İnsanlara hürriyət, millətlərə istiqlal!

Polkovnik-leytenantdan açıqlama: “Azərbaycan ordusu separatçıları 3 gün ərzində darmadağın edə bilər”  

 

“1918-ci ildə iyunun 26-da Azərbaycan Demokratik Respublikasının (ADR) Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk dəfə əlahiddə Azərbaycan korpusu yaradıldı. 1919-cu ildə korpusun say tərkibi 25 minə, 1920-ci ildə isə 40 minə çatdırıldı. 1920-ci ildə 11-ci Qızıl ordu Azərbaycanı işğal etdikdən sonra Azərbaycan ordusu və ADR məğlubiyyətə uğradı”.

Bu fikirləri Musavat.com-a ehtiyatda olan polkovnik-leytenant Bəhruz Rüstəmov deyib. O xatırladıb ki, dünyada hələ də müstəqilliyini əldə etməmiş xalqlar var: “1990-cı illərdə də xarici xüsusi xidmət orqanlarının ölkəmizdə apardığı pozuculuq əməliyyatları nəticəsində Azərbaycan üç yerə bölünmüşdü: cənub bölgəsində Talış-Muğan Respublikası, yuxarıda Ləzgistan, Dağlıq Qarabağda separatist ermənilər Azərbaycan torpaqlarını işğal edə-edə ərazi bütövlüyümüzü təhlükə altına almışdılar. Ümummilli lider Heydər Əliyev müdrik siyasəti nəticəsində xalqı səfərbər etdi. O xalqa müraciətində postsovet ərazisində xidmət edən zabitləri Azərbaycana dəvət etdi. Bununla da müasir ordu quruculuğunun əsası qoyuldu. 1994-cü ildə əks-hücum əməliyyatı apararaq düşməni darmadağın etdik, bir çox ərazimizi azad etdik və düşməni atəşkəs imzalamağa məcbur etdik. Müstəqillik illərində H.Əliyev bir sıra hərbi təhsil müəssisələrinin yaradılmasının təşəbbüskarı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev də bu kursun layiqli davamçısı kimi ordu quruculuğu sahəsinə kifayət qədər diqqət  göstərir. Bu diqqətin nəticəsidir ki, ordumuz günü-gündən inkişaf edir. Hərbi təhsil müəssisələrində NATO-nun ən son standartlarına uyğun olaraq təlimlər keçirilir, həmçinin ən müasir texnologiyaların, silahların alınması və tətbiq olunması təmin edilir”.  

Screenshot 2023-06-26 122728.png (579 KB)

Hərbi ekspert vurğuladı ki, ordumuzun ən böyük uğuru 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərdir. Polkovnik-leytenant dünyanın aparıcı dövlətlərinin hərbi akademiyalarının nümayəndələrinin ölkəmizə gələrək qısa zamanda əldə etdiyimiz uğur, Şuşa əməliyyatı haqqında məlumat aldıqlarını diqqətə çatdırdı: “Hesablamalara görə Azərbaycan ordusu təxminən 12 min itki verə bilərdi. Coğrafi nöqteyi-nəzərdən ərazi mürəkkəb relyefə malikdir, eyni zamanda düşmən 30 il ərzində mühəndis-istehkam qurğuları qurub, müdafiədədir. Hücum edən tərəf isə biz idik, qüvvə nisbəti 3-ün 1-ə idi. Azərbaycan qısa zaman ərzində unikal əməliyyat planlaşdırdı. Ali Baş Komandan hər  əməliyyatın gedişini təsdiq edirdi. Planlaşdırılmış uğurlu əməliyyatın nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Atəşkəs imzalandıqdan sonra Ermənistan silahlı qüvvələri Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgədə təxribatları davam etdirir. Azərbaycan ordusu bu təxribatların qarşısını müvafiq qaydada alır. Rəsmi məlumata görə, Qarabağda 17 min silahlı separatçı var. Ali Baş Komandan tapşırıq verərsə, Azərbaycan ordusu 3 gün ərzində separatçıları darmadağın edə bilər. Azərbaycan dövləti Ermənistana başa salmaq istəyir ki, müharibədən nəticə çıxarmaq lazımdır. Əks halda, budəfəki anti-terror əməliyyatı qəti olacaq. Azərbaycan tükənməz sərvətlərə malikdir, üstəlik şimal-cənub, şərq-qərb enerji axınının, çox böyük layihələrin  Azərbaycandan keçməsi super güclər üçün “yağlı tikə” deməkdir. Bu tarix boyu belə olub. Müstəqillik əldə etdiyimiz gündən təbii sərvətlərimizin sayəsində ölkəmiz günü-gündən inkişaf edir. Eyni zamanda müstəqil siyasət apara bilirik, güclü ordumuz var”.

B.Rüstəmov İranın Ermənistana dəstəyini də şərh etdi: “İran 30 il ərzində ermənilərə dəstək verib. Məlumdur ki, Qarabağda məcburi köçkünlərə məxsus evlərin talan edilməsində iranlı tacirlər iştirak ediblər. İran heç zaman istəməz ki, Azərbaycan irəli getsin, çünki bu, güneyli soydaşlarımız üçün stimul deməkdir. Müharibə zamanı onların ordumuzu dəstəklədiklərinin şahidi olduq. Rəhbərlik isə Ermənistan rəhbərliyi ilə əlbirdir. Fransa da onlara dəstək verir, çünki İranın hazırkı rəhbərinin hakimiyyətə gəlməsində Fransanın rolu olub. Demək olar ki, Fransa, hətta Rusiya da sözünü İran vasitəsilə deyir. Azərbaycan dövlətinin mövqeyi isə qətidir, Zəngəzur dəhlizi açılacaq. Ermənistan bunu istəsə də, istəməsə də, ya sülh ilə, ya da silah gücünə buna nail olacağıq. Ordunun gücü müharibələrdə əldə edilmiş zəfərlə hesablanır. Bu gücdən İran da, Rusiya da çəkinir. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində nəyə qadir olduğu sübut etdi”.

  

Nigar HƏSƏNLİ,
Foto müəllifə məxsusdur
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR