İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyanın son müsahibəsində Naxçıvana xüsusi diqqət göstərməsinin səbəbi budur ki..."

"Dünyanın kəsişməsi" layihəsi bir tərəfdən Ermənistan ərazisi vasitəsilə Qara dəniz, digər tərəfdən Fars və Oman körfəzləri arasında buraxılış qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, avtomobil yük daşımalarını, boru kəmərlərini, elektrik xətlərini və internet- kabelləri nəzərdə tutur. Çünki Gürcüstandan Ermənistana və İrana ən optimal dəmir yolu marşrutu Azərbaycan Naxçıvanından keçir və bu dəmir yolu sovet illərində mövcud olub. Bu, "dünyanın kəsişməsi" Şimal-Cənub marşrutudur.

Həmçinin Xəzər dənizini Ermənistan ərazisilə Aralıq dənizilə, eləcə də Qara dənizdəki Türkiyə limanları ilə birləşdirəcək Şərq-Qərb istiqaməti var. Bundan ötrü Azərbaycandan dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Ermənistan vasitəsilə Türkiyəyə daxil olmalıdır. Biz belə qərarlara hazırıq. Üstəlik, bu yolun infrastrukturundan Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında əlaqə yaratmaq üçün istifadə edilə bilər".

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın "Kathimerini" nəşrinə müsahibəsində bildirib.

Bəs Paşinyan bu bəyanatlarına realda əməl edəcəkmi?

Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Musavat.com-a açıqlamasında bildirib:

resize (53).jpg (17 KB)

"Əgər biz Ermənistanın baş naziri Nikol Paşinyanın, həmçinin Ermənistan hökumətinin "Dünyanın kəsişməsi" layihəsi ilə bağlı bundan əvvəlki müsahibələrinə baxsaq görərik ki, orada daha çox Hindistan, İran, Ermənistan, Gürcüstan vasitəsi ilə Qara dənizdən keçən və Avropaya nəql edilən tranzitdən, kommunikasiya xətlərindən söhbət gedirdi. Amma bu dəfəki müsahibəsi sanki onun reallığı daha yaxşı başa düşməsini əks etdirir.

Ola bilər ki, Qərbdəki bəzi tərəfdaşları da Nikol Paşinyana məsləhət görüblər ki, əgər o, kommunikasiya xətlərinin qovşağında Ermənistanı yerləşdirmək istəyirsə və "Dünyanın kəsişməsi" layihəsindən danışırsa, dünyanın kəsişməsi hazırda Avrasiyanın orta xəttində çox vacib rol oynayan Azərbaycan və Türkiyə olmadan mümkün deyil. Buna görə də o, budəfəki çıxışında Naxçıvana xüsusi diqqət yetirib və bildirib ki, Cənub-Şimal tranzit marşrutu xəttində də Gürcüstanı və İranı məhz Ermənistanın ərazisindən Naxçıvan vasitəsi ilə keçəcək tranzit birləşdirə bilər. Həmçinin eyham vurub ki, Ermənistan Qərbi Zəngəzur, yəni, Sünik bölgəsi vasitəsi ilə də Naxçıvana və Türkiyəyə tranzit xəttinin açılmasına razıdır. Bu, doğrudan da Paşinyanın fikirlərində nəqliyyat, kommunikasiya xətləri ilə bağlı inkişafın gösgəricisidir və bu bəyanat əməldə də yerinə yetirilərsə, biz bölgədə yeni proseslərin şahidi ola bilərik.

Əslində, Paşinyanın bu günkü çıxışında səsləndirdiyi fikirləri Azərbaycan 3-4 il əvvəl Paşinyana bəyan edib bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə həm Şimal-Cənub, həm də Qərb-Şərq layihələrini aça bilərik, bu isə regionda yeni əməkdaşlığa, proseslərə gətirib çıxara bilər.

Amma bilirik ki, buna qarşı olan qüvvələr var və onlar reallığı başa düşmək istəmirlər. Məsələn, İran həm Naxçıvan, həm də Zəngəzur vasitəsi ilə bu və digər layihələrin həyata keçirilməsini özünə təhdid kimi görür.

Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyan anlamalıdır ki, onun təklifləri, bölgədə kommunikasiya xətlərinin açılması o halda həyata keçə bilər ki, Paşinyan ona tutulan "çətirlərin" sahiblərinə qulaq asmasın. Bu zaman Ermənistanın gələcəyi üçün doğrudan da perspektivli addımlar atacaq".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR