İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla “mühacir qarabağlılar” arasında pul qovğası - xaricdən verilən milyonlar...

Xunta rejiminin tör-töküntüləri hakimiyyətə qarşı Qarabağdan köçmüş ermənilərlə birlikdə təzyiq kampaniyası qurur, onlara ayrılmış milyonlar uğrunda mübarizə aparır

Qarabağ separatçılarının Ermənistana qaçmış “rəhbəri” Samvel Şahramanyanın İrəvanda “mühacir hökumət” yaratmaq istədiyi haqda ziddiyyətli məlumatlar yayılmaqdadır. Ermənistan mediası Şahramanyanın artıq mövcud olmayan qondarma “artsax”ın İrəvandakı nümayəndəliyində başının dəstəsi ilə müzakirələr keçirdiyini yazır.

İddia olunur ki, guya Şahramanyan iki məsələni prioritet elan edib və bununla bağlı “tapşırıqlar” verib. Bunlardan biri qandallanaraq, Bakıya gətirilən separatçı cinayətkarların azad edilməsi, digəri Qarabağdan Ermənistana qayıdan ermənilərin problemlərinin həll edilməsidir. “Qarabağın Ermənistandakı nümayəndəliyində çox mühüm toplantılar keçirilir”. “Yeni Müsavat” bildirir ki, bunu Ermənistanın “Respublika Naminə” Partiyasının lideri Arman Babacanyan deyərək baş verənləri təsdiqləyib. Babacanyanın sözlərinə görə, Qarabağdan Ermənistana qayıdan, “Samvel Şahramanyanı seçən və mahiyyətcə Qarabağın mövcudluğuna son qoyan hadisələrin təşəbbüskarı olan 22 xain deputat” Ermənistanda mühacirətdə olan “Qarabağ hökuməti” yaratmaq qərarına gəlib. “Bu, çox ciddi təhlükələr ehtiva edir. Bu, Azərbaycan üçün Ermənistana doğru eskalasiyaya qanuni əsas ola bilər. Müəyyən hüquqi prosesləri başa vurduqdan sonra dövlət xaini olması məsələsini hüquqi cəhətdən sübut etmək üçün mən şəxsən Samvel Şahramanyana qarşı prokurorluğa ərizə verməyə hazırlaşıram”.

Partiya sədri deyib ki, 10 noyabr sənədində Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması müddəası ruslar və azərbaycanlılarla razılaşdırılaraq, bəyanatın mətnində aydın şəkildə yer alıb. “Ermənistana bu qədər problem yaradacaq, onun daxilində atəş yaradacaq məqamı özündə ehtiva edə biləcək bu cür siyasi məsuliyyətli bəyanatın müəllifləri İrəvanda belə avantüraya girməkdə çətinlik çəkmirlər”. Samvel Şahramanyan İrəvanda baş tutan iclasda “siyasi şərh” verməyib. Belə bir bəyanatla isə ermənilərin hələ də qulpundan yapışdığı ""artsax"ın informasiya qərargahı" çıxış edib. “Samvel Şahramanyanın İrəvanda keçirilən geniş tərkibli iclasda guya "artsax"ın ermənisizləşdirilməsi ilə bağlı konkret siyasi qiymətlər verdiyi barədə bəzi KİV-lər tərəfindən bu yaxınlarda yayılan məlumatlar həqiqətə uyğun deyil. Görüşün əsas məqsədi Qarabağdan köçənlərin sosial problemlərinin, əsasən onların ilkin məişət ehtiyaclarının təmin edilməsi və tələbələrin operativ şəkildə tədris prosesinə cəlb edilməsi məsələsinin həllinə səylərin yönəldilməsi olub", - deyə “bəyanatda” qeyd olunub.

Əgər Şahramanyan İrəvana gedən kimi bu cür sarsaq işlərə baş qoşubsa, aydındır ki, bu cəhdlərin praktiki olaraq nəticə verməyəcək, lakin bölgəyə sülhün gəlməsi üçün erməni separatizminin, ümumiyyətlə, sıradan çıxarılması vacibdir. Belə görünür ki, bunu Ermənistan hakimiyyəti  başa düşür. Samvel Şahramanyanın sözügedən “məsləhətləşmələri” Paşinyan hakimiyyətini qəzəbləndirib. Nəticədə vaxtilə Qarabağda “vəzifə” tutanların maaşlarını verməmək qərarına gəlinib. Ermənistan hakimiyyəti separatçılara sentyabrın maaşlarını verməyib və bundan sonra da verməyəcəyini qətiləşdirib.

Təsadüfi deyil ki, Ermənistanın rəsmi KİV-lərində  qondarma “artsax”ın “lider”ləri haqqında ittihamlar tirajlanmağa başlayıb. Bu məlumatlarda onların büdcəni taladıqları bildirilir. Ermənistan Baş Prokurorluğu isə separatçıların keçmiş “müdafiə naziri” Samvel Babayanın ifadələri əsasında cinayət işi açıb. Məlumata görə, iş Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi ilə - 550-ci (hərbi vəziyyət, müharibə və ya döyüş zamanı komandir və ya vəzifəli şəxs tərəfindən xidməti vəzifələrini yerinə yetirməmə və ya lazımınca yerinə yetirməmə), habelə 545-ci (təslim olma və ya hərbi xidmətdən imtina etmə) başlanıb. Bundan əvvəl Babayanın Ermənistan mediasına verdiyi açıqlamalar ciddi müzakirə və hiddətə səbəb olub. Ermənistana qaçan xunta rejiminin tör-töküntüləri “təşkilatlanmaqla” Paşinyana qarşı Qarabağdan köçmüş ermənilərdən ibarət təzyiq kampaniyası qurmağa çalışırlar. Üstəlik, Qarabağdan köçən ermənilərə ayrılmış milyonlar uğrunda da mübarizə kimi dəyərləndirilməlidir. Separatçı tör-töküntü ayrılan pulların Paşinyan hökumətinə verilməməsinə çalışır.

Qabil Hüseynli: Hazırda əsas diqqət bölgədəki bütün iqtisadi və nəqliyyat  əlaqələrinin bərpa edilməsinə yönəlib

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat” bildirdiyinə görə, “mühacir komanda”nın toplanması siyasi imitasiyadır. Politoloqun fikrincə, həmin yığıncaqlarda qondarma rejimin əvvəlki dövründə olmuş siyasi adamlar iştirak da etmirlər. Q.Hüseynliyə görə, onlar yaxşı başa düşürlər ki, həmin era bitib, uydurma respublika keçmişdə qalıb, indi isə Qarabağda yaşamış ermənilərə ayrılan vəsaitləri bölüşdürmək və mənimsəmək kimi yaramaz işlərlə məşğul olacaqlar: “Ola bilsin ki, Ermənistana köçmüş insanların bəzi sosial-iqtisadi poblemlərini Paşinyan hökuməti qarşısında qaldırsınlar, amma həmin pulları hakimiyyətə vermək, yaxud şərik olmaq istəmirlər. Ona görə də hələ bir müddət yığışacaqlar, Şahramanyan kimilər çıxışlar edəcək, heç bir nəticəsi isə olmayacaq. Ümumiyyətlə, mənim proqnozum budur ki, Ermənistana köçənlərin əksəriyyəti çamadan ovqatındadır. Yəni onların bir qismi Rusiyaya, bir hissəsi Avropaya getmək fikrindədir. Hətta inanıram ki, Qarabağdan getmiş ermənilərin yarısı mühacirət edəcək”.

Professor hesab edir ki, cinayətkar rejimin İrəvanda toplaşması, təşkilatlanması ilə ayrılan maliyyəni realizasiya edəcəklər: “Artıq nə müstəqillik ideyası var, nə də gündəlikdədir. Onların "ikinci erməni dövləti" arzusu gorbagor olub. Bundan sonra başlarının “milçəyini qovmaq”la məşğul olacaqlar. Təbii ki, bu proseslər Ermənistan hakimiyyəti ilə həmin qüvvələrin öz daxili məsələləridir. Bizim tələbimiz xunta rejiminin ləğvi, qanunsuz hərbi birləşmələrin tərk-silah olunması və Qarabağdan rədd olub getmələri idi. Buna da nail olduq və bayrağımız Xankəndidə, Xocalıda dalğalanır. Erməni separatçıları indi hansı platformada “Dağlıq Qarabağ” ifadəsini işlətsələr belə, heç bir əhəmiyyəti yoxdur. Dünya beynəlxalq hüquqa əsaslanan addımlarımızla hesablaşıb. Azərbaycan ərazisində bu canilərin uzun müddət mövcudluğuna dözə bilməzdik. Qarabağdan köçən ermənilərə gəlincə, seçimi özləri edib. Biz onların qalmasını istəmişik, qanunlarımıza tabe olub yaşamağa dəvət etmişik, əgər könüllü surətdə köçüblərsə, bizim günahımız deyil".

Fərhad Mehdiyev: “Dövlətin problemlərinə öz problemlərimiz kimi baxmalıyıq”  Pravda.az

Fərhad Mehdiyev

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə hesab edir ki, onların “konstitusiyasında” Şahramanyanın “fərman”ını ləğvetmə proseduru ola bilər, lakin əhəmiyyəti yoxdur: “Çünki separatçı-terrorçu rejim də qanunsuz idi, onun bütün "strukturları" da, “konstitusiyası” da. Bu baxımdan, bütün bu “fərman” və yaxud onu “ləğv etmə” cəhdlərinin heç bir hüquqi əsası yoxdur. Bütün dünyada mühacir hökumətlərin yaranması və tanınması legitim hökumətlərə aiddir. Məsələn, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti işğal edilmişdi və o hökumətin üzvləri xaricdə mühacir hökuməti yarada bilərdilər. Çünki AXC-ni onlarla dövlət tanımışdı. Bu qanunsuz xuntanı, qondarma qurumu, separatçı-terrorçuları isə Ermənistan da daxil olmaqla, heç bir ölkə tanımamışdı. Belə olan halda onların hər hansı “mühacir hökumət” qurma cəhdləri beynəlxalq hüquqa görə mümkün deyil".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR