Onlayn ictimai-siyasi qəzet
Erməni baş nazirin sözçüsü hikkəli şəkildə bəyan edib ki, sülh sənədini imzalamaq üçün qanunvericilikdə dəyişikliyə zərurət yoxdur, hətta sülh sazişi layihəsində belə bir bəndin razılaşdırıldığını iddia edir - rəy
“Ermənistanın qanunvericiliyi onun daxili işidir”. “Yeni Müsavat” yazır ki, belə bir hikkəli iddia ilə baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı sülh sənədinin perspektivi ilə bağlı söylədiyi “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, sülh müqaviləsi olmayacaq” sözlərinə münasibət bildirərkən deyib.
“Sülh müqaviləsinə gəlincə, Ermənistanla Azərbaycan arasında müzakirə olunan layihədə artıq razılaşdırılmış bənd var. Orada deyilir ki, tərəflər sülh müqaviləsinin hər hansı müddəasını yerinə yetirməkdən imtina etmək üçün öz qanunvericiliyinə (konstitusiyaya və s. - red.) istinad edə bilməzlər. Təkrar edirəm, Ermənistan və Azərbaycan artıq bu məsələdə razılığa gəliblər və rəsmi Bakının son bəyanatları bu razılaşmaya ziddir”, - Bağdasaryan bildirib.
Yəni ki, Ermənistanın konstitusiyasını dəyişməyə lüzum yox, istəyərik dəyişərik, istəmərik yox. Bəs imzalanacaq sülh müqaviləsində Baqdasaryanın dediyi bəndin olması kifayətdirmi ki, Ermənistan konstitusiyası indiki vəziyyətdə qalsın? Çünki həm konstitusiyada, həm də gerbdə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Baş nazir Paşinyan, spiker Simonyan etiraf ediblər ki, bu dəyişikliklər zəruridir, qonşulara qarşı iddialara son qoyulmasa, regionda dayanıqlı sülh mümkün deyil. Başqa yandan, Paşinyanın sözçüsü düz deyirmi, tərəflər sülh sənədi layihəsində belə bir bəndi razılaşdırıbmı? Axı sənədin bəndləri, müddəaları tam açıqlanmayıb. İndiyə qədər də sülh mətnini razılaşdırmaq üçün danışıqlar gedir, qarşılıqlı şəkildə yenilənmiş sülh sazişi paketi bir-birinə təqdim olunur. O zaman Paşinyanın sözçüsü haradan bilir ki, bu məsələ dəqiqləşdirilib?
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Prezident andiçmədə Ermənistana açıq şəkildə növbəti xəbərdarlığını etdi: “Cənab İlham Əliyev bir daha xatırlatdı ki, qanunvericiliyə dəyişiklik etməsələr, sülh müqaviləsi olmayacaq. Amma İrəvanın belə cavab verməsi, daxili iş adlandırması göstərir ki, yanlış yanaşırlar. Onların daxili işləri olsa da, həm qanunvericilikdə, həm gerbdə, həm Müstəqillik Aktında ərazi iddiaları var. Ona görə də cənab Prezident qeyd etdi ki, bu iddialar qaldıqca, sülh sənədi necə imzalana bilər?! Yəni belə olan halda, sülh müqaviləsini tərəflər istənilən an poza bilər”. Ç.Qənizadə yada saldı ki, SSRİ ilə Almaniya sülh müqaviləsi imzalamışdı, amma Hitler onu pozub hücuma keçdi: “İndi Ermənistan həmin ərazi iddialarını əks etdirən müddəaları saxlayacaqsa, o zaman beynəlxalq ictimaiyyəti aldadan manevrləri davam etdirmiş olacaqlar. Bu məsələ Ermənistanın daxili işi ola bilməz. Beynəlxalq hüquq heç bir dövlətə əsas vermir ki, qonşu ölkənin ərazisinə iddianı öz qanunlarında saxlasın. Bu, beynəlxalq hüquqa hörmətsizlikdir və daxili iş sayılmır. Ona görə həmin müddəalar qanunvericilikdən çıxarılmalıdır. Ermənistan o başda və gücdə də deyil ki, meydan oxusun. Odur ki, fikirləşsinlər...”
Xəzər Teyyublu
Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu Paşinyan aparatının bu açıqlamasını növbəti spekulyasiya adlandırır və daxili auditoriyanı sakitləşdirməyə hesablanmış çıxış hesab edir. Hüquq müdafiəçisinin sözlərinə görə, Ermənistan hökuməti qanunvericiliyə dəyişikliklərin qaçılmaz olduğunu dərk edir, amma açıq mətnlə deməkdən çəkinirlər: “Paşinyan üstüörtülü etiraf edir ki, bu şəraitdə sülh sənədi imzalana bilməz. Türkiyənin 8 şəhərinə ərazi iddiası var və sonra quru sərhədlərin açılmasını gözləyir. Dünyanın heç bir dövlətinin konstitusiyasında və gerbində qonşu ölkələrin torpaqlarına ərazi iddiaları yoxdur, yalnız Ermənistan bu həyasızlığı davam etdirir. Təbii ki, Paşinyan və komandası reallığı dərk edir. Sadəcə, bu prosesi ağrısız həyata keçirmək üçün vaxtaşırı belə bəyanatlar səsləndirilir. Sonra müxalifət və tərəfdarları ittiham etməsinlər ki, hakimiyyət Azərbaycana görə məcbur qalıb qanuna dəyişiklik etdi. Bu, artıq daxildə ciddi etiraz doğura, Paşinyanı ikinci dəfə kapitulyant kimi göstərə, reytinqini daha da aşağı sala bilər”.
X.Teyyublu tezliklə sülh müqaviləsi imzalanacağını gözləməsə də, bu istiqamətdə prosesin getdiyini düşünür: “Problem təkcə qanunvericiliyə dəyişiklik deyil, İrəvan sənədin harada imzalanmasında da mübahisə yaradır. Azərbaycan təklif edir ki, region dövlətinin iştirakı, Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsi bağlayaq. Necə ki, 10 noyabr bəyanatı da üç ölkə liderinin imzası ilə gerçəkləşdi. Paşinyanı isə qoymurlar ki, buna getsin və nəticədə danışıqlar uzanır. Ona görə də Ermənistan "daxili işi" hesab etdiyi konstitusiya məsələsinə yaxın aylarda əl gəzdirməli və sülh mətni tam razılaşdırılmalıdır ki, sonra hansı masada imzalanması dəqiqləşdirilsin. Bizim üçün fərq etməz, ikitərəfli qaydada ola bilər, Moskvada, Tiflisdə, Vaşinqtonda, Brüselldə..."
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ