Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın son illərdəki fəaliyyətini, hərəkətlərini cəmi bir sözlə ifadə etmək tələb olunsa, yəqin ki, çox adam bu sözü seçər: “Çabalayır”.
Doğrudan da bu şəxs ölkəsini girdabdan çıxarmaq, özünün, komandasının hakimiyyətini qorumaq üçün süd bidonuna düşmüş qurbağa kimi yorulmadan çabalayır.
Bu düşmən ölkənin rəhbərini aşağlamaq və ya təhqir etmək cəhdi deyil, “süd bidonuna düşmüş qurbağa” barədə məşhur pritça var (bu barədə əvvəllər də yazılarımızda qeyd etmişik). Bunu II dünya müharibəsi illərində Böyük Britaniyanın baş naziri Uinston Çörçill ABŞ-ın Londondakı səfiri Cozef Patrik Kennediyə (prezident Con Kennedinin atası) danışıb və sonradan memuarlarda yer alıb.
Həmin pritça belədir: gecə vaxtı süd bidonuna iki qurbağa düşür, batmamaq üçün çabalayırlar. Onlardan biri bədbin ovqatlı olur, tez yorulur, çabalamaqdan imtina edir və bidonun dibinə gedir. O biri qurbağa isə südün üzündə qalmaq üçün hey çabalayır, çabalayır, səhərə yaxın yorulduğunu hiss edir. Ayaqlarını saxlayanda görür ki, daha batmır. Heç demə, səhərə qədər çalxalanan süddə yağ əmələ gəlib və o artıq yağın üzərindədir.
Bu pritçanı Kennediyə danışan Çörçill əlavə edərək deyib ki, möhtərəm ser, mən, bax, ikinci qurbağayam, ölkəm üçün çabalamaqdan imtina etməyəcəm.
Çörçillin Britaniya üçün çabalarının və çabalamalarının nə ilə nəticələndiyini hər kəs bilir.
Onunla Paşinyanın personası müqayisəyə gəlməz olsa da, Vovayeviç də çabalamağı üstün tutan siyasətçilərdəndir.
Adam Qərb ölkələrini Ermənistanın arxa-dayağı etmək üzrədir, Ermənistanı öz vassalı kimi saxlamağı düşünən Rusiya ilə mübarizə aparır, Azərbaycanla özlərinə sərfəli variantda razılaşmağa çalışır, Mərkəzi Asiyanın türk dövlətləri ilə yaxınlaşmaq, iqtisadi tərəfdaşlıq əlaqələrini gücləndirmək istəyir, Türkiyə ilə gərgin münasibətləri yumşaltmaq üçün əlindən gələni edir, İran və ABŞ-la eyni anda dost olmaq xətti yürüdür və s.
Hələlik onun bu cür vurnuxmalarının effektivliyi azdır, Ermənistanın tuneldən çıxması prosesi ləng gedir. Bu da ona görədir ki, bu kiçik Qafqaz dövlətinə həm xarici basqılar var, həm də ölkə daxilində Paşinyanı devirmək istəyən qüvvələr mütəşəkkildirlər.
Bu qüvvələr həm destuktivdirlər, həm də dövrün yeni çağırışlarına adekvat cavab verə bilməyəcək qədəq gerilikçidirlər. Nüvəsində Köçəryan-Sarkisyan tandeminin dayandığı “Qarabağ klanı” və əsasən şovinist qruplardan ibarət olan Ermənistan müxalifəti israrla Rusiya ilə dostluq, Türkiyə və Azərbaycanla düşmənçilik münasibətinin davam etməsini istəyir, eyni zamanda mümkün olduqca Ermənistana loyal olan Avropa dövlətlərinin dəstəyini itirməməyi düşünürlər.
Paşinyan anlayır ki, artıq dünyanın elə bir vaxtdır ki, nə bir əldə dörd qarpız saxlamaq olar, nə də bir-birilə açıq münaqişə, müharibə vəziyyətində olan düşmənlərlə paralel dostluq büsatı qurmaq mümkündür. Dünya siyasətində artıq vegetarianlıq dönəmi bitib, yırtıcı dövlətlər ətə-qana susayıb, bir-birinə diş qıcayıblar. Bu ortamda Ermənistan onların arasında yox, birinin yanında olmalıdır ki, salamat qala bilsin.
Bu günlərdə Paşinyanın 1915-ci il hadisələrindən danışarkən “genosid” sözü işlətməməsi, bunun əvəzinə ABŞ prezidentlərinin də dilə gətirdiyi “Meds Yaqern” (“Böyük fəlakət”) söz birləşməsindən istifadə etməsi Ermənistanda kəskin mənfi reaksiyalara səbəb olub və hesab edilib ki, Paşinyan bu ifadə ilə Türkiyə qarşısında reverans edir.
Müxalif ermənilər anlamaq istəmirlər ki, Türkiyə 85 milyonluq nəhəng, hərbi sənayesi, iqtisadiyyatı inkişaf etmiş, üç tərəfi dəniz olan bir ölkədir və 101-105 il əvvəlkindən fərqli olaraq daha dizi, sırtı yerə gəlməyəcək ki, ermənilər də fürsətdən istifadə edib ondan nəsə qoparsınlar. Belədirsə, bu mənasız düşmənçiliyi sonsuza qədər sürdürməyin nə mənası var?
Paşinyan isə anlayır ki, Türkiyə və digər türk dövlətləri ilə, o cümlədən Azərbaycanla münasibətləri yaxşılaşdırsa, sülh və əmin-amanlıq içində dinc, yanaşı yaşamağı təmin edə bilsə, ölkəsinin qarşısında çoxlu qapılar açılar və bu, hərtərəfli inkişafa səbəb ola bilər.
O və komandası hazırda praqmatik siyasət yürüdürlər və səmimi şəkildə köhnə dövrlərin acı miraslarından qurtulmaq, erməni xalqını qonşulara, ətraf dünyaya kin bəsləməkdən çəkindirməyə çalışırlar.
Böyük ehtimalla Paşinyanın çabalaması effektiv olmayacaq, erməni südü yağsız olduğu üçün onun ayağı altında yağ əmələ gəlməyəcək və o, bir gün çabalamaqdan bezərək dibə gedəcək.
Paşinyan uğursuzluğa düçar olsa, Qafqaza sülhün gəlməsi üçün ayıq düşünən, keçmişlə yaşamağı buraxaraq gələcəyə baxan ermənilərn bir daha nə vaxt meydana çıxıb söz sahibi olacağını bilmək olmaz. Bu, hərdən artistlik edən, bəzən etibarsızlıq nümayiş etdirən, bir addım qabağa gedən kimi, basqı görcək geri çəkilən, verdiyi sözü çox vaxt tutmayan və ya tuta bilməyən, hey çabalayan, vurnuxan adam Ermənistanın şansıdır.
Araz Altaylı, Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ