Onlayn ictimai-siyasi qəzet
İrəvan körpüləri bərpa edə biləcəkmi?
Ermənistan hökuməti son aylar parlamentə, Xarici İşlər Nazirliyinə, eləcə də Rusiya ilə əlaqələri olan digər strukturlara və nazirliklərə əlaqələrin mümkün qədər istiləşməsi ilə bağlı tapşırıqlar verib. Bu barədə erməni mətbuatı yazıb. "Avroreferendum" layihəsinin 2 ay müddətinə təxirə salınması qərarı da Moskvanın diqqətini yayındırmaq məqsədi daşıyır. Rusiyaya bağlı müxalifət bu xəbərlərə reaksiya verməməyə çalışır, amma Qərbin tərəfdarları artıq rəsmi İrəvandan şübhələnməyə başlayıblar. Ekspertlərə görə, hakimiyyət xarici siyasət cəbhəsində kəskin dəyişikliklərin nə siyasi, nə də iqtisadi baxımdan yaxşı heç nəyə gətirib çıxarmayacağını anlayıb.
“Hraparak” qəzeti yazır ki, Rusiya Paşinyanın səmimiyyətinə inanmır: “Federasiya Şurasının sədri Valentina Matviyenkonun səfərinin təxirə salınması Paşinyanın hərəkətlərinin səmimiliyini yoxlamaq, eləcə də İrəvanın hazırkı hakimiyyəti ilə əməkdaşlığı necə davam etdirəcəklərini anlamaqla əlaqələndirilir. Matviyenko ilkin razılığa əsasən fevralın sonunda gəlməli idi, amma iyunun 5-6-da Ermənistana səfər edəcəyi bildirildi. Rusiya Paşinyanın mayın 9-da Qırmızı meydanda keçiriləcək tədbirlərdə iştirak edib-etməyəcəyini gözləyir”.
“Rusiya ilə münasibətləri bərpa etmək asan deyil, amma mümkündür. Bu, təkcə Ermənistan üçün deyil, bütün region üçün obyektiv zərurətdir. İkitərəfli münasibətlərimizdə təkcə ticarət-iqtisadi komponenti deyil, həm də etimad mühitində siyasi dialoqa başlamaq, təhlükəsizlik gündəliyinə xüsusi diqqət yetirmək lazımdır. Regional problemləri həll etmək üçün 3+3 formatını aktivləşdirmək, ATƏT-in Minsk Qrupunu canlandırmaq, Ermənistanın KTMT-də iştirakını bərpa etmək lazımdır". Ermənistan xarici işlər nazirinin sabiq müavini Avet Adonts deyib.
Diplomatın sözlərinə görə, Qərb Ermənistanı “demokratiyanın qalası” elan edərək erməni cəmiyyətində qəsdən anti-Rusiya əhval-ruhiyyəsini gücləndirir, KTMT-də iştirakını dondurur və Ermənistanın Aİ-yə üzvlüyü kimi faydasız prosesə zaman itirməyə təhrik edir. “Bütün bunlar isə ölkənin təhlükəsizliyinə zidd addımlardır. Erməni xalqının, eləcə də diaspora Rusiya ilə korlanmış əlaqələrin bərpasını istəyir ki, bunu da təcrübəli və məsuliyyətli insanlar etməlidir. Nəticədə Ermənistan regional təhlükəsizlik arxitekturasında öz yerini bərpa etmək imkanı əldə edəcək. Ermənistanın xarici siyasəti çevik və dürüst olmalıdır”. Bəs Paşinyan hökuməti Putinlə “körpüləri” bərpa edə biləcəkmi?
Əli Orucov
Siyasi şərhçi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Trampın hakimiyyətə ikinci dəfə gəlməsi və Rusiyaya göstərdiyi münasibət Ermənistan hakimiyyətini yürütdüyü xarici siyasətində dəyişikliklərə vadar etməkdədir: “Paşinyan anlamağa başladı ki, Qərbə arxayın olub Moskvanın maraqlarına zidd siyasəti davam etdirmək gələcəkdə fəlakətlə nəticələnə bilər və bu, Ermənistanın sonunu gətirər. Kreml məlum səbəblərdən İrəvanın şıltaqlığına təmkinlə yanaşırdı və sərt reaksiyalar verməyə tələsmirdi. Rusiya-Ukrayna müharibəsinə Trampın sərgilədiyi mövqe Putinin əlini bir qədər gücləndirdi və Rusiyanın düşdüyü çətin durumu asanlaşdırdı. Bu da imkan verdi ki Moskva itirilmiş mövqeyini Cənubi Qafqazda, xüsusən də özünün forpostu olan Ermənistanda yenidən bərpa etsin. Təsadüfi deyil ki, Ermənistanda son dövrlər rusiyapərəstlərin və Rusiyanın nökərləri olan revanşistlərin fəallığı artıb. Hətta cəsarətə gəliblər və Azərbaycanın mövqeləri uzun fasilələrdən sonra atəşə tutulur. Paşinyan Moskvaya qarşı müəyyən addımlar atmasına və bəyanatlar səsləndirməsinə baxmayaraq ehtiyatlı davranırdı və konfrontasiyaya getməkdən çəkinirdi. Rusiyanın patronajlığı altında qurulan AİB, KTMT kimi təşkilatlardan çıxmamışdı. Aydın idi ki, bütün sahələrdə Rusiyadan asılı olan bir dövlətin Qərbə inteqrasiyası qeyri-mümkündür. Həmçinin beynəlxalq siyasi münasibətlərin doğuracağı vəziyyətı nəzərə alıb yumşaq siyasət yürüdülürdü. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı da daha çox vaxt qazanmaq taktikası həyata keçirilirdi. Paşinyan Kremllə bütün körpüləri yandırmağa cəsarət etmədiyindən, fikrimcə, ona ciddi təhlükələr yoxdur”.
Ekspertin sözlərinə görə, erməni baş nazir Rusiya ilə əlaqələri baxımından məcburdur ki, kardinal dəyişiklik etsin. İrəvanı çətin vəziyyətə salacaq faktor özünü iki od arasına salmaqdır: “Bir yanda bir-birinə düşmənçilik edən Fransa, bir yanda isə Rusiya var. Paşinyan zamanında xarici siyasətində o qədər ciddi səhvlər buraxıb ki, bu gün həmin səhvlərin labirintində vurnuxur. Kreml üçün Paşinyanı devirmək heç də çətin deyil, lakin bunu, zənnimcə, etməyəcək və ona istədiklərini diqtə edəcək. Erməni baş nazir də məhz adamlarını Moskvaya buna görə minnətçi salıb”.
Azad Məsiyev
Siyasi şərhçi Azad Məsiyev qeyd etdi ki, Ermənistan adlı dövləti yaradan, himayə eləyən, ərazisini genişləndirən Rusiya olub: "Çar dövründən indiyə qədər Rusiya erməniləri himayə edib, özü yeməyib erməniləri yedirdib. Buna baxmayaraq, Nikol Paşinyan hakimiyyəti Rusiyaya qarşı xəyanətkar siyasət həyata keçirdi. Çünki Nikol Paşinyanı ABŞ hakimiyyətə gətirib. Onun qarşısında Rusiyanın Ermənistanda nüfuzunu zəiflətmək və Rusiyanı kənarlaşdırmaq vəzifəsi qoyulmuşdu. Paşinyan da bu kursu hakimiyyətə gələndən etibarən həyata keçirməyə başladı. İndi Donald Trampın hakimiyyətə gəlməsi ilə istər Birləşmiş Ştatlarda, istərsə də dünyada yeni bir geosiyasi vəziyyət yaradıb. Bu situasiya özünü ən çox Ukrayna müharibəsi məsələsində göstərməkdədir. Proses Rusiyanın sıradan çıxacağı ilə bağlı proqnozların puça çıxması ilə nəticələnməkdədir. Belə vəziyyətdə İrəvan gözəl anlayır ki, əgər hətta Donald Tram Rusiya siyasətində loyal xətt tutursa və Ukraynanın müdafiəsindən çəkilirsə, Ermənistan və şəxsən özü niyə Rusiyaya qarşı indiyə qədər olan siyasəti davam etdirməlidir. Ona görə də artıq Paşinyan ehtiyatlı şəkildə manevr etmək istəyir. Paralel olaraq Ermənistandakı Rusiyaya yaxın qüvvələr fəallaşmaqdadır. Bu məqam da Paşinyanı Rusiya ilə yandırdığı körpüləri nə qədər gec deyil bərpa etməyə vadar eləyir. Bir tərəfdən də Tramp Amerikasının Ermənistan siyasətinin necə olacağı dəqiqləşdirilməyib. Paşinyanı narahat edən və üzünü tədricən Moskvaya çevirməyə sövq edən daha bir amil budur. Əgər Tramp qəfildən Rusiyaya qarşı sərt siyasətə keçəcəksə və Bayden kimi Ermənistanı açıq müdafiə eləyib Moskvaya qarşı siyasi xətti yürütmək təlimatı verəcəksə, o zaman Nikol yenə də əvvəlki anti-Rusiya siyasətinə qayıdacaq. Paşinyan hələ ki indiki situasiyaya uyğun şəkildə Rusiya ilə münasibətləri düzəltməyə çalışır. Buna nə dərəcədə nail olacağını, Kremlin bu cür sürüşkən, etibarsız müttəfiqin göz yaşlarına inanıb-inanmayacağını isə bu gün dəqiq söyləmək çətindir. Ancaq bir fakt da var ki, Vladimir Putin xəyanəti bağışlamır. Putin dəfələrlə müsahibələrində bəyan edib ki, hər şeyi bağışlaya bilir, ancaq xəyanəti bağışlamır. Ermənistan isə Paşinyanın timsalında Rusiyaya xəyanət edib. Hər halda, Putin bunu unutmayacaq".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ