiə sənayesi məsələsini də geniş müzakirə etdik, hər iki ölkənin potensialını müzakirə etdik. Əminəm ki, biz əməkdaşlığımızı gələcəkdə də gücləndirəcəyik.
Moderator Rebekka Maklaflin-İstham: Son iki sual. Sizi əmin edirəm ki, suallar qısa olacaq. “Al Jazeera English” kanalının nümayəndəsinə söz vermək istəyirəm.
“Al Jazeera English” kanalının nümayəndəsi: Dəvətə görə çox sağ olun. Burada biz yalan məlumatların ifşası haqqında danışırıq. Mən qorxuram ki, yalan məlumatlar bir ölkə üçün yalan, digəri üçün isə doğru ola bilər. Ona görə də burada çox çətin bir seçim qarşısındayıq.
Prezident İlham Əliyev: Ən vacibi odur ki, məlumat və narrativ həqiqi olsun, həqiqətə söykənsin. Bu, birtərəfli, qərəzli olmasın. Çünki qərəzli olsa və koordinasiya şəklində aparılmış kampaniyanın media hücumunun bir nəticəsidirsə, əlbəttə ki, bu, qəbuledilməzdir. Bu, məlumat qıtlığından qaynaqlanırsa, o hissəni bəlkə də başa düşmək olar. Ancaq Azərbaycana gəldikdə, bu, koordinasiya edilmiş media hücumlarıdır. Bunlar adətən mühüm geosiyasi hadisələrə təsadüf edir. O, idarəedilən bir media hücumu olanda onlar istəklərinə nail olmurlar. Çünki onların istəkləri, hədəfləri bizim maraqlarımıza ziddir. Bir çox digər mexanizmlər var. Təsir mexanizmlərindən söhbət gedir. Burada QHT-ləri deyə bilərəm, maliyyələşmə ola bilər. Digər müxtəlif müdaxilələrdən, suveren ölkələrin daxili işlərinə müdaxilələrdən söhbət gedir. Əlbəttə, media ən çox görünən, ən həssas bir sahədir. Xüsusilə də bu, böyük və məşhur media şirkətlərindən gələn hücumdursa.
Artıq üç saatdır ki, biz bunu müzakirə edirik. Ümid edirəm, biz bu vasitə ilə öz fikrimizi o ölkələrə və dairələrə çatdırırıq ki, mediadan silah kimi istifadə edir. Əlbəttə, burada fikir müxtəlifliyi olmalıdır. Bu gün biz görürük ki, bir çox ölkələrdə media yalnız bir dairənin müəyyən mövzu ilə bağlı rəyini əks etdirir. Avropaya gedəndə bir narrativ görürük, Asiyaya getdikdə fərqli bir mənzərənin şahidi oluruq. Rusiyaya gedəndə artıq digər bir mənzərədir, Azərbaycana gələndə başqa bir mənzərənin şahidi olursunuz. Yəni, media sahəsi kəskin şəkildə siyasiləşdirilib. Bir daha deyirəm ki, biz siyasətçilərə tövsiyələr vermək sizin vəzifənizdir.
Moderator Rebekka Maklaflin-İstham: Sonuncu sualımız. Cənab Yusuf Özkır, Anadolu Agentliyinin İdarə Heyətinin üzvü.
Yusuf Özkır: Cənab Prezident, çox təşəkkür edirəm. İlk növbədə qeyd etmək istəyirəm ki, Şuşada olmaq çox gözəldir. Həmçinin yol boyunca tikilən tunellər, yollar, bu qədər qısa müddətdə belə inşaat işlərinin görülməsindən heyranlığımı açıq şəkildə söyləməliyəm.
Sualım Türk Dövlətləri Təşkilatı ilə bağlıdır. Gördüyümüz kimi, Qarabağ Zəfəri Türk Dövlətləri Təşkilatı mövzusuna da ciddi mənada təsir göstərib. Çünki Zəfərdən sonrakı prosesə baxdıqda nəzərəçarpacaq irəliləyiş var. Həm adı dəyişdi, həm toplantıları artdı. Sonuncu toplantı da iyulda burada keçirildi.
Bu gün Prezident Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətindədir. Bunu da bildirməliyəm ki, bu gün Türkiyə Respublikasının Kipr adasındakı türkləri oradakı yunan hakimiyyətinin işğalından azad etməsinin 50-ci ildönümüdür. Bu gün Şimali Kipr Türk Cümhuriyyətində tədbirlər keçirilir. Cənab Prezident Ərdoğan da geniş nümayəndə heyəti ilə oradadır. O, Sizin də adınızı qeyd edərək, bu ev sahibliyinizi də vurğulayaraq, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın buradakı Zirvə toplantısında iştirakına da toxundu və çıxışında təşəkkürlərini ifadə etdi.
Sualım belədir: bundan sonrakı dövrdə həm qlobal miqyasda hücumların çox artdığı, tez-tez III Dünya müharibəsindən bəhs olunduğu bir dövrdə, bir sıra ittifaqların sarsıldığı bir şəraitdə Türk Dövlətləri Təşkilatı müsbət mənada dəyişməkdədir. Bundan sonrakı dövrdə bu təşkilatın siyasi, iqtisadi, ticari baxımdan, eyni zamanda, hərbi sahədə uzunmüddətli perspektivdə necə bir gələcəyi var? Siz bunu necə dəyərləndirirsiniz? Bu prosesdə Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyəyə çıxması və tanınması istiqamətində də fikirlərinizi öyrənə bilsəm çox məmnun olaram. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. İlk növbədə, kiprli qardaşlarımızı bu bayram münasibətilə təbrik edirəm və onlara yeni uğurlar və xoşbəxtlik arzulayıram. Hörmətli Ersin Tatarı mən Azərbaycana dəvət etmişdim. Bir neçə ay öncə mənim qonağım olmuşdu və onu xüsusilə qeyri-rəsmi Zirvə görüşünə də dəvət etdim. Bildiyiniz kimi, Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında artıq müşahidəçi üzv statusuna malikdir və Zirvə görüşlərində bu statusla iştirak edib. Ancaq ilk dəfə olaraq bu tədbirdə öz bayrağı ilə iştirak etmişdi. Burada biz qardaşlıq borcumuz nədirsə, onu da etdik.
Hesab edirəm ki, hörmətli Ersin bəyin bu toplantıda iştirakı Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinə doğru atılan önəmli bir addımdır. Biz hər zaman kiprli qardaşlarımızla birlikdə olacağıq. Azərbaycandan böyük heyət gedib. Bugünkü bayramları birlikdə qeyd etdilər. Həm dövlət məmurları, eyni zamanda, millət vəkilləri də bu gün Kiprdədirlər.
O ki qaldı, Türk Dövlətləri Təşkilatının gələcək inkişafına, mənim baxışlarım burada tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq.
O ki qaldı, hərbi sahədə işbirliyinə, buradan bir neçə yüz metr məsafədə əziz qardaşım Tayyib bəylə biz 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlər oldu, o cümlədən hərbi sahədə.
Yəni, hesab edirəm ki, bu, bütün türk cümhuriyyətləri üçün gözəl bir örnəkdir. Təbii ki, hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyirik, qoruyuruq və hər şeydən üstün tuturuq. Ancaq sizin də qeyd etdiyiniz kimi, Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq.
Moderator Rebekka Maklaflin-İstham: Xanımlar və cənablar, bu çox gözəl məqamda cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm.
Mixail Qusman: Mən başa düşürəm ki, protokolu pozuram. İştirak edənlər adından, İlham Heydər oğlu, Sizə təşəkkür etmək istəyirəm. Bir məsələyə şərh bildirmək istərdim.
Siz İsraildən olan dostumun sualına cavab verdiniz. İki mühüm komponenti qeyd etdiniz. Bildirdiniz ki, onlar tarixən Azərbaycanda nadir bir mühit yaradır - cəmiyyət və hökumət. Azərbaycanlı olaraq və azərbaycanlıların Prezidenti olaraq Siz təvazökarlıqdan üçüncü amili demədiniz, bu da nadir, fantastik tolerantlıqdır. Bu, Azərbaycan xalqının nadir, fantastik tolerantlığıdır. Azərbaycan xalqı öz tolerantlığı, açıqlığı ilə imkan verib ki, Azərbaycanda əzəldən, qədimdən belə bir mühit yaransın.
Mən həyatımın böyük hissəsini Azərbaycanda yaşamışam və özüm şahidəm. Bizim təşəkkürümüz yalnız hökumətə deyil, yalnız cəmiyyətə deyil, bütün xalqadır. Təşəkkür edirəm.
Moderator: Çox təşəkkür edirəm. Xanımlar və cənablar, təşəkkürlər.
***
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb.
Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.
Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.
Xatırladaq ki, “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib.
***
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilir.
Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edir.
x x x
Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.
Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.
Xatırladaq ki, “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ