İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyevə “Kosovonun müstəqilliyini tanıyın” ricası - Bakının çətin seçimi

Ekspertlər deyir ki, bu məsələdə tələsmək olmaz, çünki...

Albaniya Kosovonun tanınması məsələsində Azərbaycanın dəstəyinə ümid edir. Bu barədə Albaniya Prezidenti Bayram Beqa noyabrın 15-də Tiranaya dövlət səfərinə gedən Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi brifinqdə bildirib. Kosovo Albaniya üçün çox vacibdir və təkcə sabitlik üçün deyil, həm də bütünlükdə regionun inkişafı üçün vacibdir. O, Azərbaycandan Kosovonu tanımağı və onun beynəlxalq təşkilatlara qəbul olunmasını dəstəkləməyi xahiş edib.

Qeyd edək ki, Kosovo Balkanlarda Albaniya, Şimali Makedoniya, Monteneqro və Serbiya ilə qonşu olan və su sərhədi olmayan kiçik ölkədir.Bir çox serblər Kosovonu özlərinin doğma vətəni hesab edirlər. Lakin ümumi əhalisi 1.8 milyon nəfər olan Kosovonun 92 faizini albanlar, 6 faizini serblər təşkil edir. Yerdə qalan etnik əhali isə bosniyalılar, qoranlar, türk və romalılardır. 1990-cı illərdə Yuqoslaviyanın parçalanmasından sonra bu ölkənin əyaləti olan Kosovo müstəqil olmağa çalışırdı. Serbiya müstəqilliyə can atan etnik albanlara qarşı qəddar repressiya ilə cavab verdi. Məsələ 1999-cu ildə NATO qüvvələrinin mart və iyun aylarında Serbiyaya qarşı bombalama kampaniyası ilə başa çatdı. 

Nəticədə Serbiya qüvvələri Kosovodan çəkildi, lakin bir çox Kosovo albanları və serblər üçün hələ də münaqişə həll edilməyib. NATO-nun rəhbərlik etdiyi Kosovo qüvvələri hələ də Kosovoda yerləşir və canlı qüvvəsinin ümumi sayı 3 min 770 nəfərdir. Kosovo 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib. ABŞ, Böyük Britaniya və Avropa İttifaqında yer alan 27 dövlətdən 22-si də daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv 193 ölkədən 99-u Kosovonun müstəqilliyini tanıyıb.

Kosovonun müstəqilliyinə qarşı olan Rusiya və Çin bu ölkənin BMT-yə üzvlüyünü bloklayıb. Serbiya Prezidenti Aleksandar Vucic ölkəsinin Kosovo adlı dövləti heç vaxt tanımayacağını bəyan edib.

Azərbaycan Türkiyə və digər dövlətlərdən fərqli olaraq, Kosovonun müstəqilliyini tanımır, Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Kosovonun keçmiş Dağlıq Qarabağ problemi ilə oxşarlığı yoxdur. Erməni separatçılarından fərqli olaraq, Kosovo albanları ətraf rayonları işğal etməyiblər, bölgədə etnik təmizləmə həyata keçirməyiblər.

Ötən il Serbiya Prezidenti Aleksandar Vuçiç deyib ki, Kosovonun müdafiə naziri Azərbaycan, Gürcüstan, Ukrayna və digər ölkələrdən müstəqilliyini tanımalarını istəyib. Serb prezidenti qeyd edib ki, Priştinanın bu davranışı Vaşinqton sazişinin pozulmasıdır.

Qeyd edək ki, Vaşinqton sazişi 2021-ci il sentyabrın 1-dək Priştinanın yeni dövlətlərdən Kosovonun müstəqilliyini tanımağı istəməyəcəyi haqda öhdəlik götürmüşdü.

Azərbaycana “Kosovonun müstəqilliyini tanıyın” ricası Bakını hansı çətin seçim qarşısında qoya bilər?

Azər Hüseynov:"İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini  iqtisadi qısqaca almalıyıq"

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bu məsələdə tələsməyin tərəfdarı deyil. Onu sözlərinə görə, riskə getmək də olmaz: “Azərbaycanın Kosovonu tanıyıb-tanımaması Türkiyəyə bağlıdır. Çünki ora Osmanlı məkanıdır. Azərbaycan həm də neft-qaz ixracatçısıdır. Serbiya ilə də normal münasibətlərə malikdir. Ona görə bu məsələdə tələsmək olmaz. Biz Kosovonu tanısaq, Rusiya narazı olacaq. Ermənistan da Dağlıq Qarabağdakı separatçı güruhu tanıya bilər. Amma bu bizim üçün də yeni rıçaqdır. Rusiya ilə münasibətlərdə tarazlayıcı amildir. Ancaq biz Rusiya ilə münasibətlərdə kiminsə xətrinə süni gərginlik yaratmamalıyıq. Xüsusilə Avropa kimi qeyri-taraz tərəfdaşa görə. Biz bu məsələdə özümüzün, bir də qardaş Türkiyənin müttəfiq maraqlarını nəzərə almalıyıq. Ona görə də, hesab etmirəm ki, biz Kosovonu tanıyaq. Çünki Osmanlıdan sonra zülm çəkən albanlardan təəssüf ki, böyük güclər istifadə edib. Daha sabit məqamlara oynamaq lazımdır. Amma albanlar da bizə lazımdır”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu 

Siyasi yazar Kənan Rövşənoğlu isə Kosovo məsələsində Azərbaycanı dayandıran səbəblərə toxundu: “Əslində Kosovo məsələsinin Qarabağla eyniləşdirilməsi tam olaraq düzgün deyil. Çünki iki münaqişə arasında ciddi fərqlər var. Amma Azərbaycan həssas vəziyyətdə olan ölkə, beynəlxalq aləmdə daha çox düşmən qazanmamaq üçün bu cür etnik və ərazi mübahisəli mövzularda tərəf tutmağa çalışmayıb. Ya da adətən bu cür qərarlar BMT-nin nizamnaməsi və qərarlarına uyğun olub. Konkret Kosovo məsələsində isə Bakını dayandıran amillər içərisində həm də Balkan yarımadası ölkələri, konkret olaraq Serbiya ilə isti münasibətlərin də rolu var. Azərbaycanın o regionla yaxşı əlaqələri var və indi Kosovo məsələsində tərəf tutmaqla Bakı bəzi dostları ilə münasibətləri pisləşdirə bilər. Halbuki indi ona o qədər də ehtiyac yoxdur. Yəni Kosovo onsuz da beynəlxalq təminat altındadır. Serbiyanın Avropa İttifaqı ilə əlaqələri onu Kosovo məsələsində sərt addımlar atmağa qoymur. Düşünürəm ki, indiki situasiyada Azərbaycan daha bir qalmaqallı mövzuda tərəf olmağa və dost ölkələrlə münasibətləri pisləşdirməyə getməyəcək”.

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov

AMİP funksioneri, politoloq Əli Orucovun fikrincə, Prezident İlham Əliyevin noyabrın 15-də Albaniyaya işgüzar səfəri Azərbaycan-Albaniya əlaqələrinə yeni nəfəs gətirəcək: “Müzakirələrdə hər iki dövləti maraqlandıran məsələlər masada olub. Turiuzmdən tutmuş dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində önəmli rol oynayan səfirliyin açılması, iqtisadiyyatın müxtəlif sahələrinə sərmayələrin yatırılması kimi məsələlər barədə ilkin razılaşmalar əldə olunub. Xüsusən də, enerji məsələsi prioritet olub və bu həm də təkcə Albaniyanın deyil, ümumilikdə Avropanın şaxələndirilmiş enerji təminatında vacib faktordur. Albaniya Prezidenti Bayram Beqanın diplomatik dillə Prezident İlham Əliyevdən Kosovonun müstəqilliyinin Azərbaycan tərəfindən tanınmasını xahiş etməsi gözlənilməz bir situasiya yaratdı. Problem ondadır ki, Kosovo öz müstəqilliyini elan etsə də və dünyanın 97 ölkəsi, başda ABŞ olmaqla, NATO ölkələri və Aİ-nin demək olar ki, əksər ölkələri Albaniyanın müstəqilliyini tanısalar da, Rusiya və Çinin bloklaması ucbatından Kosovo BMT üzvü ola bilmir. Serbiya isə Kosovonı özünün inzibati ərazi vahidi hesab edir.

Bu hal Azərbaycanı dillema qarşısında qoyur. Hesab edirəm ki, rəsmi Bakı Kosovonun müstəqilliyinin rəsmən tanınıb-tanınmasına çox həssas yanaşmalıdır. Çünki Azərbaycanda separatizm meylləri və separatizmi körüklədəcək təhlükəli qüvvələr var. Ələlxüsus da nəzərə almalıyıq ki, dünyada separatizmə hər cür açıq dəstək verən Rusiyanın məhdud sayda da olsa hərbi kontingenti ərazilərimizdədir və ümumiyyətlə, belə bir dövlətlə uzun siyasi coğrafi sərhədlərimiz var.

Məncə, Albaniya bizim həssasiyyətimizi anlayışla qarşılayar. Lakin zamanı yetişəndə Azərbaycan Priştina ilə diplomatik əlaqələrini qura bilər. Bəzən ermənilər və onlara dəstək olanlar Kosovo ilə keçmiş Dağlıq Qarabağı eyniləşdirmə və presedent kimi götürməyə çalışırlar. Lakin bunlar tamamilə fərqli yanaşmalardır. Təkcə onu demək kifayətdir ki, Kosovoda yaşayan albanlar aborigen xalqdır və müxtəlif dönəmlərdə özlərinin dövlət quruluşları olub. Ermənilər isə ümumilikdə Cənubi Qafqaza, o cümlədən Qarabağa sonradan köçürülüblər və əsrlər boyu Azərbaycanın tərkibində yaşayan etnik qruplardan biri olublar. Ona görə də, hesab edirəm ki, Azərbaycana və Prezident İlham Əliyevə son dövrlər artan xarici basqıların intensivləşdiyi bir vaxtda bizə yeni ziddiyyət və əlavə başağrısı lazım deyil. Başqa dövlətlərin də bununla bağlı Azərbaycanla münasibətlərində hansısa soyuqluğun və incikliyin yaranmasına yol aça biləcək Kosovonun rəsmən tanınmasını Bakı üçün məqbul addım hesab etməzdim".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR