Onlayn ictimai-siyasi qəzet
30 yaşlı hamilə qadın marketdən oğurluq edərkən saxlanılıb. Bildirib ki, maddi imkansızlıqdan, uşaqlarını dolandıra bilmədiyi üçün bu yola əl atıb.
Musavat.com xəbər verir ki, 1995-ci il təvəllüdlü Nərmin (ad şərtidir) Saray qəsəbəsi, “Saray MTK” yaşayış kompleksində yerləşən marketdən 2024-cü ilin avqust ayından başlayaraq oğurluq edib.
Nərmin marketdən götürdüyü məhsulları çantasına yerləşdirdikdən sonra kassada bir çörəyin ödənişini edərək diqqət çəkmirmiş. Bəzi hallarda isə marketin ikinci qapısından çıxaraq oradan uzaqlaşırmış. Marketdə oğurluq hallarının artmasından sonra müşahidə kameralarına baxılıb.
2024-cü ilin avqustundan etibarən Nərminin mağazadan kolbasalar, yağlar, içkilər, çipsilər, şokoladlar, şirniyyatlar, meyvə-tərəvəz, bal, turşular, yoğurtlar, yuyucu tozlar, şampunlar, salfetlər, toyuqlar, çaylar, südlər götürdüyü müəyyən edilib.
Onun marketdən ümumilikdə 2518 manatlıq oğurluq etdiyi müəyyən edilib.
Elan edilmiş ittihamla özünü təqsirli bilən Nərmin deyib ki, oğurluğu edən zaman hamilə olub. Hazırda övladı dünyaya gəlib və 7 aylıqdır. Onun himayəsində 5 yaşlı oğlu da var.
“Gündəlik lazım olan ərzaqları götürürdüm. Buna ehtiyacım var idi. Əməlimdən əlbəttə, peşmanam. Amma maddi zərəri ödəmək üçün imkanım yoxdur”, - deyə Nərmin bildirib.
Məhkəmənin hökmü ilə Nərmin barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.
Nərmin bundan sonra uşaqları necə dolandıracaq?
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ