İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyevlə Paşinyan arasında ilin son görüşü: Brüssel, ya Peterburq...

Bu görüş Putinin vasitəçiliyi ilə ola bilər

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, ölkə başçılarının növbəti görüşü ilə bağlı bütün variantları müzakirə edirlər. O bildirib ki, Azərbaycan liderinin 7 dekabrda Brüsseldə nəzərdə tutulan görüşdən imtinasından sonra yeni problemlər yaranıb: “Ermənistan görüşün mümkünlüyü ilə bağlı variantları incələyir - ola bilsin ki, Sankt-Peterburq, Brüssel və yaxud başqa yerdə görüş baş tutsun”.

Yada salaq ki, 7 dekabrda Brüsseldə nəzərdə tutulan görüşə bir neçə gün qalmış Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronun iştirakı şərtini irəli sürmüşdü. Rəsmi Bakı İrəvanın şərtini qəbuledilməz adlandıraraq, bunu görüşdən imtina kimi qiymətləndirmişdi.

“Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir. Bu barədə isə xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı "Şərq tərəfdaşlığı" xarici işlər nazirlərinin görüşündə bildirib. Məlumdur ki, dekabr ayının sonunda Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. "Dekabrın sonunda yaranmış ənənəyə uyğun olaraq Sankt-Peterburqda MDB iştirakçısı olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi, dostluq görüşü keçiriləcək", - Rusiya rəsmisi deyib.

Qriqoryan Sankt-Peterburq deyərkən bu görüşü nəzərdə tutur. Amma Brüsseldə belə bir görüşün mümkünlüyü haqda heç bir məlumat yoxdur. O halda, gözlənilir ki, Əliyev-Paşinyan arasında ilin son görüşü Putinin vasitəçiliyi ilə ola bilər. Mümkündür ki, o görüşdə hansısa sənəd imzalansın. Amma bu, sülh müqaviləsi olmayacaq.

Builki belə görüşlərdən sonra ortada niyə nəticə yoxdur və gələn ilə ümid varmı?

Bəhruz Məhərrəmov: Bu gün hər bir azərbaycanlı üçün şükran və minnətdarlıq  günüdür - "İki sahil"

 Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov Azərbaycanın yeni bir müharibə istəmədiyini, lakin zəfərin ardını mütləq gətirməli olduğunu da qeyd etdi: “Ötən 30 illik danışıqlar təcrübəsi, daha sonra Azərbaycanın böyük zəfərindən sonrakı dövrdə diplomatik xronika göstərir ki, mövcud situasiyada yalnız müzakirələr hesabına Ermənistandan konstruktiv addımlar gözləməyə dəyməz. Ermənistan və ermənilər, ümumiyyətlə, cəza təhdidi olmadan təcavüzkar ritorika və işğalçı meyldən geri çəkilməyəcək. Ermənistanın dövlət ideologiyası kompromislərə açıq və adekvat deyil. Ona görə də İrəvan bu günə qədər yalnız bir halda razılığa əməl edib, o da Vətən müharibəsindən sonra "Dəmir yumruq"un təhdidi altında Ağdam, Kəlbəcər və Laçını boşaltmaqla. Əslində müharibə sonrası elə bu yanaşma ilə ən qısa zamanda yekun sülh müqaviləsi imzalamaq mümkün idi, cənab İlham Əliyev də məhz bu situasiyanı çox düzgün qiymətləndirərək kapitulyasiya aktından sonra sülh təklif etmişdi. Amma sonrakı dövrlərdə ayrı-ayrı güclərin, xüsusən Fransa, İran və eləcə də Rusiyanın bəzi dairələrinin, habelə diasporanın təhriki ilə İrəvan qeyri-adekvat davranışlar sərgiləməyə başladı. Lakin bütün bunlara baxmayaraq Brüssel prosesi nisbətən səmərəli format kimi çıxış etməkdə idi ki, Fransanın  pozucu fəaliyyəti bu müzakirələrdə ləngimələrə səbəb oldu.

Vaşinqtonun vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində təmas imkanları, habelə Rusiya formatı üzrə təmas perspektivləri isə qalmaqdadır. Amma istənilən halda İrəvan yalnız cəza təhdidi altında adekvat davranmağa başlayır ki, bu mənada Azərbaycan-Türkiyə təlimləri, habelə hazırda bir qrup QHT, media təmsilçisinin və ictimai fəalın Laçın-Xankəndi yolunu bağlaması, keçirilən dinc etiraz aksiyası hücum siyasətimizin mühüm elementləri kimi sülh danışıqlarında mövqeyimizi daha da gücləndirəcək. Amma istənilən halda qarşımızdakı erməni, onun havadarları olduğu üçün Bismarkın təbirincə desək, yekun sülhə "danışıqlar və müzakirələr zəminində yox, "qan və dəmir"lə" nail ola biləcəyimiz ehtimalını da unutmamalıyıq və unutmuruq da. Ordumuzun artan potensialı, müasirləşmə, daha çevik və daha peşəkar strukturlaşma, müdafiə sənayesinin imkanlarının genişləndirilməsi Azərbaycanın bütün variantlara hazır olduğunu göstərir. Biz yeni müharibə arzulamırıq, amma maraqlarımızı, zəfərin nəticələrinin realizəsini nəyin bahasına olur-olsun təmin edəcəyik".

Ceyhun Məmmədov - Benefisiar

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədovun sözlərinə görə, danışıqların pozulması ilə bağlı Ermənistanın Azərbaycanı günahlandırmağa heç bir haqqı yoxdur: “Azərbaycan iki il yarım müddətində münasibətlərin normallaşması üçün bütün addımları atdı. Baxmayaraq ki, 10 noyabr razılaşmasının üstündən 2 il keçib, nə qeyri-qanuni erməni silahlı qüvvələri Qarabağdan çıxarılıb, nə delimitasiya və demakrasiya prosesinə başlanılıb, nə də Zəngəzur dəhlizi açılıb. Amma Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Artıq biz Paşinyanın, eləcə də, Qriqoryanın və digərlərinin davamlı olaraq yalan xarakterli açıqlamalarını görürük. Onlar regionda vəziyyət gərginləşəndə, Azərbaycanın təzyiqləri artanda biz az yumşaldıcı bəyanatlar verirlər. Görüşlərdə üzərlərinə müəyyən öhdəliklər götürürlər. Sonra isə artıq erməni baş nazir ölkəsinə qayıtdıqdan sonra fərqli bir siyasət həyata keçirir. Hazırkı vəziyyətdə proseslərin təhlili göstərir ki, hələ Ermənistan yekun sülh müqaviləsinin imzalanmasına hazır deyil. Azərbaycan isə hazırdır. Rəsmi Bakı bu sənədin üzərində işləyib, Ermənistan tərəfinə də təkliflərini verib. Amma erməni tərəfi üzərinə götürdüyü öhdəlikləri icra etmir. Onu da qeyd edək ki, mövcud durumla əlaqədar Qarabağa yerləşdirilən rus sülhməramlıları ilə bağlı Rusiyanın fərqli mövqeyi var. Hesab edirəm ki, yekun sülh müqaviləsinin imzalanması daha çox Rusiya və Ermənistandan asılıdır. Onlar üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədilər. Hesab edirəm ki, Ermənistan bir müddətdən sonra atdığı addımların yanlış olduğunu anlayacaq. Əslində indi də bunu yaxşı anlayır. Yenidən Brüssel görüşlərini davam etdirməyə məcbur qalacaqlar. Sankt-Peterburqdakı görüşlə bağlı məsələyə gəlincə isə bəli, ölkə liderləri görüşə bilər, amma burada da ötən görüşlərdə olduğu kimi açıqlamalar olacaq. Lakin hələ ki sülh müqaviləsinin imzalanmasından söhbət getmir. Bu gün proseslərin təhlili göstərir ki, məsələlərə Rusiya və Ermənistanın baxışı fərqlidir. Şimal qonşumuz bir tərəfdən vasitəçilik edir, digər tərəfdən Vardanyanı Qarabağa göndərir ki, orada təxribat törətsin. Erməni tərəfi belə bir görüntü yaratmağa çalışır ki, guya bu proseslərdə yoxdurlar. Görünən odur ki, daha çox təxribatlar törətməyə cəhdlər olunur ki, Azərbaycan tərəfi separatçılarla danışıqlar aparmağa məcbur edilsin. Amma Azərbaycan heç zaman bunu etməyib və etməyəcək də. Rusiya və Ermənistan tərəfi anlamalıdır ki, Prezident İlham Əliyevin mövqeyi prinsipial və qətiyyətlidir. Biz proseslərin sonuna qədər gedəcəyik və mövqeyimizdə heç bir güzəştlərə getməyəcəyik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR