İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “artsax ordusu” oyunu - separatçılar onu vecinə almır, yoxsa...

Politoloq deyir ki, Xankəndi Bakıya tabe ediləcək; “Rəsmi Bakı sərt və prinsipial mövqe ortaya qoyanda...”

10 noyabr üçtərəfli bəyanatın tələblərinə görə, erməni silahlı birləşmələri qısa zamanda tərk-silah edilməli və Qarabağdan - ermənilərin yaşadığı Azərbaycan ərazilərindən çıxarılmalı idi. Lakin Ermənistan bunu indiyədək həll etməyib.

Vasitəçi Rusiya da bununla bağlı bir tədbir görmək niyyətində deyilmiş kimi görünür. Təbii ki, Azərbaycan bu məsələni qəti şəkildə qoyur və bildirir ki, qanunsuz erməni silahlı dəstələri, Ermənistan ordusunun qalıqları Qarabağdan çıxarılmasa, Azərbaycan adekvat tədbirlər görəcək. Azərbaycan Prezidenti bununla bağlı sərt xəbərdarlıq edəndən sonra Paşinyan belə bir açıqlama verdi ki, “Dağlıq Qarabağ Respublikası”nda müdafiə ordusuna ehtiyac qalmayıb. Onun fikrindən belə qənaətə gəlmək olardı ki, qanunsuz silahlı dəstələr tezliklə Azərbaycan ərazisindən tamamilə çıxarılacaqlar.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə üçtərəfli görüş zamanı Paşinyan Dağlıq Qarabağda təhlükəsiz zonanın yaradıla biləcəyini və belə olan halda Dağlıq Qarabağın müdafiə ordusuna ehtiyacın qalmayacağını da demişdi. Ancaq proseslərin sonrakı gedişatı onu da deməyə əsas verir ki, Paşinyan növbəti dəfə hiyləgərlik edir. O, belə açıqlama verməklə Azərbaycanın antiterror əməliyyatlarını yubatmaq, vaxt qazanmaq məqsədi daşıyır. Belə ki, Paşinyanın məlum açıqlamasının ardınca qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan bildirib: “Silahlı qüvvələriniz buraxılmayacaq. Əksinə, ordunun müasir şəraitə uyğunlaşdırılması üçün struktur dəyişiklikləri aparılıb. Biz belə bir təkliflə çıxış etməmişik. ”Artsax Respublikası"nın hərbi-siyasi hakimiyyətinin vahid nöqteyi-nəzəri silahlı qüvvələri nəyin bahasına olur-olsun, qoruyub saxlamaq, onları texniki cəhətdən müasir vasitələrlə təchiz etmək və döyüş tapşırıqlarını yerinə yetirən silahlarla təmin etməkdən ibarətdir".

Belə aydın olur ki, “artsax” Paşinyanı vecinə almır, onu saymır, ya da Paşinyan özü belə bir kələkbazlıq edir, qeyd etdiyimiz kimi, görüntü yaradır, vaxt udur, separatçı ermənilərə - “artsax”a isə gizlində başqa söz deyir. Bəs belə qeyri-müəyyən durum, erməni hiyləgərliyi, Paşinyanın vaxt udmaq arzuları hara qədər davam edə bilər?

Kreml “Biz hələ bütün silahları işlətməmişik” hədəsini təzələdi

Rəhim Əhmədzadə 

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Rəhim Əhmədzadə bu mövzu ətrafında çox vacib mətləblərə toxundu. O hesab edir ki, bütün məsələlərə son qoyulmalıdır: “Öncəliklə onu qeyd edim ki, "artsax" adlı qondarma qurumun Ermənistan mərkəzi hakimiyyətinə tabe olmamaq kimi bir seçimi yoxdur. İstər Ermənistan rəhbərliyi, istərsə də qondarma qurumun rəhbərliyi arasında gizli danışıqların olmasından xəbər verir. Bu vəziyyət Paşinyana və onların hamilərinə danışıqlar masasında “görürsünüz, onlar razı deyil” demək üçün lazımdır. Müharibə bitdiyi gündən etibarən bu, Paşinyanın öhdəliklərini yerinə yetirməmək üçün neçənci oyunudur. Görünən  odur ki, o bu oyunları ilə həm daxili auditoriyaya, həm də xarici havadarlarına ələlxüs da böyük “bacıları” Fransaya demək istəyir ki, mən əlimdən gələni edirəm. Xatırlayırsınızsa, hətta 10 noyabr bəyanatı imzalanan günü də İlham Əliyev və Vladimir Putinin bəyanatı imzaladığı anda o görünmürdü. Daha sonra gizlin-gizlin imza atmışdı. Məsələn, o bəyanatın şərtlərində sülhməramlıların orada qalma şərtlərini yaxşı bilsə də, 31 oktyabr Soçi üçtərəfli görüş zamanı Paşinyan Dağlıq Qarabağda təhlükəsiz zonanın yaradıla biləcəyini və belə olan halda Dağlıq Qarabağın müdafiə ordusuna ehtiyacı qalmayacağını da demişdi. Şərtləri bilir, sadəcə, işi yoxuşa doğru apararaq yeni situasiya yaratmaq istəyir ki, bununla da nəyəsə nail olmağa çalışır. Əksi olmuş olsaydı o, qondarma qurumun rəhbərliyinə şiddətli xəbərdarlıq edər, geri gəldikdə isə onların hüquqi məsuliyyətə cəlb edilməsinə nail olardı.  Azərbaycanın istər müharibə bitdiyi anlardan etibarən, istərsə də son antiterror əməliyyatlarındakı mövqeyinin nə qədər qəti olduğu anlaşılır. Bu məsələ ən çox bir-iki ay uzana bilər. Düşünürəm ki, Azərbaycan hakimiyyəti qışdan sonra məsələnin uzanacağını görəcəyi təqdirdə güclü antiterror əməliyyatları həyata keçirərək bütün məsələlərə son qoymalıdır".

Məhəmməd Əsədullazadə: “Azərbaycan Vaşinqtonla diplomatik təması...”

 Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bu məsələdə nikibdir: “Azərbaycan ərazisində silahlı erməni birləşmələrinin ləğvi nəinki yerinə yetirilmir, onların silahlandırılması həyata keçirilir. Burada əsas öz sahibi Rusiyadır və buradakı separatçılar Nikol Paşinyandan deyil, Kremldən gələn təlimatlarla hərəkət edirlər. Sabah Paşinyan istəsə də Qarabağda silahlı erməni birləşmələrini ləğv edə bilməz. Balasanyan onun cavabını verməklə, artıq Paşinyana tabe olmadıqlarını vurğulayıb. Təbii ki, Paşinyan manevr edir, çalışır ki, sülhdən yayınsın. Amma baş verənlər Ermənistanın əleyhinə işləyir. Silahlı erməni birləşmələri mütəmadi olaraq Azərbaycan mövqelərini atəşə tutur. Bu davamlı olacaq və nə qədər ki, onların ləğvi reallaşmayıb, təhlükəsizlik təmin edilməyəcək. Paşinyan öz sözündə səmimidirsə, ilk öncə separatçıların maliyyəsini kəsməlidir. Əgər kəsərsə, müəyyən təzyiqlər edə bilər. Rusiya da çalışır ki, proses belə davam etsin və sülh müqaviləsi bağlanmasın. Proseslər təhlükəli məcraya daxil olur və Qarabağda erməni təxribatlarının qarşısını almaq üçün Azərbaycan hərbi əməliyyatlara başlamalıdır. Ümumiyyətlə, Rusiyanın təzyiqlərini də neytrallaşdırmaq üçün Türkiyə hərbi kontingenti Laçın dəhlizində yerləşməlidir. Bununla Rusiyanın Azərbaycana qarşı təhlükəli oyununa son qoyulacaq, silahlı erməni biləşmələri ləğv ediləcək və bütövlükdə Xankəndi Bakıya tabe ediləcək”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

 İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov isə Rusiya tərəfinin prosesləri uzatmaqda maraqlı olduğunu söylədi: “2020-ci ilin 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan ararsında imzalanmış bəyanatın bəzi maddələri hələ də yerinə yetirilməyib. Xüsusilə 4-cü maddənin implementasiya olunmaması regionun təhlükəsizliyi üçün böyük təhdid törədir. Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin bölmələrinin qalması təhlükəsizlik üçün böyük zərbədir. Lakin Rusiya tərəfi də bu maddənin yerinə yetirilməsinin tərəfdarı deyil. Hətta Rusiya tərəfi bu qalıqların çıxarılması ilə heç bir praktiki addım atmır. Belə olan təqdirdə vaxtaşırı ölkəmizin mediasında da antiterror əməliyyatının zəruriliyi qeyd olunur. Yaxın tarix də onu göstərir ki, rəsmi Bakı sərt və prinsipial mövqe ortaya qoyanda ermənilərin hiyləgərliyi də, məkrli planları da aradan qalxır. Çünki separatçıların nə deməsindən və İrəvanın nə istəməsindən asılı olmayaraq, ərazi bizimdir və beynəlxalq ictimaiyyət də bunu tanıyır. Mənə elə gəlir ki, məsələnin ancaq güc yolu ilə həlli mümkündür. Digər vasitələr hələ tam tükənmədiyi üçün biz danışıqları üstün hesab edirik. Lazımi anda Azərbaycanın qəti addım atacağı heç kimdə şübhə doğurmur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR