Onlayn ictimai-siyasi qəzet
1932-ci ildən fəaliyyət göstərən Xankəndi Dram Teatrı Azərbaycanın büdcəsi hesabına maliyyələşsə də, bu mədəniyyət “ocağında” yaradıcılıq məsələləri əsasən Ermənistan tərəfindən tənzimlənib, adətən onun səhnəsində erməni dramaturqlarının əsərləri oynanılıb. 1989-cu ilə qədər teatr Maksim Qorkinin adını daşıyıb. 1989-cu ildə isə teatra İstanbul şəhərində anadan olan, Xankəndi şəhərində heç vaxt yaşamayan və fəaliyyət göstərməyən erməni aktyor Vaqram Papazyanın adı verilib.
Hələ sovet dövründən Xankəndi Dram Teatrı zaman-zaman daşnak yuvasna çevrilərək qapılarını azərbaycanlıların üzünə bağlı saxlamağa çalışıb. Fəaliyyət göstərdiyi illər ərzində bu teatrda bir nəfər də olsun azərbaycanlı işləməyib. Teatrın rəhbərləri ən adi işlərə belə azərbaycanlıları qəbul etməyib.
Qeyd edək ki, sovet dövründə Azərbaycanda fəaliyyət göstərən erməni incəsənət nümayəndələrindən 16 nəfərinə respublikanın ən yüksək adlarından biri olan “Azərbaycanın xalq artisti” adı verilib. Əgər onların hər birinin ayrı-ayrı fəaliyyətlərinə nəzər salsaq, şahidi olarıq ki, hamısı müəyyən bir dövrdə Azərbaycana qarşı çıxıblar, hansısa bir mühitdə antiazərbaycan təbliğatı aparmaqdan çəkinməyiblər. 1988-ci ildə Qarabağ hadisələri başlanandan sonra isə Azərbaycanın hesabına ad, maddi imkan, vəzifə sahibi olan bu şəxslərin hamısı (sağ qalanlar) öz əsl simalarını göstəriblər, qatı millətçi kimi xəyanətkar mövqe nümayiş etdiriblər.
Azərbaycanın xalq artisti fəxri adı alan 16 nəfər ermənidən 7 nəfəri Xankəndi şəhərində yaşayıb, bu şəhərdə fəaliyyət göstərib. Maraqlı məqam odur ki, dünyaya car çəkərək Azərbaycan hökumətini ermənilər üçün heç bir şərait yaratmamaqda ittiham edən ermənilər bu rəqəmi heç vaxt dilə gətirməyiblər. Məlum olduğu kimi, Xankəndi çox da böyük şəhər olmayıb. 1980-ci illərdə əhalisinin sayı 53 min nəfərə çatıb. Amma Azərbaycanın əhalisi daha çox olan şəhər və rayonları ilə müqayisə etsək Xankəndidə fəaliyyət göstərən erməni incəsənət nümayəndələrinə fəxri adlar daha çox verilib.
Xankəndi teatrı Qarabağ hadisələri başlananda mədəniyyət ocağından daha çox, qan ocağını xatırladıb. 1988-1989-cu illərdə teatrın binasında silah-sursat saxlanılıb, Ermənistandan gəlmiş saqqallı erməni yaraqlılar da məhz bu binada gizlədilib.
Teatr kollektivindən bir vaxtlar Viktor Polyaniçkonun fəaliyyətinə məhdudiyyət qoyduğu, millətçi fəaliyyətinə görə bir neçə sutka komendaturada saxlatdırdığı Janna Qalstyan, qatı millətçi kimi tanınan Benik Ovçiyan və Marqo Balasanyan hadisələrin başlandığı ilk günlərdən erməni hərəkatının ən qabaqcıl üzvlərindən olublar. Məhz bu üç nəfərin təbliğatı nəticəsində teatrın bütün kollektivi səhnəni silahlı ermənilərin yanında səngərlə əvəzləyiblər.
Teatrın aktyorları olan Martin Aloyan, Marat Davityan, Aleksandr Ayrapetyan, Qaqik Arutunyan, Aleksey Ayriyan, Suren Akopyan isə səhnə paltarlarını hərbi paltarlara dəyişərək döyüşlərə qatılıblar. 1966-cı il təvəllüdlü Xankəndi sakini Suren Akopyan isə Ağdam döyüşlərində azərbaycanlıların gülləsinə tuş gəlib.
Sözsüz ki, incəsənət adamlarının bu cür “vətənpərvərliyini” Xankəndi erməniləri yüksək qiymətləndiriblər. Amma onlar bir məsələni anlamayıblar ki, üstündə haqqın olmayan bir torpağın mübarizəsinə girişmək vətənpərvərlik yox, işğalçılıqdır.
Siyasi cəhətdən fəallıq göstərən aktyorlar qondarma “Dağlıq Qarabağ respublikası”nın ayrı-ayrı qurumlarında da təmsil olunublar. Özlərini Xankəndinin aydınları və ziyalıları sayan bu səhnə adamları Şuşa türməsində saxlanılan azərbaycanlı əsir və girovların saxlanılması şəraiti haqqında mətbuata verdikləri açıqlamalarda, utanıb çəkinmədən hər şeyin yüksək səviyyədə olduğunu söyləyiblər.
Amma Janna Qalstyan 1989-cu ildə anasının yaşadığı Şuşanın Qaladərəsi kəndində pasport rejiminin yoxlanılması vaxtı saxlanılanda özü özünü təkzib edib, həmin hadisə ilə bağlı Rusiya mətbuatına fərqli fikir bildirib:
“Məni guya pasport rejimini pozduğuma görə saxlamışdılar. Əslində bu tapşırıq Bakıdan gəlmişdi. Kənddən mənimlə bir yerdə poçtda işləyən Qayane adlı qızı da saxlamışdılar. Bizi xüsusi avtomobilə otuzdurdular. Düşündüm ki, yəqin Şuşa türməsinə aparacaqlar. Əgər belə olsaydı, mən alt paltarımda gizlətdiyim qumbaranı partladıb özümü öldürəcəkdim. Çünki Şuşa türməsindəki vəziyyətdən, şəraitdən xəbərdar idim...”
Həmin hadisədə Janna Qalstyanı Zori Balayan xilas edib. Bəli, əgər Zori Balayan olmasaydı, Janna Qalstyan alt paltarında gizlətdiyi qumbara ilə əsl teatr göstərəcəkmiş.
Bəli, Xankəndi Dram Teatrının əməkdaşlarının bu cür tamaşaları çox olub. Amma hər bir tamaşanın sonu olduğu kimi erməni artistlərinin tamaşalarına da nəhayət ki, son qoyuldu.
Zaman yetişdi, pərdələri endirin “tamaşa” Azərbaycan əsgərinin qəhrəmanlıq səhnəsi ilə sona çatdı…
İlham Cəmiloğlu, Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ