Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, İran prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29 İqlim Dəyişikliyi Konfransı üçün Azərbaycana səfərə gələcək.
Bu beynəlxalq tədbirdə iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişaf və yaşıl enerjiyə keçid üzrə məsələlər müzakirə olunacaq. Pezeşkianın iştirakı ilə İranın regional iqlim məsələlərinə dair əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi və Azərbaycanla ekoloji sahədə birgə layihələrin müzakirəsi gözlənilir.
O da məlumdur ki, İsrail prezidenti İsaak Hersoq da bir neçə gün öncə COP29 konfransında iştirak etmək üçün Bakıya gələcəyini açıqlayıb.
Bəs İran prezidenti Bakıda yəhudi prezidentlə görüşə bilərmi?
Mövzu ilə bağlı tanınmış yazıçı, şair, publisist, aparıcı Həmid Herisçi Musavat.com-a danışıb:
"Azərbaycan ilə İsrail arasındakı əlaqələr, xüsusilə enerji və strateji əməkdaşlıq sahəsində daim yüksək səviyyədə olub. Azərbaycanın böyük yəhudi icması və xalqın tarixən yəhudilərə göstərdiyi qonaqpərvərlik bu əlaqələri daha da gücləndirib. İsraildə və Moskvada yaşayan azərbaycanlı yəhudilər həm öz ölkələrində, həm də Azərbaycanda əhəmiyyətli təsirə malikdirlər.
Azərbaycanın enerji infrastrukturu, xüsusilə Bakı-Ceyhan neft kəməri İsrailin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu kəmər Aralıq dənizinə çıxış əldə edərək, İsrailin enerji tədarükündə dayanıqlı mənbə rolunu oynayır. Bakı və İsrail arasındakı güclü əlaqələr eyni zamanda İran üçün də xüsusi əhəmiyyət daşıyır. Əgər İran istəyirsə ki, İsraillə öz münasibətlərini yaxşılaşdırsın, düzəltsin, sözsüz ki, Bakı qapısından, meydanından istifadə etməlidir. İstəyərsə, Bakı vasitəsilə əlaqələrin qurulması perspektivlidir. İnanıram ki, İranın yeni prezidenti Məsud Pezeşkian bu fürsəti əldən buraxmayacaq.
Xatırladım ki, Pezeşkian həkimdir, vaxtilə səhiyyə naziri işləyib. İranda həkimlər böyük təbəqədir. Pezeşkianın həkim olması ölkəsində böyük bir həkim təbəqəsinin dəstəyini qazandığını göstərir. Bu dəstək Məsud Pezeşkianın siyasətində daha geniş bir cəmiyyətin maraqlarını nəzərə almaq imkanı yaradır.
O ki qaldı Pezeşkianın COP29-a gəlməsinə, fikrimcə, ölkələrimiz hələ rəsmi görüşə hazır deyil. Ona görə də Pezeşkian ilk olaraq ictimai görüşə gəlir. İnanıram ki, bu görüş Azərbaycan dilində keçəcək.
Həmçinin hesab edirəm ki, gələcəkdə İranda türk dili rəsmiləşəcək və bu, İranı bütün türk dünyasına açacaq.
İran-İsrail münasibətlərinin yaxşılaşması Azərbaycandan keçir. Bu münasibətlərin düzəlməsi çox vacibdir. Yəni iki ölkə bu qədər müharibə şəraitində qala bilməz".
Xalidə Gəray
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ