İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtda tıxacları azaltmağın daha bir yolu - Məktəbli avtobusları

Bəs təklif niyə havada asılı qalıb? - 3 rəy

Məktəblilərin payız tətilinin başlaması ilə yollarda sıxlıq azalıb. Bu da növbəti dəfə tıxac yaradan səbəbi gündəmə gətirib. Ekspertlərə görə, valideynlər övladlarını məktəbə şəxsi avtomobil ilə apardığı, məktəbin girişində düşürtdükləri üçün bu, tıxaca səbəb olur. Məhz bununla bağlı bir neçə ildir məktəbli avtobuslarının təşkil olunması ilə bağlı təkliflər səslənir.

Bəs bu təklif niyə dəyərləndirilmir?

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, şagirdlərin individual və qrup halında evlərindən məktəbə və məktəbdən evlərinə tam təhlükəsiz çatdırılmasının təmin edilməsi Bakı şəhərində tıxacların azalmasına böyük töhfə verər: “Bu xidmətin digər üstünlüyü ondan ibarətdir ki, müasir standartlara uyğun nəqliyyat vasitələri istifadə olunmaqla təcrübəli sürücülər tərəfindən təlimli hostesləri ilə yüksək xidmət göstərilir. Amma bir çox hallarda bunu təcrübəsiz, əsəbi valideynlər öz nəqliyyat vasitələri ilə həyata keçirirlər ki, zaman-zaman da xoşagəlməz hadisələr baş verir. Amma nəqliyyat servisləri tərəfindən şagirdlərin aparılması həm valideynlərin maksimal rahatlığını, həm də məktəblilərin təhlükəsiz və vaxtında daşınmasını təmin edər. Bakıda şəhərsalma zamanı məktəblər yaşayış binalarına yaxın inşa edilib ki, məktəblilər nəqliyyat problemi ilə üzləşməsinlər, amma nəzərə alsaq ki, hazırda 4472 orta məktəbdə 1.6 milyon şagird təhsil alır, deməli, bu problem az da olsa var. Əlbəttə, şagirdlərin məktəbə fərdi avtomobillə daşınmaması daha yaxşı olar. Bu, məktəb ətrafında sıxlıq, xaos yaradır. Amma digər tərəfdən də məktəblərin büdcəsi yoxdur ki, məktəb avtobusları saxlasınlar. Bu gün özəl məktəblərdə nəqliyyat servisi xidməti var. Adi məktəblər isə bunu edə bilmir. Çünki nazirlik dövlətin nəzdində olan lisey və gimnaziyalar üçün nəqliyyat saxlamağa büdcə ayırmır. Belə halda valideynlər yığılıb kiçik bir büdcə yaratmaqla məktəb avtobusu təşkil edə bilərlər. Uşağını öz yaşadığı ərazidəki məktəbə yox, şəhərin mərkəzindəki məktəbə aparıb gətirən valideynlər çoxdur. Belə halda fərdi avtomobili olmayan valideynlər ictimai nəqliyyatdan istifadə edir. Zənnimcə, bu da düzgün deyil. Çünki uşaq saatlarla ayaq üstə, tıxacda qalaraq enerjisini elə yoldaca itirir. Məktəb avtobusları isə uzaq məsafəyə uşaqların rahat gediş-gəlişini təmin edir. Xarici ölkələrdə, uzağa getməyək, elə Türkiyədə də şagirdlər avtobuslarla daşınır ki, bu da öz səmərəsini də göstərir”.

Azərbaycanda böyük qalmaqala səbəb olan dərsliyin müəllifi danışdı -  09.10.2017, Sputnik Azərbaycan

Kamran Əsədov

Digər təhsil eksperti Adil Vəliyev statistikaya diqqət çəkdi: “Xırdalanda yaşayıb övladını Bakıda məktəbə yazdıranlar, onları da məktəbə şəxsi avtomobili ilə aparanlar çoxdur. Maşınları düz məktəbin girişində saxlayırlar. Hər kəs öz rahatlığını düşündüyü üçün tıxac yaranır. Hazırda fərdi qaydada valideynlər bunu təşkil ediblər. Lakin yaxşı olar ki, bu, sistematik şəkildə həll olunsun. Bakıdan kənarda yaşayan şagirdlərin sayı ilə bağlı dəqiq statistika aparılmalıdır ki, məktəbli avtobusu təşkil edilsin. Eyni zamanda məktəbli avtobusları avtobuslar üçün ayrılmış zolaqlarda hərəkət etməlidir. Təhsil sahəsinə hər il milyonlarla manat vəsait ayrılsa da, yaxın 5 il ərzində şagirdlər üçün avtobusların ayrılması gözlənilmir, çünki daha ciddi problemlər var”.

Ekspert Gürcüstanın avtomobil sığortasının Azərbaycana təsirindən danışır -  14.04.2018, Sputnik Azərbaycan

 Ərşad Hüseynov

Hüquqşünas Ərşad Hüseynov da məktəblilərin payız tətili başlayandan yollarda sıxlıq olmadığını, şəhərin giriş-çıxışında boşluq olduğunu təsdiq etsə də, hesab edir ki, məktəb avtobuslarının təşkili problemin yeganə həll yolu deyil: “Şagirdlərin şəxsi avtomobillərlə daşınması şəhər nəqliyyatının yüklənməsində ciddi faktordur. Bakı ətrafında yüz minlərlə insanın məskunlaşdığı məntəqələrdə məktəb yoxdur. Elə yaşayış məntəqələri var ki, məktəb olsa da,  şəraiti qənaətbəxş deyil, yaxud tədris valideynləri qane etmir. Məktəb avtobuslarının təşkili problemin yeganə həll yolu deyil. Bir çox yerdən məktəblinin götürüldüyünü nəzərə alsaq, xeyli məsafə qət olunur. Bundan başqa məktəb avtobusu minik avtomobilindən daha artıq yer tutur.

Təhlükəsizlik məsələsi də önəmlidir. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan tələblər gözlənilməlidir: avtobuslara gündəlik texniki qulluq  edilməlidir, sürücü tibbi müayinədən keçməlidir, avtobus qarajda saxlanmalıdır, sürücünün iş rejiminə diqqət etmək lazımdır, avtobusun istismar xərcləri və s. məsələlər var. Bunu isə məktəb təşkil edə bilməz. Məktəblər uzaqda yaşayan məktəblilər üçün Təhsil və Elm Nazirliyi və nəqliyyat qurumları ilə birgə bunu təşkil edə bilərlər. Daşıyıcı təşkilatın olması məqsədəuyğun olar. Eyni zamanda bəzən uşağın avtobusda uzun müddət yol getməsi də valideynləri narazı salır".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR