Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı sözləri səhv anlaşılıb. Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Əgər kimsə iddia edirsə ki, baş nazir Ermənistanın KTMT-dən çıxdığını deyib, o yanılır", - Mirzoyan Milli Assambleyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Paşinyan bildirib ki, Yerevan təşkilatdan nə vaxt çıxacağına qərar verəcək və sonra geri qayıtmayacaq: "Bu deyilib, nə az, nə çox".
Söhbət Paşinyanın iyunun 12-də parlamentdə hökumət saatı zamanı KTMT ilə bağlı dediyi sözlərdən gedir. "Çıxacağıq. Nə vaxt çıxacağımıza qərar verəcəyik. Bəs sizcə, növbəti addım nə olmalıdır?", - baş nazir bildirib.
O, KTMT-ni "köpük ittifaqı" adlandırıb. Deyib ki, onun üzvləri Azərbaycanla birlikdə Ermənistana qarşı müharibə planlaşdırıb.
Paşinyan onu da əlavə edib ki, Yerevan təşkilatdan çıxanda geri qayıtmayacaq: "Başqa yol yoxdur".
"Ermənistan xarici işlər və müdafiə nazirlikləri xətti ilə Rusiya ilə təmaslara maraq göstərmir. Bu da Qərbin təzyiqinin nəticəsidir". Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin görüşü olmayıb. Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr üçün başqa planın işlənib hazırlanması və yekunlaşdırılması təklifimizə tərəfdaşlar maraq göstərmədilər. Müdafiə nazirlikləri arasında əlaqələrin dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim günahımız deyil. Hərbi-texniki əməkdaşlıq da geriləyib. Biz bunu Yerevanı ölkəmiz ilə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərbçilərin təzyiqinin nəticəsi kimi görürük", - nazir müavini qeyd edib.
Bununla belə, o, ümidvar olduğunu bildirib ki, Ermənistan hakimiyyəti problemli məqamların aradan qaldırılması istiqamətində işləmək barədə açıq səsləndirdiyi niyyətini əməldə sübut edəcək: "Biz buna hazırıq".
Eyni zamanda, M.Qaluzin Moskva ilə Yerevan arasında ikitərəfli təmasların kəsilmədiyinə işarə edib: "Bu yaxınlarda, mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında ətraflı söhbət olub. Rusiya hökumətinin sədri Mixail Mişustin fevralda erməni həmkarı ilə görüşüb".
Mayın 22-də parlamentdə hökumət saatında Ermənistan baş naziri Nikol Paşinyan Belarus liderinin bugünlərdə Bakıda verdiyi bəyanatı şərh edib.
Lukaşenko Azərbaycanda səfərdə olarkən Əliyevə deyib: "Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar".
Paşinyan vurğulayıb ki, Azərbaycan prezidenti ilə görüşdə Belarus prezidenti onun dörd ildir Ermənistana demək istədiyini deyib: "2020-ci ildə 44 günlük müharibəyə hazırlıqda biz yox, müttəfiqlərimiz iştirak edib. Mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ən azı iki ölkəni tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib. Bu ölkələr bizə kömək etmək istədiklərini təqlid edirdilər. Amma o müharibə Dağlıq Qarabağla bağlı deyildi. Onlar Dağlıq Qarabağ məsələsini çoxdan özləri üçün bağlayıblar. Həmin müharibə Ermənistana aid gözləntilərin doğrulmaması ilə bağlı idi. Müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin mövcudluğuna son qoymaq idi. 9 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı".
Paşinyan 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında oxşar cəhdlərin edildiyini, lakin uğursuz nəticələndiyini vurğulayıb. "2024-cü il mayın 9-da bir daha cəhd etdilər, amma yenə alınmadı və alınmayacaq", - o sözlərinə əlavə edib.
Bundan əvvəl Paşinyan bildirmişdi ki, KTMT-ə etibar etmək olmaz. (Quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir) Onun iddiasına görə, KTMT 2021 və 2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədlərini pozması zamanı cavab mexanizmlərindən istifadə etməyib. Təşkilatdan o zaman sərhədlərin delimitasiya edilməməsi ilə bağlı bəyanat səslənmişdi.
Azərbaycan rəsmiləri isə Ermənistan sərhədlərinin pozulmasını təsdiq etməmişdi.
+++
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi son bəyanatında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hansı üzvlərini nəzərdə tutduğuna aydınlıq gətirməyə çağırıb: "Düzünü desəm, mənim üçün Ermənistan Baş nazirinin hansı ölkələrdən danışması maraqlıdır. Bunu biz özümüz təxmin etməliyik, yoxsa sonradan o, hansı ölkələri nəzərdə tutduğunu özü deyəcək? Düşünürəm ki, söhbət belə ciddi bəyanatlardan gedəndə həmin ölkələrin buna münasibət bildirməsi məntiqli olardı".
Zaxarovanın sözlərinə görə, Rusiya Ermənistanın özünü "atılmış və tərk edilmiş" kimi hiss etməməsi üçün mümkün olanı edib.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.
Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ