İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın terror xofu - canı özünə əzizdi, bəs sülhə olan təhlükə?

Deputat Aydın Hüseynov: “Nikol Paşinyan erməni millətinin xarakterinin terrorçu mahiyyətli olduğunu yaxşı bilir”

Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlamentdəki fraksiyasının deputatları baş nazir Nikol Paşinyanla görüş zamanı ciddi yoxlamaya məruz qalırlar. Bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“Deputatlar həbsxanalarda olduğu kimi rejimdən keçirilirlər. Bu, ”Vətəndaş sazişi" daxilində ciddi çaşqınlıq yaradıb",-deyə xəbərdə bildirilir.

Qəzetin yazdığına görə, artıq baş nazirlə görüşdən əvvəl orada olanlara bütün çəkiliş və səsyazma cihazlarını təhvil vermək təklif edilmir. Sadəcə olaraq, hökumət başçısının mühafizəçiləri gəlib kimin əlində telefon, planşet və ya “Apple watch” olduğunu yoxlamağa başlayırlar. Bu cihazlarla video yazmaq və ya çəkmək mümkündür. Cangüdənlər heç bir şey söyləmədən onları müsadirə edirlər. Belə görünür ki, “Paşinyan artıq heç kimə güvənmir”, - deyə yazıda qeyd olunub.

Paşinyan niyə həyatına görə narahat olmağa başlayıb? Yoxsa bu da sülh prosesini uzatmaq üçün növbəti oyundur? Deyirlər, qorxan adam meşəyə getməz. O zaman Paşinyanın “sülh erası” necə olsun? Onun terror xofu Azərbaycanla sülh danışıqlarını bir az da əngəlləyə bilərmi?

Aydın Hüseynov: “Niyə deputatın oğlu əsgər getməməlidir?!” - MÜSAHİBƏ

Aydın Hüseynov 

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan təmsil etdiyi erməni millətinin xarakterinin terrorçu mahiyyətli olduğunu yaxşı bilir. Həyatının təhlükədə olduğu barədə onda ciddi informasiyanın olduğu istisna deyil. Bir sıra amillər onu narahat edə və xoflandıra bilər: “Nikol Paşinyan Ermənistanın müasir tarixində parlamentdəki terror aktını şübhəsiz ki, xatırlayır. 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentinə silahlı basqın edilmiş və parlamentin sədri, müavinləri, həmçinin ölkənin digər bir neçə yüksək vəzifəli şəxsləri güllələnərək qətlə yetirilmişdilər. Eləcə də 2008-ci il matın 1-də seçki saxtakarlığına qarşı etiraz edən müxalifətçilər küçədəcə gülləbaran edilmişdi. Nəticədə Nikol Paşinyanın qardaşı daxil, çoxlu sayda insan öldürülmüşdü. Bu və buna bənzər terror aktları Ermənistan siyasi tarixində kifayət qədər var. Bu, ermənilərin bir toplum olaraq xislətindən qaynaqlanır. Onlar həmişə terrora meylli olublar. Və indi də mahiyyətləri dəyişməyib. Xatırlatdığım iki qanlı terror aktını indi Ermənistanda Nikol Paşinyana qarşı olan revanşist Qarabağ klanının liderləri Robert Köçəryan və Serj Sərkisyan təşkil etmişdilər. Bu terrorçular indi Paşinyana qarşı da düşmənçilik mövqeyindədirlər, qisas hissi ilə alışıb yanırlar. Əllərində kifayət qədər maliyyə resursları ilə yanaşı, onlara bağlı olan, onların sifarişləri ilə hərəkət edən silahlı qruplar, terrorçu dəstələr, hətta ordu içərisində də uzantıları var. Bu cinayətkar çete hakimiyyəti mitinqlər vasitəsilə devirməyə çox cəhd etdilər, lakin nail ola bilmədilər. Ermənistanın cəmiyyətinin böyük hissəsi onlara etimad göstərmir. Yəqin ki, Köçəryan-Sərkisyan cütlüyü ötən ay keçirdikləri yürüşlər və mitinqlərin iflasa uğraması ilə əmin oldular ki, xalq onlara inanmır və onların arxasınca gələsi deyil. Belə olduğu halda həyat tərzlərinə çevrilmiş və yaxşı bacardıqları terror aktı həyata keçirmək variantından başqa variantlarının qalmadığını da düşünə bilərlər. Ola bilsin ki, bu barədə Nikol Paşinyanda kəşfiyyat, əməliyyat məlumatları var. Baş nazir revanşist qüvvələrin bu varianta əl atmaq planlarının qurulduğundan xəbərdar ola bilər”.

A.Hüseynov qeyd etdi ki, eyni zamanda xarici güclərin də belə bir variantı tətbiq edə biləcəyindən Paşinyan və onu qoruyan qüvvələrdə məlumat olması istisna deyil: “Nikol Paşinyan Ermənistan dövlətinin lideri olaraq bir sıra tarixi qərarlara imza atmaq məcburiyyətində olduğunun da fərqindədir. Ermənistan cəmiyyətinin, xüsusilə də revanşist qüvvələrin, eləcə də xaricdəki erməni diasporasının bu qərarları rahatlıqla qarşılamayacağından ehtiyatlanan Paşinyanın önləyici tədbirlər görməyə başlaması da istisna deyil. Nikol Paşinyan bəlkə də indiyə qədər sağ qalmasına belə təəccüblənir. Onu təhlükəsizliyini artırmaq tədbirlərini görməyə vadar edən bizim bilmədiyimiz faktorların da olması şübhəsizdir”.

Deputat hesab edir ki, erməni baş nazirdə yaranan terror qorxusu, həyatına təhlükə olmasından xoflanma onu sülh danışıqlarında ciddi addımlar atmaqdan müəyyən qədər çəkindirə də bilər. Yəni Paşinyanın qorxması, xoflanması sülh sazişinin imzalanmasına əlavə əngəl rolunu oynaya bilər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR