Onlayn ictimai-siyasi qəzet
Polşada keçirilən prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı rəsmi araşdırma aparılacaq.
Musavat.com xəbər verir ki, Milli Seçki Komissiyasının (PKW) üzvü Rişard Kariş bəzi seçki dairələrində protokolların səhv doldurulduğunu açıqlayıb.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı PKW-nin xüsusi iclası 2025-ci il iyunun 9-da, saat 17:00-da keçiriləcək. Həmin iclasda protokollardakı uyğunsuzluqlar və şikayətlər araşdırılacaq.
Kariş bildirib ki, prezident seçkilərinin nəticələrinin hüquqi cəhətdən qüvvədə olub-olmadığına Polşa Ali Məhkəməsi qərar verəcək. Məhkəmə bu qərarı Mərkəzi Seçki Komissiyasının təqdim edəcəyi yekun hesabat və daxil olan şikayətlər əsasında qəbul edəcək.
Xatırladaq ki, prezident seçkilərində mühafizəkar namizəd Karol Navrotski 50,89% səs toplayaraq qalib elan olunub. Onun liberal rəqibi Rafal Tşaskovski isə 49,11% səs qazanıb. Seçkilərin nəticələri cəmiyyətin müəyyən kəsimində narazılıq doğurduğu üçün Ali Məhkəmənin yekun qərarı xüsusi əhəmiyyət daşıyacaq.
Musavat.com
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ