İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın ilginc etirafı -növbəti hiylə, yoxsa...

Ermənistanın “sülhməramlı” bəyanatlarla “silahlanmış” hakimiyyəti 2024-cü ili də üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməklə başa vurmaqdadır

İlin sonunadək Azərbaycanla sülh bağlamağa hazır olduğunu əminliklə söyləyən, amma sülh bəyanatlarının arxasından ağır silahları ölkəyə daşıyan Nikol Paşinyan və komandası özlərinin qeyri-ciddi obrazını bir daha bütün dünyaya nümayiş etdirdi.   

Belə yanaşma da var ki, postmüharibə dövründə, ötən 4 ildə Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqını sülhə kökləyə bilmədi. Düzdür, bir sıra hallarda Paşinyan əlində “kadastr sənədi olmayan” Ermənistanın hələ sərhədləri dəqiqləşməyən ərazisinin xəritəsini əlinə götürərək real Ermənistanı təbliğ etməyə çalışdı. Ermənistan əhalisini xəyallardan qurtarmağa, xilas yolu olaraq onun təqdim etdiyi yolu seçməyə çağırdı. Amma görünən budur ki, Ermənistanda “ermənizm” xəstəliyi davam edir, nə qədər bədbəxt, rəzil duruma düşsələr də normal qonşu kimi yaşamağı tərcih edə bilmirlər.

Hətta Paşinyan özü də bunu etiraf edib. O, dekabrın 3-də parlamentdə çıxış edərkən deyib ki, Ermənistan vətəndaşları 90-cı illərdən başlayaraq, region ölkələri ilə mövcud münaqişələrə görə ölkəni tərk ediblər. “90-cı illərin əvvəllərindən bəri müxtəlif - hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması səbəblərini göstərərək daim miqrasiya haqqında danışırıq. Bunlar düzgün səbəblərdir, lakin səbəblərin maksimum 20%-ni təşkil edir. Gəlin, nəhayət, etiraf edək ki, miqrasiyanın əsas səbəbləri bizim ətrafla münaqişəli münasibətlərimiz, regional siyasətimizdir”.

Paşinyan bunu Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini nəzərdə tutaraq deyib. Paşinyan ardınca bildirib ki, onun hökumətinin siyasəti nəticəsində dövlətin qarşısında duran çağırışlar qismən həll olunur, lakin yeniləri meydana çıxır. Maraqlıdır, Paşinyan bununla nə demək istədi? O, erməni xalqına bəlalarının haradan qaynaqlandığını açıq şəkildə söyləyir, revanşistləri, Sərkisyan, Köçəryan siyasətini bəlaların baiskarı göstərir, yoxsa bu da özünü sığortalamaq üçün növbəti bir hiyləgər manevrdir? Bununla bağlı müraciət etdiyimiz ekspertlərimiz maraqlı fikirlər səsləndirdilər.

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyanın bu açıqlamaları xalqını regionda sülhə hazırlamaq yox, özünü və hakimiyyəti qorumaq məqsədi daşıdığından, onun dediklərinə ciddi yanaşmır: “O, bir zamanlar "Qarabağ Ermənistandır" hayqırıb, ardınca Qarabağın Azərbaycan torpaqları olduğunu bildirməsinə indi necə haqq qazandırmağa çalışırsa, bu gün söylədiklərinin də sabah tam əksini deyə bilər. Məsələn, deyə bilər ki, Azərbaycanın Ermənistanın yeni savaşa hazırlaşdığı haqda xəbərdarlığı məni belə söyləməyə vadar edirdi. Çünki bu qəbildən olan xəbərdarlıqlar sonradan hansısa hərbi hissəmizə zərbə endirilməsi ilə nəticələnir. Mən də bunun qarşısını almaq üçün Qərbdəki havadarlarımızın da təlimat və razılıqları əsasında belə açıqlamalar verirdim, gözləyirdim ki, beynəlxalq vəziyyət tam xeyrimizə dəyişsin və bizim hərbi potensialımız revanş üçün gərəkən səviyyəyə gəlib çatsın. Ancaq o, arzuladığına çata bilməyəcək, Azərbaycan Ermənistana revanş üçün fürsət verə bilməz və verməyəcək". 

S.Alıyevin sözlərinə görə, bununla yanaşı, Ermənistan baş nazirinin ölkəsindəki depopulyasiya ilə bağlı dedikləri doğrudur: “Bunun qarşısını almağın yolu isə beynəlxalq auditoriyaya yönəlik belə populist bəyanatlardan yox, konkret əməllərdən, məsələn, Azərbaycanın Minsk Qrupunun buraxılması təşəbbüsünə qoşulmaqdan keçir. Paşinyan bunu etmirsə, konstitusiyalarını dəyişdirməyi hər vəchlə arxa plana keçirməyə çalışırsa, demək, rəqibləri kimi o da fürsət peşindədir ki, torpaqlarımızı yenidən ələ keçirsinlər. Bir sözlə, mən Qareginin Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqla barışdığına, sülhpərvərliyinə nə qədər inanıramsa, Paşinyanın dediyinə də bir o qədər inanıram”.

Tural İsmayılov: “Baş verənlər Ermənistanın layiqli cavab almağını zəruri  edən bir hadisəyə çevrilir” | 1news.az | Xəbərlər

 Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bu barədə danışarkən öncə bildirdi ki, Ermənistan hazırda işsizliyin və yoxsulluğun səviyyəsinə görə dünyada lider ölkələrdən biridir: “Bütün dilənçiliklərinə rəğmən, əvvəlki formada yardım ala bilmir. Qarabağın işğaldan azad olunması ilə Ermənistan büdcəsinə daxil olan illeqal gəlirlərin bir çoxu sıradan çıxdı. Belə olan təqdirdə, Paşinyan hakimiyyətinə də yaxşı bəllidir ki, Azərbaycanla sülhə alternativ yoxdur. Azərbaycanla sülh həm də Ermənistanın Türkiyə ilə yaxınlaşması deməkdir”. 

İki sərhəd ölkə ilə əbədi düşmənçilik bir ölkəyə yaxşı nə perspektiv vəd edə bilər? T.İsmayılov hesab edir ki, Ermənistan daxilində ictimai fikrin türk düşmənçiliyindən uzaqlaşdırılması üçün ideoloji iş aparılmır: “Müxalifət radikal milliyyətçiliyin Ermənistan cəmiyyətində trend olmağını öz mövcudluğu ilə ekvivalent görür. Paşinyan hakimiyyəti xalqdan qorxduğu üçün inqilabi addım ata bilmir. Azərbaycanla sülh Ermənistanın Türk dünyası ilə münasibətlərində böyük bir yenilik vəd edir. Tarix boyu Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə maşa kimi istifadə edən qüvvələr sülhü sabotaj etmək istəyir. Həmin qüvvələr Ermənistanı sülhdən yayındırmaq üçün bütün vasitələrdən istifadə edəcək. Paşinyan özü də hakimiyyətə gəldikdən sonra Azərbaycanla sülh üçün heç bir real addım ata bilmədi. Bu, önəmli bir faktordur, unutmayaq”. 

Ekspert hesab edir ki, xarici güc faktorları bölgəni sabotaj etmək üçün Ermənistandan kukla kimi istifadə edirlər: “Ermənistan, ümumiyyətlə, sülh danışıqları olan zaman Azərbaycanın əleyhinə müxtəlif təxribatlar törədib. Bundan öncə Brüssel və Vaşinqton görüşlərində də Ermənistan bu cür təxribatlara əl atdı. O, Qərbə Ermənistanın guya sülhə hazır olması haqqında görüntü verir və həmçinin problemin həll edilməməyində birbaşa olaraq, Moskvanı günahlandırır. Bütün bunlar Paşinyanın növbəti manevr cəhdlərindən biridir. Azərbaycan və Ermənistan arasında artıq real sülhdən başqa heç bir şans qalmayıb”.

Məhəmməd Əsədullazadə: “Azərbaycan Brüsselin vasitəçiliyindən...”

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda gözləmə mövqeyinə keçib: “Həmçinin sərhəddə tunellər və mühəndis istehkam işləri aparır. Gürcüstanda etiraz aksiyaları və Qərbin burada hökuməti devirmək planı Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarında belə bir mövqe tutmasına səbəb ola bilər. Avropa İttifaqı, xüsusilə Fransa aktiv şəkildə prezident Zurabişvilinin vasitəsilə Gürcüstanda etiraz aksiyalarını idarə edir. Əgər inqilab olub, qərbyönümlü siyasi qüvvələr hakimiyyətə gələrsə, Ermənistan hökuməti sülhdən imtina edə bilər”. 

Ekspertin sözlərinə görə, Ermənistanın silahlanmasını məhz bu kontekstdə dəyərləndirmək olar: “Çünki Fransa Gürcüstan vasitəsilə Ermənistana tam həcmdə silahlar göndərəcək və Azərbaycana təzyiqlər etmək üçün Parisin Nikol Paşinyanı müharibəyə sövq etməsi istisna deyil. Təbii ki, Nikol Paşinyan siyasi iradə ortaya qoyarsa, Ermənistanı eskalasiyadan kənar tuta və Azərbaycanla sülh müqaviləsinə gedərsə, Fransanın regional siyasətinə zərbə vurması mümkündür. Burada qazanan tərəf Ermənistan ola bilər. Azərbaycanla sülh müqaviləsi bağlanması bu ölkənin Türkiyə ilə normallaşma prosesinə səbəb olacaq. Nəticədə Ermənistan regional inteqrasiyaya cəlb olunmaqla, normal bir ölkəyə çevrilməsi mümkündür. Məhz Paşinyan hazırkı Ermənistanı normal bir ölkə kimi qəbul etmədiyini və real bir yeni Ermənistan yaratmaq planını daima vurğulayır. Ermənistan hərbi təxribatlara əl atarsa, bu, Ermənistanın yeni ərazilər itirməsinə gətirib çıxara bilər”. Bundan əlavə, M.Əsədullazadə ümumi şəkildə hesab edir ki, Cənubi Qafqazda siyasi-hərbi vəziyyət gərgindir və nüfuz uğrunda mübarizə həlledici mərhələyə keçib: “Gürcüstan hökumətinin məntiqsiz qərarları etiraz aksiyalarının başlanmasına katalizator rolunu oynadı. Kiçik və əraziləri işğal altında, heç bir müttəfiqi olmayan Gürcüstan hökumətinin regional güc kimi mövqe ortaya qoyması, Tiflisi qarşıdırır və özlərinin devrilməsi ilə nəticələnə bilən proses başladı. Qeyd edim ki, Cənubi Qafqazda yeganə güc Azərbaycandır. Qərbdə rəsmi Bakı ilə hesablaşır. Gürcüstan hökuməti Azərbaycan hakimiyyətinin apardığı siyasət kimi siyasət aparmaq gücündə deyil”.

Beləliklə, Ermənistanın “sülhməramlı” bəyanatlarla “silahlanmış” hakimiyyəti 2024-cü ili də üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməklə başa vurmaqdadır. Amma status-kvonun saxlanmasına, silahlanmaya rəvac verməklə yeni eskalasiyaya hazırlığa həsr olunan siyasətin başı bir gün Dəmir Yumruqla əzilə bilər, unutmasınlar!

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR