İnsanlara hürriyət, millətlərə istiqlal!

Perinatal Mərkəzdəki faciə kimin səhlənkarlığıdır - obyektlərdə təhlükəsizlik və təxliyə problemi 

Ekspert: “Görünür, qaydalara əməl olunmayıb, o səbəbdən...”

Yanvarın 9-da Respublika Perinatal Mərkəzində dəhşətli faciə yaşandı. Baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib. Obyektivlik naminə qeyd edək, yanğın baş verdikdən sonra müvafiq strukturlar, xüsusilə polis əməkdaşları fədakarlıq edərək, daha çox insan tələfatı və xəsarətinin qarşısını aldılar. Ancaq 4 körpənin ölümü ağır məsələdir. 

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Kimdir günahkar? Hər bir müəssisənin, xəstəxananın, klinikanın, mehmanxanaların təhlükəsizlik məsələləri nə yerdədir? 

Təəssüflər olsun ki, bir çox obyekt və müəssisələrdə yanğın, təhlükəsizlik məsələlərinə rəhbərlik ciddi yanaşmır. Düzdür, mütəmadi olaraq dövlət qurumları obyektlərə baxış keçirir, ancaq o da sirr deyil ki, xeyli yaşayış binasında, müəssisədə, obyektdə yanğından mühafizə qaydalarına riayət edilmir. 

Azərbaycanın səhiyyə sahəsində dəhşəti ilə yaddaşlardan silinməyəcək bir xəstəxana yanğını da 6 il öncə baş vermişdi. Xətai rayonu, Zığ şosesi 13 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzində 2 mart 2018-ci ildə baş verən faciədə 25 nəfər insan yanaraq həyatını itirmişdi. 

Perinatal Mərkəzdəki yanğından sonra müəssisələrdə profilaktik tədbirlər gücləndirilməlidirmi? 

Elmar Nurəliyev: “Mühafizə işinə münasibət ciddi şəkildə dəyişməlidir” -  MÜSAHİBƏ | 1news.az | Xəbərlər

Elmar Nurəliyev

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ümumiyyətlə, bütün təyinatlı obyektlərdə yanğın təhlükəsi məsələsi ön planda olmalıdır: “Nəzərə almaq lazımdır ki, fövqəladə hadisələr içərisində ən təhlükəlisi yanğındır və bu zaman həm insanlara, həm də ətraf aləmə daha çox zərər dəyir. Yanğın hadisələrinin dəhşətli faciələrə gətirib çıxarma ehtimalı daha çoxdur. Ona görə də bütün təyinatlı müəssisələr yanğın təhlükəsizliyi qaydalarına, bununla bağlı standartlara, normalara uyğun olaraq işlərini qurmalıdırlar. Yanğın hadisəsi vaxtı işçilərin doğru-düzgün, əlaqəli davranışı, nə etməli olduğunu bilməsi, anındaca müdaxilə edərək hadisənin geniş miqyasda yayılmasının qarşısını alması önəmlidir. Bu cür hadisələrdən yüz faiz sığortalanmaq mümkün deyil. Amma daha pis nəticələrin, ölüm hallarının qarşısı qabaqlayıcı tədbirlərlə alına bilər. Qanunvericilikdə var, işçilərin sayı 15 nəfərdən çoxdursa, könüllü yanğınsöndürmə dəstələri yaradılmalıdır. Bu dəstənin üzvləri, əlbəttə, müəssisədə yanğın təhlükəsizliyi məsələlərinə nəzarət etməlidirlər. Yanğın hadisəsi zamanı işçilərin təxliyə olunması, yanğınsöndürənlərə məlumatların verilməsi, onların qarşılanması kimi işləri həyata keçirir. Görün, yanğın hadisəsinin həm qarşısının alınmasında, həm qaydalara riayət olunmasında, həm yanğın baş verəndən sonra fəaliyyətdə nə qədər böyük faydası ola bilər o dəstələrin. İstər bütün səhiyyə müəssisələri olsun, istər ictimai iaşə müəssisələri olsun, yanğın təhlükəsizliyi məsələsinə daha ciddi yanaşmalıdırlar”.

Ekspert əlavə edib ki, obyektlər yanğın təhlükəsizliyinə dair normativ standartlarla təchiz edilməlidir:  “Obyektdə yanğın siqnalizasiya vasitələri, xəbərdaredici plastiklər, qurğular, ehtiyat su çəni, yanğın hidratları, yanğın dolabları, ilkin yanğınsöndürmə vasitələri və digər yanğın avadanlıqları, yanğın şitləri və sairə olmalıdır. Bu qurğular daim işlək və saz vəziyyətdə olmalıdır. Bunlara texniki qulluğun göstərilməsi də yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Obyekt bunun daim saz vəziyyətdə olmasına nəzarət etməlidir. Bunlar təchizat qaydasında olmalıdır. Amma baxın, ən sonda gələn təchizat olmalıdır. Birinci növbədə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalıdır. Qaydalar isə bütün obyektlər, xüsusən də səhiyyə müəssisələri üçün qaydalar ümumi qanunvericilikdən çıxarışlar əsasında götürülür. Yəni işçilər bilməlidir ki, yanğın hadisəsi baş verməsin deyə hansı qaydalara riayət etmək lazımdır. Misal üçün, yana bilən materialları, yaxud tez alışan maddə hansısa bir qızdırıcı aparatın, dəzgahın yanında saxlanılsa, təhlükəsizlik qaydalarına riayət olunmasa yanğın hadisəsinin baş verməsi labüddür. İnsanlar iş yerində də, digər təyinatlı yerlərdə də bu qaydaları bilməli və buna əməl etməlidirlər. 

Obyektdə yanma riski yüksək olan avadanlıqlar, qurğular, tez alışa bilən maddələr, materialları yanğın təhlükəsizliyinə uyğun olaraq istismarının həyata keçirilməsi vacibdir. Elektrik avadanlıqlarının yanma təhlükəsi yüksəkdir, nasazlıq olarsa, qısaqapanma olarsa yanğın baş verə bilər. Yəni yanğın hadisəsi baş verməsin deyə avadanlıqların hər biri yoxlanmalıdır. Makinada qızma, alışma oldu, hansısa siqnalizasiya qurğusu yoxdur, yanğın qrupları da yoxdur, yaxud ilkin yanğınsöndürmə qaydalarını bilmirlər. Göründüyü kimi, bu məsələ kiçik deyil, geniş yanaşma tələb edir. Hadisə baş verirsə, deməli, bu sistem qurulmayıb, kompleks tədbirlər görülməyib. Xüsusən səhiyyə müəssisələrində elektrik xətləri ixtisaslaşmış müəssisələr, yaxud işçi tərəfindən elektrik naqillərinə texniki qulluğun göstərilməsi həyata keçirilməlidir, sınaq protokolu imzalanmalıdır. Yanma təhlükəsi olan məhlulların xüsusi yerlərdə, çəkilərlə saxlanması, saxlanan yerin hansı yerdə olması, metal şkaflarda ağzı bağlı formada xüsusi çəkilərlə anbarda saxlanmasına nəzarət edilməlidir. Palatalarda qaydalar, çarpayılar arasında məsafə 80 santimetr olmalı, keçidlər arasında ara məsafə 1 metr 20 santimetr, hər mərtəbədə iki köçürmə yolunun olması, köçürmə yollarının boş olması, hər mərtəbədə azı iki yanğınsöndürmə vasitəsinin olması, yanğınsöndürmə vasitələrinin gözlə görünən yerdə, daha çox əlçatan yerdə olmasına diqqət edilməlidir. Ehtiyat çıxış qapılarının açarının biri növbətçi hissədə olmalıdır, digəri isə bütün işçilərin bildiyi bir yerdə olmalıdır ki, növbətçi işçilər açarın harada olduğunu bilsin". 

Qeyd edək ki, Respublika Perinatal Mərkəzindəki yanğından sonra 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 11-i KTM-in tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı klinik uşaq xəstəxanasına yerləşdirilib. Perinatal Mərkəzdəki yanğın hadisəsindən sonra Kliniki Tibbi Mərkəzə 15 yeni doğulmuş körpə daxil olub və onlardan 8-i reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsinə başlanılıb. Uşaqlardan 6-sı tənəffüs aparatına qoşulub, onlardan üçünün vəziyyəti ağır-stabildir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR