Onlayn ictimai-siyasi qəzet
Hazırda dünyanın diqqəti Kazandadır. 22-24 oktyabr tarixlərində Tatarıstanın Kazan şəhərində BRİCS ölkələrinin 16-cı dövlət başçıları sammiti keçiriləcək. Sammit çərçivəsində 3 gün ərzində 200-dən çox tədbirin keçirilməsi planlaşdırılır. Tədbirə 22-si dövlət və ya hökumət başçısı olmaqla 36 ölkədən yüksək vəzifəli dövlət rəsmiləri qatılır. Artıq Hindistanın baş naziri Narendra Modi, Çin dövlət sədri, İran, Misir prezidentləri və digər qonaqlar Kazana gəlib.
Qeyd edək ki, 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən qurulan (BRİC) təşkilat 2011-ci ildə Cənubi Afrikanın qatılması ilə BRİCS oldu. Bu ilin yanvarında isə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Efiopiya təşkilata üzv olub. Səudiyyə Ərəbistanı və Argentinanın da BRİCS-ə bu il qoşulması planlansa da, Argentinada sağçı prezidentin seçilməsi, Səudiyyə Ərəbistanında isə texniki proseslərin yubanması nəticəsində iki ölkənin qəbulu dayanıb.
Ancaq ümumilikdə BRİCS hazırda Türkiyə də daxil olmaqla dünyanın 40 ölkəsi ilə bu və ya digər formada əməkdaşlıq və ya üzvlük müzakirələri aparır. Hazırda BRİCS-ə üzv ölkələrdə 3,6 milyard və ya dünya əhalisinin 45 faizi yaşayır. Dünya neftinin 40 faizdən çoxu bu ölkələrdə istehsal olunur. Qlobal ÜDM-nin 36 faizi BRİCS ölkələrinin payına düşür.
Lakin BRİCS Avropa İttifaqı və ya NATO kimi bir blok deyil, nizamnaməsi və üzvləri üzərində tələbləri və öhdəlikləri yoxdur. Bu mənada daha çox ölkələr klubu adlandırıla bilər. Bir başqa deyimlə BRİCS ümumilikdə Qərb əleyhinə olan ölkələrin toplantısıdır, baxmayaraq ki, burada Hindistan və ya Braziliya, BƏƏ kimi Qərblə yaxından əməkdaşlıq edən dövlətlər də var. Yeri gəlmişkən, NATO üzvü olan Türkiyə də BRİCS üzvü olmağa hazırlaşır. Prezident Ərdoğan bildirib ki, Türkiyə BRİCS-lə səmimi olaraq əməkdaşlığı inkişaf etdirmək istəyir. Kazan sammitinə Türkiyədən prezident Ərdoğanın rəhbərliyi altında böyük bir heyət qatılacaq. Türkiyə BRİCS-ə üzvlük üçün müraciət edib. Ankara üçün xammal bazarına daha rahat çıxış və eləcə də ixrac bazarını şaxələndirmək, həmçinin Çinlə iqtisadi əlaqələri inkişaf etdirmək üçün yeni fürsət ola bilər.
Kazan sammitində yeni üzvlərin qəbulu gözlənilməsə də, ehtimal olunur ki, Türkiyə də daxil olmaqla bəzi ölkələr qurulacaq yeni əməkdaşlıq formatına daxil ediləcək. Bu mənada Kazan sammiti xüsusi olaraq diqqət mərkəzindədir.
Kazan sammitinin əsas favoriti isə heç şübhəsiz ki, Putindir. Kazan sammiti 2022-ci il Ukrayna müharibəsindən sonra Rusiyanın ev sahibliyi etdiyi və ümumiyyətlə prezident Putinin iştirak etdiyi ən böyük beynəlxalq tədbirdir. Daha doğrusu, Moskva nəzərində Qərbə meydan oxumaqdır. Kazan sammiti ilə Putin Qərbin onu təcrid etməsi siyasətinin iflas etdiyini, planetin az qala yarısını əhatə edən böyük bir coğrafiyanı yanına aldığını nümayiş etdirir. Burada Çin kimi dünyanın iqtisadi nəhəngi ilə yanaşı ABŞ-ın müttəfiqi Hindistan, Səudiyyə Ərəbistanı, BƏƏ və hətta NATO müttəfiqi Türkiyə də var. Dünyanın 36 ölkəsinin dövlət və hökumət başçılarının Rusiyaya gəlməsi və Putinlə bir masa arxasında əyləşməsi Qərbin Rusiyanı təcrid siyasətinin nəticəsiz olmasının göstəricisi hesab olunur.
Təbii ki, Moskva Kazan sammitindən maksimum faydalanmaq, anti-Qərb dövlətlər klubunu genişləndirmək, başqa bir deyimlə öz ətrafında cəbhə formalaşdırmağa çalışacaq. Bunun üçün güman ki, hansısa yeni əməkdaşlıq formatı təklif edəcək.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ