İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı Ənvər Sadatın taleyi ilə qorxuzurlar - sensasion iddialar

İsraillə müharibəni uduzduqdan 5 il sonra sülh sazişi imzalayan Misir liderini paradda sui-qəsdlə öldürüblər, bəs erməni baş naziri...

Rusiyada nəşr olunan “Detaly” nəşrinə danışan Ermənistanın qərbyönümlü Avropa Partiyasının lideri və anti-Putin çıxışlarının təşkilatçılarından biri Tiqran Xemalyan sensasion sayıla biləcək açıqlamalar verib.

Xemalyan deyib ki, bir müddət əvvələ kimi müxalif partiyası olaraq onlar Avropa İttifaqının bayrağını yumruqları ilə müdafiə edir, rus ordusunun Ermənistandan çıxarılmasını tələb edirdilər, indi isə bunu bütün erməni cəmiyyəti tələb edir: “Bu gün gördüklərimiz Ermənistanla Rusiyanın boşanma prosesidir. KTMT-nin indiki sammitində bu, hüquqi cəhətdən formalaşıb. Paşinyan nümayişkaranə gözəl adı olan "Ermənistana birgə yardım haqqında" bəyannaməni imzalamaqdan imtina edib. Bu, Putinlə kəskin polemika ilə müşayiət edilib. Rusiya hakimiyyəti yüz ildən artıq zaman kəsiyində bizi yeni soyqırımla qorxudub ki, müstəmləkə asılılığında saxlasın. Bu, beyinlərə işləyib: ruslar buradan getsələr, türklər hamımızı qıracaq. Ruslar olmadan bizim məhv olacağımız barədə mif çox uzun müddət mövcud olub, amma hər şeyin bir sonu var".

“O zaman Rusiyaya deyil, kimə bel bağlamaq olar”, sualına Tiqran Xemalyan belə cavab verib: “ABŞ Konqresinin nümayəndə heyəti, Fransa Senatı ən yüksək səviyyədə ermənilərə deyir ki, siz tək deyilsiniz, sizi tənha buraxmarıq. Spiker Pelosi gəlib bunları deyib: demokratiya uğrunda mübarizə cəbhəsi Birləşmiş Ştatlardan Tayvanadək, Ukraynadan Ermənistanadək uzanıb gedir. 2020-ci ilin yazında ABŞ və Fransa səfirləri Qarabağda gecələyib. Sentyabrdakı hərbi qarşıdurmanı rus kontingenti deyil, Qərb diplomatiyası və siyasi təzyiqi dayandırıb. Bu gün də Qarabağda Donbas ssenarisi təhlükəsi var. Qarabağ erməniləri Ermənistana birləşmək perspektivinə skeptik yanaşır, onları inandırıblar ki, Rusiyaya sığınsalar, hər şey yaxşı olacaq”.

“Qarabağ Rusiyanın nəyinə lazımdır, özünün problemləri azlıq edir”, sualına gəlincə, Xemalyan belə deyib: “Xəritəyə nəzər salın. Qarabağsız Süniki almaq olmaz. Sünik isə Zəngəzur dəhlizinin açarıdır. 16 mart 1920-ci ildə Sovet Rusiyası ilə Mustafa Kamal hökuməti arasında dostluq və qardaşlıq haqqında müqavilə imzalanıb, Ermənistanın cənubundan quru yol dəhlizi yaradılıb: Naxçıvan, Zəngəzur, Qarabağ. Türkiyə ilə Azərbaycanı birləşdirən dəhliz. Yüz ildən sonra bu, yenidən aktualdır. Putin istəyir ki, Türkiyə xammal qovşağı olsun, Rusiya qazı Azərbaycan qazı adı altında başqa ölkələrə satılsın və beləliklə, sanksiyalardan yan keçilsin. Ermənistanla Gürcüstan təcrid edilsin. Zəngəzur dəhlizi Ermənistanı İrandan ayırsın, Çindən yüklər, Gürcüstanın bel bağladığı kimi, Türkiyəyə getsin. Qara dəniz xilas etməyəcək, xüsusilə nəzərə alsaq ki, orada hərbi əməliyyatlar gedir”.

Erməni partiya sədri Paşinyanla Putin arasında qarşıdurmanın mümkün nəticələri haqda da danışıb: “Biz buna hazırıq. İşığımızı kəsə bilərlər. Terror aktı törədə bilərlər. İqtisadiyyatımızı çökdürə bilərlər. Paşinyanı öldürə bilərlər. Bu barədə artıq "Vahid Rusiya"dan Konstantin Zatulin deyib. O, Paşinyanı Misir prezidenti Ənvər Sadatla müqayisə edib, məlum olduğu kimi, o, Kemp-Deviddə sülh sazişindən sonra qətlə yetirilib. Mən hələ sadə təzyiq üsulu olan müharibədən danışmıram".

Neft anbarında dəhşətli yanğın - 50-dən çox yaralı var

Elşən Mustafayev

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev qeyd etdi ki, Ermənistan cəmiyyətində, xüsusilə siyasətçilər arasında formalaşan fikirlər çox vaxt onların real əməlləri ilə üst-üstə düşməyib: “Məhz bu amil SSRİ dağılandan sonra Ermənistanın normal məcrada inkişaf etməsinə əngəl olub. Son vaxtlar Ermənistan cəmiyyətində ciddi anti-Rusiya çağırışlarının yenidən daha da artması, Rusiya təsirindən birdəfəlik qurtulub Qərbə üz tutulması çağırışları, siyasilərin isə bunları istiqamətləndirdiklərini görürük. Amma bununla bərabər həmin təbəqənin bu ideyanın həyata keçməsinə imkan verməyən fəaliyyətinin də şahidi oluruq. Özləri də etiraf edirlər ki, Ermənistan iqtisadiyyatın əsas sahələrində Rusiyadan asılı vəziyyətdədir və rəsmi Moskva istədiyi zaman əlində olan bu alətdən istifadə edə bilər. Bu zaman yaranacaq böhranı Qərb və ABŞ-la həll edə biləcəyini söyləyən ermənilər bunu necə edə biləcəklərini deyə bilmirlər, yaxud demək istəmirlər. Məlumdur ki, Ermənistanın Rusiyadan qırılıb bütün əlaqələri Qərbə transformasiya etməsinin yeganə yolu qonşuları ilə problemlərini həll etməkdən keçir. Çünki Ermənistanın Qərb və ABŞ-la birbaşa quru yolu əlaqələri yoxdur. Bunun üçün Gürcüstan və Türkiyə ərazilərindən istifadə olunmalıdır. Belə halda isə həmin dövlətlərlə münasibətlər maksimum yüksək səviyyəyə qaldırılmalıdır. Türkiyəyə qarşı açıq düşmənçilik qaldıqca, Azərbaycanla sülh müqaviləsi imzalanmayınca, Gürcüstana qarşı daxildə separatçı ideyaları yaymaqdan əl çəkilməyincə Qərbə inteqrasiyanın əsas şərti olan logistika problemi ilə üz-üzə qalacaqlar. Bildirirlər ki, Rusiya Qarabağ ermənilərində özlərinə simpatiya yaratmağa nail olub və həmin insanları get-gedə Ermənistandan uzaqlaşdırır, ruslar pasport paylayır və s. O zaman sual olunur: proseslərin hansı istiqamətdə inkişaf etdiyini bilə-bilə Qarabağ məsələsində göstərdiyiniz dirənişin adı nədir? Yuxarıda dediyim fərqlilik məhz buradan doğur. Adamlar Rusiyadan tam aralanıb Gürcüstan-Türkiyə vasitəsilə Qərbə inteqrasiya etmək istəyirlər, eyni zamanda Türkiyə və Azərbaycana qarşı düşmənçilik siyasətindən, ərazi iddalarından əl çəkmək istəmirlər. O səbəbdən düşünürəm ki, Ermənistan qonşuları ilə problemlərini normallaşdırmayana qədər qarşılarına qoyduqları məqsədlərə nəinki çata bilməyəcəklər, dövlət olaraq mövcudluqları təhlükə altında olacaq. Təbii ki, Rusiya, həmişə olduğu kimi, lazım olanda Ermənistanın qonşuları ilə olan problemlərindən istifadə etməyə çalışacaq və nəticə etibarı ilə planlarını dalana dirəyəcək. O səbəbdən, düşünürəm ki, nə qədər erməni cəmiyyəti, xüsusilə onları idarə edənlər xəstə ideyalarından əl çəkməyəcək, erməni xalqına ancaq fəlakətlər gətirəcəklər”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu bu versiyanın baş tutacağı ehtimalını az sayır: “Maraqlı bənzətmədir. Ancaq tam olaraq Paşinyanla Sadatı müqayisə etmək nə qədər doğrudur, demək olmaz. Bilindiyi kimi, Sadat İsrail qarşısında müharibəni uduzduqdan 5 il sonra ABŞ-da İsraillə sülh sazişi imzaladı. Bununla da həm İsraili tanıyan ilk ərəb ölkəsi oldu, həm də rəsmi olaraq SSRİ-dən imtina edib ABŞ-a yaxınlaşdı. Üstəlik, daxildə də, bilindiyi kimi, ciddi müxalifəti vardır və nəticədə islamçı müxalifləri onu paradda sui-qəsdlə öldürdülər. Paşinyan da qərbyönümlü siyasətçidir, ölkəsini Rusiyadan qoparıb Qərbə yaxınlaşdırmaq istəyir. Eyni zamanda müharibəni uduzub. Amma Sadatdan fərqli olaraq müharibədən sonra keçirilən seçkilərdə qalib gəlib. Digər tərəfdən, çox uzağa gedib Misirdən nümunə götürməyə də gərək yoxdur. Ermənistanda siyasi sui-qəsdlər yaxın tarixdə də olub. 1999-cu ildə parlamentdə baş verən sui-qəsd nəticəsində baş nazir və parlament spikeri məhv edilmişdi. Yəni siyasi rəqibləri Paşinyana da Azərbaycanla sülh müqaviləsini imzaladığı üçün sui-qəsd təşkil edə bilər. Nəzəri olaraq mümkündür. Amma əgər belə bir şey olarsa, nəticədə Ermənistan ağır zərbə ala bilər. Ölkədə daxili qarşıdurma yüksələr, xaricdən, xüsusən də Qərbdən dəstəyi azalar və ölkə daha da geri gedər. Bu mənada sui-qəsd Paşinyanla yanaşı Ermənistanın özünə qarşı edilmiş olacaq. Ona görə də düşünürəm ki, Ermənistanda sui-qəsd və onun gətirəcəyi xaosa heç kim hazır deyil, buna görə də belə bir versiyanın başvermə ehtimalı azdır. Əlbəttə, tamamilə istisna da edilmir. Düşünürəm ki, burada həm də hədə-qorxu elementi var. Rəqibləri həm daxili, həm də xaricdəki Paşinyanı qorxutmağa çalışır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR