Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Samvel Şahramanyan “artsax” qondarma rejiminin buraxılması ilə bağlı qərarını ləğv edib. Digər məlumata əsasən, Qarabağda 20-30 nəfər, o cümlədən Şahramanyanın adamı Sarkis Qalstyan da qalıb.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, gedişata əsasən, separatçılar bundan sonra da fəaliyyətlərini davam etdirəcəklər:
“Demişdim ki, Samvel Şahramanyanı Qarabağdan buraxmaq lazım deyil. Şahramanyan Araik Arutyunyan, Ruben Vardanyan qədər cinayətkardır. Bu ilin sentyabrında antiterror tədbirləri zamanı məhz onun rəhbərliyi altında separatçılar Azərbaycan ordusunun əsgər və zabitlərini qətlə yetiriblər. Sadəcə Rusiya onu qaçırtdı. Rusiya onu öz vertolyotu ilə Xocalıdan İrəvana apardı. Bu gün də o, orada öz fəaliyyətini davam etdirir”.
Ekspertin sözlərinə görə, Samvel Şahramanyanın “artsax” qondarma rejiminin buraxılması ilə bağlı qərarını ləğv etməsinin bizim üçün hər hansı bir təhlükəsi yoxdur:
“Sadəcə onun təhlükəsi o ola bilər ki, Şahramanyana dəstək verən güclər mühacirətdə bir “artsax” hökumətini tanıya bilərlər. Ona maddi və mənəvi dəstək ola bilərlər. Bundan sonra 100 Şahramanyan gələ, 1000 saakyanlar, arutyunlar gələ, heç nəyə nail ola bilməyəcəklər.
Xatırlayırsınızsa, ötən həftələrdə Samvel Şahramanyan dedi ki, qondarma qurumun rəhbər heyəti Rusiya sülhməramlılarının qərargahındadır. Bəli, onun nümayəndəsi bu gün Xocalıda Rusiya sülhməramlılarının qərargahında mühafizə və müdafiə altındadır. Orada yalnız Şahramanyanın adamı Sarkis Qalstyan deyil, onlarla separatçı var, hansılar ki, məxsusi olaraq saxlanılır. İndi proses aparırlar. Rusiya prezidenti Qarabağın müstəqilliyini tanımaqla guya Paşinyana zərbə vururdu. Əslində isə demək istədi ki, mənim fikrim yox idi, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyım”.
Üzeyir Cəfərov hesab edir ki, proseslər 2024-cü ildə mürəkkəb məcraya girəcək:
“İstənilən halda Şahramanyanın dirçəlməsi və İrəvanda ona şərait yaradılması bizim üçün xoşa gəlməyən bir hadisədir. Azərbaycan bu məsələni Ermənistanın diqqətinə çatdırmalıdır ki, İrəvan özünü yığışdırsın. Danışıqlar prosesində biz bu məsələni qabartmalıyıq. Şahramanyan fəaliyyətini dayandırmalıdır, gəldiyə yerə getməlidir. O, Moskvanın Federal Təhlükəsizlik Xidmətinin generalıdır. Moskvaya getməlidir və separatçılıq meyllərindən əl çəkməlidir.
Samvel Şahramanyanın Qarabağa qayıdışı mümkünsüzdür. Kimdir onu Qarabağa buraxan? İkincisi, əvvəldə qeyd etdiyim kimi, ona mühacirətdə bir hökumət yaradacaqlar, o hökumət vasitəsilə Azərbaycana müəyyən təzyiq etmək üçün zaman-zaman çabalar göstərəcəklər. Rusiyanın son vaxtlar Ermənistana göndərdiyi humanitar yardımlar o məqsədi daşıyır ki, separatçılara desinlər ki, narahat olmayın, bizim başımız qarışıq olsa da, sizin yanınızdayıq.
Fikir verin, son vaxtlar Ukrayna müharibəsi kənarda qalıb, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qarabağla Suriyanın adını çəkir. Onun müqayisəsi çox qüsurlu və yerində olmayan müqayisə idi – “ruslar Qarabağda sülhyaratma missiyası ilə məşğuldur”. Suriyanın yanına Qarabağı da əlavə etmək nə deməkdir? 2 ildir Rusiya-Ukrayna müharibəsində görünməyən Baş Qərargah rəisi Valeri Gerasimov birdən-birə Bakı ilə İrəvan arasında hansısa yaxınlaşmadan danışır. Bu adamlar siyasətçidir, ya hərbçidir?”
Aytən Novruz
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ