İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın istəyi gerçəkləşir, Ermənistanın yeni Konstitusiyası bu il hazır ola bilər  

“Ötən illər ərzində yeni Konstitusiya layihəsi ilə bağlı konsepsiyaların hazırlanmasına cəhdlər olub və bu konsepsiyalar demək olar ki,  hazırlanıb”.

 Bunu Ermənistan ədliyyə naziri Srbuhi Qalyan hökumətin iclasından sonra keçirilən brifinqdə deyib.

“İndi bizim vəzifəmiz yeni konsepsiya hazırlamaq deyil, Konstitusiyanın yeni mətnini hazırlamaqdır. Hazırda bu istiqamətdə işlər aparılır. 2026-cı il seçkilərinə qədər yeni Konstitusiyanın mətninin hazırlanmasını təmin etməliyik, bundan sonra təbii ki, referendumun keçirilməsi ilə bağlı qərar veriləcək”,- deyə o bildirib.

Qalyan seçkilərdən sonra Konstitusiya ilə bağlı referendumun keçiriləcəyini də istisna etməyib: “Bəli, çox güman ki, belə də olacaq”.

Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın olub-olmaması ilə bağlı suala o, belə cavab verib: “Mən heç nəyi istisna etmirəm, bu məsələ ilə bağlı hələ yekun qərarımız yoxdur, lakin bu gün mövcud olan ifadənin qüvvədə olub-olmaması real həyatımızda heç nəyi dəyişməyib. Bu məqamda mətnin bir hissəsini şərh etmək istəməzdim, bunu müvafiq komissiyanın öhdəsinə buraxacağımızı düşünürəm.

Bundan əlavə, prosesin inklüzivliyini təmin etmək üçün biz vətəndaş cəmiyyəti ilə də çoxsaylı müzakirə aparmağı planlaşdırırıq ki, bu müzakirələr zamanı dəyişikliklər artıq aydın olacaq”. 

Elçin Mirzəbəyli: Azərbaycan bölgəyə davamlı sülhün gəlməsi üçün bütün  mümkün imkanlardan istifadə edir - AZƏRTAC

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a şərhində xatırladıb ki, Ermənistan baş naziri Nikol Paşinyan  2018-ci ildən hakimiyyətə gələndən Konstitusiyanı dəyişmək niyyəti olub. E.Mirzəbəyli vurğulayıb ki, Paşinyan bunu əvvəlki Konstitusiyaların legitim əsaslarının olmaması ilə əlaqələndirib: “Əgər yeni Konstitusiya qəbul edilərsə, mətndə Azərbaycan və Türkiyəyə ərazi iddialarından imtina edilməsi ilə yanaşı, Paşinyanın özü üçün də vacib olan bir neçə məqam yer alacaq. Birincisi, Ermənistan Apostol kilsəsinə Konstitusiyanın 18-ci maddəsi ilə verilən müstəsna səlahiyyətdir. İkincisi, erməni diasporuna xalqın ictimai-siyasi həyatında rol oynamaq missiyasının verilməsidir. Hər iki səlahiyyət həm kilsəyə, həm də diaspora Ermənistanın siyasi hakimiyyətinin işlərinə müdaxilə etmək imkan yaradır. Kilsənin Paşinyana olan münasibəti bəllidir. Kilsə ilə indiki Ermənistan hakimiyyəti arasında ciddi fikir ayrılıqları və qarşıdurma var. Diasporun əsas təsisatları “Daşnaksyutun”un təsiri altında olduğu üçün diaspora ilə də Nikol Paşinyan arasındakı münasibətlər kifayət qədər kəskindir. Paşinyan həm də bunlardan xilas olmağa çalışır”.

Paşinyanın son açıqlamasına diqqət çəkən E.Mirzəbəyli qeyd edib ki,  onun Ermənistanı dövlət təfəkkürü olan xalqın formalaşdırdığı dövlətə çevirmək istəyi var: “Yeni Konstitusiya qəbul olunarsa, Müstəqillik Bəyannaməsinə istinadların çıxarılması mümkün ola bilər. Regiondakı mövcud reallıqları, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı prosesləri, Donald Trampın hakimiyyətə gəlməsini və bunun Cənubi Qafqazdakı proseslərə təsir göstərməsini nəzərə alsaq, Ermənistan hakimiyyətində ənənəvi qaydada himayə olunmamaq ilə bağlı ehtimallar olduğu üçün ola bilər ki, prosesləri tez yekunlaşdırmağa üstünlük verirlər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR