Onlayn ictimai-siyasi qəzet
Britaniya tabloidləri Birləşmiş Krallıq taxt-tacının sahibi, kral III Çarlzın kiçik qardaşı şahzadə Endryunun xeyli kökəldiyini yazıb. Yetkinlik yaşına çatmayan qızlara təcavüz etməkdə ittiham olunan şahzadə həm saraydakı mövqeyni, həm cəmiyyət arasındakı hörmətini, həm də maliyyə qaynağını itirib.
İndi kraliçanın keçmiş sevimlisi və Folklend müharibəsinin qəhrəmanı nadir hallarda evdən çıxır və mənfi emosiyaları ləziz təamlar yeməklə boğmağa çalışır. Ona görə də Endryunun çəkisi 95 kiloqrama qədər artıb.
Bildirilir ki, şahzadə “Royal Lodge” iqamətgahından qovulmaq təhlükəsi ilə üzləşəndən bəri qarınqulu olub. Çarlz bu malikanəni böyük oğlu şahzadə Uilyama vermək istəyirmiş.
2024-cü ilin əvvəlində şahzadə arıqlamağa çalışıb və hətta pəhriz saxlayıb. Ancaq bu. çox çəkməyib, arıqlamaq onun əhvalını korlayıb və Endryu yenidən yeməklərə iştahla girişməyə başlayıb.
Şahzadə Endryu Britaniya kraliçası II Elizabet və onun əri şahzadə Filipin ortancıl oğludur. İndiki kral III Çarlz onun böyük qardaşıdır və aralarında əhəmiyyətli yaş fərqi (12) var. Onların qardaş kimi yaxın olma ehtimalı az olub: 1962-ci ildə Karl bir neçə il sərt Gordonstoun internat məktəbində oxuyub, buna görə də o zaman cəmi iki yaşı olan Endryu onsuz böyüyüb.
Ənənəvi olaraq gənc şahzadələr hərbi xidmətə gedirlər (Harri və Uilyam da Əfqanıstanda xidmət ediblər). Endryu atasının yolu ilə gedib və hərbi dəniz qüvvələrinə qatılıb. 1982-ci ilin aprelindən iyun ayına qədər Böyük Britaniya və Argentina arasında Folklend adaları uğrunda davam edən müharibədə o, təyyarədaşıyan gəmidə hərbi xidmət keçib.
Britaniya hökuməti şahzadəni təhlükəsiz kadr işinə köçürməyi təklif etsə də, o, bundan imtina edib. Endryu döyüşün mərkəzində olub və helikopter pilotu kimi bir neçə döyüş missiyasını yerinə yetirib.
Müharibədən sonra şahzadə evlənib. Onun həyat yoldaşı Sara Ferguson olub. İngilis tabloidləri bu izdivacı bəyənməyiblər. İkinci övladının doğulmasından sonra Saranın çəkisi 90 kiloqrama çatanda mediada onu "donuz əti hersoginyası" adlandırıblar. 2010-cu ildə “Globe” adlı tabloid "Fergi pul üçün zəngin insanlarla yatır" manşeti ilə çıxıb (Fergi Sara Fergusonun qəzet ləqəbidir). Şahzadə Endryu da daxil olmaqla kral ailəsi Saranın təhqir olunmasına heç bir reaksiya verməyib.
Saray əyanları arasında Endryu oyuncaq ayılara aludə olan qəribə ekssentrik kimi tanınır. Bukinhem sarayında işləyən qulluqçulardan biri “The Sun” qəzetinə deyib ki, şahzadənin dəniz donanması geyimində 72 oyuncaq ayısı var.
"Onların hamısını sıralamaq mənə yarım saata başa gəlirdi. Sonra yatmazdan əvvəl ayıları çıxarıb otağın ətrafına yerləşdirmək lazım idi. Hər birinin müəyyən yeri var idi. Balacaları yenə ölçüsünə görə istifadə olunmayan buxarının içərisinə qoyurduq ki, gözəl olsun. Endryunun iki sevimli ayısı çarpayısının kənarındakı taxtlarda oturdulmuşdu. Daha ikisi ayaqlarının altında yerdə olurdu”, - qulluqçu deyib.
Əgər xidmətçilər səhv etsələr və ayılar səhv yerlərdə olsa, Endryu qəzəblənər və qışqıra bilərdi.
1992-ci ildə tabloidlər Sara Fergusonun sevgilisi ilə fotolarını dərc ediblər. Bundan sonra Endryunun boşanmaqdan başqa seçimi qalmayıb. Nəhayət, onlar 1996-cı ildə boşanıblar, amma qəribə də olsa, ayrılmayıblar. Hətta indi aradan, demək olar ki, 30 il keçsə də, Endryu hələ də Sara Ferguson ilə yaşayır.
Eyni zamanda, tanışlarının dediyinə görə, məhz bu illərdə Endryu pleyboy kimi şöhrət qazanıb. Keçmiş kral təhlükəsizlik zabiti Pol Peycin sözlərinə görə, şahzadə iki gündən bir məşuqələrini dəyişib və onlar həmişə fərqli qadınlar olub. "Hətta bir zarafat edirdik ki, onun yataq otağına fırlanan qapı qoymağa ehtiyac var", - Peyc deyib.
Yaxın adamlar şəhadət verirlər ki, Endryu heç vaxt siqaret çəkməyib, narkotik qəbul etməyib və ya sərxoş olmayıb. Onun bir ehtirası olub – seks.
Endryu yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ilə məşğul olan bütöv bir cinayət şəbəkəsi yaradan amerikalı maliyyəçi Ceffri Epsteyn ilə dost olub. Epsteyn özü qəsdən zəngin və nüfuzlu insanlarla görüşürdü. O, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Donald Tramp, Səudiyyə şahzadəsi Məhəmməd bin Salman, kinoprodüser Harvi Vaynşteyn, aktyor Kevin Speysi və milyarder Bill Qeyts və başqaları ilə sıx əlaqələr saxlayıb.
Epsteynin qurbanlarından bəziləri daha sonra şahzadə Endryu ilə cinsi əlaqəyə girməyə məcbur olduqlarını etiraf ediblər. Onlardan biri, amerikalı Virciniya Cuffre o zaman cəmi 17 yaşında olub. Onun sözlərinə görə, o, şahzadə ilə vanna qəbul etməli olub. Daha sonra onlar cinsi əlaqədə olmaq üçün yataq otağına keçiblər. Bu, qızın fikrincə, həyatının "ən uzun on dəqiqəsi" olub.
Bu açıqlamadan sonra Endryu azyaşlıyla cinsi əlaqədə olmaq ittihamlarını rədd edib, Cuffreni, hətta Epsteyni tanımadığını bildirib. Hətta o, Epsteynin şəriki Gisleyn Maksvellin şahzadənin Londondakı mənzilində 17 yaşlı Virciniya Cuffre ilə qucaqlaşdığını göstərən fotoşəkili dərc etdirməsindən sonra da mövqeyini dəyişməyib.
2019-cu ildə Endryu təqsirsizliyini sübut etmək üçün BBC-yə müsahibə verib və Cuffrenin hekayələrində bir detala diqqət cəlb edərək deyib: “Qız birlikdə olduğumuz zaman mənim tərlədiyimi iddia edib, amma bu, mümkün deyil, çünki mən Folklend müharibəsindən bəri tərləmriəm”.
Müsahibə şahzadənin gözlədiyi effekti verməyib, tər və Folklend haqqında bəhanələr heç kimi inandırmayıb.
ABŞ-da Virciniya Cuffre onu məhkəməyə verib. Cinayətin üstündən çox vaxt keçsə də, əməlin nə vaxt törədilməsindən asılı olmayaraq yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə imkan verən Nyu-Yorkun “Uşaq qurbanları aktı” sayəsində iddia qəbul edilib.
Məhkəmənin ilk günlərində şahzadə Endryu ilə bağlı faktlar üzə çıxıb.
Xüsusilə, Epsteynin “Lolita Express” kimi tanınan şəxsi təyyarəsinin pilotu Epsteyn və Endryunun yanında Cuffre və başqa bir azyaşlı qızı gördüyünü söyləyib.
Endryunun vəkilləri bacardıqları qədər mübarizə aparıblar, lakin onlara heç nə kömək etməyib. Məhkəmə Cuffrenin mülki iddiasını rədd etməkdən boyun qaçırıb və Endryuya and içərək ifadə verməyi əmr edib. Şahzadə sorğu-sualdan yayınmaq üçün Cuffreyə 12 milyon funt sterlinq ödəməyə razılaşıb. Beləliklə, o, əslində günahını etiraf edib - ən azı cəmiyyətin gözü qarşısında.
Endryu təzminat ödəməyə razı olduqda, kraliça II Yelizaveta onu Vindzor qəsrinə çağırıb. Şahzadə Uilyamın da daxil olduğu danışıqlar bir saatdan çox davam edib. Bundan əvvəl o, Şotlandiya iqamətgahında olan şahzadə Çarlz (indiki kral Çarlz III) ilə baş verənləri müzakirə edib. Kral ailəsinin bütün üzvləri problemin dərhal həllinin tərəfdarı olub.
Tezliklə Bukinhem sarayı rəsmi olaraq Endryunun titulundan və hərbi rütbələrindən məhrum edildiyini elan edbi. Şahzadə, tabloidlərin yazdığına görə, bu qərara mat qalıb. O, ailəsinin Cuffreyə görə düşdüyü zərərlə kömək edəcəyini gözlədiyi vaxt bunun əksi baş verdiyindən çox sarsılıb.
Araz Altaylı, Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ