İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian Putinlə görüşmək üçün Moskvaya gedir: "Bəşər Əsədi istəyəcək..."

İranın Rusiyadakı səfiri Kazem Cəlali Masud Pezeşkianın Moskvaya planlaşdırılan səfərini “tarixi hadisə” kimi dəyərləndirib. Musavat.com xəbər verir ki, səfirin sözlərinə görə, Pezeşkianın bu səfəri iki ölkə arasında genişmiqyaslı əməkdaşlıq sazişinin İran və Rusiya prezidentləri tərəfindən imzalanmasını və iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə ikitərəfli danışıqların keçirilməsini nəzərdə tutur.

Cəlali bildirib ki, bu səfər iki ölkə arasında strateji əməkdaşlığın dərinləşməsinə yol açacaq:

“Masud Pezeşkianın səfəri yalnızca mövcud münasibətləri gücləndirmək deyil, həm də İran və Rusiyanın regional və qlobal səhnədə birgə maraqlarını daha da irəli aparmaq üçün mühüm addım olacaq.”

Sazişin detalları hələlik açıqlanmasa da, iqtisadi, enerji, texnologiya və hərbi sahələrdə əməkdaşlıqların qurulacağı gözlənilir.

BİZİM ŞƏRH:

Məsud Pezeşkianın Moskvaya səfəri ABŞ-da prezident və administrasiya dəyişiklikləri fonunda baş tutur. İran və Rusiyanın yaxınlaşması xüsusilə diqqət çəkir, çünki hər iki ölkə hazırda Ukrayna müharibəsində müttəfiq kimi çıxış edir. İranın təmin etdiyi dronlar Rusiyanın Ukraynada hava hücumlarında üstünlük əldə etməsinə mühüm töhfə verib.

Eyni zamanda, hər iki ölkə yaxın tarixdə Suriyada uduzmuş və oranı tərk etmişlər. Belə bir halda, Suriya məsələsinin və Moskvada sığınmaçı olaraq yaşayan Bəşər Əsədin taleyinin müzakirəsi də gözləniləndir. Bəzi iddialara görə, İran Suriyanın qaçqın prezidentini Rusiyadan özünə istəyir...

Təəssüf ki, Azərbaycanın qonşusu olan həm İran, həm də Rusiya hazırda Bakı ilə münasibətlərində “soyuqluq mərhələsini” yaşayır. Hər iki dövlətin Azərbaycanın maraqlarına zidd olan addımları, o cümlədən regional sabitliyə mane olan bəyanat və hərəkətləri narahatlıq doğurur. Bu səbəbdən Azərbaycan üçün İran və Rusiyanın bu yaxınlaşmasından və baş tutacaq danışıqlardan müsbət nəticələr gözləmək çətindir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR